Məhkəmə qərarları › İş №2-1(112)-2085/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2085/2023

01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2085/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 08 iyun 2022-ci il tarixli, FŞGV 2021 analoji olaraq hesablanmış 2811.50 manat hesablamaya səbəb olmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” kameral qərarın ləğv edilməsinə dair müvafiq qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il FŞGV 2021-ci il üzrə analoji olaraq kameral vergi yoxlaması nəticəsində analoji olaraq 2811.50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı bildirmişdir ki, tərəfindənxx.xx.2016-cı il tarixində vergi orqanına fəaliyyətin dayandırılması barədə ərizə ilə müraciət edilmiş və müraciətinə əsasən fəaliyyətləri xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək dondurulmuşdur. Həmin tarixdən etibarən onun hər hansı fəaliyyətinin olmamasına baxmayaraq vergi oqanı tərəfindən qanunsuz olaraq hesablama aparılmışdır. İddiaçı tərəfindən fəaliyyətinin olmadığı üçün vergi orqanı tərəfindən qəbul edilmiş qərarla bu zamana qədər tanış olmamışdır. Yalnızca vergi orqanı ilə telefonla əlaqə saxlandıqdan sonra barəsiiində qərar qəbul edildiyi aydın olmuşdur. Yəni bu zamana qədər ona hər hansı kameral vergi yoxlamasının keçirilməsi barədə və kameral yoxlama əsasında qəbul edilmiş qərarlar təqdim ediməmişdir. İddiaşı hesab edir ki, fəaliyyəti olmadığı dövrdə barəsində kameral hesablamanın aparılması və maliyyə sanksiyasını tətbiq edilməsi Azərbaycan Respublikası Vergi məcəlləsinin müəyyən maddələri ilə ziddiyyət yaradır. Bu barədə tərəfindən vergi orqanına şifahi olaraq müraciətlər edilməsinə baxmayaraq lakin vergi orqanı şikayətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətinin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarları ilə aşağıda qeyd etdiyimiz xüsusatlara əsasən razılaşmırıq və hesab edirik ki, qərarlar “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Bildiririk ki, “Axtarış & Hesabat” informasiya sisteminin imkanlarında istifadə etməklə alınmış məlumatlara əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 3 nömrəli “vergi ödəyicisinin ümidsiz borcları barədə məlumat” əlavələri üzrə İddiaçı aid olan 14.057,48 manat məbləğində ümidsiz borc göstərildiyi, İddiaçı tərəfindən isə 2021- ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Bundan əlavə, araşdırma zamanı E-VHF məlumatlarına əsasən "xxxx" MMC tərəfindən İddiaçı 2016-cı ilin fevral, aprel, may aylarında 15.752,4 manat dəyərində E-VHF təqdim edilmiş, İddiaçı tərəfindən "xxxx" MMC-yə 1.694,92 manat məbləğində ödəniş edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar İddiaçı xx.xx.2022-ci il tarixli **********570200 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və zəruri hesab olunan müvafiq təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırma üçün zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2021-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 2.811,5 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********976500 nömrəli qərar vergiödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.3-cü maddəsində isə göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Əlavə olaraq bildiririk ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir.Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetiriiməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********976500 nömrəli qərara əsasən 2021-ci il üçün gəlir vergisi üzrə hesablanmış 2.811,50 manat əlavə vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı Vergi ödəyicilərinə xidmət və uçot İdarəsinə müraciət edərək xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Fiziki şəxslərin fəaliyyətinin dayandırılması” barədə ərizəsinə əsasən fəaliyyətin dayandırmışdır. - vergi ödəyicisi olan iddiaçıya vergi orqanı tərəfindən məktub ünvanlayaraq qeyd etmişdir ki, xx.xx.2016 tarixli ərizənizə əsasən fəaliyyətinizin xx.xx.2016 tarixdən xx.xx.2021 tarixinədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Əlavə məlumat əldə etmək üçün 195 Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət şöbəsinə mtiracıət edə bilərsiniz. - vergi ödəyicisi olan iddiaçıya cavadeh vergi orqanı tərəfindən məktub ünvanlayaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli ərizənizə əsasən fəaliyyətinizin xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Əlavə məlumat əldə etmək üçün 195 Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət şöbəsinə müraciət edə bilərsiniz. - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2021-ci ilin bəyannamə və hesabat dövrü üzrə 2811,50 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli 08.062022-ci il tarixli Qərar qəbul etmişdir. Vergi orqanı öz qərarını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən gəlir vergisi bəyannaməsini təqdim etmədiyinizə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. - cavabdeh vergi orqanı **********976500 nömrəli 08.062022-ci il tarixli “2021 -ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məlumatında qeyd edilmişdir ki, tərəfinizdən 2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatların, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır: Vergi ödəyiciləri tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannamələri 3 nömrəli “vergi ödəyicisinin ümidsiz borcları barədə məlumat” əlavələri üzrə Sizə aid olan ümidsiz borc göstərildiyi halda tərəfinizdən təqdim edilən 2021-ci il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsində gəlir kimi göstərilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavadehin hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırki iddia mahiyyət etibarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı qərarın ləğv edilməsindən ibarətdir. İş materiallarından görünür ki, İddiaçı Vergi ödəyicilərinə xidmət və uçot İdarəsinə müraciət edərək xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Fiziki şəxslərin fəaliyyətinin dayandırılması” barədə ərizəsinə əsasən fəaliyyətin dayandırmışdır. İş materiallarında olan, sənədlərdən görünür ki, vergi ödəyicisi olan iddiaçıya vergi orqanı tərəfindən məktub ünvanlayaraq qeyd etmişdir ki, xx.xx.2016 tarixli ərizənizə əsasən fəaliyyətinizin xx.xx.2016-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Əlavə məlumat əldə etmək üçün 195 Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət şöbəsinə mtiracıət edə bilərsiniz. İş materiallarında olan, sənədlərdən görünür ki, vergi ödəyicisi olan iddiaçıya cavadeh vergi orqanı tərəfindən məktub ünvanlayaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli ərizənizə əsasən fəaliyyətinizin xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Əlavə məlumat əldə etmək üçün 195 Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət şöbəsinə mtiracıət edə bilərsiniz. İş materiallarından görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2021-ci ilin bəyannamə və hesabat dövrü üzrə 2811,50 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli 08.062022-ci il tarixli Qərar qəbul etmişdir. Vergi orqanı öz qərarını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən gəlir vergisi bəyannaməsini təqdim etmədiyinizə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. İş materiallarından görünür ki, cavabdeh vergi orqanı **********976500 nömrəli 08.062022-ci il tarixli “2021 -ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məlumatında qeyd edilmişdir ki, tərəfinizdən 2021ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatların, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır: Vergi ödəyiciləri tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannamələri 3 nömrəli “vergi ödəyicisinin ümidsiz borcları barədə məlumat” əlavələri üzrə Sizə aid olan ümidsiz borc göstərildiyi halda tərəfinizdən təqdim edilən 2021-ci il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsində gəlir kimi göstərilməmişdir. Hazırki mübahisəyə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti əhatə edir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları kimi qeyd edilmişdir. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi qanunvericiliyi hər 2 yoxlamanın və operativ vergi nəzarətinin keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyinin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Lakin bununla yanaşı, vergi orqanı bu hər hansı yoxlama növünü seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməyə borcludur. Vergi Məcəlləsinin 36.2.-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin vaxt qüvvədə olan Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Qanunvericilik kameral vergi yoxlamasının keçirilməsi müddətini vergi bəyannaməsinin təqdim edilməsi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən vergi bəyannaməsinin təqdim edilməməsi işin mübahisəsiz halıdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbini pozmuşdur. Belə ki, həmin vaxt qüvvədə olan 37.2-ci maddənin tələbinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Hazırkı halda, iddiaçı tərəfindən 2016-cı il tarixdən gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda kameral vergi yoxlaması aparılmaqla vergi hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, kameral vergi yoxlamasını tənzimləyən normaların birgə təhlili onu deməyə əsas verir ki (Vergi Məcəlləsinin 37.3 və 37.4-cü maddələri), vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə uyğunsuzluq aşkar edildiyi halda bu barədə ödəyiciyə məlumat verilir və əlavə sənədlər tələb edilir, bundan sonra bəyannamənin düzgünlüyünə qiymət verilir. Bununla yanaşı məhkəmə həmçinin qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş etiraz məktubunda göstərilmişdir: “Axtarış & Hesabat informasiya sisteminin imkanlarında istifadə etməklə alınmış məlumatlara əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 3 nömrəli “vergi ödəyicisinin ümidsiz borcları barədə məlumat” əlavələri üzrə İddiaçı aid olan 14.057,48 manat məbləğində ümidsiz borc göstərildiyi, İddiaçı tərəfindən isə 2021- ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən qərar qəbul edilən zaman Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar əlaqəli məlumat hesab edilir ki, bu məlumatlar əsasında onun 2021-cı ildə hər hansı gəlirinin olması təsdiq olunmur. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin 2016-cı il tarixdən-2021-ci il tarixədək , 2021-ci il tarixdən-2025-ci il tarixədək fəaliyyətinin dayandırılması təmin edildiyi halda cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması keçirilərək, Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, bəyannamə təqdim edilmədiyi halda kameral vergi yoxlamasının proseduru qaydasında vergi hesablanması Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmamışdır. Həmçinin mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli xx.xx.2022-ci il tarixli qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Odur ki, iddia tələbi əsaslı sayılmaqla həmin qərar ləğv edilməlidir. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilərin hesablanmasının əsası kimi Vergi Məcəlləsinin 67-ci maddəsinə (əlaqəli məlumat) istinad edilir. Lakin cavabdeh iddiaçı tərəfindən vergidən yayınma halının mövcudluğunu təsdiq edən mötəbər sübutlar (iddiaçının gəlirləri və xərcləri barədə) təqdim etməmiş, iddiaçının həqiqətən gəlir etdiyi halda vergi bəyan etməməsi halını sübuta yetirə bilməmişdir. Vergi Məcəlləsinin 16.3-cü maddəsinin 2-ci hissəsinə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Belə ki, iddiaçının iş üzrə mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli xx.xx.2022-ci il tarixli qərarda, yəni inzibati aktda yuxarıda qeyd olunan normaların tələblərinə uyğun hər hansı əsaslandırma aparılmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstəriləmişdir. Digər tərəfdən, cavabdehin iddia tələbinə qarşı verdiyi etirazdan görünür ki, iddiaçıya əlavə vergilərin hesablanmasının əsası kimi Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddəsinə (əlaqəli məlumat) istinad edilir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilən zamanı hansı əlaqəli məlumatlara istinad edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1117/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası birdaha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən, birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi hesablaması qanuni sayıla bilməz. Beləliklə, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayaninzibati icraatın nəticəsində qəbul edildiyindən, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi baxımından qanunsuz əlverişsiz inzibati aktdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 6.8-cı bəndinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş bəyannamənin və ya hesabatın 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatların təqdim edilməsi barədə Bildiriş” göndərir. Həmin Qaydaların 6.9-cu bəndinə əsasən bu Qaydaların 6.8-ci bəndinə müvafiq olaraq göndərilmiş bildirişlə bağlı daxil olmuş dəqiqləşdirilmiş bəyannamə və ya hesabatlar üzrə kameral vergi yoxlaması aparılmır, yalnız dəqiqləşdirilmiş bəyannamədə və ya hesabatda bildirişdə göstərilən əlavə sənəd və ya mənbəyi məlum olan məlumatların nəzərə alınıbalınmaması araşdırılır. Araşdırma zamanı kənarlaşma aşkar olunduqda bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə yeni bildiriş göndərilir. Qaydaların 6.10-cu bəndinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə müvafiq olaraq göndərilmiş bildiriş üzrə dəqiqləşdirilmiş bəyannamə və hesabat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə bu barədə məlumatlar səyyar vergi yoxlanılmasının və ya operativ vergi nəzarətinin keçirilməsi məsələsinə baxılması üçün vergi orqanının aidiyyəti strukturuna göndərilir. Sadalanan normaların təhlilindən belə nəticəyə gəlinir ki, vergi orqanı təqdim edilmiş bəyannamə üzrə 30 iş günü müddətində kameral yoxlama aparmaq hüququna malikdir və bu müddət bitikdən sonra həmin bəyannamə üzrə kameral vergi yoxlaması aparıla bilməz. Eləcə də, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı tərəfindən verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün bildiriş göndərilir. Qeyd olunan bildiriş və təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmir. Beləliklə, vergi orqanı tərəfindən “Vergilərin, sosial sıgorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə hesab edir ki, vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqan iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, sübut edə bilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Yəni, hazırkı iş üzrə iddiaçının tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. (İPM- nin 14.1-ci maddəsi). Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı həmçinin daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraat nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanun 61.1-ci maddəsinə əsasən Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanun 61.2-ci maddəsinə əsasən Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanun 61.3-cü maddəsinə əsasən. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanun 61.4-cü maddəsinə əsasən İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanun 61.5-ci maddəsində nəzərdə tutulmuş inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Həmin Qanun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanun 67.2-ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanun 67.3-cü maddəsinə əsasən Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********976500 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar