Məhkəmə qərarları › İş №2-1(112)-2078/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2078/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2078/2021 04.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 55,1 kv. metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi onun adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 55,1 kv. metrdən ibarət hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunan daşınmaz əmlak onun xüsusi mülkiyyətindədir. Bu barədə Nərimanov rayon İcra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə də mövcuddur. Ona görə də Bakı şəhəri Nərimanov rayonu Xətai prospketi 33 saylı evin 44 saylı ünvanında yerləşən 55,1 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi üçün reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********14 №li xx.xx.2020-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, iddiaçı X1 müvafiq yaşayış sahəsinin qeyri- yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması ilə bağlı idarəyə müraciəti xx.xx.2020-ci il tarixdə olmuşdur. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, sözügedən mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İlk öncə qeyd etmək lazımdır ki, daşınmaz əmlakın yaşayış sahəsindən qeyri- yaşayış sahəsinə keçirilməsi üçün (təyinatının dəyişdirilməsi) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə riayət edilməlidir. Belə ki, qeyd olunan daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçirilməsi üçün İdarəyə müraciət edərkən vətəndaş ərizəsinə yerli icra hakimiyyəti orqanının qərarını, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktını, qeyriyaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubunu və texniki rəyi əlavə etməlidir. İddiaçı tərəfindən İdarəyə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsində qeyd edilir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir, buna baxmayaraq yerli icra hakimiyyəti orqanının qərarı İdarəyə təqdim edilməmişdir. Bununla yanaşı həmin Məcəllənin 21.9-cu maddəsində bildirilir ki, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması yerli icra hakimiyyəti orqanı tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana, yəni idarəyə göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqlədiyi və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini nəzərdə tutduğu üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4-cü bəndinə əsasən şəhərsalma sənədləri üzrə sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə səhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməlidir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1971-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı 035919 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai prospekti 33 nömrəli yaşayış evinin 44 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində reyestr kitabının 548 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyətinin M-310-158 №li xx.xx.2019-cu il tarixli məktubundan (surət) görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai prospekti ev 33, 44 saylı mənzilində (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH 035919 qeydiyyat nömrəli vəsiqəsi) pəncərə oyuğunun qapı oyuğu ilə əvəzlənməsi və mənzildən qeyri-yaşayış obyekti kimi istifadə edilməsi haqqında müraciətinə cavab olaraq, xx xxxxxx 2013-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsaslanaraq, görüləcək işlə əlaqədar təqdim olunmuş layihəyə uyğun qapı oyuğunun açılması və qeyri-yaşayış obyekti kimi istifadə edilməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 5 44 saylı ünvanda yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********63 №li xx.xx.2020-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, sözügedən mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi), qeyri yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir və idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 ünvanında yerləşən 55,1 kv. metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 55,1 kv. metrdən ibarət daşınmaz əmlakın qeyriyaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar