Məhkəmə qərarları › İş №2-1(112)-2087/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2087/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2087/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı Sayad oğlu (bundan sonra – İddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilə bilər. Həmçinin qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 26.0 kv.m qeyd olunsa da, faktiki 22,7 kv.m təşkil edir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337 məhəllə, ev 120 D, binanın zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 26 kvadrat metr olan qeyri-yaşayış sahəsinin İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddiasını dəqiqləşdirərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337 məhəllə, ev 120 D, binanın zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 22,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin iddiaçının adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2 dekabr 2012-cü il tarixdə onunla "xxxx" MTK arasında Yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Yüksəliş-C MTK Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində tikilməkdə olan yaşayış binasında 26 kv.metr qeyriyaşayış sahəsini Alıcıya verməyi, Alıcı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdəsinə götürür. Yüksəliş-C MTK tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli Maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 120 D, binanın zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 26 kvadrat metr olan 1 saylı qarajın pay dəyəri 15.000 manat tam olaraq İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı həmin sahənin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qanunsuz və əsassız olaraq formal xarakterli xx.xx.2023-cü il tarixli məktubla cavab verərək ərizənin icrasından imtina etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və göstərmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim olunmalı olduğu halda, iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilə təqdim edilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilə bilər. Həmçinin qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 26.0 kv.m qeyd olunsa da, faktiki 22,7 kv.m təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, "xxxx"MTK, sonralar «MTK» adlanan və «MTK»-nın Nizamnaməsinə əsasən hərəkət edən "xxxx" MTK-nın sədri Bağışov Xaləddin Vəkil oğlu bir tərəfdən, ünvan 2 ünvanında yaşayan sonralar «Alıcı» adlandırılan vətəndaş İddiaçı Sayad oğlu digər tərəfdən müqavilə bağlamışlar ki, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsi) yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasının qaraj №1 qeyri-yaşayış sahəsindən 26 kv.metr sahəni alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqaviləyə əsasən göstərilən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 15.000 (on beş min) manat məbləğində müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllə, bina 120D "xxxx" MMC-yə məxsusdur. Bu binanın zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 26 m2 olan 1 saylı qarajın pay dəyəri 15000 (on beş min) manat tam olaraq İddiaçı tərəfindən tam ödənilmişdir. Bu qarajla bağlı MMC-yə borcu yoxdur. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ünvan 3 ünvanında yerləşən qaraj 120 mərtəbəli binanın zirzəmisində yerləşir, qarajın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 26 kv.metr, faktiki sahəsi 22.7 kv.metr təşkil edir. Yerləşmə mövqeyi sxemdə işarələnmiş yerə uyğundur. xx.xx.2019-cu il tarixli, 263 nömrəli istismara icazə sənədindən görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2337 məhəllə, M.Hadi küçəsi, 120D, 1 girişli, zirzəmili, 20 mərtəbəli yaşayış binasının istismarına icazə verilmiş, sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) kimi "xxxx" Mənzil-Tikinti Kooperativi göstərilmişdir. İddiaçı hazırda xx.xx.2012-ci il tarixli müqavilə əsasında ona verilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçı "xxxx" MTK ilə podrat müqaviləsi bağlamış və yeni inşa olunan çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsi əldə etmək üçün MTK-ya müvafiq ödəniş etmişdir. Bu hal iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyinə, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyini göstərir. Belə olan halda iddiaçının təqdim etdiyi müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1 və 8-ci maddələri ilə tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə eyni hüquqi qüvvəyə malik hüquqmüəyyənedici sənəd kimi qəbul edilməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdehin istinad etdiyi yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzilə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, "xxxx" MTK tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə ilə inşa etdiyi binadakı qeyri-yaşayış sahəsinin dəyərini almaqla satmışdır. Ona görə də həmin sahəyə dair "xxxx" MTK hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün mənzilə mülkiyyət hüququ müqaviləyə əsasən iddiaçıya keçmişdir. Belə ki, Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, cavabdeh iddiaçı ilə eyni sənədləri təqdim edən digər bir şəxsin mübahisəli rəazidə yerləşən qeyri-yaşayış sahəsinə (qaraja) dair hüquqlarını qeydiyyata almış, bununla da eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etmiş, bu halı da əsaslandıra bilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 4 ünvanında yerləşən 120D saylı binanın zirzəmisində sahəsi 22.7 kv.metr olan qeyri-yaşayış sahəsinə (qaraj) dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar