Məhkəmə qərarları › İş №2-1(112)-2091/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2091/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2091/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 (Cəbrayıl rayonunda qeydiyyatdadr, ixtisası hüquqşünas, məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı Mehti qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinə qarşı “əmək pensiyasının düzgün təyin edilərək ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Mehti qızı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 50 yaşından – xx.xx.2009-cu il tarixindən əmək pensiyası təyin edilməsi və pensiyasının yenidən hesablanması zamanı ali təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Füzuli rayonunda doğulmuşdur, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kristal düşərgəsində məskunlaşmışdır. Ali təhsillidir, xx.xx.1977-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır.xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci ilədək Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır.Təhsilini başa vurduqdan sonra xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Rayon Xalq Maarif Şöbəsində metodist işləmişdir.xx.xx.1982-ci ildə Füzuli rayonu Xalq Nəzarəti Komitəsi üzrə kargüzar – inspektor vəzifəsinə qəbul edilmişdir. xx.xx.1987-ci ilə qədər orada çalışıb həmin tarixdən Füzuli rayonu Xalq Maarif Şöbəsinin 7 nömrəli uşaq bağçasına müdir vəzifəsinə təyin olunmuşdur.Füzuli rayonu işğal olunduqdan sonra hal-hazıra qədər məcburi köçkün kimi dondurulmuş əmək haqqı alır.Ailəlidir, iki övladı vardır.Övladı Hüseynov Tural İlham oğlu uşaqlıqdan ikinci qrup əlildir.40 ildən yuxarı sosial sığorta stajı olmasına baxmayaraq sağlamlıq imkanları məhdud olan uşaqlıqdan əlil övladı olduğu üçün dəfələrlə 50 yaşından, yəni xx.xx.2009-cu ildən əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud olan anaların 10 il sığorta stajı olduqda 50 yaşından əmək pensiyası hüququ yaranır. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçı 40 ildən çox əmək stajının olduğunu qeyd edir, lakin bunu sübut edən əmək kitabçası iş materiallarında yoxdur.İddiaçı iddia ərizəsində iki övladı olduğunu, övladlarından birinin uşaqlıqdan İİ qrup əlil olduğunu qeyd etmişdir. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsini əsas kimi göstərərək qeyd etmişdir ki, sağlamlıq imkanları məhdud uşağı olan anaların 10 il sığorta stajı olduqda 50 yaşından əmək pensiyası hüququ yaranır, lakin “Əmək pensiyaları haqqında” Qanunun 8.2ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına qədər tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.”Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmqla) yaşa görə əmək pensiyası hüququ vardır ifadəsi qeyd olunur.Buradan da belə nəticəyə gəlmək olar ki, iddiaçının yuxarıda qeyd etdiyi qanunun 8-ci maddəsinə əsasən pensiya almaq hüququnun yaranması üçün azı 25 il sığorta stajı və pensiya kapitalı olmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Odur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi X2 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərə alaraq, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən Ağamirova Ağgül Mehti qızı Azərbaycanın Füzuli şəhərində xx.xx.1959-cu ildə doğulmuşdur. 035040 nömrəli ali təhsil haqqında diploma əsasən iddiaçı 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan X5 ordenli X3 daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir. Əmək kitabçasının surətinə əsasən iddiaçı Qaraxanbəyli kənd sovetinin nəzdində olan kitabxanada xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilə qədər xadimə,xx.xx.1981-ci ildən xx.xx.1982ci ilə qədər metodist, Füzuli rayon xalq nəzarəti komitəsində xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilə qədər kargüzar-inspektor, Füzuli RXTŞ-də xx.xx.1987-ci ildən 7 nömrəli uşaq bağçasının müdiri işləmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Xəzər rayonu üzrə sektorun xx.xx.2017-ci il tarixli arayışına əsasən iddiaçı Füzuli rayonunda məcburi köçkündür, Xəzər rayonu Mərdəkan qəsəbəsində “Kristal” düşərgəsində məskunlaşmışdır.Ailə tərkibinə Hüseynov İlham İngilis oğlu (həyat yoldaşı), Hüseynov Tural İlham oğlu (oğlu), Hüseynov Tərlan İlham oğlu (oğlu), Hüseynova Aytən İlham qızı (gəlin), Hüseynli Məhəmməd Tural oğlu (nəvə) daxildir. Hüseynov Tural İlham oğlunun vəsiqəsinə əsasən o, uşaqlıqdan ikinci qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (TSEK) 508552 nömrəli müayinə aktından çıxarışa əsasən Hüseynov Tural İlham oğlu uşaqlıqdan ikinci qrup əlildir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağı 8 yaşına qədər tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.Odur ki, iddiaçıya xx.xx.2015-ci ildən əmək pensiyası təyin edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cu ildə doğulmuşdur, əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilə qədər xadimə, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər metodist, xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilə qədər kargüzar-inspektor, xx.xx.1987-ci ildən uşaq bağçasında müdirə işləmişdir, bir övladı uşaqlıqdan əlildir, iddiaçıya bir övladının əlil olması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş yaş həddi 5 il azaldılmaqla pensiya təyin edilsə də iddiaçı bununla razılaşmamış, ona 50 yaşından pensiya təyin edilməsini tələb etmiş, cavabdeh bundan imtina etdiyi halda isə iddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 10.4. –ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P= SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır;SH yaşa görə əmək pensiyasının sığorta hissəsidir;YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Göründüyü kimi qanunverici sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına qədər tərbiyə etmiş analara 50 yaşında deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi yalnız 5 il azaldılmaqla pensiya təyin edilməsini nəzərdə tutmuşdur ki, işin faktiki hallarına əsasən də cavabdeh tərəfindən iddiaçıya qeyd edilən normalar cərçivəsində pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2.yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;21.2.5.işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət;21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət;21.2.7.zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İddiaçının ali təhsil aldığı illərin də sosial sığorta stajl kimi nəzərə alınaraq pensiyasının yenidən hesablanması barədə tələbi əsassızdır. Belə ki, Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1. –ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir:3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Yuxarıda qeyd edilmiş qanunvericiliyin normalarına əsasən, iddiaçının əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixində yarandığı üçün onun pensiya hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajında ümumi iş stajı deyil, xx.xx.2006-ci ildən xx.xx.2015-ci ilədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Yəni iddiaçıya münasibətdə ali təhsil müddətinin nəzərə alınıb alınmaması təyin edilmiş pensiya məbləğinə təsir edən amil deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Mehti qızının iddiaçıya 50 yaşından – xx.xx.2009-cu il tarixindən əmək pensiyası təyin edilməsi və pensiyasının yenidən hesablanması zamanı ali təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2-ci,34-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mehti qızının iddiaçıya 50 yaşından – xx.xx.2009-cu il tarixindən əmək pensiyası təyin edilməsi və pensiyasının yenidən hesablanması zamanı ali təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinin üzərinə qoyulması haqqında iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar