Məhkəmə qərarları › İş №2-1(112)-2078/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2078/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2078/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvanı: Balakən rayonu, Tülü kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 60 yaşdan, xx.xx.1961-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 13.10.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. 31.03.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “iddiaçıya 60 yaşdan, yəni 16.04.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 05.04.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. 01.09.1978-ci il tarixdən 17.07.1979-cu il tarixədək orta təhsil almışdır. 21.04.1980-ci il tarixdən 07.05.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 01.08.1979cu il tarixdən 04.09.2014-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 18.08.1982-ci il tarixdən 22.04.1983-cü il tarixədək Bakı məişət kondisionerləri zavodunda işlədiyi fosfatlayıcı vəzifəsi, 14.11.1995-ci il tarixdən 01.07.2003-cü il tarixədək XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda və 08.05.2008-ci il tarixdən 01.04.2014-cü il tarixədək “Xəzərdənizneftdonanma” İdarəsinin Cənub rayon X4 İdarəsinin Gəmi Təmiri Emalatxanasında işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən güzəştli şərtlərlə pensiya hüququ vərən vəzifələr hesab olunur. Ümumilikdə 25 ildən çox ümumi və 12 il 6 ay güzəştli stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 22.08.2020-ci il tarixdən (25 il ümumi, 12 il 6 ay güzəştli iş stajın tamam olduğu) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavab məktubu ilə güzəştli iş stajı 12 il 6 aydan az olduğu əsas gətirlərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 12 aprel 2021-ci il tarixli 01/02-132 nömrəli arayışında 08.05.2008-01.04.2014-cü il tarixləri arasındakı dövr ərzində Cənub Rayon X4 İdarəsində gəmi təmiri çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi gəmi təmiri çilingəri vəzifəsi yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan bütün adlarda çilingərlərə aid deyil. Bundan başqa Mərkəzi Filiala təqdim edilən sənədlərdə iddiaçının 14.11.1995- 01.07.2003-cü il tarixləri arasındakı dövrdə “Bibiheybət” Gəmi Təmiri zavodunda işlədiyi boru çilingəri, qazanxana qurğusu maşinisti və gəmi boru çəkəni vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nın Metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Göründüyü kimi, İddiaçı güzəştli iş stajı yoxdur. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. İş materiallarında olan ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, iddiaçı 01.09.1978-ci il tarixdən 17.07.1979-cu il tarixədək təhsil almış, 01.08.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və 04.03.2015-ci il tarixədək müxtəlif müəssisə və peşələrdə işləmişdir. İş materiallarında olan ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 21.04.1980-ci il tarixdən 07.05.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarından görünür ki, iddiaçı ona 60 yaşı tamam olduğu vaxtdan, yəni 16.04.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətinə hər hansı cavab verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin təhsil dövrü və hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (27 il 08 gün) ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İş materiallaırnda olan "xxxx" QSC-nin 12 aprel 2021-ci il tarixli 01/02-132 nömrəli arayışında iddiaçının 08.05.2008-01.04.2014-cü il tarixləri arasındakı dövr ərzində Cənub Rayon X4 İdarəsində gəmi təmiri çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi gəmi təmiri çilingəri vəzifəsi yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan bütün adlarda çilingərlərə aid deyil. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının 14.11.1995- 01.07.2003-cü il tarixləri arasındakı dövrdə “Bibiheybət” Gəmi Təmiri zavodunda işlədiyi boru çilingəri, qazanxana qurğusu maşinisti və gəmi boru çəkəni vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nın Metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapsa da, 01.01.2006-cı il tarixədək 12 il 6 aydan çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 60 yaşdan, yəni 16.04.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar