Məhkəmə qərarları › İş №2-1(112)-209/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-209/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-209/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı qzının, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatına alınmaqla Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı qzının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X16 və Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “Hüquqların dövlət qeydiyyatına alınmaqla Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli və xx.xx.2006-cı il tarixli 222 nömrəli sərəncamlarına və Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli, 33840 nömrəli müqaviləyə əsasən qanuni istifadəsinə verilmiş Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 6312 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən, qanuni istifadəsində olan Ləhiş ərazisindəki 6312 nömrəli bağ sahəsinin onun adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 222 nömrəli sərəncamına əsasən, qanuni istifadəsində olan Ləhiş ərazisindəki 6312 nömrəli bağ sahəsinin ona ayrılması barədə X6 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli 114 nömrəli protokolu ilə təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli, 33840 nömrəli müqaviləyə əsasən, ona Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 6312 nömrəli bağ sahəsi ayrılmışdır. 2018-ci ildə sözügedən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 dəfə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2018-ci il tarixli imtina məktubu ilə ona yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı, elektron kadastr məlumatlarına əsasən, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmadığından bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi və 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2018-ci il tarixli cavab məktubunda texniki baxış zamanı bağ sahəsinin digər vətəndaş tərəfindən hasara alınaraq istifadə edildiyi və torpaq sahəsinin üzərində 2 mərtəbəli bağ evinin inşa edildiyi, həmçinin elektron kadastr məlumat bazasına əsasən adı çəkilən torpaq sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmədiyi üçün bağ sahəsinin yerinin müəyyənləşdirilməsi mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 07 mart 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, məhkəmə tərəfindən X16 və Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuş, cavabdehə və üçüncü şəxsə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri təklif olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdehin etirazları: Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********55 №li iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2018-ci il tarixli, ********** daxilolma nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi digər şəxs tərəfindən hasarlanaraq istifadə olunur. Vətəndaş iddia etdiyi torpaq sahəsinə daxil ola bilmir. Belə ki, göstərilən bağ sahəsində digər fiziki şəxsə məxsus bağ evi və tikililər mövcuddur. Bundan əlavə, bağ sahəsinin yol tərəfindən hasar boyu elektrik xətti (6kv) keçməsi müəyyən olunmuşdur. Bundan başqa elektron kadastr məlumatlarına əsasən bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmadığından bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin bağ sahəsinə texniki baxış keçirmək üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bu barədə iddiaçıya **********29 qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli məktub ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, bağ sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Üçüncü şəxs X16 tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, hazırki iş üzrə iddiaçı X9 2016-ci ildə ona qarşı" bag sahəsindən çixarılma, tikililərin cavabdehin hesabına sökülərək bag sahəsindən çixarılması" tələbinə dair iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2016-ci il tarixli 2(008)-382/16 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırki inzibati işin və Sabunçu Rayon Məhkəməsində baxılmış mülki işin predmetini Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha olan eyni torpaq (bag) sahəsi təşkil edir. Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə torpaqşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 iyul 2016-ci il tarixli, 4949 saylı məhkəmə torpaqşünaslıq ekspertizasının rəyindən görünür ki, X5 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı və xx.xx.2006-ci il tarixli 222 nömrəli sərəncamlarına və X6 və İstismarı Birliyi ilə onunla arasında bağlanmış xx.xx.2006-ci il tarixli,33840 nömrəli müqaviləyə əsasən sonuncuya verilmiş Sabunçu rayonu,Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 6312 saylı bag sahəsi və Kürdəxanı Bələdiyyəsi ilə X26 oglu arasında bağlanmış 06 iyul 2005-ci il tarixli, 161 saylı icarə müqaviləsinə əsasən X10 ayrılmış Kürdəxanı Ləhiş bağlar massivi ərazisində olan 6353 nömrəli bag sahəsi ilə üstüstə düşüb-düşməməsinin müəyyən olunmasına dair tədqiqat aparılması mümkün olmamışdır. Beləliklə, iddiaçının çıxarışın verilməsi tələbinə dair iddia ərizəsində iddia etdiyi torpaq sahəsinin onun qanuni istifadə və sahibliyində olan bag sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilmir. Qətnamə 09 avqust 2016-ci il tarixində qəbul edilib, ondan apellyasiya şikayəti verilməyib və hal-hazırda qətnamə qanuni qüvvədədir. Bu baxımdan iddiaçı X3 iddiası təmin edilə bilməz. Üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elrktron Məhkəmə” sistemi vasitəsi ilə ərizə təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bununla bağlı heç bir üzürlü səbəb göstərmədiyindən, məhkəmə işə üçüncü şəxslərin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X18 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X16 və onun nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında Kürdəxanı Ləhiş bağlar massivi ərazisində olan 6353 nömrəli bag sahəsinin X10 Kürdəxanı Bələdiyyəsi ilə X26 oglu arasında bağlanmış 06 iyul 2005-ci il tarixli, 161 saylı icarə müqaviləsinə əsasən ayrıldığını göstərərək, mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqü vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus Bakı şəhəri Binəqədi RPİ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və istismarı Birliyinin “Ləhiş ərazisindəki 6312 №-li bağın istifadəyə verilməsi haqqında” 33840 №-li, xx.xx.2006-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, bir tərəfdən Bakı Şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə “Birlik” adlandırılacaq X6 və İstismarı Birliyi, digər tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 222 saylı sərəncamı əsasında hərəkət edən, gələcəkdə “İstifadəçi” adlandırılacaq İddiaçı şəxsində müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndində göstərilmişdir ki, “Birlik” Bakı şəhəri Sabunçu rayonun Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 6312 №-li bağı müqavilədə göstərilən tikililər, qurğular və ağaclarla “İstifadəçi”yə verir və “İstifadəçi” həmin bağı istifadəsinə götürür. Bakı şəhər İcra Hakimiyyətinin A-106/2-112/2 №li xx.xx.2016-cı il tarixli məktubu ilə İddiaçı təqdim olunmuş “Arxiv arayışı”ndan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2006-cı ilə dair sərəncamlar kitabında X6 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında 222 №-li xx.xx.2006-cı il tarixli Sərəncamında (çıxarışda) “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X6 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 114 №-li protokolunun təsdiq edilməsi müəyyən olunmuşdur. Əlavə olunmuş X6 və İstismarı Birliyinin “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” 114 №-li, xx.xx.2006-cı il tarixli protokoldan (surəti) müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 №-li sərəncamına əsasən Ləhişdəki 6312 №-li bağın-X3 adına sənədləşdirilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2020/2018 saylı, 28 iyun 2018ci il tarixli qərardadından (surəti) müəyyən olunur ki, İddiaçı Ağakişi qızı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə 04 avqust 2006-cı il tarixli 222 saylı sərəncamla Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində ayırdığı 0,12 ha torpaq sahəsinin sərhəddini müəyyən edib ona təhvil verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2020/2018 saylı, 28 iyun 2018ci il tarixli qərardadı ilə İddiaçı Ağakişi qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin təhvil-təslim haqqında” tələbi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********25 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərimişdir ki, keçmiş X6 və İstismarı Birliyi ilə X24 arasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində 0,12 ha torpaq sahəsi olan 6312 saylı bağ sahəsinə dair xx.xx.2005-ci il tarixli 33840 nömrəli bağın istifadəyə verilməsi haqqında (xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək) bağlanmışdır. Daha sonra icarədarın və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən sözügedən bağ sahəsinə dair keçmiş X6 və İstismarı Birliyi ilə X9 arasında xx.xx.2006-cı il tarixli 33840 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə (xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək) bağlanmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsi olan 6312 saylı bağ sahəsinin hal-hazırda kimin istifadəsində olması ilə bağlı Milli Qeydiyyat Sistemində hər hansı bir məlumat aşkar edilməmişdir. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş: - X6 və İstismarı Birliyi ilə X24 arasında bağlanmış 33840 №-li, xx.xx.2005-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 319 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 6312 №-li bağ sahəsi X19 istifadəsinə verilmişdir. Müqavilə müddəti xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilədək müəyyən olunmuşdur (16-cı bənd). - ünvan 3 ünvanında yaşayan X12, X21, X25 tərəfindən notarial qaydada verilmiş ərizələrin surətindən müəyyən olunur ki, sonuncular X17 adına olan (33840 saylı, xx.xx.2005-ci il tarixli müqavilə əsasında) Bakı şəhəri, Ləhiş Bağ ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 6312 saylı bağın X3 adına keçməsinə etiraz etmədiklərini bildirmişdirlər. - X6 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış 33840 №-li, xx.xx.2006-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 222 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 6312 №-li bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Müqavilə müddəti xx.xx.2006-ci ildən xx.xx.2016-cı ilədək müəyyən olunmuşdur (16-cı bənd). AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş Bakı şəhəri Sabunçu rayonu, Ləhiş Bağ massivində olan 6312 saylı bağ sahəsinə dair xx.xx.2018-ci il tarixli müayinə aktında göstərilmişdir ki, vətəndaşın (İddiaçı) iddia etdiyi 6312 saylı bağ sahəsi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınaraq istifadədə olunan ümumi hasarlar daxilində yerləşir, ümumi ərazi təqribən 3000 kv.m. təşkil edir. Bu ərazidə iki mərtəbəli bağ evi və su hovuzu mövcuddur. Həmin vətəndaş bağ sahəsində ölçü işlərinin aparılmasına icazə vermədi. Nəticə etibarı ilə bağ sahəsi vətəndaşlar arasında mübahisəlidir. Ərizəçi vətəndaşın iddia etdiyi bağın torpaq sahəsi ümumi ərazidən hasarla təcrid edildiyindən və mübahisəli məsələ həll edildikdən sonra müraciətə yenidən baxmaq olar (X-409250; Y-4491813) həmçinin qeyd edilən koordinat əsasında vətəndaşın iddia etdiyi 6312 saylı bağın bu hasar daxilində yerləşməsinin elektron baza ilə araşdırılması məqsədəuyğundur. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 122 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 161 saylı torpaq icarə müqaviləsi ilə Ləhiş bağ sahələrində 1200,0 kv. metr torpaq sahəsi X7 istifadəsinə verilmişdir. Bələdiyyənin Vergi şöbəsində qeydiyyatda olan M.H.Əliyev tərəfindən 2021-ci il daxil olmaqla torpaq vergiləri tam ödənilmişdir. M.H.Əliyevin istifadəsində olan Ləhiş bağ massivindəki 6353 saylı 1200,0 kv.m. torpaq sahəsi 3,0 metr hündürlükdə daş hasar içərisindədir. Ləhiş bağ massivində yerləşən X3 iddia etdiyi 6312 saylı bağ torpaq sahəsi Bələdiyyənin Vergi şöbəsində qeydiyyatdadır lakin onun tərəfindən torpaq vergisi ödənilməyib. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 122 №-li, xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş: - “Kürdəxanı Bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında” 161 №-li, xx.xx.2005-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı ümumi iclasının qərarına əsasən ümumi sahəsi 1200 kv.m. olan torpaq sahəsi bağçılıq məqsədi ilə X7 icarəsinə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müqaviləsinin müddəti 10 (on) il xx.xx.2005-ci il tarixdən 06 iyul 2015-ci il tarixədək müəyyən edilmişdir. - Torpaq sahəsinin sxeminin surətindən müəyyən olunur ki, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən Ləhiş bağlar massivində yerləşən 6353 saylı bağa dair xx.xx.2014-cü il tarixdə sxem tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********42 №li xx.xx.2022-ci il tarixli cavab məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6353 saylı bağ sahəsinin dövlət reyestrində qeydə alınması barədə məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Məktuba əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Baçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsrrüfatının inkişafı və istismarı Birliyi ilə X13 ilə bağlanmış 36496 №-li, xx.xx.2005-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 289 saylı sərəncamına əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 6353 №-li bağ sahəsi X11 istifadəsinə verilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə **********41 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı tərəfindən 6312 saylı bağ sahəsi kimi iddia edilən sahəyə iddiaçının və üçüncü şəxs kimi X7 iştirakı ilə yerli baxış keçirildi. Sözügedən sahə X16 tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə olunur. Göstərilən torpaq sahəsi sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq 0,15 ha təşkil edir (üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur). Ümumi sahənin (0,15 ha) və ümumi sahədə şərti olaraq göstərilən 0,12 ha torpaq sahəsinin koordinatları əks etdirən sxem əlavə olunmuşdur. Qeyd olunun ərazidə hasarlamalar bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Belə ki, dəqiq 6312 saylı bağ sahəsinin döngə nöqtələrini vahid elektron kadastr bazaya əsasən müəyyənləşdirmək mümkün olmadı. Göstərilən sahənin bir hissəsi elektrik xəttinin mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyində torpaq sahəsinin koordinatları və sahəsi aşağıdakı kimi göstərilmişdir. Ümumi sahə S=1500,0 kv.m; X=********** Y=4491826.5710 Z=0.0000 X=409274.6806 Y=4491833.3116 Z=0.0000 X=409290.3822 Y=4491775.3842 Z=0.0000 X=409266.2883 Y=4491768.7146 Z=0.0000 Ümumi sahədə şərti olaraq göstərilən S=1200.0 kv.m X=409250.5900 Y=4491826.5710 Z=0.0000 X=409263.1620 Y=4491780.2367 Z=0.0000 X=409287.2382 Y=4491786.9834 Z=0.0000 X=409274.6806 Y=4491833.3116 Z=0.0000 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/309 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Hikmət Sadıqovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-46241/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 6312 saylı bağ sahəsi kimi iddia edilən sahəyə iddiaçının və üçüncü şəxs kimi X7 iştirakı ilə yerli baxış keçirildi. Sözügedən sahə X16 tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə olunur. Göstərilən torpaq sahəsi sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq 0,15 ha təşkil etdiyi müəyyən edilmişdir (üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur). Ümumi sahənin (0,15 ha) və ümumi sahədə şərti olaraq göstərilən 0,12 ha torpaq sahəsinin koordinatları əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Qeyd olunun ərazidə hasarlamalar bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Belə ki, dəqiq 6312 saylı bağ sahəsinin döngə nöqtələrini vahid elektron kadastr bazaya əsasən müəyyənləşdirmək mümkün olmadı. Göstərilən sahənin bir hissəsi elektrik xəttinin mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraqverimiş: **********29 saylı xx.xx.2018-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 6312 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmişdir. Bundan başqa elektron kadastr məlumatlarına əsasən bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmadığından bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Sözügedən bağ sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olması barədə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2- 1(82)-2020/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsi barədə məlumat (və ya şikayətin verilib verilməməsi ilə bağlı) idarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. **********12 saylı xx.xx.2018-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 6312 nömrəli bağ sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə ərizəyə baxılmışdır. Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən yerində aparılmış texniki baxış zamanı bağ sahəsinin digər vətəndaş tərəfindən hasara alınaraq istifadə edildiyi və torpaq sahəsinin üzərində 2 mərtəbəli bağ evinin inşa edildiyi müəyyən edilmişdir. Həmçinin elektron kadastr məlumat bazasına əsasən adıçəkilən torpaq sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyqun gəlmədiyi üçün bağ sahəsinin yerinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. 1-ci abzası - Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzası - Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 4. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Maddə 8. 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur ki, iş materiallarında mübahisəli bağ torpaq sahəsinə dair İddiaçı adına belə bir müqavilənin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. İddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması barədə müraciətindən cavabdeh inzibati orqan tərəfindən imtina olunarkən, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən bağ sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə olunduğuna, vətəndaşın iddia etdiyi torpaq sahəsinə daxil ola bilmədiyinə, belə ki, göstərilən bağ sahəsində digər fiziki şəxsə məxsus bağ evinin və tikililərin mövcud olduğuna, bundan əlavə, bağ sahəsinin yol tərəfindən hasar boyu elektrik xətti (6kv) keçməsinin müəyyən olunduğuna, elektron kadastr məlumatlarına əsasən bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmadığından bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyinə, həmçinin bağ sahəsinə texniki baxış keçirmək üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmadığına və göstərilən sahənin bir hissəsi elektrik xəttinin mühafizə zolağına düşdüyünə istinad olunmuşdur. İş üzrə verilmiş mütəxəssis və ekspert rəylərindən də göründüyü kimi, iddiaçı tərəfindən 6312 saylı bağ sahəsi kimi iddia edilən sahəyə iddiaçının və üçüncü şəxs kimi X7 iştirakı ilə yerli baxış keçirilmiş və sözügedən sahənin (yəni iddiaçıya məxsus torpaq sahəsi) X16 tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə olunduğu, göstərilən torpaq sahəsinin sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq 0,15 ha təşkil etdiyi müəyyən edilmişdir (üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinada göstərdiyi hallar iddiaçının özünə məxsus bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina olunmasına əsas ola bilməz. Belə ki, iddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının həyata keçirilməsi (X16 tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə olunan ona məxsus torpaq sahəsinin boşaldılması ilə bağlı qanunla müəyyən olunmuş qaydada tədbirlərin həyata keçirilməsi) üçün həmin hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasına nail olmalıdır. Cavabdeh inzibati orqanın digət dəlilinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər Belə ki, iddiaçıya ayrılmış bağ sahəsinin bir hissəsinin elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа” Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli və xx.xx.2006-cı il tarixli 222 nömrəli sərəncamlarına və Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 33840 nömrəli müqaviləyə əsasən İddiaçı qanuni istifadəsinə verilmiş Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 6312 nömrəli bağ sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar