Məhkəmə qərarları › İş №2-1(112)-2097/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2097/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2097/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1996-ci il tarixdə anadan olmuşdur, Azərbaycanda təhsil almışdır, Azərbaycan Respublikasının vətəndaşıdır. O, şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etsə də, doğum haqqında şəhadətnaməsinin olmadığını əsas gətirilərək şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. O, sonuncu dəfə 2021-ci ilin iyun ayında cavabdehə müraciət edərək təkrar şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh ona ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda şəxsiyyət vəsiqəsi olmadığına görə ona doğum haqqında şəhadətnamə verməyin mümkün olmadığını bildirilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, İddiaçı onun doğma oğludur. Məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Oğlu Orxanın doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin itirmişdir, təkrar şəhadətnamə almaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün şəhadətnaməni verməmişlər. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün də şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, İddiaçı onun doğma oğludur. Məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Oğlu Orxanın doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin itirmişdir, oğlu təkrar şəhadətnamə almaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün şəhadətnaməni verməmişlər. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün də şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, İddiaçı onun qaynıdır. Məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün bu günədək Orxan şəxsiyyət vəsiqəsi ala bilmir. Orxan təkrar şəhadətnamə almaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün şəhadətnaməni verməmişlər. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Xəzər rayon qeydiyyat şöbəsində doğumunuz haqqında təkrar şəhadətnamənin istənilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin “Qayda”ların 1.14.-cü bəndinə əsasən şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Göstərilənlərlə əlaqədar bildiririk ki, Sizin şəxsiyyətinizi təsdiq edən şəxsiyyət vəsiqəniz olmadığından doğumunuz haqqında təkrar şəhadətnamənin verilməsi şöbədə mümkün deyildir. Müvafiq sənədin verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqında təkrar şəhadətnamə ilə təmin olunacaqsınız. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş XX-JQ seriyalı, 405857 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 167 nömrə ilə qeyd edilmişdir. X1, milliyyəti azərbaycanlı, anası X2, milliyəti azərbaycanlıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 13859668 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 15725207 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 034104 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 ilə X2 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş XX-JQ seriyalı, 405856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 166 nömrə ilə qeyd edilmişdir. X1, milliyyəti azərbaycanlı, anası X2, milliyəti azərbaycanlıdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş XX-JQ seriyalı, 405965 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. X1, milliyyəti azərbaycanlı, anası X4, milliyəti azərbaycanlıdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 012099 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 545 nömrə ilə qeyd edilmişdir. X1, milliyyəti azərbaycanlı, anası X4, milliyəti azərbaycanlıdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 247707 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 955 nömrə ilə qeyd edilmişdir. X1, milliyyəti azərbaycanlı, anası X4, milliyəti azərbaycanlıdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 584375 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 378 nömrə ilə qeyd edilmişdir. X1, milliyyəti azərbaycanlı, anası X4, milliyəti azərbaycanlıdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 123702 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 1322 nömrə ilə qeyd edilmişdir. X1, milliyyəti azərbaycanlı, anası X4, milliyəti azərbaycanlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli Tələbnamədən görünür ki, İddiaçı barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Bakı şəhəri Xəzər rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. xx.xx.2014-cü il tarixdən SHXÇDX-nin Xəzər rayon idarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. O, xx.xx.2014-cü il tarixdən SHXÇDX-nin Xəzər rayon idarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən xx.xx.1996-cı il təvəllüdlü İddiaçı üzərində qəyyum və himayəçi təyin edilməmişdir. İddiaçı fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması barədə komissiyada hər hansı bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 433 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsində 2018-2021-ci illər ərzində, həmçinin cari ilin 18 aprel tarixinədək vətəndaş xx.xx.1996-cı il təvəllüdlü İddiaçı tərəf olduğu hər hansı mülki işə baxılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı bu günədək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı məxsus xx.xx.1997-ci il tarixli, 167 saylı doğum haqqında bərpa akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur, X1, milliyyəti azərbaycanlı, anası isə X2, milliyəti azərbaycanlı qeyd edilmişdir. Bu akt əsasında ona XX-JQ seriyalı, 405857 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda həmin məktubda qeyd olunur ki, İddiaçı barəsində ölüm akt qeydi açılmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur; 1.12-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər; 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir; 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər; 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər; 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir; 9.9-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. O, təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı məxsus xx.xx.1997-ci il tarixli, 167 saylı doğum haqqında bərpa akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur, X1, milliyyəti azərbaycanlı, anası isə X2, milliyəti azərbaycanlı qeyd edilmişdir. Həmçinin Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış həmin məktubdan görünür ki, İddiaçı barəsində ölüm akt qeydi açılmamışdır. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu, onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmədiyini və şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilmədiyini təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur, o, doğum haqqında təkrar şəhadətnamə almaq hüququna malikdir. Onun şəxsiyyət vəsiqəsinin olmaması onu doğum haqqında təkrar şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar