Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2096/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs – X9 “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs – X9) “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11/632 nömrəli qərarı ilə X1 Xaşa-Xuna bağ massivində 41 nömrəli kooperativdən bağ sahəsi ayrılmışdır. Qərarda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bağ sahəsinə dair 22 nömrəli order tərtib edilmiş, orderdə torpaq sahəsinin nömrəsi “16”, ölçüsü 0,12 ha qeyd edilmişdir. X3 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İddiaçı (bundan sonra – iddiaçı) X2 vərəsəsidir. İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 16 saylı torpaq sahəsinə hüququn atasına məxsus olmasına dair arayışın verilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 1.04.2024-cü tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, “...bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsinin yerləşməsi digər bağların ərazisinə uyğun gəlməklə qeyd edilən nömrənin göstərilən sahəyə aidiyyəti yoxdur. Həmçinin göstərilən sahəyə digər şəxsin müraciəti olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı sənəd üzrə ölçüsü 0,12 ha qeyd edilən sahənin faktiki olaraq 0,1102 ha təşkil etdiyi müəyyən olunmuşdur”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən “16” saylı, faktiki sahəsi 1102 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun X1 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən "16” saylı ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi mərhum atası X1 ayrılmasına dair Bakı şəhər XDS İK-nin indiki Bakı şəhər İH 41 saylı order qəbul edilmişdir. Həmin vaxtdan etibarən, 1988-ci il tarixdən ailə üzvləri ilə birlikdə sözü gedən torpaq sahəsindən istifadə edir. Cavabdehin imtinası əsassızdır. Torpaq sahəsinin atasına ayrılmasına dair hüquqmüəyyənedici sənədlər Dövlət arxivində mövcuddur ki, bununla əlaqədar arxivdə saxlanılan nüsxə ilə eynidir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “...iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, şərti göstərilən torpaq sahəsi 423 saylı bağların ərazisinə uyğun gəlməklə yanaşı qeyd edilən nömrənin göstərilən sahəyə aidiyyəti yoxdur. Həmçinin göstərilən torpaq sahəsinə digər şəxs X5 müraciəti olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1200 kv.m olduğu qeyd edilsə də, faktiki 1102 kv.m olduğu məlum olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə SMS xəvərdarlıq göndərilsə də, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. MPM-in 135.7-ci maddəsinin tələblərinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11/632 nömrəli qərarı ilə iddiaçının mərhum atası X1 Xaşa-Xuna bağ massivində 41 nömrəli kooperativdən bağ sahəsi ayrılmışdır. Qərarda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. X3 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 16 saylı torpaq sahəsinə hüququn atasına məxsus olmasına dair arayışın verilməsinə yönəlmişdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir:
1. iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir;
2. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, şərti göstərilən torpaq sahəsi 423 saylı bağların ərazisinə uyğun gəlməklə yanaşı qeyd edilən nömrənin göstərilən sahəyə aidiyyəti yoxdur;
3. göstərilən torpaq sahəsinə digər şəxs X5 müraciəti olmuşdur;
4. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1200 kv.m olduğu qeyd edilsə də, faktiki 1102 kv.m olduğu məlum olmuşdur. Məhkəmə cavabdehin imtina dəlillərinin 1-ci və 2-ci hissəsini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, iddiaçı torpaq sahəsinə dair mərhum atasının adına olan iki sənəd təqdim edir: 1) Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11/632 nömrəli qərarı; 2) Bağ sahəsinə dair atasının adına tərtib edilmiş 22 nömrəli order. 1-ci sənədlə bağlı iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Siyahının 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. İddiaçının təqdim etdiyi Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11/632 nömrəli qərarı torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır və həmin sənədin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Qeyd edilən normaların məzmununa əsasən, mərhum H.Əmirbəyov mübahisələndirilən torpaq sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Lakin məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması yalnız hüquqmüəyyənedici sənədin verilməsi ilə deyil, həmçinin ayrılan torpaq sahəsinin naturada yerinin müəyyən edilərək ayrılmış şəxsə yerində təhvil verilməsi ilə həyata keçirilməlidir. Əks təqdirdə yeri müəyyən olunmayan və hansı ərazidən torpaq ayrılması müəyyən edilməyən inzibati akt faktiki baxımdan icrası mümkün olmayan etibarsız inzibati aktdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21. Yerquruluşu işlərinin aparılması və sənədlərin verilməsi Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. İddiaçının mərhum atasına torpaq sahəsinin ayrılması barədə Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11/632 nömrəli qərarında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmin qərara torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən cizgi əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, torpaq ayırma sənədinə torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən cizgi əlavə edilməsə də, həmin qərar əsasında bağçılıq tərəfindən torpağın nömrəsi və ölçüsün müəyyən edən orderlər verilir. Digər tərəfdən hər bir bağçılığın tərkibinə daxil olan bağların yerləşməsi sxematik xəritələr və bağçılığın bölgü sxeminə əsasən müəyyən edilir. İddiaçı ikinci bir sənəd kimi, atasının adına tərtib edilmiş 22 nömrəli orderi təqdim edir ki, həmin sənədin mötəbərliliyi cavabdeh tərəfindən mübahisələndirilir. Belə ki, cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, ləğv edilmiş bağ təsərrüfatı idarələrinin hazırda arxivsaxlayıcısı cavabdeh İdarədir ki, idiaçının təqdim etdiyi sənədin idarənin arxivində olmaması, həmin orderin mötəbərliliyinə şübhə doğurur. Qedy edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli, 444 saylı Fərmanı ilə, Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli 439 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanlarında dəyişiklik edilmişdir. Fərmanın 1.2-ci bəndinə görə, aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin: “7. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir.” Belə olan halda, məhkəmə cavabdehin imtinasının birinci dəlili ilə razılaşır və hesab edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair mötəbər hüquqmüəyyənedici sənədlərə malik deyildir. Məhkəmə qeyd edir ki, təqdim edilən order mötəbər sənəd kimi qəbul edilsə belə, cavabdehin imtinasının ikinci dəlili iddia tələbini təmin etmək üçün əsas vermir. Belə ki, cavabdeh bildirir ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Şərti göstərilən torpaq sahəsi 423 saylı bağların ərazisinə uyğun gəlməklə yanaşı qeyd edilən nömrənin göstərilən sahəyə aidiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, bağ sahələrinin yerləşməsi ilə sxematik xəritələrdə müəyyən edilən uyğunsuzluğun aradan qaldırılması cavabdeh idarənin vəzifəsi olsa da, burada söhbət eyni ərazidə, eyni bağçılığın tərkibində yerləşən və cüzi müdaxilərlə aradan qaldırılması mümkün ola bilən uyğunsuzluqların aradan qaldırılmasından söhbət gedir. Hazırkı işdə iddiaçının iddia etdiyi (şərti olaraq göstərdiyi) torpaq sahəsinin ümumiyyətlə 41 nömrəli kooperativin tərkibində yerləşən 16 nömrəli bağa aidiyyəti yoxdur. Belə ki, cavabdeh idarə tərəfindən bağ sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən ortofoto görüntüsü və 41 nömrəli koopeartivdə yerləşən bağların sxematik xəritəsi məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının 16 saylı bağ sahəsi kimi göstərdiyi və hüququnun qeydə alınmasını tələb etdiyi bağ sahəsi, 423 sayla başlayan bağların ərazisinə uyğun gəlir. İddia edilən yerdə 423j və 423K saylı bağ sahələrinə hüquqlar dövlət reyestində qeydə alınmışdır. Həmçinin 41 nömrəli BTK-ya adi olan sxematik xəritədə 423 saylı bağların olması müəyyən edilmir. Belə olan halda, iddiaçının təqdim etditi order mötəbər sənəd kimi qəbul edilsə belə, iddiaçı həmin orderin aid olduğu 16 saylı bağın (41 nömrəli BTK) yerləşdiyi yerdən deyil, tamam başqa bir ərazidən torpaq sahəsinə iddia edir. Beləliklə məhkəmə tərəfindən iddiaçının mötəbər hüquqmüəyyənedici sənədə malik olmamaqla, iddia edilən torpağın yerləşməsi təqdim edilən sənədlərə uyğun olmadığından məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Ona görə də, cavabdehin 3-cü dəlili ilə bağlı hər hansı araşdırma aparmağa məhkəmə zərurət görmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov