Məhkəmə qərarları › İş №2-1(112)-2095/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2095/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2095/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Nizami Rayon İcra Hakimiyyəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı ş, Nizami r, Şərifli küçəsində yerləşən 1540,53 kv.m torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, vahid əmlak kimi çıxarışın və plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsini xahiş edirəm. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Bütün hüquqmüəyyənedici sənədlər təqdim edilsə də, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. İmtina qanunsuz və əsassızdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, yerləşmə cizgisinin həqiqiliyinə dair ciddi şühbələr olmuş, sorğu ilə yerli icra hakimiyyəti orqanına mürciət edilmiş, arxiv fonduna sənədin verildiyi qeyd edilmiş, Arxiv İdarəsinin məktubunda isə yerləşmə cizgisi barədə məlumat aşkar edilməmişdir. Sərəncamda ayrılması nəzərdə tutulan sahənin ölçüsü qeyd edilməmişdir və torpaq sahəsinin bir hissəsi və fərdi yaşayış evi elektrik xəttinin mühafizəsində yerləşir. Layihə və evin faktiki vəziyyəti arasında sahə fərqi mövcuddur. Fərdi yaşayış evinin ölçüsü 465 kv.m təşkil edir. Faktiki torpaq sahəsinin ölçüsü 1560,5 kv.m təşkil edir. Tərəflər izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İmtina məktubunda qeyd edilir ki, yerləşmə cizgisinin həqiqiliyinə dair ciddi şühbələr olmuş, sorğu ilə yerli icra hakimiyyəti orqanına mürciət edilmiş, arxiv fonduna sənədin verildiyi qeyd edilmiş, Arxiv İdarəsinin məktubunda isə yerləşmə cizgisi barədə məlumat aşkar edilməmişdir. Sərəncamda ayrılması nəzərdə tutulan sahənin ölçüsü qeyd edilməmişdir və torpaq sahəsinin bir hissəsi və fərdi yaşayış evi elektrik xəttinin mühafizəsində yerləşir. Layihə və evin faktiki vəziyyəti arasında sahə fərqi mövcuddur. Nizami Rayon İcra Hakimiyyətinin sərəncamından görünür ki, torpaq sahəsi iddiaçıya ayrılmışdır. Nizami Rayon İcra Hakimiyyətinin 21 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, yerləşmə cizgisi həmin qurum tərəfindən tərtib edilmişdir. Məlumatlandırma icraatı qaydasında müraciət edilmiş, hər hansı irad mövcud olmamışdır. Yerləşmə cizgisndən görünür ki, ayrılmış həmin torpaq sahəsinin yerləşmə yeri və 1540,53 kv.m olmaqla sahəsi müəyyən edilmişdir. Mütəxəssis rəyində qeyd edilir ki, faktiki torpaq sahəsi 1560 kv.m təşkil edir, fərdi yaşayış evinin ümumi sahəsi 465 kv.m təşkil edir, ekisz layihəyə uyğundur, sahənin bir hissəsi elektrik xəttinin mühafizəsində yerləşir, torpaq sahəsi dövlət mülkiyyətindədir. Sahə yerləşmə cizgisinə uyğundur, tikilinin bir hissəsi də, elektrik xəttinin mühafizəsində yerləşir, ətraf ərazilərdə yerli icra hakimiyyəti orqanlarının sərəncamları və yerləşmə cizgiləri əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi yerli icra hakimiyyəti orqanı tərəfindən torpaq ayırma barədə sərəncamlar mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir ki, iddiaçı da həmin sənəd əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. Yuxarıda istinad olunan sərəncamdan da göründüyü kimi iddia olunan torpaq sahəsi sərəncam əsasında və yerləşmə cizgisi əsasında iddiaçıya ayrılmışdır ki, həmin sərəncam əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair tələb qanuni və əsaslı hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə görə, müraciətə baxılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı səlahiyyətli olub-olmadığını müəyyən etmək inzibati orqanın xidməti vəzifəsinə aiddir. Şəxsin üzərinə aidiyyəti orqana müraciət edilməsi ilə bağlı mütləq öhdəliyin qoyulması və ya səlahiyyətin müəyyən olunması ilə bağlı neqativ nəticələrin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd olunur ki, yerli icra hakimiyyəti orqanının sərəncamı, eləcə də yerləşmə cizgisi qüvvədədir, ləğv edilməmiş və qüvvədən düşməmişdir ki, həmin sərəncamın hüquqi nəticəsi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiaçının konstitusion hüququnun tərkib hissəsidir. Nə qədər ki, sərəncam qüvvədədir və ləğv edilməmişdir, həmin sənəd hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Nəzərə alınmalıdır ki, həmin sənədin özündə müəyyən texniki rekvizitlərin göstərilməməsi, eləcə də sahənin ölçüsünün göstərilməməsi də hüququn qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, cavabdeh tərəfindən mötəbərliyi şübhə altına alınsa da, yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilən sənədlər əsasında müəyyən edilir ki, sahənin yerləşmə cizgisi tərtib edilmiş, ayrılan torpaq sahəsinin sahə xüsusiyyətləri, sahənin yerini müəyyən etməyə imkan verən məlumatlar orada göstərilmişdir ki, ayrılan sahənin yeri kimi, ölçüsünün də sonradan göstərilməsi məhkəmə hesab edir ki, iddianın təminini istisna edə bilməz. Nəzərə alınmalıdır ki, yerli icra hakimiyyəti orqanı tərəfindən torpaq ayırma barədə sərəncam verilərkən naturada ayrılmalı olan sahə göstərilməli, ölçü də qeyd edilməli olmasına baxmayaraq, həmin hərəkətlərin sonradan edilməsi səhv yox, mövcud olmuş səhvin aradan qaldırılmasına xidmət edir. Aydın məsələdir ki, bir qurum torpaq ayırırsa hansı torpaq sahəsinin ayrıldığını göstərməlidir ki, sonradan tərtib edilən yerləşmə cizgisi də məhz ayrılmış torpaq sahəsinin yeri və ölçüsünün dəqiqləşdirilməsi xarakteri daşıyır. Elektrik xəttinin mühfaizə zolağında yerləşmə barədə imtina dəlilinə dair qeyd edilir ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxtda qüvvədə olan 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmçinin, 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in: 1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qanunvericiliyin tələblərinə riayət edilməklə istifadə oluna bilər. Həmin sahənin istifadəsi və orada fərdi yaşayış evinin inşa edilməsinə dair hər hansı qadağa göstərilən səbəbdən müəyyən edilmir, eləcə də təqdim edilən sənədlərdən görünür ki, sahə yaşayış məntəqələri torpaq sahəsidir və oxşar hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyat hərəkətləri aparılmış, fərdi yaşayış evləri inşa edilmişdir ki, iddiaçıya münasibətdə də bərabərlik baxımından eyni mövqe göstərilməli idi. Fərdi yaşayış evinə münasibətdə də, iş materiallarından görünür ki, layihəyə uyğun inşa həyata keçirilmiş, məlumatlandırma icraatı qaydası tətbiq edilmişdir. Təqdim edilən mütəxəssis rəyindən də görünür ki, fərdi yaşayış evinin ümumi sahəsi 465 kv.m təşkil edir, ekisz layihəyə uyğundur, torpaq sahəsi dövlət mülkiyyətindədir. Sahə yerləşmə cizgisinə uyğundur, ətraf ərazilərdə yerli icra hakimiyyəti orqanlarının sərəncamları və yerləşmə cizgiləri əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi cavabdehin mülkiyyət hüququn dövlət qeydiyyatına dair dəlilləri formaldır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı ş, Nizami r, Şərifli küçəsində yerləşən 1540,53 kv.m torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına çıxarışın və plan və ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar