Məhkəmə qərarları › İş №2-1(112)-2091/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2091/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2091/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən “395” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, idarədə mövcud olan sənədlərinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən, sahəsi 0.25 hektar olan 395 nömrəli bağ sahəsi üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X14 ilə Qədirov Gülabbas (sənəddə olduğu kimi) arasında xx.xx.1969-cu il tarixli, 8449 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra sözügedən bağ sahəsinin 0.12 hektar hissəsinin İddiaçı adına keçirilməsinə dair ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri mövcuddur. Lakin İddiaçı adına Sabunçu rayonu, Vişnyovka ərazisində yerləşən 395 nömrəli bağ sahəsinin verilməsinə dair hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir. Bundan əlavə, qeyd edilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair arxiv cizgisi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, «Vişnyovka- 1» (Albalılıq) bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 395 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 1963-cü il tarixli 5 saylı protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, «Vişnyovka-1» bağ massivində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 395 saylı bağ sahəsinə dair X8 icarəyə verilməsinə dair 12 dekabr 1969-cu il tarixli, 8449 nömrəli müqavilə bağlanmışdır. Həmçinin Bakı şəhəri İcra Hakimiyyətinin keçmiş BTİ və İB-yi Komissiyasının 08 yanvar 1997-ci 01 saylı Protokoluna əsasən X11 xx.xx.1973-cü ildə vəfat etdiyi üçün həmin bağın 0,12 ha hissəsi X1, bağın 0,12 ha sahəsi isə iddiaçıya ayrılmışdır. Buna baxmayaraq texniki səbəblərə görə həmin bağ sahəsinin iddiaçıya ayrılmış 0,12 ha hissəsinə dair onunla müqavilə bağlanmamışdır. İddiaçı ilə həmin bağ sahəsinin 0,12 ha hissəsinə dair müqavilə bağlanmasa da, ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən Bakı şəhəri İcra Hakimiyyətinin keçmiş BTİ və İB-yi Komissiyasının 08 yanvar 1997-ci 01 saylı protokoluna əsasən bağ sahəsinin 0,12 ha hissəsi iddiaçıya ayrılan vaxtdan etibarən həmin bağ sahəsi hazıradək onun daimi istifadə və sahibliyindədir. Torpaq (bağ) sahəsi ilə bağlı hər hansı, o cümlədən qonşularla heç bir mübahisə yoxdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı 395 saylı bağ sahəsinə hüququn tanınması, mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və bu barədə çıxarışın verilməsi tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-1123/2015 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 395 saylı bağ sahəsinin 0.12 ha hissəsinə istifadə hüququnun tanınması qət edilmişdir. Müvafiq qətnamədən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-5232/2015 saylı qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-1123/2015 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddia ərizəsi təmin edilməmişdir. Bundan başqa, İddiaçı istifadə hüququnun tanınması tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-685/2016 saylı qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 395 saylı bağ sahəsinin 0.12 ha hissəsinə istifadə hüququnun tanınması qət edilmişdir. Müvafiq qətnamədən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-8072/2016 saylı qərardadı ilə 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-685/2016 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Əmrulla oğlunun iddiası üzrə hazırki mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. a) İddianın mümkünlüyü Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. b) İddianın əsaslılığı İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -8449 nömrəli xx.xx.1969-cu il tarixli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün müqavilədən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 1963-cü il tarixli 34 nömrəli protokoluna əsasən Vişnyovka qəsəbəsində 0,25 ha sahəsi olan 395 saylı bağ sahəsi Gülabbas Qədirovun icarəsinə verilmiş, müqavilənin müddəti xx.xx.1979-cu il tarixədək müəyyən edilmişdir. - Qədirov Əliabbas Q. oğlu, Qədirov Misirxan Q. oğlu, X4 və X5 müvafiq olaraq xx.xx.1996-cı il və xx.xx.1996-cı il tarixli Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış ərizələrindən görünür ki, Vişnyovka-1 sahəsində 395 nömrəli bağları mərhum ataları X2 adına idi. Ataları sağlığında qardaşı qızı X9 ilə birlikdə bağı abadlaşdırıb. X.Qədirova və Z.Qədirova bağ sahəsinin ev olan hissəsinin əmisi qızı Lətifə Dünyamalı qızına (0,12 ha), yarım hissəsinin İddiaçı Əmirula oğluna verilməsini xahiş etmişlər. -Bağ sahələrinin bölünməsinə və yeni müqavilələrin imzalanmasına dair Birliyin komissiyasının 08 yanvar 1997-ci il tarixli 1 nömrəli protokolundan görünür ki, 1969-cu il ytarixli 8449 nömrəli müqavilə əsasında X6 ayrılmış 0,25 ha sahəsi olan 395 saylı bağ sahəsinin 0,12 ha sahəsi olan hissəsinin Lətifə Zeynalovaya, 0,12 ha sahəsi olan hissəsinin İddiaçı ayrılması qərara alınmışdır. İddiaçı hazırda həmin protokola əsasən ona ayrılmış 395 saylı bağ sahəsinin 0,12 ha hissəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ayrılması barədə protokolu təqdim etsə də, cavabdeh həmin sənədi hüquqmüəyənedici sənəd kimi qəbul etməyərək iddiaçının hüququnu qeydə almaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar Bağlar təsərrüfatının inkişafı və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə X10 nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 3.1-ci maddəsinə əsasən, qanuni bağ sahələrinin bir hissəsini və ya bütünlüklə ailə üzvlərinin, yaxud qohumlarının adlarına keçirmək istəyən vətəndaşların sənədlərinə X10 komissiyasında baxılır və müvafiq protokol imzalanır. Bunun üçün X12 aşağıda qeyd olunan sənədlər təqdim edilir: -Qanuni bağ sahəsi olan vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin təsdiq edilmiş qaydada rəsmi razılıqları, -Qanuni istifadəsində olan bağ sahəsinin sənədinin əsli, -Bağ sahəsinin bir hissəsini və ya bütünlüklə adına sənədləşdirmək istəyən vətəndaşın ərizəsi, -Yaşayış yerindən 2№-li forma arayışı, -İş yerindən arayış, -Ailə üzvü olduğunu yaxud qohumluq əlaqələrini təsdiq edən sənədlərin surəti və ya kserosurəti. Əsasnamənin 3.2-ci bəndinə görə qanuni bağ sahələrinin bir hissəsini ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda bütünlüklə kənar şəxslərin adlarına keçirmək istəyən vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq Sərəncam qəbul edilir. Göründüyü kimi, 1997-ci ildən qüvvəyə minmiş qanunvericiliyə əsasən bağ sahəsi yaxın qohumların adına keçdikdə, bu məsələ protokolla, kənar şəxslərin adına keçdikdə sərəncamla rəsmiləşdirilirdi. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, mübahisəli bağ sahəsi 1969-cu ildə Gülabbas Qədirova ayrılmış, daha sonra onun vəfatı ilə bağlı mübahisəli bağ sahəsinin həmin şəxsin qohumları Lətifə Zeynalova və İddiaçı adına keçirilməsi barədə X10 komissiyası tərəfindən müvafiq protokol imzalanmışdır. Göründüyü kimi, mübahisəli bağ sahəsi iddiaçıya həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun ayrılmış, qanunverici bağ sahəsinin ayrılması ilə bağlı sərəncam verilməsi, yaxud icarə müqaviləsinin bağlanması barədə əlavə tələb müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, işin istinad olunan hallarından məlum olur ki, 395 saylı bağ sahəsinin 0,12 ha hissəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, bağ sahələrinin bölünməsinə və yeni müqavilələrin imzalanmasına dair Birliyin komissiyasının 08 yanvar 1997-ci il tarixli 1 nömrəli protokolu idarənin arxivində mövcuddur. Həmin sənəd ləğv edilməmişdir və hazırda qüvvədədir. İddiaçının deməsinə əsasən ona ayrılmış bağdan həmin tarixdən etibarən fasiləsiz istifadə etmişdir, iş materiallarında bu halı təkzib edən hər hansı bir sübut mövcud deyil. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən İddiaçı adına Sabunçu rayonu, Vişnyovka ərazisində yerləşən 395 nömrəli bağ sahəsinin verilməsinə dair hüquqmüəyyənedici sənədin arxiv qovluğunda aşkar edilməməsinə istinad etmiş, lakin bu zaman yuxarıda göstərildiyi kimi, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən protokolun bağ sahəsinin ayrılmasını təsbit edən hüquqmüəyyənedici sənəd olmasını nəzərə almamışdır. Cavabdeh həmçinin bağa dair arxiv cizgisi ilə faktiki sahə arasında uyğunsuzluq olduğunu göstərmiş, bununla bağlı sxematik xəritə və ortofoto xəritəsindən çıxarışı təqdim etmişdir. Həmin sənədləri nəzərdə keçirdikdə cavabdeh tərəfində qeydə alınmış digər bağ sahələrinin (məsələn 392v, 392a saylı bağlar) də yerləşmə yerinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunur. Bundan əlavə, həmin bağ sahələrinin nömrələrinin sxematik xəritədə olması, həmçinin xəritədə 2 yerdə 395 saylı bağ sahəsinin göstərildiyi müəyyən edilir. Bundan əlavə, cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının naturada göstərdiyi bağ sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən 394, 392 və 392v saylı bağların ərazisinə uyğun gəldiyini bildirsə də, xx.xx.2023-cü il tarixli məktubunda torpaq sahəsinin hər hansı qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşməsinin müşahidə olunmadığını bildirmişdir. Belə olan halda aydındır ki, cavabdeh özü də digər bağları sxematik xəritədə yerləşdiyi yerə görə deyil, faktiki istifadə vəziyyətinə uyğun qeydə almışdır. Məhkəmə qeyd edir ki, bağlara dair sxematik xəritənin naturada yerləşmə vəziyyətinə uyğun olmaması, məhkəmə təcrübəsində dəfələrlə müəyyən edilmiş hal olmaqla, bağ sahəsi ayrılarkən hasarlamanın yanlış aparılması, coğrafi relyef nəzərə alınmaqla, hasarların çəkilməsi və sair kimi hallarla bağlı olmuşdur. Lakin bu hallar şəxsin hüququnun qeydə alınmasından imtina üçün əsas kimi təşkil edə bilməz. Çünki mübahisəli bağ sahəsi 1969-cu ildə ayrılmış, həmin tarixdən fasiləsiz sahiblərinin istifadəsində olunmuş, səlahiyyətli orqanlar həmin bağın düzgün hasarlanmaması ilə bağlı bağın sahiblərinə hər hansı bir irad bildirməmişlər. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədi təqdim etməklə istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Alballıq-1 (Vişnyovka-1) bağ massivində yerləşən “395” saylı bağ sahəsinin İddiaçı ayrılmış 0,12 ha sahəsi olan hissəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar