Məhkəmə qərarları › İş №2-1(112)-2094/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2094/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2094/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X8 (mütəxəssis, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 38/118 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 05.07.1999-cu il tarixindən 03 noyabr 2005-ci il tarixinədək "xxxx" X2 cildçi peşəsində işlədiyi müddəti digər 22 il 5 ay sığorta stajına əlavə edilməklə 04 iyul 2021-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 62 yaşının tamam olduğu 04 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur. 02 avqust 1976-cı il tarixdə 78 saylı əmrlə Geodeziya və Kartoqrafiya Baş İdarəsinə kameral qrupda rəssam kimi işə başlamışdır. 01 fevral 1977-ci il tarixdə SSR Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş idarəsi 23 noyabr 1976-cı il tarixli 464 saylı əmri əsasında 322-ci ekspedisiya vahid kompleks ekspedisiyasına çevrildi. 01.03.1977-ci il tarixdən texniki işləri müvəffəqiyyətlə keçməsi ilə əlaqədar olaraq texniki rəssam vəzifəsinə köçürülmüşdür. 25 sentyabr 1980-ci il tarixdə Bakı Geodeziya İdarəsinə keçirilməklə işdən azad olunmuşdur. 26 sentyabr 1980-ci ildə köçürülmə əsasında texniki rəssam vəzifəsinə təyin olunmuşdur. 01 may 1988-ci ildə Mükafatlandırılma şərtlərinə keçid və sertfikatlaşdırma komissiyasının qərarı ilə texnik ixtisasına layiq görülmüşdür. OKE bazasında 322 nömrəli əmrlə BAKİ BKQ 1-2-5-7-ci sexlərində ç, p, x. m.p.m neytron labaratoriyasında Bakı Aero Geodeziya müəssiəsi yaradılmışdır. 01 fevral 1991-ci ildə 2-ci texnik kateqoriyasında 2-ci sexə keçirilmişdir. 02 fevral 1992-ci ildə Bakı Aqro Geodeziya Müəssisəsinin 1-ci texnik kateqoriyasında 2-ci sexə köçürülmüşdür. 25 may 1993-cü il tarixə uşaqlara qulluğa görə öz ərizəsi əsasında işdən azad olunmuşdur. (17 il 2 ay 23 gün) 01 iyul 1993-cü ildə Dövlət Sığorta Agentliyində ştatdan kənar sığorta agenti kimi işə başlamışdır. 01 mart 1999-cu ildə işdən azad olunmuşdur. (5 il 8 ay) 05 iyul 1999-cu ildə "Fortuna-S” X6 cildçi vəzifəsinə qəbul edilmişdir, 03 noyabr 2005-ci ildə işdən azad olunmuşdur. (6 il 3 ay 28 gün) 62 yaş 6 ay tamam olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Onun ümumi əmək stajı 29 il, 2 ay 21 gün təşkil edir. Onun pensiya təyin olunması üçün cavabdehə müarciət etmiş ona əmək pensiyasından imtina verildi. İmtinanın əsası kimi 05.07.1999-cu il tarixdən 01.07.2018-ci il tarixədək işlədiyi "Fortuna-S” X4 faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bildirir ki, o həqiqətən "xxxx" X2 cildçi vəzifəsində işləmişdir. Buna dair əmək kitabçasında firmanın möhürü və qeydi vardır. "xxxx" X3 faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmamasından o məsuliyyət daşımır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 04 may 2021-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. Cavabdehin 31 iyul 2021-ci il tarixli **********3 nömrəli məktubuna əsasən iddiaçının 05.07.1999-cu il tarixdən 03.11.2005-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" X3 faktiki və arxiv sənəndlərinin saxlanıldığı ünvan məlum olmadığından, həmin dövrlərin araşdırılması və nəticədə iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığ olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asıiı olmayaraq, -pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən, qanunvericiliklə tələb edilən şərtlər ödənildiyi halda, iddiaçı A.A.Vasilyevnanın yaşa görə əmək pensiyası hüququ 04 yanvar 2021-ci il tarixdə (62 yaşında) yaranacaqdır. Lakin A.A.Vasilyevnanın "xxxx" X1 işlədiyini iddia etdiyi 05.07.1999-cu il tarixdən 03.11.2005-ci il tarixədək olan dövr mübahisəli hesab edilir. Bununla bağlı bir sıra dövlət orqanlarına sorğular göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 18 noyabr 2021-ci il tarixli **********25 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisə tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. "xxxx" X7 barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin inventarlaçdırılması üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş 25 oktyabr 2021-ci il tarixli **********8 nömrəli cavab məktubuna əsasən “Fortuna- S" X3 is qovluğundakı 05.07.1999-cu il tarixdən 03.11.2005-ci il tarixədək olan hesabat məlumatları Mərkəzi Filial tərəfindən təhvil alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən təqdim edilmiş 11 noyabr 2021-ci il tarixli **********438600 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, 04.11.2021-ci il tarixə olan vergi ödəyicəlirinin uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) 12.08.2003- cü il tarixdən vergi uçotuna alınması və fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Sözügedən müəssisənin 12.08.2003-cü il tarixdən 03.11.2005-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə 452.0 manat məbləğində vergi ödənilmişdir. Sonuncu cavab məktubu ilə bağlı bildirmək istərdik ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1 -ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2000-ci il tarixli, 222 nömrəli “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖEN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Göründüyü kimi, iddiaçı "xxxx" firmasında 05.07.1999-cu il tarixdən 03.11.2005-ci il tarixədək işlədiyini iddia etsə də, rəsmi məlumata əsasən həmin müəssisə 12.08.2003-cü il tarixdən vergi uçotuna alınmışdır. Belə olan halda müəssisənin 05.07.1999-cu il tarixdən vergi uçotuna alındığı 12.08.2003-cü il tarixədək fəaliyyət göstərməsi öz təsdiqini tapmadığından, iddiaçıya məxsus əmək kitabçasında həmin qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaranmaqdadır. Bu səbəbdən həmin dövrlərin (1999-2003-ci illər) A.A.Vasilyevnanın sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri ilə mümkün deyildir. Yuxarıda qeyd edilmiş və iş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi, sözügedən müəssisənin nəinki iddia olunan dövrlərdə fəaliyyət göstərməsi, həmçinin iddiaçının həmin müəssisələrdə işləməsi faktı öz təsdiqini tapmır. Beləliklə, iddiaçının təqdim etdiyi MT-İ №0191149 nömrəli əmək kitabçasına əsasən: mübahisələndirilməyən sosial sığorta stajının ümumi müddəti 22 il 05 ay təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (25 il) azdır; fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 17083,06 manat təşkil etməklə, qanunvericiliklə tələb olunan məbləğdən (28800 manat) azdır. İddiaçının "xxxx" X2 işlədiyini iddia etdiyi dövrü həmin müəssisənin vergi uçotuna alındığı 12.08.2003-cü il tarixdən 03.11.2005-ci il tarixədək götürüldüyü halda belə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı müddəti (25 il) tamamlanmır: 1. 2005.11.03 - 2003.08.12 = 02 il 02 ay 21 gün - "xxxx" firmasında işlədiyini iddia etdiyi dövr; 2. 22 il 05 ay + 02 il 02 ay 21 gün = 24 il 07 ay 21 gün - mübahisələndirilən dövr iddiaçının sosial sığorta stajına daxil olunduğu halda yaranacaq ümumi sosial sığorta stajının müddəti. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına nəzər yetirdikdə oxşar məsələlərin həmin Qanunda da təsbit edildiyini müşahidə edirik. Belə ki, qeyd edilən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, kişilər üçün pensiya hüququnun yaranması üçün 2 şərtin olması tələb olunur: 1) 60 yaş 2) azı 25 il iş stajı. Göründüyü kimi şəxsə pensiya təyin edilməsi üçün hər iki şərtin eyni anda mövcud olması tələb olunur. Əks təqdirdə şəxsin pensiya hüququ yaranmayacaq və bununla əlaqədar şəxsə cavabdeh orqan tərəfindən imtina verilməsi qanunun tələblərinə uyğun və əsaslı olacaqdır. Yuxarıda qeyd edilən Qanunların müddəalarının məzmunundan göründüyü kim qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. İstər qüvvədən düşmüş Qanunda, istərsə də hal-hazırda qüvvədə olan Qanunda müəyyən edilmiş yaş həddinə çatmış kişilər üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajının olması tələb kimi qeyd edilmişdir. Lakin iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçasından göründüyü kimi, onun mübahisəsiz qəbul edilən sosial sığorta stajının müddəti 22 il 05 ay təşkil edir. Mübahisəli müəssisədə işlədiyi iddia olunan dövr iddiaçının sosial sığorta stajına daxil olunduğu halda belə, iddiaçının 24 il 07 ay 21 gün sosial sığorta stajı hüququ yaranır. Hər iki halda iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb edilən sosial sığorta stajı müddəti tamamlanmadığından, iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus 13 fevral 1957-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 02.08.1976-cı il tarixdən 01.09.1980-ci il tarixinədək SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 N°li Müəssisə. 322 nömrəli X5 Kameral dəstəyə çertyojçu şagirdi, 01.09.1980-25.09.1991-ci illərdə texniki çertyojçu vəzifəsində işləmiş, 25.09.1980-ci il tarixdən 01.05.1988-ci il tarixinədək SSRİ NS GKBİ -nin 16 №-li Müəssisənin Bakı kontorunda texniki çertyojçu, 01.05.1988-25.05.1993-cü illərdə BGK-nun texniki vəzifəsində işləmiş, 01.07.1993-cü il tarixdən 01.03.1999-cu il tarixinədək Dövlət Sığorta Agentliyində ştatdan kənar sığorta agenti vəzifəsində işləmiş, 05.07.1999-cu il tarixdən 03.11.2005-ci il tarixinədək "xxxx" X6 cildçi vəzifəsində işləmişdir. Beləliklə işdə olan sənədlərdən görünür ki, iddiaçı ona 62 yaşı tamam olduğu 04 yanvar 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş 31 iyul 2021-ci il tarixli, **********3 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktub əsasında yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş 31 iyul 2021-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının pensiya təyin edilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim edilən 21.12.1976-cı il tarixində tərtib edilmiş № ******* saylı əmək kitabçasına əsasən ümumi sığorta stajı 22 il 5 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17083,06 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X10, monitorinq və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən onun 05.07.1999-cu il tarixindən 03.11.2005-ci il tarixinədək işlədiyi "xxxx" X3 faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, ona əmək pensiyasının 52 yaşdan, yəni 04.01.2021-ci il tarixdən təyin edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Cavabdehin mübahisə etdiyi hal iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Belə ki, cavabdeh birldirir ki, "xxxx" X3 faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Həmçinin, iddiaçının "xxxx" X2 işlədiyini iddia etdiyi dövrü həmin müəssisənin vergi uçotuna alındığı 12.08.2003-cü il tarixdən 03.11.2005-ci il tarixədək götürüldüyü halda belə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı müddəti (25 il) tamamlanmır. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, mövcud qanunvericilik aktlarına əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə əsasən iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: -əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 05.07.1999-cu il tarixdən 03.11.2005- ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmçinin qeyd olunmalıdr ki, cavabdeh iddiaçının 05.07.1999-cu il tarixdən 03.11.2005-ci tarixədək əmək fəaliyyətini mübahisələndirsə də, bu barədə əmək kitbçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” qanunun tələbinə görə, təqdim edilmiş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Əlavə olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində qeyd edilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericilik yaşa görə pensiya hüququnun yaranması üçün alternativ mövqe tutmuşdur. Yəni, şəxsin yaşa görə pensiya hüququnun yaranması üçün ya 25 il sığorta stajı tamam olmalı, və ya onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud olmalıdır. Hazırki vəziyyətdə iddiaçının 25 ildən artıq sığorta stajı olduğundan onun 04.01.2021-ci il tarixində (62 yaş) yaşa görə pensiya hüququ yaranmışdır və pensiya kapitalına dair şərtin ödənilməsi tələb edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu 04 yanvar 2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar