Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2096/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ondan xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 2720 manatın tutulmasına dair cavabdehin hərəkətlərimim qanunsuz sayılmasına dair qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, 1984-cü ildə Tərtər rayonunda anadan olmuşdur. 39 yaşı var. Ehtiyyatda olan zabitdir. İddiaçı bildirir ki, 2009-cu ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmənin iri çaplı pulemyotundan atəş açılması nəticəsində arxa kürək və döş qəfəsindən güllə yarası almışdır. 2017-ci ildə səhhəti ilə əlaqədar olaraq Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək xidmətə yararsız təyin olunub ordu sıralarından ehtiyata buraxılmışdır. Həmin ildən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının müdafiəsi və Konstitusiyanın qorunması ilə əlaqədar olaraq ona 2-ci qrup əlillik təyin olunub. Azərbaycan Respublikasının Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün” təsis edilməsi haqqında 15 aprel 2019-cu il 641 nömrəli fərmanına əsasən müharibə veteranlarına Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün və müharibə ilə əlaqədar olaraq əlilliyi olan şəxslərə, Azərbaycan Respublikasının təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan təqaüdlərdən yalnız biri - ən yüksəyi verilir. İddiaçı bildirir ki, ona veteranlığına görə Prezidentin təqaüdü 2016-cı ildə və müharibə əlilliyinə görə Prezidentin təqaüdü 2017-ci ildə təyin olunub. O, 15 aprel 2019-cu il fərmanından nə məlumatlı olmuş, nə də onu bu barədə heç bir qurum məlumatlandırmıyıb. Bu səbəbdən veteranlıq təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır.
3. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı iddia tələbini “xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilmiş 2720 manatın tutulması barədə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir.
4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar iddiaçının İİ dərəcə əlilliyi müəyyən edildiyindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlillərinə verilən Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, ona xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinizə görə müharibə veteranı adı almış şəxslərə verilən Prezident təqaüdü təyin edilmiş, araşdırma zamanı xx.xx.2022-ci il tarixində təqaüdün ödənişi dayandırılmışdır. Azərbaycan Respublikası Prezdentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il 641 nömrəli Fərmanına əsasən müharibə veteranlarına təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər X3 iştirakçılarına, X2 dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarda işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, Leninqradın mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri - ən yüksəyi verilir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçıya müharibə əlillərinə verilən Prezident təqaüdü ödənildiyi halda xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına verilən Prezident təqaüdü təyin edilmişdir. Bu səbəbdən sizə müharibə veteranlarına verilən Prezident təqaüdünün ödənişi xx.xx.2022- ci il tarixində dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 2720 manat (müharibə veteranı kimi ödənilmiş Prezident təqaüdü) Prezident təqaüdünün artıq ödənildiyi müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1329 nömrəli qərarıında bildirilmişdir ki, Tərtər RHK tərəfindən 2001ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində xx.xx.2009-cu ildə aldığı və xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə kimi N saylı hərbi hissədə ilk tibbi yardım olunduğu yaralanma-diaqnoz: “Odlu silahdan döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanması” və xx.xx.2009-cu ildən xx.xx.2009- cu ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Odlu silahdan döş qəfəsinin sağ yarısına, plevra boşluğuna nüfuz edən dəlib keçən güllə yaralanması (xx.xx.2009), açıq hemopnevmotoraks, sağ ağ ciyərin yuxarı payının zədələnməsi. Sağda İİİ qabırğanın arxa hissəsinin, körpücük və döş sümüyünün qəlpəli sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sağtərəfli torakosentez” və xx.xx.2011-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Odlu silahdan döş qəfəsinin sağ yarısına, plevra boşluğuna nüfuz edən dəlib keçən güllə yaralanması (xx.xx.2009), açıq hemopnevmotoraks, sağ ağ ciyərin yuxarı payının zədələnməsi, pulmonit, yuxarı ön divararalığının zədələnməsi, sağ körpücük sümüyünün döş ucu, döş sümüyü dəstəsinin, sağ İİİ qabırğanın arxa hissəsinin qəlpəli sınığı ilə müşayiət olunan dəlib keçən güllə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sağ tərəfli torakosentez, plevra boşluğunun drenaj olunması cərrahi əməliyyatının (xx.xx.2009) nəticəsi, sağ plevra sinusunun bitişmələri, xarici tənəffüs funksiyasının pozulmaması ilə“ (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2017- ci il tarixli 388 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 167 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2009-cu il tarixli çıxarış epikrizi, xx.xx.2011-ci il tarixli "688 nömrəli arayışı, xəstəlik tarixindən çıxarışlar, N nömrəli hərbi hissə komandirinin yaralanmanın alınma şəraiti haqqında xx.xx.2011-ci il tarixli 1276 nömrəli arayışı, MN MHHK- -nın həkim mütəxəssisi -cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “Sidik daşı xəstəliyi. Sağ böyrəyin aşağı kasacığının və sağ sidik axarının intramural hissəsinin daşları. Sağtərəfli böyrək sancısı tutmaları. Sağtərəfli xroniki kalkulyoz pielonefrit, natamam remissiya mərhələsində” (Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2011-ci il tarixli 1688 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR.”
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı DOST Mərkəzə müraciət edərək müharibə əlili kimi ona təyin edilmiş prezident təqaüdündən tutulma barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçıya Fondun Sosial ödənilərin təyinatı üzrə mərkəzi filialı tərəfindən 24 iyun 2022-ci il tarixlə cavab məktubu göndərilmişdir. Bildirilir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik müəyyən edildiyindən Azərbaycan Respublikasının ərazi bütövlüyününü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlillərinə verilən Prezident təqaüdü təyin edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2019-cu il Fərmanı ilə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. İnzibati orqan tərəfindən aparılmış yoxlama zamanı məlum olmuşdur ki, iddiaçıya müharibə əlillərinə verilən Prezident təqaüdü ödənildiyi halda xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına verilən Prezident təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Prezdentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il 641 nömrəli Fərmanına əsasən müharibə veteranlarına təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər X3 iştirakçılarına, X2 dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarda işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqradın mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri - ən yüksəyi verilir. Bu səbəbdən İddiaçı müharibə veteranlarına verilən Prezident təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixində dayandırılmışdır. Aparılmış yoxlama zamanı xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixədək 2720 (iki min yeddi yüz iyirmi) manat müharibə veteranı kimi ödənilmiş Prezident təqaüdünün artıq ödənildiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmçinin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Beləliklə, iddiaçının həm müharibə əlillərinə verilən Prezident təqaüdü, həm də müharibə veteranlarına təyin olunan prezident təqaüdünü eyni zamanda alması yuxarıda qeyd olunan qanunvericilik normalarını, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozduğu üçün inzibati orqanın qərarı əsaslı hesab olunmalıdır. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “təqaüddən tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş təqaüd təyinatı üzrə xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərara əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə iddiaçıya 2720,00 manat artıq ödəmə məbləği müəyyən edilmişdir.
8. Hazırlıq icraatı üzrə məhkəmə iclasında iddiaçı iştirak etmiş və tələbini müdafiə etmişdir.
9. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın və yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
11. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
13. İddia tələbi “xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilmiş 2720 manatın tutulması barədə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərarın ləğv edilməsidir.
14. Hazırki iddia mübahisələndirmə növündə iddiadır. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
16. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
17. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və bu zaman inzibati icraatın lazımı qaydada aparılması tələbinə riayət edilməlidir.
19. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
20. Digər tərəfdən şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə pensiyadan və ya müavinətdən tutmaya dair hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq tutulma pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının müvafiq razılığının olduğu müəyyən edilmir.
21. Odur ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilmiş 2720 manatın tutulması barədə xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərar ləğv olunmalı və icra olunması nəticəsində meydana gəlmiş nəticələr aradan qaldırılmalıdır.
22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilmiş 2720 manatın tutulması barədə xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva