Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-208/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, tərcüməçi X3, iddiaçı Ahmed Abdul X7 Abdul Razzaqın və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Ahmed Abdul X7 Abdul Razzaqın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsitələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Ahmed Abdul X7 Abdul Razzaq cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 28.06.2019-cu il tarixli, İQ-166/4 №-li qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona ailə üzvləri ilə birlikdə «Qaçqın vəsiqə»sinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən ailə üzvləri ilə birlikdə onlara qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət edilmişdir. Cavabdeh isə vəsatəti təmin etməyib və buna dair 28.06.2019-cu il tarixli, İQ-166/4 nömrəli qərarını qəbul edib. Onun cavabdehə müraciəti üzrə vəsatətini onunla əsaslandırılmışdır ki, vətəndaş olduqları Respublikada onların və ailə üzvlərinin həyatı təhlükəsizliyi təminatı inamsızdır və bunu əsaslandıran dəlillər təqdim olunmuşdur. Cavabdeh isə onun vəsatətinin dəlillərini görməməzlikdən gələrək imtina qərarı qəbul edib. “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fənnanına əsasən “Qaçqın” statusu haqqında vəsatətə baxılması Qaydasının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikasında “Qaçqın” statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs sərhəd-nəzarət buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona “Qaçqın” statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Həmin qaydanın 15-ci bəndinə əsasən “Qaçqın” statusu almış şəxsə və onun ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfındən “Qaçqın vəsiqəsi” və Azərbaycan Respublikasından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin qaydanın 13-cü bəndində göstərilir ki, Şəxsə “Qaçqın” statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti “Qaçqın” statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərsin. Cavabdeh vəsatət ilə əlaqədar 07 yanvar 2020-ci il tarixli, MŞ-158-2019 nömrəli qərarını qəbul etsə də həmin qərarı iddiaçıya yanvar ayında təqdim edib. İnzibati orqan qaçqın anlayışının maddi-hüquq şərtlərini iddiaçıya düzgün tətbiq etməmişdir. 1951-ci il “Qaçqınların statusu haqqında” Konvensiyada və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində müəyyən edilmiş qaçqın anlayışına əsasən qaçqın statusunun verilməsi üçün ilkin tələb edilən zəruri maddi-hüquq element əsaslı təqib qorxusudur. Cavabdeh əsassız olaraq onn işində əsaslı təqib qorxusu olmaması nəticəsinə gəlmiş, onun müsahibəsində bildirdiyi məlumatları yetərli səviyyədə araşdırmamışdır. Halbuki, o işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusiyyətlər barədə müfəssəl izahatlar verib və onun verdiyi izahatlar mötəbərdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, onun izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən suallan əhatə etməyib. Nəticə etibarilə, onun izahatları müfəssəldir, spesifıkdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Onun işində digər şahid ifadəsi mövcud deyil. Buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ahmed Abdul X7 Abdul Razzaq iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən ona və ailə üzvlərinə qaçqın statusunun verilməsinə dair vəsatətlə Xidmətə müraciət edilmişdir. Xidmət tərəfindən təşkil olunmuş Komissiyanın qərarına əsasən iddiaçıya və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin Pakistan İslam Respublikasında hər hansı bir təqibə və siyasi təzyiqə məruz qalmalarına dair sübut Xidmətə təqdim edilməmişdir. Odur ki, iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 08.08.1977-ci ildə X5 Dubay şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı Ahmed Abdul X7 Abdul Razzaq 16 aprel 2019-cu il tarixdə ona və ailə üzvlərinə (əri, 16.03.1974-cü il təvəllüdlü Wahed Abdul; qızı 12.11.2002-ci il təvəllüdlü Warda və oğlu 06.05.2016-cı il təvəllüdlü X11) qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və 28.06.2019-cu il tarixli, İQ-166/4 №-li qərarla ona və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Xidmət tərəfindən qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, ərizəçinin və ailə üzvlərinin daimi yaşadıqları ölkəni (BƏƏ) - 2018-ci il tarixdə tərk edib Azərbaycana gəldikləri, qaçqın statusu almaq məqsədilə DMX-ya müraciət etdikləri və barələrində Vİ- 29/4 saylı, 16.07.2018-ci il tarixli qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərar qəbul edildiyi məlum olmuşdur. Ərizəçi Azərbaycan Respublikasına gəldikdən sonra Banqladeşə getmək üçün heç bir səy göstərməmiş, bunu Banqladeşin Bakıda səfirliyinin olmaması ilə əlaqləndirməyə çalışmışdır. Ərizəçi hazırkı əri ilə qardaşının izni olmadan evləndiyi üçün, həmçinin xristian dinini qəbul etdiyi üçün Pakistana getməkdən ehtiyat etdiyini, vətəndaşı olduğu ölkəyə gedəcəyi təqdirdə qardaşı tərəfindən təqiblərə məruz qalacağından ehtiyat etdiyini, qardaşının Pakistanın Kəraçi şəhərində fəaliyyət göstərən qeyri-qanuni cinayətkar qrup sayılan “Koranqi” qrupuna mənsub olduğunu demişdir. Ərizəçi 2013-cü ildən xristianlığı qəbul etdiyini, bu səbəbdən Pakistana qayıdacağı təqdirdə qardaşı tərəfindən həyatı üçün təhlükə ola biləcəyini desə də, o, 2018-ci ildə verdiyi nüsahibəsində bu barədə Dövlət Miqrasiya Xidmətinə heç bir məlumat verməmiş, həmin müsahibəsində özünü müsəlman kimi təqdim etmişdir. Bundan başqa, söylədiklərindən xristianlığı qəbul etməsini iddia etməsinə və bu məsələnin üzərindən 5 il keçməsinə baxmayaraq, hələ də xaç suyuna salınmadığı, bu proseduru Azərbaycanda həyata keçirmək fikrinin olduğu məlum olmuşdur. Ərizəçinin 2018-ci ildə verdiyi müsahibə zamanı özünü müsəlman olaraq təqdim etməsi, xristianlığı qəbul etməsi ilə bağlı heç bir məlumat verməməsi onun 2013-cü ildən etibarən dinini dəyişməsi ilə bağlı söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və bu şübhə onun xeyrinə həll edilməmişdir. Anmed Abdul X7 Abdul Razzaqın və ailə üzvünün müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları və daimi yaşadıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları və adətən yaşadıqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının və ailə üzvlərinin müsahibə zamanı verdikləri izahatlarından məlum olmuşdur ki, vətəndaşı olduqları və daimi yaşadıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Belə ki, onun dediklərinə əsasən, o, vətəndaşı olduğu və daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. İddiaçının izahatlarından müəyyən olunur ki, o, özünün fərdi təqib qorxusu ilə bağlı hər hansı əsaslı iddia irəli sürmür, qardaşının izni olmadan əri ilə evləndiyi, xristian dinini qəbul etdiyi və qardaşı tərəfindən həyatı üçün təhlükə ola biləcəyi səbəbi ilə ölkəsinə geri qayıtmaq istəmir. Göründüyü kimi iddiaçı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusundan ehtiyat etmir. İddiaçının istinad etdiyi ümumi narahatçılıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Bundan başqa, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə məhkəmə hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-208/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-208/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver