Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2077/2021 07.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının döyüş əməliyyatlarında iştirakı müəyyən edilməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçının döyüş əməliyyatlarında iştirakı müəyyən edilməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 1990-cı illərdə erməni millətçi dəstələrinin silahlı hücumlarının qarşısının alınması zamanı iddiaçı Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması ücün yaşadığı Ağdam rayonunda yaradılmış Qarabağ Şahinləri özünümüdafiə dəstəsində xidmət etmiş və Azərbaycanın ərazi bütövlüyünü düşməndən müdafiə etmişdir. Həmin illərdə hər zaman düşmən tərəfindən silahlı hücumlar olur, torpaqlar işğal olunur, dinc insanlar qətlə yetirilirdi. İddaçı da həmin illərdə Ağdam rayonunda 1 avqust 1994-cü il tarixədək xidmət edərək ölkəmizin ərazi bütövlüyünün qorunmasında iştirak etmişdir. Xidmət dövründə bütün növ təminatlarla, silah-sursat, geyim və digər təminatlarla təmin edilmiş, xidmətinin sonunda 1994-cü il tarixdən ona verilmiş silah və digər təminatları hərbi hissəyə təhvil verərək xidmətdən xaric edilmişdir. Xidmətdən uzun illər keçməsinə baxmayaraq, hal-hazıradək Qarabağ müharibəsi veteranı adını və vəsiqəsini almamışdır. Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etsə də, ona xidməti barədə hec bir məlumatın Arxivə daxil olmadığı bildirilmişdir. Həmin dövrdə onunla bərabər Qarabağ şahinləri özünümüdafiə batalyonunda xidmət edən döyüş yoldaşlarının bəziləri hal-hazırda Qarabağ müharibəsi veteranlarıdır. Bu fərq ayrı-seçkilik olunmasını təsdiq edir. Belə ki, qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda olan xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində mümkündür. Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli 36 nömrəli «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 2-ci maddəsinin birinci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikasının 28 iyun 1994-cü il tarixli 841 nömrəli «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriyalı şəxslərlə yanaşı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinin əvvəlki redaksiyasında nəzərdə tutulurdu ki, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini AR Nazirlər Kabineti təsdiq edir. Müharibə və Silahlı Qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədləri uyğun olaraq AR Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri verirlər. AR Müdafiə nazirinin 1998-ci il 06 yanvar tarixli 4 nömrəli əmrinə 1 nömrəli əlavə kimi qəbul edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat”ın 1.9-cu bəndinə əsasən hərbi qulluqçulara “Müharibə veteranı” adı və vəsiqəsi hərbi hissə komandirləri və ya hərbi, hissə kimi fəaliyyət göstərən hərbi müəssisə və təşkilatların rəisləri tərəfindən komanda üzrə təqdim edilmiş sənədlər arasında Müdafiə Nazirliyinin mərkəzi aparatlarının nəzdində yaradılmış komissiyasının rəyi ilə verilir. 1 yanvar 1997-ci il tarixinədək tərxis olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adı və vəsiqəsi rayon (şəhər) hərbi komissarlğı tərəfindən təqdim edilmiş sənədlər əsasında Respublika hərbi komissarlığının nəzdində yaradılmış komissiyanın, 1 yanvar 1997-ci il və sonrakı tarixlərdə tərxis olunmuş hərbi qulluqçulara isə hərbi hissə komandirləri və ya hərbi hissə kimi fəaliyyət göstərən hərbi müəssisə və təşkilatların rəisləri tərəfindən komanda üzrə təqdim edilmiş sənədlər əsasında Müdafiə Nazirliyinin mıərkəzi aparatının nəzdində yaradılmış komissiyanın rəyi ilə verilir. 1 yanvar 1997-ci il və sonrakı tarixlərdə hərbi hissənin ləğv olunması ilə əlaqədar tərxis olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi (həmin hərbi qulluqçuya Müdafiə Nazirliyinin mərkəzi aparatının nəzdində yaradılmış komissiya tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi dəqiqləşdirildikdən sonra) rayon (şəhər) hərbi komissarları tərəfindən təqdim edilmiş sənədlər əsasında Respublika hərbi komissarlığında yaradılmış komissiyasının rəyi ilə verilir. Həmin Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orderin və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə edilmiş dəyişikliklərə əsasən bu maddəyə aşağıdakı ikinci hissə və qeyd edilmişdir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 saylı Fərmanı ilə belə siyahıların təsdiqi səlahiyyəti AR Nazirlər Kabinetinə verilmişdir. AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə təsdiq edilmişdir. Beləliklə, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə qüvvədə olan əsasnaməyə uyğun olaraq verilməlidir. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.11-ci maddəsinə əsasən hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi göstərilmişdir. Azərbaycan Respublikasında məhkəmə Presedentinin tətbiqi təcrübəsini əsas götürərək eyni mübahisəyə məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddursa, digər fərqli qərar qəbul edilə bilməz. Bununla əlaqədar olaraq iddaçı hesab edir ki, müharibə veteranı adı verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 9, 25, 26, 60, 71-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 62.1, 77, 87, 88-ci maddələrinə əsaslanaraq, məhkəməsən iddiaçının 1991 – 1994-cü illərdə döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdıliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - Müdafiə Nazirliyi hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir, Əsasnaməyə uyğun olaraq “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi müvafiq sənədlərlə əks edilməlidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Müdafiə nazirinin 6 noyabr 1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. İddiaçının N nömrəli hərbi hissənin tərkibində hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 31 iyul 2020-ci il tarixli 9/2-8030 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin N – N-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu isə, qüvvədə olan veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi birbaşa istisna edir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübütlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübütlar tələb edə bilər. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənləri nəzərə alaraq və İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə qeyd edir ki, iddiaçının 1991 – 1994-cü illərdə Azərbaycan Respublıikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə, eləcə də qanuni əsaslarla xidmətə qəbul və xidmətdən tərxis olunmasına dair arxiv məlumatları və ya müvafiq əmrlər (surətləri) inzibati icraatda və məhkəmə icraatında təqdim edilməmişdir. Hansı ki, mövcud qanunvericilik aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin veteran adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Həmçinin qeyd olunmalıdır ki, iddia ərozəsində “iddiaçının döyüş əməliyyatlarında iştirakının müəyyən edilməsi”ni də göstərsə də, məhkəmə bu halı İPM-in 13-cü maddəsinə uyğun olaraq formal xəta kimi qiymətləndirir və iddianı bütövlükdə “iddiaçının döyüş əməliyyatlarında iştirakı müəyyən edilməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” kimi qəbul edir. Nəzərə alınmalıdır ki, “iddiaçının döyüş əməliyyatlarında iştirakının müəyyən edilməsi” bu mübahisədə iddianın əsası kimi təqdim edilir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçının döyüş əməliyyatlarında iştirakı müəyyən edilməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçının döyüş əməliyyatlarında iştirakı müəyyən edilməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2077/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2077/2021
07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver