Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2086/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, onun Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi B17 N 212564, xx xxxx 2017-ci il tarixli diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə Xəzər Universitetinə daxıl olmuşdur. Orada 5 il təhsil aldıqdan sonra 2011-ci ildə həmin Universitetdə təhsilini başa vurmuşdur. Bundan sonra Xəzər Universitetinin vasitəçiliyi ilə təhsilini davam etdirmək uçun 2013cü il tarixində Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinə daxil olmuşddur. Ukrayna Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən onun Xəzər Universitetində təhsil almağı tanınmış və təhsilini davam etdirmək üçün bakalavr pilləsinə yiyələnmək üçün təhsilini davam etdirmək hüququ verilmişdir. Ukrayna Respublikasının qeyd edilən Universitetində 2013-2017-ci illərdə qiyabi təhsil almışdır. 2017-ci ildə universiteti menecment ixtisası üzrə bitirərək ona B17 212564 nömrəli xx.xx.2017-ci il tarixli diplom verilmişdir. Qeyd edilən illərdə onun ümumvətəndaş pasportunda müvafiq qeydiyyatlar aparılmaqla həmin Universitetdə tədris olunan dərslərdə iştirak etmişdir. Azərbaycana qayıtdıqdan sonra diplomu təsdiq etdirmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkredıtasiya və Nostrıfıkasıya İdarəsinə yazılı müraciət etmişdir. İdarə tərəfindən ona imtina cavabı verilmişdir. İmtina barədə məktubda bildirilmişdir: nazirlikdə fəaliyyət göstərən Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdehin onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Cavabdehin onun ixtisas üzrə bilikləri barədə imtina verməsi səlahiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin deyil, onun təhsil aldığım ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aid olduğundan və o, bu mərhələni artıq həmin ölkədə başa vurduğundan, cavabdehin bu məsələ ilə bağlı imtinası qanunsuzdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 907 nömrəli Fərmana əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan X1 Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş X1 Agentliyinin Nizaminaməsinin: 1.1-ci bəndinə əsasən X1 Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; 2.2.2-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətlərindən biri xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirməkdir. Hazırki iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi göstərilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Fərmanından görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) X1 Agentliyi tərəfindən həyata keçirilir. Bu səbəbdən cavabdeh qismində X1 Agentliyi qeyd olunmalı idi. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdehin əsl cavabdeh X1 Agentliyi ilə əvəz edilməli olması iddiaçıya təklif olunsa da, bununla bağlı iddiaçıya təklif məktubu göndərilsə də, iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsinə münasibət bildirilməmişdir, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, iddia ərizəsində göstərilən tələb cavabdehin yerinə yetirdiyi vəzifələrə aid deyildir. Məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə öz razılığını bildirməmişdir. Beləliklə, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2086/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2086/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver