Məhkəmə qərarları › İş №2-1(112)-2092/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2092/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2092/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin ödənilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) pensiya məbləğinin ödənilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh 17 iyul 2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ona 20 dekabr 2008-ci il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən aparılan araşdırma nəticəsində pensiya məbləği 2022-ci ilin noyabr ayından etibarən qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 5973,02 manat məbləğində müəyyən edilib və ona artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında ona 2 fevral 2023-cü il tarixli 3-17-1/1-Q-20997/2023 nömrəli məktubla ətraflı məlumat verilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla hazırda Mərkəzi Filiala borc məbləği yoxdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma nəticəsində əmək pensiyasının 2022-ci il üzrə 1 ay, 2023-cü il üzrə isə 4 ay olmaqla ümumilikdə 5 ay əmək pensiyası ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, ona ödənilməli olan 31586,04 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği cari ilin aprel ayından etibarən hər ay 877,39 manat olmaqla əmək pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Cavabdehin bu məktubu ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər üzrə ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən iddiaçıya ödənilməmiş 40522,44 manat əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edildikdən sonra o, xx.xx.2020-cil il tarixdək müxtəlif fasilələrlə işləmişdir. xx.xx.2020-ci il tarixində topladığı sığorta kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar, fevral, aprel və may aylarında (cəmi 5 ay) iddiaçıya ümumiyyətlə pensiya ödənilməmişdir. Həmiçinin xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı ayrı-ayrı aylar üzrə də pensiya məbləği əskik olaraq ödənilmişdir. Ümumilikdə, qeyd olunan dövrlərdə iddiaçıya ödənilməli olan pensiyanın məbləği 70000 (yetmiş min) manatdan artıq olmuşdur. Bu məsələ ilə əlaqədar o, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına DOST mərkəzi vasitəsilə müraciət etdikdən sonra 31000 (otuz bir min) manat pul vəsaiti hər ay pensiyasının üzərinə əlavə olunaraq ödənilir, ödənilməmiş pensiya məbləğinin 40000 (qırx min) manatdan artıq hissəsi isə indiyə kimi ödənilməyib. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək ödənilməmiş pul vəsaitinin ödənilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 20 dekabr 2008-ci il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının pensiya məbləğinin 2022-ci ilin noyabr ayından etibarən qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 5973,02 manat məbləğində müəyyən edilib və ona artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında iddiaçıya 2 fevral 2023-cü il tarixli 3-17-1/1-Q- 20997/2023 nömrəli məktubla ətraflı məlumat verilib. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla hazırda iddiaçının Mərkəzi Filiala borc məbləği yoxdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının əmək pensiyası 2022-ci il üzrə 1 ay, 2023-cü il üzrə isə 4 ay olmaqla ümumilikdə ona 5 ay əmək pensiyası ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilməli olan 31586,04 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği cari ilin aprel ayından etibarən hər ay 877,39 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, “ona 20 dekabr 2008-ci il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1% olmaqla, lakin 100%-dən çox olmamaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Mərkəzi Filialda mövcud olan sənədlərdə qeyd olunanlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 31 il, güzəştli iş stajı isə 28 il təşkil edir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, 20 il ümumi iş stajına görə 70%, 20 ildən artıq olan 11 ilə görə 22% (11 x 2%), 10 ildən artıq olan güzəştli iş stajına görə 18% (18 x 1%) olmaqla, orta aylıq əmək haqqının 100% (100%-dən çox olmamaqla (110 % (20 il üçün 70 faiz + 20 ildən artıq 11 il üçün 22 (11 x 2) faiz + 10 ildən artıq 18 il üçün 18 (18 x 1) faiz))) miqdarında müəyyən edilmişdir. Belə ki, əmək pensiyası xx.xx.2006-cı il tarixinə orta aylıq əmək haqqın uyğun 1134,38 manat (27825,12 : 24 = 1159,38 x 100% - 25,00) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilərək 1433,70 manat müəyyən edilib, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 534,24 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 3,71 manat (534,24 : 144) sığorta hissəsi və baza hissəsi (75,00 manat) əlavə edilərək xx.xx.2008-ci il tarixinə 1512,41 manat (1433,70 + 3,71 + 75,00) məbləğində əmək pensiyası ödənilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinədək 2180,95 manat), əmək pensiyası xx.xx.2006-cı il tarixinə səhvən müəyyən edilmiş orta aylıq əmək haqqına uyğun 1240,47 manat (30371,28 : 24 = 1265,47 x 100% - 25,00) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilərək 1567,78 manat müəyyən edilib və üzərinə baza hissəsi (75,00 manat) əlavə edilərək xx.xx.2008-ci il tarixinə 1642,78 manat (1567,78 + 75,00) artıq əmək pensiyası təyin edilib (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinədək 2369,69 manat). Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Aparılmış araşdırma zamanı, xx.xx.2014-cü il tarixində iddiaçının işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 46914,92 manat sığorta kapitalının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 46914,92 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 83 (144 ay - 61 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) aya bölünməklə (46914,92 : 83 = 565,24 manat) qanuni əmək pensiyanızın (2180,95 manat) üzərinə əlavə edilərək (2180,95 + 565,24 = 2746,19 manat) iddiaçıya ödənilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2015-ci il tarixinədək 2783,24 manat), səhvən müəyyən edilmiş 46460,08 manat sığorta kapitalı 83 aya bölünərək (46460,08 : 83 = 559,76 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (2369,69 + 559,76 = 2929,45 manat) iddiaçıya artıq əmək pensiyası ödənilib (indeksləşdirilərək xx.xx.2015-ci il tarixinədək 2969,06 manat). Eyni zamanda, xx.xx.2015-ci il tarixində iddiaçının işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 10651,68 manat sığorta kapitalının yenidən hesablanmasının da düzgün olmadığı müəyyən edilib. Belə ki, 10651,68 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay - 72 ay) aya bölünməklə (10651,68 : 72 = 147,94 manat) qanuni əmək pensiyasının (2783,24 manat) üzərinə əlavə edilərək (2783,24 + 147,94 = 2931,18 manat) iddiaçıya ödənilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 4340,88 manat), səhvən müəyyən edilmiş 11665,44 manat sığorta kapitalı 72 aya bölünərək (11665,44 : 72 = 162,02 manat) düzgün olmayan əmək pensiyanın üzərinə əlavə edilməklə (2969,06 + 162,02 = 3131,08 manat) iddiaçıya artıq əmək pensiyası ödənilib (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 4637,53 manat). Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixindək qüvvədə olan ikinci cümləsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, xx.xx.2020-ci il tarixində işdən çıxmağı ilə əlaqədar qazandığınız 76013,10 manat sığorta kapitalına görə əmək pensiyası 2022-ci ilin oktyabr ayında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 90 (65 il - 63 il 6 ay = 18 ay + (144 ay - 72 ay) aya bölünməklə (76013,10 : 90 = 844,59 manat) qanuni əmək pensiyasının (4340,88 manat) üzərinə əlavə edilərək işdən çıxdığı tarixdən 4340,88 manatdan 5185,47 manata artırılıb (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinədək 5973,02 manat). Qeyd olunanları nəzərə alaraq, xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sizə ümumilikdə 10843,70 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda, əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən 5989,68 manat təşkil edir. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7186/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 39.1-ci maddəsi tətbiq edilməklə iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, 72108,37 manat əksikvermə müəyyən edilmişdir. Həmin qərardan görünür ki, iddiaçıya qoyulmuş tutulma qalığı 40522,44 manat müəyyən edilmiş, həmin məbləğ 72108,37 manat əksikvermə ilə əvəzləşdirilmiş və nəticədə 31585,93 manat məbləğin iddiaçıya ödənilməsi qərara alınmışdır. İşdən görünür ki, cavabdeh 31585,93 manat əksikverilmiş məbləği xx.xx.2023-cü il tarixdən etibarən ödəməyə başlamış, hər ay əlavə 877,39 manat əlavə ödəniş etmişdir. İddiaçı hazırda ona əksik verilən 72108,37 manatdan ödənilməyən, əvəzləşdirilən 72108,37 manat məbləğin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan halları ilə iddiaçıya ödənilməli olan 72108,37 manat pensiya məbləğinin ödənilmədiyi, yəni həmin məbləğdə əksikvermə olduğu işin mübahisəsiz halını təşkil edir. Cavabdeh həmin məbləğin 31585,93 manat hissəsini ödəsə də, 40522,44 manat hissəsini artıq ödəmə ilə bağlı tutulmanın qalıq məbləği kimi əvəzləşdirdiyindən ödəməkdən imtina edir. Bu hal cavabdeh tərəfindən həm iddiaçıya, həm də məhkəməyə təqdim edilən məktublarla da təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya 40522,44 manat artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan 72108,37 manat pensiya ödənişini artıq ödənilmiş məbləğin əvəzləşdirilməsinə aid edərək, həmin məbləği iddiaçıya ödəməmişdir. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Bu zaman məhkəmə qeyd etməyi zəruri hesab edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması, yaxud ona ödəniləcək məbləğlə əvəzləşdirilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin artıq ödənilmiş pensiya məbləğini iddiaçıya ödənilmiş vəsaitlə əvəzləşdirməsi qanuni olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəlləni 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əvəzləşdirilmiş (tutulmuş) 40522,44 (qırx min beş yüz qırx dörd manat qırx dörd qənik) manat pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar