Məhkəmə qərarları › İş №2-1(112)-2081/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2081/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2081/2024 19.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X1, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edərək ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə çıxarış verilməsi vəzifəsini Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında iddiaçıya məxsus yaşayış evi var. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arxiv sənədinə əsasən həmin ev iddiaçıya Kirov rayonu (indiki Binəqədi rayonu), X10 tərəfindən xx.xx.1989-cu il tarixdə verilmişdir. 5 Saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2018-ci il tarixli müraciətinə əsasən keçmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) Arxiv fondu üzrə xx.xx.1989-cı il tarixli, 50/347 saylı qərarının təsdiq edilmiş ksero surəti və adlı siyahıdan təsdiq edilmiş arxiv çıxarışı 2 (iki) vərəqdən ibarət iddiaçıya göndərilib. Buna görə də iddiaçı mənzilə çıxarış almaq üçün Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairəsi iddiaçıya rəsmi olaraq imtina edilmişdir. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairəsi tərəfindən ona mənzilə dair çıxarışın verilməməsi vətəndaş kimi hüquqlarının pozulması deməkdir. İddiaçı lazimi sənədləri də təqdim etmişdir. Buna baxmayaraq iddiaçıya əsassız imtina olunmuşdur. Ona görə də iddiaçı məcbur olub, hüqüqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Qanunda nəzərdə tutulmuş müvafiq sənədlərlə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şəhəri, X12 küçəsi 20, əlaqə nömrəsi: Çağrı Mərkəzi 193-3) müraciət edəcəyiniz təqdirdə sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatının aparılması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzilə çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə deyil, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılması və qanunda nəzərdə tutulmuş müvafiq sənədlərlə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şəhəri, X12 küçəsi 20, əlaqə nömrəsi: Çağrı Mərkəzi 193-3) müraciət ediləcəyi təqdirdə sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatının aparılması məsələsinə qanunamüvafiq qaydada baxılacağına dair **********74 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubu göndərilmişdir. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.7.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Keşmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 50/347 saylı qərarı və ona əlavə edilmiş adlı siyahı məhkəməyə təqdim edilmişdir.

6. Kirov rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli, 50/347 nömrəli Qərarına əsasən Ermənistan SSR-dən olan ailələrin Bakını tərk etmiş erməni millətindən olan vətəndaşlarla icraiyyə komitəsi və ya notariat kontoru tərəfindən təsdiq edilmiş qarşılıqlı razılaşma əsasında siyahıya uyğun olaraq daimi qeydiyyata alınmasına icazə verilmişdir. Kirov rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli, 50/347 nömrəli Qərarına əlavə olunmuş siyahıda İddiaçı adı da qeyd olunmuşdur.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 5 ünvanının qeydiyyatdan keçməsi və evə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir.

8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə çıxarışın verilməsi barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçıyaünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim olunan Kirov Rayon (indiki Binəqədi) X4 50/347 nömrəli, xx.xx.1989-cü il tarixli qərarı Ermənistan SSR-dən Bakı şəhərinə köçən ailələrin qeydiyyatı ilə bağlıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

15. X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

23. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd;.

24. Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarından:

8. Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Əli Bayramlı, Lənkəran, Naftalan, Şəki şəhər xalq deputatları Sovetlərinə, rayon xalq deputatları Sovetlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, yaşayış evlərini və mənzillərini Ermənistandan Azərbaycana qanuni yolla dəyişdirmək haqqında müvafiq icraiyyə komitələrinin qərarları, vəkalətnamələri və başqa sənədləri olan qalan qaçqın ailələrini 2 ay müddətində mənzillə təmin etsinlər və daimi qeydiyyata alsınlar. Qaçqınların bir hissəsinin öz xüsusi evlərini respublika tabeli şəhərlərdə dövlət mənzilləri ilə dəyişdirdiyini nəzərə alaraq yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, özləşdirmə haqqında müvafiq qanun qəbul edildikdən sonra həmin mənzilləri qaçqın ailələrin mülkiyyətinə versinlər. 1988-ci ildən sonra qaçqınları yerləşdirmək üçün müxtəlif nazirlik, idarə və təşkilatlar tərəfindən kənd rayonlarında tikilmiş evlər daimi yaşamaq üçün bu evlərə köçürülmüş qaçqınların xüsusi mülkiyyəti hesab edilsin və göstərilən ailələrə müvafiq sənədlər vermək yerli icra hakimiyyəti orqanlarına tapşırılsın. Respublikadan köçmüş ailələrin dəyişilməmiş və ya satılmamış, boşalmış xüsusi mənzilləri Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilsin.

25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Kirov rayon X9 İK-nin xx.xx.1989-cu il tarixli, 50/347 nömrəli Qərarına əsasən Ermənistan SSR-dən olan ailələrin Bakını tərk etmiş erməni millətindən olan vətəndaşlarla icraiyyə komitəsi və ya notariat kontoru tərəfindən təsdiq edilmiş qarşılıqlı razılaşma əsasında siyahıya uyğun olaraq daimi qeydiyyata alınmasına icazə verilmişdir. Kirov rayon X9 İK-nin xx.xx.1989-cu il tarixli, 50/347 nömrəli Qərarına əlavə olunmuş siyahıya əsasən İddiaçı erməni millətindən olan S.A.Sarkisyana məxsus olmuş ünvan 1 ünvanda yerləşən mənzildə daimi qeydiyyata alınmışdır.

26. Məhkəmə nəzərə alır ki, “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Azərbaycan Respublikası Ali Sovetinin Qərarına əsasında Bakını tərk etmiş erməni millətindən olan şəxslərə məxsus mənzillərin hüquqi statusu dövlət tərəfindən müəyyən edilərək həmin mənzillər orada daimi qeydiyyatda olan şəxslərin xüsusi mülkiyyətinə verilmişdir. Odur ki, sözügedən mənzil (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi) “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Azərbaycan Respublikası Ali Sovetinin Qərarının təsir dairəsinə düşməklə faktiki olaraq kompensasiya kimi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.

27. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

28. Odur ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

29. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

30. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

31. İddiaçı iddia ərizəsində qeyd edilən daşınmaz əmlakın mənzil olduğunu qeyd etsə də, iş materiallarına əsasən müəyyən edilir ki, həmin daşınmaz əmlak fərdi yaşayış evidir.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 5, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar