Məhkəmə qərarları › İş №2-1(112)-2089/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2089/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2089/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçıları İddiaçı1 və X13 X14, İddiaçıların vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin təyin olunması” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddia tələbi üzrə İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağının təsdiqlənməsi, sosial təminat hüququnun təmin edilməsi və aylıq yaşa görə müavinətin təyin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş №2-1(112)-2089/2025). İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli sosial müavinətin dayandırılması haqqında qərarının ləğv edilməsi və ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 3 avqust 1957-ci ildə İran İslam Respublikasında doğulmuş və həmin dövlətin vətəndaşıdır. İranda mövcud rejimdən əziyyət çəkən ailənin üzvü kimi 24 fevral 2006-cı ildə Azərbaycan dövlətində sığınacağa müraciət edərək qaçqın statusu almışdır. Həmin statusu təsdiq edən Azərbaycan Respublikası tərəfindən verilmiş, ən son 23 sentyabr 2022-ci il tarixində yenilənmiş QV0000*** identifikasiya nömrəli qaçqın qeydiyyat vəsiqəsinin daşıyıcısıdır. Beləliklə, artıq 20 ilə yaxındır ki, Azərbaycanda daimi və qanuni əsaslarla yaşayır. 7 iyun 2023-cü il tarixində 4 saylı DOST Mərkəzinə yaxınlaşaraq yaşa görə müavinət almaq üçün yazılı müraciət etmiş, sözügedən qurum 25 iyun 2023-cü il tarixli 317-2/2-S-146895/2023 nömrəli cavab məktubunda iddiaçının yaşına görə müavinətin təyin edilməsindən imtina edilmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, həmin Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir. Bu qanunvericilik tələbinə istinad edərək, dövlət orqanı iddiaçının Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin olmadığına görə müavinət verilməsindən imtina etmişdir. İddiaçı dövlət tərəfindən qaçqın statusu almış əcnəbi şəxs kimi 20 ilə yaxındır ki, Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşayır və iddiaçının qaçqın vəsiqəsində Azərbaycan Respublikası daimi yaşadığı ölkə kimi göstərilmişdir. Bütün sadalananlar iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağını sübut edir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda göstərilmişdir ki, İddiaçı1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu dəfə etibarlılıq müddəti 23 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2024-cü il tarixədək olan QV0000*** nömrəli qaçqın vəsiqəsi ilə təmin olunmuşdur. Göründüyü kimi, qaçqın vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir və vətəndaş bu statusu həmin tarixdə itirmişdir. İddiaçı1 hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona təqdim edilən qaçqın vəsiqəsi əsasında yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı1 isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur. Ona məxsus sadəcə Azərbaycan Respublikası qaçqın vəsiqəsi vardır. İddiaçı1 iddia tələbi yaşa görə sosial müavinətin təyin olunmasından ibarət olduğundan və yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən aydın olur ki, sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti mütləq təqdim olunmalıdır.

2. İddia tələbi üzrə İddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağının təsdiqlənməsi, sosial təminat hüququnun təmin edilməsi və aylıq yaşa görə müavinətin təyin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş №2-1(112)-2090/2025). İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, X15 Mehdi xx xxxx 1957-ci ildə İran İslam Respublikasında doğulmuş və həmin dövlətin vətəndaşıdır. İranda mövcud rejimdən əziyyət çəkən ailənin üzvü kimi 12 iyul 2004-cü ildə Azərbaycan dövlətində sığınacağa müraciət edərək qaçqın statusu almışdır. Həmin statusu təsdiq edən Azərbaycan Respublikası tərəfindən verilmiş, ən son 20 sentyabr 2022-ci il tarixində yenilənmiş QV0000547 identifikasiya nömrəli qaçqın qeydiyyat vəsiqəsinin daşıyıcısıdır. Beləliklə, artıq 20 ilə yaxındır ki, Azərbaycanda daimi və qanuni əsaslarla yaşayır. 2023-cü ilin avqust ayında 1 saylı DOST Mərkəzinə yaxınlaşaraq yaşa görə müavinət ala bilməyi üçün yazılı müraciət etmişdir. Sözügedən qurum 20 avqust 2023-cü il tarixli 3-17-1/2-R- 181465/2023 nömrəli cavab məktubunda iddiaçıya yaşına görə müavinətin təyin edilməsindən imtina etmişdir. Dövlət orqanı iddiaçının Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin olmadığına görə müavinət verilməsindən imtina etmişdir. O, dövlət tərəfindən qaçqın statusu almış əcnəbi şəxs kimi 20 ilə yaxındır ki, Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşayır və onun qaçqın vəsiqəsində Azərbaycan Respublikası daimi yaşadığı ölkə kimi göstərilmişdir. Bütün sadalananlar iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağını sübut edir. Səlahiyyətli dövlət qurumu elektron sistemdə iddiaçının bütün dövrlər üzrə qaçqın vəsiqələrinin müddətlərinə çıxış əldə edə bilmir və yaxud yalnız son 2 il müddətinə verilmiş qaçqın vəsiqəsini görüntüləyə bilirsə, sistemin bu cür məhdud fəaliyyət göstərməsi onun hüququnun pozulması üçün heç bir halda əsas ola bilməz. Sözügedən məhdudiyyət imtina üçün əsas ola bilməz həm də ona görə ki, qaçqın vəsiqəsinin sayından və müddətindən asılı olmayaraq, vəsiqənin təqdim edilməsi artıq daimi yaşama faktının təsdiqi hesab olunmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş və göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli arayışa əsasən X13 X20 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu dəfə etibarlılıq müddəti 20 sentyabr 2022-ci il tarixdən 20 sentyabr 2024-cü il tarixədək olan QV0000543 nömrəli qaçqın vəsiqəsi ilə təmin olunmuşdur. Göründüyü kimi qaçqın vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitəcəkdir və vətəndaş bu statusu həmin tarixdə itirəcəkdir. İddiaçı hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona təqdim edilən qaçqın vəsiqəsi əsasında yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur. Ona məxsus sadəcə Azərbaycan Respublikası qaçqın vəsiqəsi vardır. İddiaçının iddia tələbi yaşa görə sosial müavinətin təyin olunmasından ibarət olduğundan və yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən aydın olur ki, sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti mütləq təqdim olunmalıdır. Göründüyü kimi sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti təqdim olunmalıdır. İddiaçının isə daimi yaşayış hüququ verən icazə vəsiqəsi olmadığı üçün ona qaçqın vəsiqəsi əsasənda yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələblərinə ziddir.

3. İddia tələbi üzrə İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağının təsdiqlənməsi, sosial təminat hüququnun təmin edilməsi və aylıq yaşa görə müavinətin təyin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş №2-1(112)-2143/2025). İddiaçı daha sonra ərizə təqdim edərək, cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək, iş üzrə əsl olmayan cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona yaşa görə sosial müavinətin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, X12 1 avqust 1954-cü ildə İran İslam Respublikasında doğulmuş və həmin dövlətin vətəndaşıdır. İranda mövcud rejimdən əziyyət çəkən ailənin üzvü kimi 12 iyul 2004-cü ildə Azərbaycan dövlətində sığınacağa müraciət edərək qaçqın statusu almışdır. Həmin statusu təsdiq edən Azərbaycan Respublikası tərəfindən verilmiş, ən son 7 sentyabr 2022-ci il tarixində yenilənmiş QV0000538 identifikasiya nömrəli qaçqın qeydiyyat vəsiqəsinin daşıyıcısıdır. Beləliklə, artıq 20 ilə yaxındır ki, Azərbaycanda daimi və qanuni əsaslarla yaşayır. 28 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. 19 aprel 2024-cü il tarixli cavab məktubunda əks edilmiş imtina cavabı onunla əsaslandırlımışdır ki, “Sosial müavinət haqqında” Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, dövlət qulluqçusuna ömürlük müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir. O, dövlət tərəfindən qaçqın statusu almış əcnəbi şəxs kimi 20 ilə yaxındır ki, Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşayır və onun qaçqın vəsiqəsində Azərbaycan Respublikası daimi yaşadığı ölkə kimi göstərilmişdir. Bütün sadalananlar iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağını sübut edir. Səlahiyyətli dövlət qurumu elektron sistemdə iddiaçının bütün dövrlər üzrə qaçqın vəsiqələrinin müddətlərinə çıxış əldə edə bilmir və yaxud yalnız son 2 il müddətinə verilmiş qaçqın vəsiqəsini görüntüləyə bilirsə, sistemin bu cür məhdud fəaliyyət göstərməsi onun hüququnun pozulması üçün heç bir halda əsas ola bilməz. Sözügedən məhdudiyyət imtina üçün əsas ola bilməz həm də ona görə ki, qaçqın vəsiqəsinin sayından və müddətindən asılı olmayaraq, vəsiqənin təqdim edilməsi artıq daimi yaşama faktının təsdiqi hesab olunmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş və göstərilmişdir ki, iddiaçı X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu dəfə etibarlılıq müddəti 07 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2024-cü il tarixədək olan QV0000538 nömrəli qaçqın vəsiqəsi ilə təmin olunmuşdur. İddiaçı hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona təqdim edilən qaçqın vəsiqəsi əsasında yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur. Ona məxsus sadəcə Azərbaycan Respublikası qaçqın vəsiqəsi vardır. İddiaçının iddia tələbi yaşa görə sosial müavinətin təyin olunmasından ibarət olduğundan və yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən aydın olur ki, sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti mütləq təqdim olunmalıdır. Göründüyü kimi sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti təqdim olunmalıdır. İddiaçının isə daimi yaşayış hüququ verən icazə vəsiqəsi olmadığı üçün ona qaçqın vəsiqəsi əsasənda yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələblərinə ziddir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-2090/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2090/2025 nömrəli (Razavı Malekı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin təyin olunması” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-2089/2025 nömrəli (İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin təyin olunması” tələbinə dair) inzibati işə birləşdirilmiş və 2-1(112)-2090/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-2089/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-2143/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “müavinətin təyin olunması” tələbinə dair 2-1(112)-2143/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)- 2089/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilən sübutlar İş materialarında olan və məhkəmə iclasında tədqiq edilən: 1.İddia tələbi üzrə - Azərbaycan Respublikasının QV seriyalı ******* nömrəli Qaçqın Vəsiqəsindən görünür ki, xx.xx.1957-ci ildə İran İslam Respublikasında doğulmuş İran İslam Respublikası vətəndaşı İddiaçı1 xx.xx.2024-cü il tarixdə qaçqın vəsiqəsi verilmiş, vəsiqənin etibarlılıq müddəti xx.xx.2026-cı il tarixə kimi müəyyən edilmişdir. Vəsiqəyə əsasən onun daimi yaşadığı ölkə Azərbaycan Respublikası qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 37/2-M-7055-xx-xx-21591/2023 nömrəli arayışından görünür ki, İran İslam Respublikasının vətəndaşı, 3 avqust 1957-ci il təvəllüdlü İddiaçı1 24 fevral 2006-cı il tarixdən qaçqın statusu əsasında Azərbaycan Respublikasında yaşamaqdadır. - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli Sosial müavinətin dayandırılması haqqında qərarından görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi qaçqın vəsiqəsi olduğuna görə xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanununun 3.2. maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Vətəndaş qeyd edilən kateqoriyaya aid olmadığı üçün (Qaçqın vəsiqəsi var) xx.xx.2022-xx.xx.2023 dövr üzrə artıqvermə aşkar edilmişdir.

2. İddia tələbi üzrə - Azərbaycan Respublikasının QV seriyalı 0000*** nömrəli Qaçqın Vəsiqəsindən görünür ki, xx.xx.1957-ci ildə İran İslam Respublikasında doğulmuş İran İslam Respublikası vətəndaşı X13 X16 xx.xx.2024-cü il tarixdə qaçqın vəsiqəsi verilmiş, vəsiqənin etibarlılıq müddəti xx.xx.2026-cı il tarixə kimi müəyyən edilmişdir. Vəsiqəyə əsasən onun daimi yaşadığı ölkə Azərbaycan Respublikası qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət X8 Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İran İslam Respublikasının vətəndaşı xx xxxx 1957-ci il təvəllüdlü X17 X18 12 iyul 2004-cü il tarixdən qaçqın statusu əsasında Azərbaycan Respublikasında yaşamaqdadır. - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/1-R- 74381/2023 saylı sosial müavinətin təyinatı üzrə qərarından görünür ki, X13 X16 xx.xx.2022-ci ildən yaşa görə sosial müavinət təyin edilməsi qərara alınmışdır.

3. iddia tələbi üzrə - Azərbaycan Respublikasının QV seriyalı 0000*** nömrəli Qaçqın Vəsiqəsindən görünür ki, xx.xx.1954-cü ildə İran İslam Respublikasında doğulmuş İran İslam Respublikası vətəndaşı X12 Adishə xx.xx.2024-cü il tarixdə qaçqın vəsiqəsi verilmiş, vəsiqənin etibarlılıq müddəti xx.xx.2026-cı il tarixə kimi müəyyən edilmişdir. Vəsiqəyə əsasən onun daimi yaşadığı ölkə Azərbaycan Respublikası qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət X9 Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İran İslam Respublikasının vətəndaşı 1 avqust 1954-ci il təvəllüdlü X12 12 iyul 2004-cü il tarixdən qaçqın statusu əsasında Azərbaycan Respublikasında yaşamaqdadır. Məhkəmənin iddia tələbi üzrə mövqeyi İşdən görünür ki, iddiaçılar hazırda yaşa görə sosial müavinət verilməsini xahiş edirlər, cavabdeh isə qaçqın vəsiqəsinin müddətli olmasına və onların daimi yaşamaq icazəsinin olmamasına istinad edərək, tələbi təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: -maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -maddə 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.2. yaşa görə müavinət; - maddə 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; İstinad olunan normalardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı olmayan o şəxs sosial müavinət almaq hüququna malikdir ki, o:

1. daimi yaşayan vətəndaşlığı olmayan şəxsdir, yaxud;

2. daimi yaşayan əcnəbidir. İşdən görünür ki, İddiaçılar vətəndaşlığı olmayan şəxs deyillər, əcnəbidirlər. Deməli, onlara sosial müavinət təyin edilməsi üçün müəyyən edilməli hal Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxs olub-olmamalarıdır. Məhkəmə qeyd edir ki, Miqrasiya Məcəlləsinin 3.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. İşdən görünür ki, iddiaçılar daimi yaşamaq üçün icazə almış əcnəbi deyillər. Lakin bu hal həmən iddiaçıların daimi yaşan əcnəbi olmadıqları nəticəsində gəlmək üçün əsas deyil. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 may tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası"nın 2-ci bəndinə əsasən fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən Azərbaycan Respublikasının vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində informasiyanı birmənalı tanıdan təkrarolunmaz, dəyişilməz, müvafiq beynəlxalq standartların tələblərinə uyğun təsadüfi seçilmiş müvafiq simvollardan ibarət vahid koddur və həmin şəxsə avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilir. Qaydanın 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs öldükdə, məhkəmə qaydasında ölmüş elan edildikdə və ya Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs başqa ölkədə yaşayış yeri seçməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldıqda, yaxud Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyi hal istisna olmaqla) və ya ondan məhrum edildikdə onlara verilmiş fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Sadalanan normalardan görünür ki, qüvvədə olan qanunvericilik Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin statusunu eyniləşdirərək, onlara Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarına yaxın hüquq və azadlıq vermiş, eyni vəzifələri daşımalarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun isə şəxsə qaçqın statusunun verilməsini onun daimi yaşama müddətinin başlanğıcı kimi qiymətləndirmiş, həmin şəxsə əlavə vəsiqə verilməsinin zəruri olmamasını təsbit etmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarının təhlilindən çıxış edərək, belə nəticəyə gəlir ki, qaçqın statusuna malik şəxs də Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi hesab olunur. Bu isə o deməkdir ki, "Sosial müavinətlər haqqında" Qanunun 3.2-ci maddəsi həm də onlara şamil olunmalıdır. Əks halda, yəni qanunvericiliyə daxil edilmiş müddəanın hərfi təfsiri, dövlətin bu zaman güddü məqsədə zidd ola və yekunda hədsiz formalizmlə nəticələnə bilər. Buna görə də məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, "Sosial müavinətlər haqqında" Qanunun 3.2-ci maddəsi qaçqın statusu olan şəxsləri də nəzərdə tutduğundan, onların sosial müavinət almaq hüququ tanınmalıdır. Belə olan halda isə, aydın olur ki, cavabdeh iddiaçıların bu hüququnu tanımaqdan imtina etməklə onların hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə etmişdir, bu müdaxilə qanunsuz olmuşdur. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli sosial müavinətin dayandırılması haqqında qərarı ləğv edilsin. İddiaçı1 təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin bərpa edilməsi; İddiaçı X13 X16 təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin həyata keçirilməsi; İddiaçı X12 Adishə yaşa görə sosial müavinətin təyin edilməsi vəzifələri cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar