Məhkəmə qərarları › İş №2-1(112)-2088/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2088/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2088/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, X3 və İstismarı Birliyi tərəfindən 17573 saylı müqaviləyə əsasən Bilgəh qəsəbəsində yerləşən ümumi sahəsi 0,16 ha olan 1786 saylı bağ sahəsinin mülkiyyət hüququ üzrə mərhum atası X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla arayışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini cavablandırmadığından iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və İstismarı Birliyi tərəfindən 17573 saylı müqaviləyə əsasən Bilgəh qəsəbəsində yerləşən ümumi sahəsi 0.16 ha olan 1786 saylı bağ sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının mərhum atası X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X6 X3 və İstismarı Birliyi tərəfindən 17573 saylı müqaviləyə əsasən Bilgəh qəsəbəsində yerləşən ümumi sahəsi 0.16 ha olan 1786 saylı bağ sahəsi verilmişdir. Həmin bağ sahəsi iddiaçının və onun ailəsi tərəfindən abadlaşdırılmış, fərdi yaşayış evi tikilərək həmişə istifadə edilmişdir. 2011-ci ildə bağa dair iddiaçının mərhum atasının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən plan tərtib edilərək təsdiq edilmişdir. İddiaçının atası xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mərhum atasının vərəsəsi kimi iddiaçı bağın atasının adına mülkiyyət hüququ ilə tanınmaqla arayışın verilməsi üçün ərizə ilə müraciət etmiş, lakin ərizənin verilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən cavab verilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********12 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli, **********39 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin böyük hissəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyindən 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Məlumat üçün, X3 və İstismarı Birliyi tərəfindən verilmiş 17573 nömrəli, xx.xx.2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilədə, həm də idarənin arxivində saxlanılan nüsxəsində həmin Birliyin təsdiqedici möhürü yoxdur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zamanı sözügedən bağ sahəsinin ümumi hasar daxilində olduğu və bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşdiyi məlum olmuşdur. Həmçinin torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlər üzrə 1600.0 kv.m, faktiki olaraq isə 2535.0 kv.m təşkil edir. “ Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, işdə olan cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, torpaq sahəsinin böyük hissəsi, 1455 kv.m hissəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyindən 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İPM-in 8.1.1-ci madəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın tələbindən göründüyü kimi, qanunverici daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyətini həmin daşınmaz əmlakın olduğu yerə görə müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericinin ərazi aidiyyəti üzrə bu qaydanı müəyyən edərkən əsas məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarət olmuşdur İPM-in 8.3-cü maddəsinə əsasən mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, işin hazırkı halında torpaq sahəsinin bir hissəsi Bakı şəhərində, bir hissəsi isə Abşeron rayonunda yerləşmiş, iddiaçı həmin daşınmaz əmlakla bağlı həm Bakı şəhərinin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı İnzibati Məhkəməsinə, həm də Aşeron rayonunun aid olduğu Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ olmuş, o, İPM-in 8.3-cü maddəsinə əsasən seçimini edərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırkı tələbə cavab verməli orqana gəldikdə, işə Bakı İnzibati Məhkəməsində baxıldığından və Bakı şəhərində yerləşən daşınmaz əmlaklara münasibətdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin səlahiyyətlərini onun 1 saylı Bakı Ərazi İdarəsi icra etdiyindən məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı verilmişdir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması ilə bağlıdır ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bağın icarəyə verilməsi haqqında xx.xx.1980-ci il tarixli, 17573 nömrəli müqavilədən görünür ki, Bilgəh qəsəbəsində yerləşən 0,16 ha sahəsi olan 247/1786 saylı bağ sahəsi Məlik X1 istifadəsinə verlmiş, müqavilədə ailə üzvlərindən biri kimi Namiqin adı qeyd olunmuşdur. - xx.xx.1981-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Məlik X7 xx.xx.1981-ci ildə, 58 yaşında ölmüşdür. - İşdən görünür ki, X8 xx.xx.1988-ci ildə ərizə ilə X3 və İstismarı Birliyinə müraciət edərək, ana və atasının ölməsi ilə bağlı 247/1786 saylı bağ sahəsinə müqavilənin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. - Bağ sahəsinin, tikilinin uzunüddətli icarəyə verilməsi haqqında xx.xx.1988-ci il tarixli, 17573 nömrəli müqavilədən görünür ki, Bilgəh qəsəbəsində yerləşən 0,16 ha bağ sahəsi olan 1786 saylı bağ sahəsi X5 istifadəsinə verilmiş, müqavilənin müddəti xx.xx.1998-ci il tarixədək müəyyən edilmişdir. - İddiaçı xx.xx.2002-ci il tarixdə yenidən Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək, müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. - Bağ icarəyə verilməsi haqqında 12 iyul 2002-ci il tarixli, 17573 nömrəli müqavilədən görünür ki, Bilgəh qəsəbəsində yerləşən 0,16 ha bağ sahəsi olan 1786 saylı bağ sahəsi X5 istifadəsinə verilmiş, müqavilənin müddəti xx.xx.2008-ci il tarixədək müəyyən edilmişdir. - Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər İH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 1969-cu il tarixli 16 saylı Protokolu ilə X6 1600 kv.m ölçüdə ayrılmış 1786 nömrəli bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü X13 kitabında xx.xx.2011-ci il tarixdə 25536 nömrə ilə uçota alınmış, Torpaq sahəsinin planı və ölçüsündə kadastr göstəriciləri, baş planından çıxarış, planı və əsas döngə nöqtələrinin koordinatları əks olunmuşdur. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1600 kv.m olsa da, faktiki olaraq hasar daxili 2535.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində iki mərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planı və arxiv cizgisi koordinatlarla təqdim olunan ərazinin bir hissəsinə uyğun gəlir. Əlavə torpaq sahəsinin hansı bağ sahəsinə aid olub-olmamasını araşdırmaq mümkün olmadı. Ərazinin və həyət tikililərin bir hissəsi elektrik xəttinin mühafizə zolağına düşür. Həmçinin koordinatlarla təqdim olunan ərazinin təqribən 1455 kv.m hissəsi Abşeron rayonu inzibati sərhədləri daxilinə düşür. - Bakı şəhərinin 1 saylı notariat kontorunun notariusu X9 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 21 avqust 2013-cü il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş - X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı onun vərəsəsi- İddiaçı tərəfindən Bakı şəhəri 1 saylı notariat kontoruna müraciət daxil olmuş və 05/2012 nömrəli vərəsəlik işi açılmışdır. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, vərəsə kimi atası Namiq Mehdiyevə ayrılmış 0,16 ha sahəsi olan 1786 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən nənəsinə bağ sahəsinin ayrılması barədə müqaviləni, daha sonra həmin bağ sahəsinin atasına verilməsi barədə müqaviləni təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 1786 saylı bağ sahəsinin iddiaçının atasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbinə etiraz edərkən: 1.xx.xx.2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilədə, həm də idarənin arxivində saxlanılan nüsxəsində həmin Birliyin təsdiqedici möhürünün olmamasına;

2. idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zamanı sözügedən bağ sahəsinin ümumi hasar daxilində olmasına;

3. bağ sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad etmişdir. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi birinci hala münasibətdə bildirir ki, icarə müqaviləsinin səlahiyyətli qurum tərəfindən möhür ilə təsdiq edilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, Bakı şəhəri X3 və İstismarı Birliyi ilə X8 arasında bağlanmış icarə müqaviləsində möhürün olmaması, həmin müqavilənin mötəbərliyinə şübhə doğurmur. Belə ki, İdarənin arxivində saxlanılan müqavilələrdən də göründüyü kimi həmin bağ sahəsinə dair əvvəlki icarədar ilə bağlanmış müqavilələr də möhür ilə təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, müqavilənin möhür ilə təsdiq olunmaması hər bir halda zamanında iddiaçının mərhum atasının iradə ifadəsindən asılı olmayan bir hal olmuşdur ki, göstərilən bu əsas hazırki iddianın təminini istisna edə bilməz. Bu hal həmçinin bağ sahəsinin ümumi hasar daxilində olmasına da aiddir. Belə ki, həmin bağın koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilmişdir və həmin koordinatlar cavadehdə mövcuddur. Məhkəmə torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı aşağıdakilari diqqətə çatdırır. Belə ki, 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni tələb 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsində də təsbit olunmuşdur. Həmin normaya əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, işdə olan "xxxx" ASC tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndində əsasən ona məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1786 saylı bağ sahəsi 6kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Qeyd olunan bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və qeydiyyata alınmasına etiraz edilmir. Göründüyü kimi, "xxxx" ASC-nin özü də bağ sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törədilməməsini təsdiq edərək onun qeydiyyata alınmasına razılığını bildirmişdir. O da qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyətinin iyul 1992-ci il tarixli 941 saylı sərəncamı ilə Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib lakin, heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib edilməsi və həmin vətəndaşlardan bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisəli bağ sahəsi iddiaçının valideynləri tərəfindən 1969-cu ildən etibarən itifadə olunmuş, yuxarıda göstərilən normalara əsasən həmin bağa dair verilmiş müqavilələr etibarsız sayılmamış, əksinə hər dəfə addan-ada keçirilmə barədə qərar qəbul edilməklə 1786 saylı bağ sahəsinin həmin şəxslərin istifadəsində olması öz təsbitini tapmışdır. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, ancaq formal əsaslara istinad edilərək şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina edilməsi mövcud qanunvericiliyə uyğun hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ümumi sahəsi 0,16 ha olan 1786 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar