Məhkəmə qərarları › İş №2-1(112)-2093/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2093/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2093/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 №-li sərəncamından çıxarışa əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li qərarlarına müvafiq olaraq qüvvədə olan bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə aşağıdakı bağ sahələri ayrılmışdır...

2. 37.Ağa-zadə X13-Ləhic BTK 35 bağ 5030. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin X15 103 №-li Kooperativin 37 №-li Orderinə əsasən Bakı şəhər icra hakimiyyətinin 14 fevral 1995-ci il tarixli 205 №-li qərarı ilə İddiaçı Ləhiş bağlar sahəsində 103 №-li BTK nəzdində 0,12 hektar sahəsi olan 1330 №-li bağ ayrılmışdır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1330” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, təqdim olunan sənədlər surətdir. Təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin təqdim olunan sənədlərdə torpaq sahəsinin və Bağ Tikinti Kooperativinin nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, Bakı şəhər İHB-nin 205 nömrəli, xx.xx.1995ci il tarixli sərəncamının arxiv arayışında Bağ Tikinti Kooperativinin nömrəsi “35”, bağ nömrəsi “5030a” kimi qeyd olunsa da, orderdə “103” nömrəli BTK nəzdində “1330” saylı torpaq sahəsi kimi qeyd edilmişdir. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən “35” nömrəli BTK nəzdində “5030a” nömrəli torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir”.

İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayon Ləhic bağ massivində yerləşən “1330” saylı, 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qərarlarına müvafiq olaraq qüvvədə olan bağ-tikinti kooperativlərinin tərkibində vətədaşların istifadələrinə əsasən ona Bağlar Təsərrüfatı İdarəsindən 1995-ci il tarixli 205 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Ləhic bağlar sahəsində 37 nömrəli Order əsasında 0.12 ha 1330 nömrəli bağ verilmişdir.

Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Həmçinin bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “35” nömrəli BTK nəzdində “5030a” nömrəli torpaq sahəsinə dair digər şəxs X4 adına order nüsxəsi mövcuddur. Eyni zamanda “35” nömrəli BTK nəzdində “5030a” nömrəli torpaq sahəsi digər şəxs X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir.

Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir..

ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin X15 103 №-li Kooperativin 37 №-li Orderinə əsasən Bakı şəhər icra hakimiyyətinin 14 fevral 1995-ci il tarixli 205 №-li qərarı ilə iddiaçıya Ləhiş bağlar sahəsində 103 №-li BTK nəzdində 0,12 hektar sahəsi olan 1330 №-li bağ ayrılmışdır. İddiaçı həmin sənədə istinad edərək bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədə malikdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) Təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir; 2) Bakı şəhər İHB-nin 205 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamının arxiv arayışında Bağ Tikinti Kooperativinin nömrəsi “35”, bağ nömrəsi “5030a” kimi qeyd olunsa da, orderdə “103” nömrəli BTK nəzdində “1330” saylı torpaq sahəsi kimi qeyd edilmişdir; 3) “35” nömrəli BTK nəzdində “5030a” nömrəli torpaq sahəsi digər şəxs X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı qeyd edilən normalarda sadalanmış hüquqmüəyyənedici sənəd kimi orderi təqdim edir. Həmin orderin İdarənin arxivində aşkar edilməməsi iddiaçının təqsirindən baş verən hal deyildir. Qeyd olunan hal iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir. Bundan əlavə qeyd olunan orderin mövcudluğu işdə olan digər sənədlər əsasən müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş arxiv qovluğunda olan sənədlərdən müəyyən edilir ki, 09 aprel 1990-cı il tarixli 08/103 №-li Orderən əsasən sahəsi 0,12 hektar olan “1330” saylı bağ sahəsi Aliev Z.A adlı şəxsə ayrılmış və X14 Bakı Bağlar İdarəsinə ərizə ilə müraciət edərək Ləhiş sahəsində 103 №-li BTK-nın nəzdində ona ayrılmış 1330 №-li bağın qohumu İddiaçı Məmmədrza oğlunun adına keçirilməsini xahiş etmişdir. X2 ailə üzvləri X3 Misir Cəlil oğlu, X1 bağ sahəsinin iddiaçının adına keçirilməsinə dair razılıq ərizələri məktuba əlavə edilmişdir. Cavabdehin üçüncü dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli Sərəncamına (Sərəncamda Ləhic BTK 35 bağ 5030a qeyd edilmişdir) istinad edərək bağa iddia etmiş, lakin sonradan tələbini dəqiqləşdirərək 1330 saylı bağa dair tələb irəli sürmüşdür. Ona görə də, cavabdehin imtinasında və etirazında qeyd etdiyi “5030a” nömrəli torpaq sahəsi digər şəxs X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilməsi əsası əhəmiyyətini itirmişdir. İddiaçının tələbi 35 № li BTK-nın nəzdində olan “5030a” saylı bağa deyil, 103 № li BTK-nın nəzdində olan“1330” saylı bağa dairdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ortofoto görüntüsündən müəyyən edilir ki, iddiaçının iddia etdiyi 1330 saylı bağla, 5030a saylı bağ sahələri tamamilə ayrıayrı bağlardır. Digər tərəfdən cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq qeyd edilmişdir ki, İdarənin arxivində 1330 saylı bağla bağlı hər hansı şəxsin adına başqa sənəd mövcud deyil və bağ sahəsinə dair İdarəyə hər hansı başqa şəxsin müraciəti daxil olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilir ki, bağ sahəsi üzərində iddiaçının istifadəsində olan bağ evi və digər tikililər mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1330” saylı, 0,12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar