Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-208/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mərhum X2 adına Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2568 A saylı bağa dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakların Dövlət Reystr Xidmətinin 1 saylı Bakı ərazi idarəsi üzərinə bağ sahəsinin planölçü işlərinin aparılması və həmin bağ sahəsinə dair mərhum anası X2 adına çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, ünvan 1 ünvanında yerləşən 0,12 sot torpaq sahəsindən ibarət bağ sahəsi 25666 saylı müqavilə əsasında mərhum anası X3 verilmişdir. Sözügedən bağ 1900-cü ildə atasının babası tərəfindən alınmış, babasından atasına miras qalmışdır. Bağ alınan gündən orada qədimi gümbəzli ev olmuş, valideynləri o evi abadlaşdıraraq yaşayış üçün istifadə etmişdirlər. Anası 1994-cü ildə torpağın sənədləşdirilməsi üçün bağlar idarəsinə müraciət etmiş və müqavilə bağlamışdır. Qeyd etmişdir ki, evinin ətrafında heç bir tikinti və yol mövcud deyildir. Köhnə ev uçulmuş və yaşayış mümkün olmadığı üçün 2005-ci ildə o, anasının icazəsi ilə evin əsasını özül kimi istifadə edərək restavrasiya edib yenidən tikmişdir. Anası 2012-ci ildə vəfat etmişdir. Həmin bağ sahəsi anasından sonra onun istifadəsində olmuşdur. Dəfələrlə cavabdehə bağ sahəsinin kordinatlarının müəyyən edilməsi və bağ sahəsinə dair mərhum anasının adına çıxarış verilməsi barədə müraciət etsə də əsassız səbəblərdən bundan imtina edilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakların Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********84 saylı bildiriş məktubu ilə onun ərizəsinə imtina verilmişdir. Çıxarışın verilməsinə dair inzibati orqanın qeyd etdiyi imtina əsası tam əsassız və qanunsuzdur. Belə ki, cavabdehə müraciət etməsinə baxmayaraq bağ sahəsinin planölçü işlərinin aparılması həyata keçirilməmiş və bağ sahəsinin koordinatları, sxematik xəritə ona təqdim olunmamışdır. Həmin bağ sahəsinin hasarlanması onların tərəfindən aparılmamış, hasarlanma 2020-ci ildə qonşu X7 tərəfindən evinin arxa hissəsində aparılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd etmişdir ki, sözügedən bağ sahəsinin yeri onun tərəfindən təyin edildikdən və naturada istifadəsində olan bağ sahəsinin döngə nöqtələrinin mərz nişanları göstərildikdən sonra müraciətinə yenidən baxılacaqdır. Cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda bildirilmişdir ki, sözügedən bağın sxematik xəritəyə əsasən olan sahəsinin bir hissəsi digər fiziki şəxs tərəfindən istifadə edilməkdədir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, qeyd olunan bağ sahəsinin yerləşdiyi ərazidə bağların hasarlanması bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Bundan əlavə bağ sahəsi faktiki olaraq (1088 kv.m) sənəd üzrə olan (1200 kv.m) sahədən azdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan bağ sahəsinin yerləşdiyi ərazidə bağların hasarlanması bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Bu səbəbdən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə bağ sahəsinin ölçüsü faktiki olaraq (1088 kv.m) sənəd üzrə olan (1200 kv.m) sahədən azdır. Bu səbəblərdən ərizənin icrası tərəfilərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********84 nömrəli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, sözügedən bağ sahəsinin qərb tərəfindən bölgü sxemində olmayan, lakin naturada faktiki olan torpaq yol keçir. İddiaçı həmin torpaq yolun onun bağının ərazisi olduğunu və bağın torpaq sahəsinin çatışmayan 112 kv.m hissəsinin digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmış ərazinin daxilində yerləşdiyini bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizəsi təmin edilmiş, iddia tələbi “mərhum X2 adına Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2568 A saylı bağa dair arayışın verilməsi” şəklində icraata qəbul edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 39 Saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə ünvanladığı 20 sentyabr 2019-cu il tarixli, 346 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. ünvan 3 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********83 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2568 A saylı torpaq sahəsinə dair sxematik xəritədən görünür ki, 2568A saylı bağ sahəsinin ətrafında 2567, 2569, 2424, 2710 saylı bağ sahələri yerləşir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-824/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi xx.xx.2023-cü il tarixli, **********37 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Faktiki 2568a saylı bağın ərazisi kimi iddia olunan sahə 3 hissədən ibarətdir, iddiaçının istifadəsində olan şərq tərəfdəki hissənin sərhədləri şərtidir, üzərində bir mərtəbəli bağ evi mövcuddur. Digər bir hissəsindən isə bağların bölgüsünə dair sxematik xəritədə əks olunmayan yol keçir (torpaq yol). Qalan qərb tərəfdəki bir hissəsi digər fiziki şəxs tərəfindən hasarlanıb və bağ evi inşa olunub. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə qeydiyyatdan keçən hər hansı sahə ilə üst-üstə düşmür. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən hər hansı bağ sahəsinin ərazisinə uyğunluğunu araşdırmaq mümkün deyil. Məhkəmə qərardadının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2023-cü il tarixli, 10/3839 nömrəli ekspert rəyində də həmçinin qeyd edilmişdir ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Faktiki 2568a saylı bağın ərazisi kimi iddia olunan sahə 3 hissədən ibarətdir, iddiaçının istifadəsində olan şərq tərəfdəki hissənin sərhədləri şərtidir, üzərində bir mərtəbəli bağ evi mövcuddur. Digər bir hissəsindən isə bağların bölgüsünə dair sxematik xəritədə əks olunmayan yol keçir (torpaq yol). Qalan qərb tərəfdəki bir hissəsi digər fiziki şəxs tərəfindən hasarlanıb və bağ evi inşa olunub. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə qeydiyyatdan keçən hər hansı sahə ilə üst-üstə düşmür. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən hər hansı bağ sahəsinin erazisinə uyğunluğunu araşdırmaq mümkün deyil. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********02 nömrəli məktubu ilə göndərilmiş Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2568a saylı 0,12 hektar bağ torpaq sahəsinə dair arxiv qovluğunda mövcud olan bağın icarəyə verilməsi haqqında X4 ilə bağlanılmış 14 sentyabr 1994-cü il tarixli 25666 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1994-cü il tarixli sərəncamının 1276 nömrəli protokolu əsasında hərəkət edən, gələcəkdə icarədar adlandırılan X4 ilə müqavilə bağlanmış, ona Ləhiş qəsəbəsində 0,12 hektar bağ sahəsinin, 17.27 kv.m. olan 1 otaqdan ibarət binanı təhvil almışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsində 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Belə ki, cavabdeh imtinasında istinad etdiyi iddia olunan bağ sahəsinin yerləşdiyi ərazidə bağların hasarlanmasının bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmaması iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 1088 kv.m olmaqla sənəd üzrə ayrılmış torpaq sahəsindən az olması, iddiaçının iddia etdiyi torpaq sahəsinin çatışmayan hissəsinin yol ilə üst-üstə düşməsi əsas gətirilməklə iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə araşdırması ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi faktı və ya həmin torpaq sahəsinə münasibətdə hərhansı müraciətin qeydiyyata alınması müəyyən edilməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinin imtinası iddiaçının faktiki istifadəsində olan 1088 kv.m toorpaq sahəsinə münasibətdə qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı faktiki istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, faktiki ölçüsü 1088 kv.m olan 2568 A saylı bağa dair mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10.
Məhkəmə qərarları › İş №2-1(112)-208/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-208/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver