Məhkəmə qərarları › İş №2-1(112)-2080/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2080/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2080/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) “sərəncamın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Cavabdeh başçısının 224 saylı xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilməsi” barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddiam üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə "Bakı-52" hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra Bakı qarnizonu mənzil komissisyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (özü də daxil olmaqla) mənzil ayrılmış və göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır ki, nəticə etibarı ilə ona göstərilən binada 14 saylı mənzil verilmişdir. Odur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən Bakı Şəhər Cavabdeh başçısının 17 may 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14-də yerləşən 14 saylı mənzil xidməti mənzillər fondundan çıxarılaraq onunla daimi icarə müqaviləsi bağlanmışdır. Bundan sonra isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona həmin mənzildən daimi istifadə hüququna dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göstərilən binada mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə sakinlər həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzilləri əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvlərilə birlikdə öz mənzillərində yaşayır. Lakin bütün bunlara baxmayaraq, o, 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət alaraq ora getdikdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə onun arasında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqavləsinə çevrilməsi və yaxud da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə heç bir tutarlı cavab verilmədiyinə görə, həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra ona məlum olmuşdur ki, onunla daimi icarə müqaviləsi bağlanmasına dair Bakı şəhər Cavabdeh başçısının 17 may 2019-cu il tarixli sərəncamı cavabdehin 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Cavabdehin həmin sərəncamı barədə ona heç bir məlumat verilməmişdir. Digər tərəfdən, iddiam üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq ona verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmidir. Qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14-də yerləşən 14 saylı mənzil onun yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən, habelə həmin mənzil üzərində mənim daimi istifadə hüququ dövlət qeydiyyatına alındığından, Bakı şəhər Cavabdeh başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli sərəncamı tam qanunsuz və ədalətsizdir. Məhkəmənin 23 avqust 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsinin iştirakını təmin etməmişlər). II. İddianın növü və mümkünlüyü İddianın növü sərəncamın ləğv edilməsi ilə bağlıdır. İddianın növü mübahisələndirməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Mübahisələndirilən (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. Cavabdeh tərəfindən 1305/d nömrəli, xx.xx.2022-ci il tarixli 4 saylı Vəkil Bürosunun müdirinə ünvanlanmış cavab məktubunda AR "Kommersiya sirri haqqında" Qanununa istinad edilməklə sərəncamların və onlar haqqında məlumatın yalnız məhkəmə sorğusu əsasında verilməli olması göstərilmişdir. İddia mümkündür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Cavabdeh başçısının 137 saylı 17 may 2019-cu il tarixli sərəncamına əsasən: 1. ünvan 1 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılmışdır; 2. ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi icarə müqaviləsinin bağlanılmışdır; 3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 1 ünvanında yerləşən mənzilin gələcəkdə İddiaçı adına dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) çıxarışa əsasən ünvan 1 İddiaçı istifadəsindədir. Bakı şəhəri Cavabdeh başçısının 224 saylı 04 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən: 1. Bakı şəhəri Cavabdeh başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 152, 133, 134, 135, 136, 137, 138, 139, 140 saylı, 17 05 2019-cu il tarixli sərəncamları ləğv olunmuşdur; 2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. IV. Məhkəmənin mövqeyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli 02№-li qərardadından: Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. Məhkəmə müəyyən edir ki, iddiaçıya münasibətdə qəbul olunmuş Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş 1.8-ci maddəsinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamın qəbul edilməsi zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balanssaxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Odur ki, həmin sərəncamın qəbul edilməsi üçün hüquqi bir əsas olmamaqla yanaşı qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. İddiaçı həmin sərəncam qəbul edilən zaman hərbçi olmuşdur və odur ki, müvafiq proseduru bilməli olduğu və ya kobud ehtiyatsızlıqla bilmədiyi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə əsasən etimadın qorunması hüququna istinad edə bilməz. “İnzibati icraat haqqında” Qanundan: 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz inzibati akt olduğundan Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı həmin mənzildə yaşayır, həmin mənzildən çıxarılmamışdır. Odur ki, həmin sərəncamın ləğvi nəticəsində onun mənzil hüququ pozulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar