Məhkəmə qərarları › İş №2-1(112)-2086/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2086/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2086/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X8, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsindəki payların iddiaçının adına rəsmiləşdirilməsi (qeydiyyata alınması) və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDDX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsindəki payların iddiaçının adına rəsmiləşdirilməsi (qeydiyyata alınması) və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 28 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 63,0% İddiaçı, 12,7% X13, 8,1% X10, 8,1% X9, 8,1% X2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 avqust 2019-cu il tarixli 2(001)- 3824/2019 saylı qərardadına əsasən 10.000 manat kompensasiya almaqla X14 qeyri-yaşayış sahəsindəki 8,1% payından İddiaçı xeyrinə imtina etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin 4 noyabr 2019-cu il tarixli 17/68 3242-20 saylı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubda göstərilir ki, ünvan 4 2019-cu il tarixli icra sənədinin icraatına 3 sentyabr 2019-cu il tarixdə xitam verilmişdir. Belə ki, payçı olan X14 3 sentyabr 2019-cu il tarixdə ərizə ilə şöbəyə müraciət edərək 10.000 manat kompensasiya aldığını və bu səbəbdən öz payından İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 avqust 2019-cu il tarixli 2(006)-2926/2019 saylı qərardadına əsasən 10.000 manat kompensasiya almaqla X15 qeyri-yaşayış sahəsindəki 8,1% payından İddiaçı xeyrinə imtina elmişdir. Abşeron Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(012)-3555/2019 saylı qərardadına əsasən 10.000 manat kompensasiya almaqla X5 qeyri-yaşayış sahəsindəki 8,1% payından İddiaçı xeyrinə imtina etmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin 17 fevral 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 3555/2019 nömrəli 27 avqust 2019-cu il tarixli icra sənədi üzrə icraata xilam verilmişdir. İddiaçı 31 mari 2020-ci il tarixdə ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədləri təqdim edərək müraciət edib, X10, X9 və X2 Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 28 ünvanda yerləşən qeyri-yaşayış sahəsindəki paylarının (24,3%) İddiaçı adına sənədləşdirilməsi və onun adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilməsini xahiş etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı ərizəsinə 20 may 2020-ci il tarixdə məktubla cavab verərək göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 28 ünvanda yerləşən (33 saylı çörək mağazası) qeyri-yaşayış sahəsinin (24,3% paya) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin ərizəyə əlavə edilmiş məhkəmə qərardadları ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış, həmin işlər üzrə İdarə tərəf olmamış və əlavə olunan qərardadların İdarəyə rəsmi qaydada daxil olması barədə məlumat aşkar olunmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 28 ünvanda yerləşən (33 saylı çörək mağazası) qeyri-yaşayış sahəsinin X12 məxsus 8,1% payının üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3824/2019 saylı 2 aprel 2019-cu il tarixli X11 məxsus 8,1% payının üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2926/2019 saylı 1 aprel 2019-cu il tarixli qərardadları ilə qadağa qoyulmuşdur. Göstərilən səbəblərdən ərizənin icrasından imtina edilmişdir. Bundan sonra X20 qadağaların götürülməsi ilə bağlı məhkəməyə müraciət etmiş və qadağalar götürülmüşdür. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı 20 oktyabr 2020-ci il tarixli **********41 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2926/2019 nömrəli 21 sentyabr 2020-ci il tarixli qərardadı 16 oktyabr 2020-ci il tarixdə icra olunaraq Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsində X11 məxsus 8,1% payının üzərinə qoyulmuş qadağa götürülmüşdür. DƏDRX Binəqədi Rayon Məhkəməsinə ünvanladığı 10 noyabr 2020-ci il tarixli **********56 nömrəli məktubda göstərilir ki, Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(001)-3824/2019 nömrəli qərardadının icrasının təmin edilməsi barədə 12 oktyabr 2020-ci il tarixli 2(001)-3824/2019 nömrəli məktuba DƏDRX-də aidiyyəti üzrə baxılmışdır. Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(001)-3824/2019 nömrəli qərardadı icra olunaraq Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsində X12 məxsus 8,1% payın üzərinə qoyulmuş qadağa götürülmüşdür. Bundan sonra İddiaçı əlavə sənədləri də təqdim edərək, ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və X10, X9 və X2 Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 28 ünvanda yerləşən qeyri-yaşayış sahəsindəki paylarının (24,3%) İddiaçı adma sənədləşdirilməsi və onun adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilməsini xahiş etmişdir. İddiaçı ərizəsi uzun müddət icra olunmadan qalmışdır. Ərizənin icrasının yubadılması pandemiya (COVİD-19 ) ilə əsaslandırılmışdır. İddiaçı məcbur olub yenidən ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 17 iyul 2021-ci il tarixli **********84 saylı məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Məktub iddiaçıya 26 iyul 2021 -ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Məktubda göstərilir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********04 nömrəli 27 yanvar 2021-ci il tarixli məktubla cavab verilmişdir vvə həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Həmçinin sözügedən məsələyə dair məhkəmə mülki işlərlə bağlı hər hansı məlumat İdarəyə daxil olmamışdır. Cavabdehin ərizənin icrasından imtinası tam əsassızdır. Ona görə də məhkəməyə müraciət olunur. Bütün zəruri sənədlər cavabdehə təqdim olunmuşdur. Göstərilənlərə və İPM-in 2.1, 2.2.2, 8.1.1, 33.1, 38, 45, 46, 73-cü maddələrinə əsaslanaraq məhkəmədən X10, X9 və X2 Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 28 ünvanda yerləşən qeyri-yaşayış sahəsindəki paylarının (24,3%) İddiaçı adına sənədləşdirilməsi və onun adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 18 oktyabr 2021ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. O, müvafiq tələblə 2 dekabr 2020-ci il və 5 iyun 2021-ci il tarixlərdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 28 ünvanında yerləşən (33 saylı çörək mağazası) qeyri-yaşayış sahəsinin (24,3% paya) daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin ərizəyə əlavə edilmiş məhkəmə qərardadları ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış, həmin işlər üzrə İdarə tərəf olmamış və əlavə olunan qərardadların İdarəyə rəsmi qaydada daxil olması barədə məlumat aşkar olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 27 yanvar 2021-ci il və 17 iyul 2021-ci il tarixli məktublar ünvanlanmışdır. Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 28 ünvanında yerləşən 33 saylı mağazanın 63%-i İddiaçı, 12,7%-i X13, 8,1%-i X9, 8,1%-i X10, 8,1%-i X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda həmin şəxslərin mülkiyyətindədir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, obyektlər daxilində yenidənqurma işləri aparılmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 146.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3, 10, 11.1-ci maddələrinə əsaslanaraq, İPMin 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə görə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İş materiallarından görünür ki, Bakı şəhəri ünvan 4 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh X7rşı «kompensasiya verilməklə ümumi əmlakdakı paya hüququn itirilməsi» barədə iddia tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış və məhkəməyə təqdim olunmuş barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə görə iddiaçı cavabdehə qarşı tələbindən imtina edərək cavabdehin Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş H.Hacıyev küçəsi), 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki (33 saylı çörək mağazasının) 8,1% payına mülkiyyət hüququnun itirilməsinə görə 10.000 manat kompensasiya ödəməyi təklif edir, cavabdeh iddiaçının iddia tələbindən imtina etməsini qəbul edərək həmin qeyri-yaşayış sahəsindəki 8,1% paya mülkiyyət hüququnun itirilməsinə görə 10.000 manat kompensasiya təklifini qəbul edir, iddiaçı cavabdehə 10.000 manat kompensasiya ödəməyi, cavabdeh isə 10.000 manat kompensasiya ödəməyi öhdəsinə götürür, tərəflər barışıq sazişinə dair qanuni hərəkətləri birgə yerinə yetirirlər. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 3 sentyabr 2019-cu il tarixli qərarı ilə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə istinadən Bakı şəhəri ünvan 4 2019-cu il tarixli icra sənədi (qərardad əsasında verilmiş icra vərəqəsi) üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2926/2019 saylı 6 avqust 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh X11 qarşı «kompensasiya verilməklə ümumi əmlakdakı paya hüququn itirilməsi» barədə iddia tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış 6 avqust 2019-cu il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: 2) iddiaçı cavabdehə qarşı tələbindən imtina edərək cavabdehin Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş H.Hacıyev küçəsi), 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki (33 saylı çörək mağazasının) 8,1% payına mülkiyyət hüququnun itirilməsinə görə 10.000 manat kompensasiya ödəməyi təklif edir; 3) cavabdeh iddiaçının iddia tələbindən imtina etməsini qəbul edərək həmin qeyri-yaşayış sahəsindəki 8,1% paya mülkiyyət hüququnun itirilməsinə görə 10.000 manat kompensasiya təklifini qəbul edir; 4) iddiaçı cavabdehə 10.000 manat kompensasiya ödəməyi, cavabdeh isə 10.000 manat kompensasiya ödəməyi öhdəsinə götürür; 5) tərəflər barışıq sazişinə dair qanuni hərəkətləri birgə yerinə yetirirlər. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 1 noyabr 2019-cu il tarixli qərarı ilə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə istinadən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2926/2019-020 saylı 6 avqust 2019-cu il tarixli icra sənədi (qərardad əsasında verilmiş icra vərəqəsi) üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3555/2019 saylı 27 avqust 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh X4 qarşı «kompensasiya verilməklə ümumi əmlakdakı paya hüququn itirilməsi» barədə iddia tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış 27 avqust 2019-cu il tarixli barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə görə iddiaçı 27 avqust 2019-cu il tarixli barışıq sazişi üzrə Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş H.Hacıyev küçəsi), 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki (33 saylı çörək mağazasının) 8,1% payçısı olan cavabdehə həmin payına mülkiyyət hüququnun itirilməsinə 10.000 manat kompensasiya ödəməyi öhdəsinə götürür, cavabdeh iddiaçıdan aralarında bağlanmış 27 avqust 2019-cu il tarixli barışıq sazişi üzrə həmin əmlakdakı 8,1%-nin payçısı olaraq həmin payın itirilməsinə görə ona təklif etdiyi 10.000 kompensasiya ödənişini qəbul etməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 17 fevral 2020-ci il tarixli qərarı ilə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə istinadən Abşeron Rayon Məhkəməsinin 2(012)- 3555/2019 saylı 27 avqust 2019-cu il tarixli icra sənədi (qərardad əsasında verilmiş icra vərəqəsi) üzrə icraata xitam verilmişdir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (33 saylı çörək mağazası) 12,7% X17, 63% İddiaçı, 8,1% X11, 8,1% X12 və 8,1% X3 məxsus olmaqla adıçəkilən şəxslərin paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Yasamal rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallalarına görə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (33 saylı çörək mağazası) paylı mülkiyyətdədir və hazırkı İddiaçı 63% paya malik olmaqla payçılar sırasındadır. Həmin daşınmaz əmlakın digər payçıları olan X15, X14 və X5 hər biri özünə məxsus 8,1% paylarlara mülkiyyət hüququnu məhkəmə qərardadları ilə təsdiqlənmiş barışıq sazişləri əsasında əvəzi İddiaçı tərəfindən müvafiq məbləğlərdə kompensasiyalar ödənilməklə itirmişlər. Məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı məhkəmə qərardadları əsasında Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (33 saylı çörək mağazası) 24,3%-nə mülkiyyət hüququ əldə etmişdir. Həmin qərardadlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin əsası kimi təsbit olunmuş “qanuni qüvvəyə minmiş məhkəmə qərarları”nı ehtiva edir. Qeyd olunanlara əsaslanaraq məhkəmədə belə qənaət yaranır ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi imtinasını formal mülahizələr üzərində əsaslandırmışdır, müvafiq məhkəmə qərardadlarının icra olunduğu müəyyən edildiyi halda, məhkəmə aktı ilə qurumun üzərinə hüququn qeydiyyat alınması barədə öhdəlik qoyulmadan, ayrıca inzibati icraat çərçivəsində İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsində X10, X9 və X2 hər birinin 8,1% olmaqla ümumilikdə 24,3% payına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 17-ci maddələrinin tələblərinə ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək daşınmaz əmlakın dövlət reyestrində X10, X9 və X2 Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 28 ünvanda yerləşən qeyriyaşayış sahəsindəki paylarının (24,3%) İddiaçı adına qeydiyyata alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində X10, X9 və X2 Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 28 ünvanda yerləşən qeyri-yaşayış sahəsindəki paylarının (24,3%) İddiaçı adına qeydiyyata alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar