Məhkəmə qərarları › İş №2-1(112)-2095/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2095/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2095/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı maliyyə sanksiyasının silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıın restoranında vergi nəzarət tədbiri həyata keçirərkən əmək müqaviləli işçiləri də əmək müqaviləsi olmayan şəxslər sırasına daxil etmişlər. Bununla bağlı elektron sistemdən bildirişlər təqdim edilsə də, qeyd olunan hallar nəzərə alınmadan qərar qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 06.08.2021-ci il tarixli **********1771 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının X6, X1, X3 aid hissədə və bundan irəli gələn maliyyə sanksiyaları hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı sonradan yenidən dəqiqləşmə verərək İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.08.2021-ci il tarixli **********1771 saylı qərar mübahisələndirilən hissədə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6, X1, X2 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə maliyyə sansksiyasının tətbiq edilərək İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, X6 izahatında 01.05.2021-ci il tarixindən iddiaçının restoranında aşbaz işlədiyini və onunla əmək və ya xidməti müqavilə bağlanılmadığını bildirmişdir. X5 və X1 da oxşar məzmunda etirafedici izahat vermişdir. Bunda əlavə iddiaçının nümayəndəsi olmuş A.Xəlilova da izahatında aktda qeyd olunan 10 nəfərlə əmək müqaviləsi bağlanılmadığını, tezliklə bağlanılacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.08.2021-ci il tarixli **********1771 saylı qərarın qismən ləğv edilməsinə dair iddia müddətinin ötürülməsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia müddəti hazırkı iş üzrə tətbiq edilməmişdir. Belə ki, iddiaçı 06.08.2021-ci il tarixli qərar əsasında maliyyə sansksiyasından 17 avqust 2021-ci il tarixli bildirişdən məlumat əldə etmiş və 24.08.2021-ci il tarixdə həmin məsələni məhkəmə qaydasında mübahisələndirmişdir. İddia tələbinin qərarın qismən ləğvi ilə bağlı olması isə, məhkəmə tərəfindən verilmiş sorğu əsasında qərar əldə edildikdən sonra baş vermişdir. Bu səbəbdən də hazırkı halda iddia tələbinin obyektiv səbəbdən düzgün formada məhkəməyə verilməməsi (belə ki, qərar yox, qərarın əsasında verilmiş bildirişlə sanksiya müəyyən edilmişdir) və ya obyektiv səbəbə olmasa belə prosessual qanunvericiliyin tələbinə uyğun olmadan verilməsi iddiaçının hüquqi marağının mahiyyətini dəyişmir. İddiaçı məhz 27.07.2021-ci il tarixdə aparılmış yoxlamanın nəticələrini mübahisələndirir ki, nəticənin 06.08.2021-ci il tarixli qərar olması və qərarın qismən ləğvi formasında olmasa belə məhz həmin qərarın qanunsuzluğuna yönələn iddia tələbinin 24 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olması müddətlə bağlı şərtin də ödənildiyini sübut edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir -58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. -219.3.İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. -219.4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxslərin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının restoran kimi fəaliyyətini həyata keçirdiyi obyektdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. Hazırkı işin faktiki halları isə X6, X1, X2 iddiaçının yoxlama olduğu dövrdə işçiləri olması səbəbindən iddiaçının təqsirini, nəticədə də vergi pozuntusu törətməsini istisna edir. İş materiallarında olan 06.08.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarında qeyd edilmişdir ki, 27 iyul 2021-ci il tarixdə operativ vergi nəzarət tədbirinin həyata keçirilməsinə dair qərar əsasında iddiaçıya məxsus restoranda operativ vergi nəzarət tədbiri zamanı 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüqüuqi qüvvəyə minmədən işlərə cəlb edilməsi fakti aşkar edilmiş və həmin hal şəxslərin etirafedici izahatları ilə də təsdiq edilmişdir. Operativ vergi nəzarətinin nəticəsi haqqında aktda qeyd edilmişdir ki, 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüqüuqi qüvvəyə minmədən işlərə cəlb edilmişdir. Həmin aktda əlavədən görünür ki, iddiaçı tərəfindən düzgünlüyü təsdiq edilən əmək müqaviləsi qüvvəyə minmədən işlədilmiş 7 fiziki şəxslə yanaşı, hazırkı inzibati mübahisənin yaranması əsası kimi X6, X1, X2 adları da işlərə cəlb edilən şəxslərlə bağlı siyahıda qeyd edilmişdir. İddiaçı iddia ərizəsinə əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişlərini təqdim edərək X6, X1, X2 iddiaçı ilə rəsmi əmək hüquq münasibətlərində olduğunu qeyd etmişdir. Bildirişlərdən də görünür ki, X6, X1, X5 ilə 26.06.2021-ci il tarixdə, yəni yoxlamadan əvvəl müddətsiz əmək müqavilələri bağlanılmış, həmin müqavilələrə 05.08.2021-ci il tarixdə xitam verilmişdir. Bununla bağlı, X7 Xidmətinə məhkəmə sorğusu verilmiş və sorğuya cavab məktubu ilə də iddiaçı və adıçəkilən şəxslər arasında 26.06.2021-ci il tarixdə, yəni yoxlamadan əvvəl müddətsiz əmək müqavilələri bağlanılması, həmin müqavilələrə 05.08.2021-ci il tarixdə xitam verilmişdir. Doğrudur 27.07.2021-ci il tarixdə C.Quliyev restoranda aşbaz vəzifəsində işləməsi və onun iddiaçı ilə əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlamadığını, Z.Mustafayev də əmək müqaviləsinin iddiaçı ilə bağlanılmadığını, Ə.Məmmədov da iddiaçı ilə əmək və ya xidməti müqavilə bağlamadıqlarını qeyd etmişlər. Lakin, həmin izahatların mövcudluğu da məhkəmə hesab edir ki, iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, cavabdeh məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edərkən təkcə həmin izahatların mövcudluğu ilə xidməti vəzifəsinə uyğun olaraq kifayətlənməməli, qərarın qəbulu ilə bağlı digər halların da araşdırılması ilə əlaqədar sübutları toplamağa borclu olmuşdur. “İnzibati icraat haqqında” Qanunun: 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qanunvericiliyin tələbindən də müəyyən edilir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq vəzifəsi daşıyır. 24.3-cü maddə isə hazırkı işin faktiki hallarına bilavasitə aid olan müddəa olmaqla cavabdehin maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı olmamasını özündə ehtiva edir. Göründüyü kimi məsuliyyətə cəlb edilmə barədə qərarın qəbulu ilə bağlı inzibati icraat zamanı izahatı alınmış şəxslərin vermiş olduğu izahatlar cavabdeh üçün inzibati icraatla bağlı icraatın taleyini mütləq müəyyən edən sübut hesab edilməyə bilər. Əgər, iş üzrə toplanılmış digər sübutlarla şəxslərin izahatları arasında ziddiyyətli məqamlar mövcud olarsa, həmin ziddiyyətli halların araşdırılması və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılması və nəzərə alınması istiqamətində bütün lazımı tədbirlərin görülməsi mütləqdir. Lakin, qəbul edilmiş qərarda 3 nəfərə münasibətdə iddiaçıya maliyyə sanskiyası tətbiq edilərkən yalnız həmin şəxslərin izahatları nəzərə alınmış, həmin şəxslərlə əmək müqaviləsi bağlanılıb-bağlanılmaması barədə əlavə araşdırma aparılmamışdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialllarında olan vergi orqanının iddiaçının 27 iyul 2021-ci il tarixdə əmək müqaviləli işçisinin olmadığı elektron informasiya sistemindən çıxarış formasında sənədinin mövcudluğu da vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, hazırkı işlər üzrə mövcud məhkəmə praktikası göstərir ki, bəzi hallarda X7 Xidməti tərəfindən elektron informasiya sistemindən işçilərlə bağlanılmış müqavilələrin mövcudluğu, xitamı və s ilə bağlı məlumatlarla vergi orqanının əldə etdiyi məlumatlar arasında uyğunsuzluq mövcud ola bilir. Təbii haldır ki, vergi orqanında həmin məlumatların olmaması da faktiki olaraq mövcud olan halın, o cümlədən həmin məlumat bazasına malik ixtisaslaşmış orqanın işçilələ bağlı məhkəməyə təqdim etdiyi məlumatların nəzərə alınmamas üçün əsas ola bilməz. X7 Xidmətinin sorğuya cavab məktubunda təqdim etdiyi məlumatlar işin həllində sübut qismində həlledici əhəmiyyət daşıyır. Belə ki, həmin məlumatların mötəbərliyinə münasibətdə həmin məlumatların daxil edildiyi informasiya sisteminə sahibliyi yerinə yetirən məhz adıçəkilən inzibati orqandır. Beləliklə, iş materialları ilə də müəyyən olunur ki, yuxarıda adıçəkilən 3 fiziki şəxs digər 7 şəxsdən fərqli olaraq yoxlamanın həyata keçirildiyi dövrdə iddiaçının işçisi olmuş, həmin şəxslərlə əmək müqaviləsi bağlanılmışdır. Məhkəmə, əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların izahatlarında qeyd etdiyi kimi 27 iyul 2021-ci il tarixdən, həmçinin 26 iyun 2021-ci il tarixdən əvvəl işlərə cəlb edilmiş olması da məsuliyyətə cəlb edilmə barədə qərarın qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla iddiaçının 27.07.2021-ci il tarixindən apardığı CARİ sahibkarlıq fəaliyyətinin yoxlanılması qeyd edilmiş, cavabdeh də məhz həmin tarixdə yoxlama aparmış və digər 7 şəxslə yanaşı səhvə yol verərək 3 nəfər yuxarıda adıçəkilən şəxsə münasibətdə də iddiaçını məsuliyyətə cəlb edilməsi ilə nəticələnən inzibati icraat aparmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.08. 2021-ci il tarixli **********1771 saylı qərar mübahisələndirilən hissədə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6, X1, X2 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə maliyyə sansksiyasının tətbiq edilərək İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar