Məhkəmə qərarları › İş №2-1(112)-208/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-208/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-208/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair fərdi yaşayış evə mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair fərdi yaşayış evə mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 31 yanvar 2021-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, 26 ildir mülkiyyətində olan 600 kv.m torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələ ilə bağlı ona hər hansı cavab verməmişdir. Cavabdehin bu hərəkətsizliyi imtinaya bərabər tutulur. Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan etibarən sözügedən torpaq sahəsi iddiaçının daimi sahibliyində və istifadəsindədir. Bu günədək həmin torpaqdan istifadə ilə bağlı heç bir fiziki və hüquqi şəxsin etirazı olmamışdır. Milli Arxiv İdarəsinin 24 may 2016-cı il tarixli 1723 nömrəli arayışından görünür ki, mübahisəsi gedən torpaq sahəsi ona (iddiaçıya) 7 iyul 1994-cü il tarixdə ayrılmışdır. İddiaçı tərəfindən sözügedən torpaq sahəsində Bakı şəhəri Səbail RİH ilə razılaşdırılmış layihəyə uyğun olaraq, 3 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hesab olunur. İşin şərh olunan faktiki hallarından görünür ki, cavabdehin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m sahədən ibarət torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. Bu hal isə, onun (iddiaçının) Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarında müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsaslanaraq, İPM-in 45 – 47-ci maddələrini rəhbər tutaraq, iddiaçının Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixdə 2175 nömrəli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə və həmin sahənin üzərində inşa edilmiş fərdi yaşayış evinə (faktiki mövcud olan ölçülərə uyğun) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 3 fevral 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən 20 may 2021-ci il tarixdə aparılan ypxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, dördmərtəbəli fərdi yaşayış evinin hündürlüyü 13,1 metrdir və orada təmir-tikinti işləri davam etdirilir. Fərdi yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən uyğun sənədlər (tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi) təqdim edilmişdir. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə sahəsi 600 kv.m olsa da, faktiki olaraq 768,9 kv.m-dir və ərazinin 531 kv.m hissəsi yaxınlığından keçən yüksək gərginlikli elektrik mühafizə zolağında yerləşir. Göstərilənlərə və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 80.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.1, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın müddəalarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, fərdi yaşayış evinə və torpaq sahəsinə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarış la bərabər “texniki pasport”ün və (və ya) “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini də birmənalı şəkildə nəzərdə tutur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikmək üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikmək üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisi tərtib olunmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış massivi, 262 saylı fərdi yaşayış evinə dair layihə FHN X1 Dövlət Agentliyinin “Azkomunlayihə” K.L.İ tərəfindən tərtib edilmiş və Bakı şəhəri Səbail RİH tərəfindən möhürlə təsdiqlənmişdir. Məhkəmənin 6 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyularaq, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi nəzərə alınmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinin hər hansı hissədə ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşübdüşməməsinin müəyyən edilməsi; - həmin fərdi yaşayış evinin Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsi hüdudları daxilində inşa edilibedilməməsinin müəyyən edilməsi; - həmin fərdi yaşayış evinin mərtəbəliliyi və hündürlüyü göstərilməklə tikintisinin başa çatdırılıb-çatdırılmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 9 dekabr 2022-ci il tarixli məktubu ilə Mərkəzin ekspertnin həmin tarixli 10/5979 nömrəli rəyi təqdim edilmişdir: - (1-ci və 2-ci suallar üzrə) Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamının ayrılmaz hissəsi olan torpaq sahəsinin sxemi koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən ayrılmış əraziyə olan məsafənin göstərilməməsi, torpaq sahəsinin ayrıldığı müddətdən uzun illər keçdiyindən situasiyada çoxlu dəyişiklik olması səbəbindən iddia edilən naturada koordinatları müəyyən edilməklə ölçülmüş torpaq sahəsinin Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Rəyə əlavə edilmiş sxemdən göründüyü kimi, iddia edilən torpaq sahəsinin (həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin) yaxınlığından keçən işlək vəziyyətdə olmayan elektrik xətti mövcuddur. Həmin elektrik xəttinin yükü (gərginliyi) barədə məlumatın olmaması səbəbindən inşa edilmiş fərdi yaşayış evinin hər hansı hissədə yüksək gərginlik xəttinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İşlək vəziyyətdə olmayan elektrik xəttinin iddia edilən torpaq sahəsinə 5 metr, inşa edilmiş yaşayış evinə 20 metrdir; - (3-cü sual üzrə) Fərdi yaşayış evi dörd mərtəbədən olmaqla, hündürlüyü 12 metr təşkil edir. Fərdi yaşayış evinin inşası başa çatdırılmışdır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə mövcud qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər sırasında aşağıdakı sənəd nəzərdə tutulmuşdur: – rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar. Qanunvericiliyin sadalanan normalarına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik 2013-cü il yanvarın 1-dək və həmin tarixdən sonra inşa edilmiş tikililərə münasibətdə şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün sənədlərin əhatə dairəsini fərqləndirmişdir. Belə ki, 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş tikililəri məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərini ayırmış, hər birinə xas olan göstəriciləri müəyyən etmişdir. Məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərinin anlayışı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarında təsvir olunmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsinə görə hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Göründüyü kimi, mövcud qanunvericilik hündürlüyü 12 metrədək olan fərdi yaşayış evlərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeydiyyatı aparan müvafiq orqana 2013-cü ilin yanvar ayının 1-dək inşa edilmiş yaşayış evlərinə münasibətdə torpaq sahəsinə dair hüququ təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktının, həmin tarixdən sonrakı dövrdə inşa edilənlərə münasibətdə isə, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan quruma sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədin təqdim edilməsini nəzərdə tutur. Məhkəmə iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına münasibətdə qeyd edir ki, iddiaçı inşa edilmiş fərdi yaşayış evinin məlumatlandırma icraatı tətbiq edildiyi tikili olmadığı qənaətindədir. Bu qənaət ondan yaranır ki, iddiaçıya məxsus tikili 4 mərtəbəli olduğundan, ona münasibətdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79 – 80-ci maddələri ilə nəzərdə tutulan məlumatlandırma icraatı yolverilən deyil. Tikilinin 1 yanvar 2013-cü il tarixdən əvvəlki dövrdə inşa olunması halında isə, iddiaçı razılaşdırılmış layihə ilə bərabər istismara qəbul aktını, yaxud işdə olan ekspert rəyinə əsasən hündürlüyünun 12 metr olması nəzərə alınaraq torpaq sahəsinin mülkiyyətdə olmasını təsdiq edən sənədi təqdim etməli idi. Halbuki, həmin sənədlər nə inzibati icraatda, nə də məhkəmə icraatında təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Evin yerləşdiyi torpaq sahəsinə gəldikdə isə qeyd olunmalıdır ki, baxmayaraq ki, iddiaçının müvafiq torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən mötəbər akt (RİH-in 7 iyul 1994-cü il tarixli 2175 saylı sərəncamı) mövcuddur, iddiaçı evin və evin yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi qeydiyyat alınmasını tələb edir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Cavabdehin imtinasının əsası kimi təqdim etdiyi digər halla – torpaq sahəinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hal işdə tədqiq olunmuş 9 dekabr 2022-ci il tarixli ekspetiza rəyi ilə tam təsdiqlənmir, elektrik xəttinin yükü (gərginliyi) barədə məlumatın olmaması səbəbindən bu halı müəyyən etmək mümkün olmamışdır. Həmçinin rəylə müəyyən edilmişdir ki, müvafiq elektrik xətti işlək vəziyyətdə deyil. Yəni, cavabdehin bu dəlili saslı sayıla bilməz. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair fərdi yaşayış evə mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidr. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair fərdi yaşayış evə mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar