Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2090/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh X12 Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh X1rşıAzərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “xarici dövlətin ali təhsil sahəsində bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, İddiaçı məxsus diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) və müvafiq şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl Cavabdeh ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl Cavabdeh ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl Cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2090/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2000-ci il tarixdə Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və X7 və psixologiya fakültəsinin qiyabi şöbəsinə ödənişli əsaslarla qəbul olunmuşdur. 2006-cı il tarixdə həmin institutu bitirmişdir. Təhsil aldığı müddətdə hər il təhsil haqqını ödəmişdir. Diplom almadan öncə əmək fəaliyyətinə başlamışdır. Bu səbəbdən də diplomla əlaqədar zərurət olmadığından onun Təhsil Nazirliyi tərəfindən nostrifikasıya olunması barədə məlumatı olmamışdır. Bu hal iddiaçıya yalnız 2013-cü ildə tutduğu vəzifəni dəyişmək istəyərkən məlum olmuşdur. Təhsil aldığı beş il ərzində imtahanlarını müvəffəqiyyətlə vermişdir. Təhsil haqqı ödəmişdir. Dəfələrlə instituta Təhsil Nazirliyi tərəfindən nümayəndələr gəlib, yoxlamalar aparılıb, tədbirlər həyata keçirilib və nəhayət dövlət imtahanı vermişdir. Bundan əlavə olaraq təhsil aldığı dövrlərdə institundan başqa universitetlərə və eləcə də başqa universitetlərindən başqa instituta Təhsil Nazirliyinin əmri ilə tələblər köçürülmüşdür. xx.xx.2015-ci il tarixdə iddiaçıya imtina məktubu verilmişdir. Lakin çoxsaylı şikayəti əsasında nəhayət ki üzrərindən 3 il yaxın bir müddət keçənə yaxın məlum olmuşdur ki, iddiaçıya imtina verilməsi qanunsuz olmuşdur. Halbuki, iddiaçı bütün sənədləri toplayaraq Təhsil Nazirliyinə müraciət etmişdir. İddiaçı hesab edir k, şifahi müsahibədən uğurla keçmişdir. Belə ki, imtahan zamanı iddiaçıya verilən suallara tam və dəqiq cavab verilmiş, lakin sentyabrda müsahibədən keçməyinə baxmayaraq, cavabı sistemə yaxın vaxtlarda yerləşdirilir. Həmin cavabda isə iddiaçının tamam başqa imtina cavabı verildi ki, həmin institut ölkədə qanunsuz fəaliyyət göstərdiyindən diplomunun tanınması mümkün olmamışdır. İnstitutun fəaliyyəti 2007-ci ilin avqust ayında dayandırılmış, iddiaçı isə xx.xx.2006-cı ildə artıq institutu bitirmiş, diplom əldə etmişdir. Həmin vaxtadək isə institut tam qanuni olaraq lisenziya əsasında fəaliyyət göstərmişdir. Buna görə də müsahibədən uğurla keçdiyinə görə Təhsil Nazirliyinin bu əsasla diplomunun tanınmasından imtina etməsi tam qanunsuz və əsassızdır. İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən süni maneələr yaradılaraq, 2013cü ildən diplomunun ekvivalentliyinin müəyyən edilməsi bu günə kimi mümkün olmamışdır. Halbuki, iddiaçı ilə təhsil almış, hazırlıq səviyyələri iddiaçıdan qat-qat aşağıda olan digər vətəndaşların öz diplomlarının ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) məsələsi öz həllini çoxdan tapmışdır. İddiaçı qeyd edir ki, rus dilini mükəmməl, ixtisasını qənaətbəxş bilmiş olsa da, diplomunun tanınmasından qanunsuz şəkildə imtina edilir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X12 Agentliyi yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2000-2006-cı illərdə Rusiya Federasıyası X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialında “Təhsildə sosial-psixoloji xidmət Pedaqoq-psixoloq” ixtisası üzrə əyani formada təhsil almışdır. Həmin Universiteti 2006-cı il tarixdə bitirməsi barədə ona BSB ******* nömrəli xx.xx.2006-cı il tarixli bakalvr diplomu təqdim edilmişdir. İddiaçı özünə məxsus diplomun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsil Nazirliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Rusiya Federasiyası X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialının təhsil fəaliyyətini həyata keçirməsinə xüsusi razılıq (lisenziya) və akkreditasiyası mövcud olmamışdır. Rusiya Federasiyası X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı və bəzi əcnəbi ali təhsil müəssisələrinin Azərbaycan Respublikasındaki filiaları Azərbaycan Respublikasının Qanunları və ondan irəli gələn normativ-hüquqi aktların tələblərini icrasına məhəl qoymadan qanunsuz (lisenziya olmadan) fəaliyyət göstərdiklərinə görə Təhsil Nazirliyin kollegiyası, lisenziya komissiyası və məhkəmə qərarları ilə fəaliyyətləri dayandırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəznində yaradılmış təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə ekspert qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın İİİ.1.2 maddəsini (Ərizənin baxılması zamanı hər tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən aldığı ixtisasın Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. Qeyri-qanuni fəaliyyət göstərmiş təhsil müəssisəsinin diplomu qanuni sayıla bilməz. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: -Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən xx.xx.2006-ci ildə verilmiş BCB № ******* saylı diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin Universitetinin “Pedaqogika və Psixologiya” ixtisası üzrə mütəxəssis proqramının mənimsəmiş və dövlət yekun attestasiyasını uğurla keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə “Pedaqogika və X11” ixtisas dərəcəsi verilmişdir. Sözügedən bakalavr diplomu Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun rektoru Klimov S.M və Moskva şəhəri təhsil Departamentinin Q.T.Alimov apostili ilə xx.xx.2012-ci il tarixdə təsdiq olunmuşdur. -Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən xx.xx.2006-ci ildə verilmiş BCB № ******* saylı diploma olan № 7544 saylı, xx.xx.2016-ci il tarixli əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin Universitetinin “Pedaqogika və Psixologiya” istiqaməti üzrə bakalavr təhsil aldığı zaman 50 fənndən qənaətbəxş, məqbul, yaxşı və kafi qiymət almış, 3 kurs işi yazmış və ixtisası üzrə dövlət imtahanlarını vermişdir. Həmin əlavədə iddiaçının təhsil müddəti olaraq 5 il olduğu göstərilmişdir. - İddiaçının müraciəti əsasında verilmiş elektron cavab məktubundan müəyyən olunur ki, İddiaçı xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə xx.xx.2018-ci il tarixli müraciətinə baxılmış, Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutuna Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-cı bəndinə əsasən, A784F7F72757942 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. İşin faktiki və mübahisə edilməyən halları: iddiaçı Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun “Pedaqogika və Psixologiya”ixtisası üzrə əyani təhsil almış, xx.xx.2006-ci ildə ona BCB № ******* bakalavr diplomu verilmiş, diplom Moskva şəhəri təhsil Departamenti tərəfindən xx.xx.2012-ci ildə 128147 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Cavabdeh tərəfin mübahisələndirdiyi hal odur ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialının təhsil fəaliyyətini həyata keçirməsinə xüsusi razılıq (lisenziya) və akkreditasiyası mövcud olmamışdır. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prosedurudur. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 1.0.8-1-ci maddəsinə əsasən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (İB Diploma Programme (X8 Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 217 nömrəli Qərarı (hazırda qüvvədən düşmüşdür) ilə təsdiq edilmiş «Çoxpilləli ali təhsil sistemində “bakalavr” hazırlığı haqqında Əsasnamə»nin 1.3-cü bəndinə əsasən “bakalavr” hazırlığının təhsil müddəti gündüz şöbəsində istiqamət və ya ixtisasdan aslılı olaraq 3,5 – 4 ildir. Təhsil müddəti tədris planı əsasında müəyyənləşdirilir və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Təhsil əyani (gündüz), axşam, qiyabi, həmin formaların birləşdirilməsi və eksternat yolu ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1996-cı il tarixli Qanununun («Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2003-cü il tarixli Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş) 12-ci maddəsinə görə hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilərlər. Həmin Qanunun 22-ci maddəsinə görə bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar. «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Prezidenti xx xxxxxxx 1997-ci il tarixdə 637 nömrəli Fərman imzalamışdır. Həmin Fərmana görə Təhsil Nazirliyi ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti üzrə lisenziya verən orqan kimi müəyyən edilmişdir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş (Qərar qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın 1.4cü bəndinə görə xarici hüquqi şəxslərin filialları öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 1.5-ci bəndinə görə xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir. Təhsil haqqında Azərbaycan Respublikası Qanunun 16.2-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx xxxx 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə» nin 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan yğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: • təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; • təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; • Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: • xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; • təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); • xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin hallarından görünür ki, Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı Filialında “Pedaqogika və Psixologiya”” fakultəsində təhsil almışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2393/5-497 saylı qətnaməsini ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı Filialına qarşı iddiası təmin edilərək, filialın fəaliyyətinin dayandırılması və cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsində işin araşdırılan hallarına əsasən cavabdeh Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı Filialı tərəfindən qanunvericiliyin («Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci və 4.1-ci maddələrinin) tələblərinə əməl edilmədiyi və qurumun dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyinin müəyyən edildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi, yəni, Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı Filialı fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçməmiş və xüsusi lisenziya almamışdır. Məhkəmə işin faktiki hallarına sadalanan qanunvericilik normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı Filialı müvafiq qaydada lisenziya almadan və qeydiyyata alınmadan fəaliyyət göstərdiyindən və bu səbəbdən də onun fəaliyyəti, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2393/5-497 saylı qətnaməsi ilə qanunsuz fəaliyyət kimi müəyyən edildiyindən, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirıliyinin İddiaçı həmin universitet tərəfindən verilmiş BSB ******* saylı nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın müddəalarına zidd deyil və iddiaçının hüquqlarıın pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bundan başqa, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2393/5- 497 saylı qətnaməsindən qeyd olunmuşdur ki, Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı Filialının fəaliyyəti dayandırılsa da, həmin ali təhsil müəssisələrində oxuyan tələbələrin təhsil hüquqları qanunayğun təmin olunmalıdır. Məhkəmə buna münasibətdə xüsusi olaraq vurğulayır ki, ümumiyyətlə Rusiya Federasiyasının X5 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən iddiaçıya verilmiş BSB ******* saylı nömrəli diplomun etibarlı olub-olmamasına qiymət verilmir, sadəcə həmin təhsil müəssisəsi tərəfindən verilmiş diplomun tanınmasının beylənxalq müqavilələrə, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın müddəalarına zidd olub-olmamasına baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh X1rşıAzərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “xarici dövlətin ali təhsil sahəsində bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2, 68-ci, 69-cu, 85-ci maddəsinə əsasən, Məhkəmə, QƏRARA ALDİ: İddiaçı cаvаbdеh X1rşıAzərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “xarici dövlətin ali təhsil sahəsində bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2090/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2090/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver