Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2092/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilmiş 14 mərtəbəli 2 girişli binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 99 kv.m olan mənzilin dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüququ şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, "xxxx" şirkəti ilə bağlanılmış 20 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda inşa edilmiş 14 mərtəbəli 2 girişli binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 99 kv.m olan mənzil iddiaçıya satılmışdır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 05 mart 2024-cü il tarixli 146/24 saylı maliyyə arayışına əsasən alınan mənzilin dəyəri tam ödənilmişdir. Göstərilən ünvandakı bina 13 mart 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı aldığı yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri olan bütün sənədləri cavabdeh quruma təqdim edərək mənzilin dövlət reyestrində qeydə alınması və çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh tərəfin 25 iyun 2024-cü il tarxli 3-21-3-30/2-7-0510-8/2024 saylı məktubu ilə iddiaçının mənzilinin dövlət reyestrində qeydə alınması və həmin mənzilə çıxarış verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, göstərilən ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmiş, mənzilin alqı-satqısı barədə ilkin müqavilə "xxxx" MMC ilə bağlanıldığı halda, protokoldan çıxarış və maliyyə arayışı "xxxx" MMMC tərəfindən verilmiş və mənzilə baxış keçirilərkən mənzilin faktiki 4 (dörd) otaqlı olduğu müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, "xxxx" MMMC "xxxx" MMC-nin hüququ varisidir və "xxxx" MMMC-nin 05 mart 2024-cü il tarixli 146/24 saylı məktubunda da göstərilir ki, hazırda ünvan 1 ünvanda inşa edilmiş göstərilən yaşayış evi "xxxx" MMMC tərəfindən idarə olunur və 13 mart 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən də protokoldan çıxarış və maliyyə arayışı "xxxx" MMMC tərəfindən verilmişdir. Sənəddə satılmış mənzil 3 (üç) otaqlı olduğu halda, mənzilə baxış keçirilərkən mənzilin faktiki 4 (dörd) otaqlı olması onun ümumi sahəsinin dəyişməsini ehtiva etmir. Mənzilin ümumi sahəsi alqı-satqı müqaviləsindəki kimi qalmışdır. Bu səbəbdən iddiaçı hesab edir ki, onun mülkiyyətində olan mənzilin dövlət reyestrində qeydə alınmaması və həmin mənzilə çıxarış verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfin 25 iyun 2024-cü il tarxli 3-21-3-30/2-7-0510-8/2024 saylı məktubu əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********03 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin ünvan 4 ünvanda inşa edilmiş yaşayış binasının 39 saylı mənzilinə dair müraciətə əlavə olunmuş sənədlər - ilkin müqavilə "xxxx" MMC, protokoldan çıxarış və maliyyə arayışı "xxxx" MMMC tərəfindən təsdiq edilmişdir. Əlavə olaraq bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq mənzilin sənəd üzrə 3 otaqdan, ümumi sahəsinin 99.0 kv.m-dən ibarət olduğu qeyd edilsə də, faktiki olaraq ümumi sahəsinin 84.4 kv.m, 4 (dörd) otaqlı olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: xx.xx.2012-ci il tarixli ilkin müqaviləyə əsasən "xxxx" Şirkəti ünvan 5 ünvanda 14 mərtəbəli 2 bloklu yaşayış binasının 3 mərtəbəsində yerləşən, ümumi sahəsi 99 kv.m olan mənzilin tikintisi bu müqavilədə göstərilən işlərin yerinə yetirilməsi ilə başa çatdırılmasını öhdəsinə götürür. Göstərilən binanın tikintisi "xxxx" Şirkəti tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin 30 noyabr 1994-cü il tarixli 1643 saylı sərəncamı ilə aparılmışdır. Tikinti başa çatdıqdan, lazımi sənədlər tərtib olunduqdan sonra "xxxx" Şirkəti alqı-satqı müqaviləsini bağlayaraq, Dövlət Qəbul Komissiyası tikintinin qurtarmasını qəbul etdikdən sonra İddiaçı mülkiyyətinə verir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı mənzilin dəyəri olan 109.000 manat məbləği odəmiş və onun borcu qalmamışdır. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 06 İyul 2022-ci il tarixli 03 saylı protokoldan çıxarışa əsasən İddiaçı "xxxx" MMMC-nin üzvlüyünə qəbul edilmiş, İddiaçı razılıq yolu ilə "xxxx" MMMC-nin Bakı şəhəri, Yasamal rayonu 613-cü məhəllə, Murtuza Muxtarov 185 ünvanında "xxxx" şirkəti tərəfindən inşa edilmiş 14 mərtəbəli yaşayış binasında, giriş 2, mərtəbə 3, ümumi sahəsi 99 kv.m 3 otaqdan ibarət olan 39 saylı mənzil ona məxsus olmuşdur. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 146/24 nömrəli maliyyə arayışına əsasən İddiaçı "xxxx" şirkəti tərəfindən bağlanmış ilkin müqaviləyə əsasən xx.xx.2012-ci il tarixçən mülkiyyətçisi olduğu ünvan 7 ünvanda yeni inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 99 kv.m olan 39 saylı mənzilin dəyərini tam ödəmişdir. Onun mənzilə görə borcu qalmamışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, ünvan 4 ünvanda inşa edilmiş yaşayış binasının 39 saylı mənzilinə dair müraciətə əlavə olunmuş sənədlər - ilkin müqavilə "xxxx" MMC, protokoldan çıxarış və maliyyə arayışı "xxxx" MMMC tərəfindən təsdiq edilmişdir. Əlavə olaraq bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq mənzilin faktiki olaraq 4 (dörd) otaqlı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-52/2-3355/2024 nömrəli sorğuya cavab məktubuna əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 1994-cü ilə dair sərəncamları arasında xx.xx.1994-cü il tarixli, 1643 nömrəli sərəncamı mövcud deyildir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-35-1/2-2504/2024 nömrəli sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə Milli Qeydiyyat Sistemində olan məlumatlar əsasında "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı binanın 3-cü mərtəbəsində olan 3 (üç) ədəd mənzil ilə bağlı məlumatlar və ilkin arxiv sənədləri təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən mənzil üzərində X3 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-493/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının icrası nəticəsində) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1143/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə ünvan 9 ünvanında yerləşən 6, 10, 12, 19, 20, 22, 42 mənzillərə dair qeydiyyat vəsiqələrinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə Təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikasi Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Hazırkı mübahisənin mahiyyətindən aydın olur ki, iş üzrə əsas tərəflər arasında mübahisə yaradan məsələ - yaşayış sahəsinə dair “istismara qəbul aktı”nın mövcud olmamasıdır. Cavabdeh tərəf məhz bu çatışmazlığı əsas gətirərək iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Məhkəmə bununla bağlı diqqətə çatdırır ki, mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatının reallaşdırılması üçün mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının istismara icazə sənədinin olması yuxarıda göstərilən Qanunun imperativ tələblərindən irəli gəlmişdir. Bununla bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən verilir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan da müəyyən olunur ki, istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmiş, bu hal məhkəmə araşdırılması zamanı təqdim olunan sorğulara cavab məktubları ilə təsdiq olunmuşdur. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında mübahisə predmeti olan çoxmənzilli yaşayış binasının istismarına dair müvafiq icazə sənədi mövcud olmamaqla yanaşı, həmin binada bəzi mənzillər üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınması həyata keçirilmişdir. Bu hüquqların təsbiti isə ilkin mərhələdə məhkəmə aktları - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-493/2019 nömrəli qərarı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1143/2006 nömrəli qətnaməsinin icrası nəticəsində baş tutmuşdur. Nəzərə alınmalıdır ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Beləliklə, hüquqi məsələlərin həllinə yanaşmada ardıcıllığın qorunması və ədalət mühakiməsi zamanı hüquq normalarının vahid qaydada tətbiqi məhz vahid məhkəmə təcrübəsi əsasında formalaşır ki, bu da Ali Məhkəmənin qərarları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəmələri tərəfindən digər şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair qəbul edilmiş məhkəmə aktlarının mövcudluğu hüquq tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşması anlamına gəlmir. Ümumiyyətlə, istismara icazə sənədi olmayan binada mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas yaratmır. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfin, yəni inzibati icraat çərçivəsində, hər hansı vətəndaşa çıxarışın verilməsi faktı müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, konkret halda mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair əvvəlki məhkəmə aktlarının mövcudluğu hazırkı iş üçün presedent kimi qiymətləndirilə bilməz. Eyni zamanda sözügedən fəaliyyət inzibati orqanın praktikasına da çevrilməmişdir. Məhkəmə cavabdehin digər imtina əsaslarına (mənzilin ölçüləri və sənədlər arasında uyğunsuzluğun olması) münasibətdə qeyd edir ki, mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının istismara icazə sənədi olmadığından, həmin imtina əsasları üzrə əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5.
Məhkəmə qərarları › İş №2-1(112)-2092/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2092/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver