Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2097/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı «mənzil kirayəsi haqqının ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov RİH-ə qarşı «mənzil kirayəsi haqqının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1969-cu il təvəllüdlüdür, 1 mart 1987-ci il tarixdən həqiqi hərbi xidmətdə olmuşdur, hərbi xidmətinin ilk illərini, yəni 19 sentyabr 1992-ci il tarixədək Sovet Ordusu sıralarında, 16 mart 1993-cü il tarixdən 22 iyul 2011-ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin tabeliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin 1122 ş/h saylı 22 iyul 2011-ci il tarixli əmri ilə «Hərbi xidmət haqqında» Qanunun 18-ci maddəsinə əsasən polkovnik-leytenant rütbəsində yaşa görə əmək pensiyası təyin edilməklə ehtiyata buraxılmışdır. O, ümumilikdə 27 il 8 ay 01 gün Silahlı Qüvvələrdə xidmət etmişdir. İddiaçı həqiqi hərbi xidmətdə olduğu müddətdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Hal-hazırda da mülkiyyətində torpaq sahəsi və mənzil yoxdur. Bununla bağlı bütün sənələri cavabdeh inzibati orqana təqdim etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İddiaçı 29 oktyabr 2019-cu il tarixdə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh Bakı şəhəri Nərimanov RİH-ə müraciət etmişdir. Lakin 29 noyabr 2019-cu il tarixli cavab məktubunda bu məsələnin həllindən imtina edilmişdir. Buna baxmayaraq yuxarı instansiya məhkəməsində bu işə baxılmış və iddiaçının lehinə qərar çıxarılmış, nəticədə Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2020-ci il tarixli 2-1(112)- 2188/2020 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra, Nərimanov RİH başçısının 15 noyabr 2021-ci il tarixli 294 nömrəli qərarı ilə icra sənədinin icrası təmin edilmiş və o, yaşayış yeri üzrə ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmüş və müstəsna hal olaraq ona həmin tarixdən müvəqqəti mənzil kirayəsi xərcləri dövlət büdcəsindən ödənilir. Yuxarıda qeyd olunan qanunverciliyin tələblərinə uyğun olaraq, iddiaçı 2019-cu ilin noyabr ayından ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti mənzilin kirayəsi üçün xərclərin 2019-cu ilin noyabr ayından ödənilməsi barədə cavabdeh inziabti orqana müraciət etmişdir. Ona ünvanlanmış 5 mart 2022-ci il tarixli A-28- 068 saylı cavab məktubu ilə ərizəsi təmin edilməmişdir İmtinaya əsas kimi göstərilmişdir ki, o (iddiaçı), yaşa görə deyil, öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 9, 60, 148-ci maddələrinə, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1, 12-ci maddələrinə, İPM-in 2, 8, 33, 36, 45, 46-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının müddəalarına əsaslanaraq, cavabdehin imtinasını mübahisələndirir və məhkəmədən ona 2019-cu ilin noyabr ayından etibarən yaşayış sahəsi ilə təmin olunanadək ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti mənzilin kirayəsi üçün xərclərin (kirayə haqqının) ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov RİH-in üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Cavabdeh Bakı şəhəri Nərimanov RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 10 noyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası əsassız hesab edilir. İş üzrə iddiaçı 29 oktyabr 2019-cu il tarixdə ərizə ilə Bakı şəhəri Nərimanov RİH-ə müraciət edərək, ailə tərkibi 1 nəfər (özü) olmaqla, yaşa görə ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzilin kirayəsi üçün xərclərin ödənilməsini xahiş etmişdir. Müraciət araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı AR Silahlı Qüvvələrindən yaşa görə yox, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin 23 oktyabr 2019-cu il tarixli 322 nömrəli arayışına əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 46.0 9-cu maddəsinə əsasən öz arzusu ilə 22 iyul 2011-ci il tarixdən istefaya buraxılmışdır. Müraciətə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında sahəsi 92,1 kv.m. olan 39 nömrəli mənzildə tək qeydiyyatda olmaqla yaşayır. Mənzilin mülkiyyətçisi onun qardaşı X4r. Yəni, Rafiq Abbasov xidməti mənzildə yaşamır və xidməti mənzildə və ya kirayədə yaşaması barədə Bakı şəhəri Nərimanov RİHə bu vaxtadək hər hansı sənəd təqdim etməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1, 2, 3-cü yarımbəndlərinin, «Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayə xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci ıl tarixli qərarının 1-ci bəndinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49,1, 49.2, 49.4, 49.5, 51.1, 51.3, 51.5 və 51.7-ci maddəsinin tələbləri nəzərə alınaraq İddiaçı müraciəti təmin edilməmiş və ona RİH tərəfindən 29 noyabr 2019-cu il tarixli A-155-068 nömrəli imtina məktubu verilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun yalnız mənzilə ehtiyacı olanların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Yəni mənzil kirayəsi xərclərinin ödənilməsinə dair tələb irəli sürülməmişdir. Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2020-ci il tarixli (iş № 2-1(112)-2188/2020) qərarı ilə iddia tələbi təmin edilmiş, ehtiyata buraxılmış hərbi qulluqçu X2 ünvan 2 ünvanında mənzil növbəsinə götürülməsi və güzəştli siyahıya daxil edilməsi vəzifəsi Nərimanov RİH-ə həvalə edilmişdir. Dolayısı ilə məhkəmə tərəfindən Nərimanov RİH-in 29 noyabr 2019-cu il tarixli imtinası qismən mənzil növbəsinə götürülməsi hissəsində əsassız hesab edilmişdir. Məhkəmə aktı qanuni qüvvəsini almış və onun icrası Nərimanov RİH başçısının 15 noyabr 2021-ci il tarxili 274 nömrəli sərəncamı ilə təmin edilmişdir. Sərəncamın imzalandığı tarixdən iş üzrə iddiaçı məlumatlı olmuşdur. Məhkəmə aktından iddiaçı tərəfi şikayət verməmişdir. İş üzrə iddia tələbində iddiaçının subyektiv hüququnun pozulması halı mövcud deyildir və iddiaçının subyektiv mülahizələrinin uyğun qanun normalarını təfsir etməsi iddia tələbinin təmin olunmasına əsas ola bilməz. Hal-hazırda İddiaçı müstəsna hal kimi müvəqqəti mənzilin kirayəsi xərci ödənilir. Digər tərəfdən qeyd edildiyi kimi, ehtiyata buraxılmış hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi dövlət büdcəsindən ödənilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarxili 174 nömrəli qərarının 3.2-ci bəndinin tələbinə görə mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaiti olan tələblərin hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmalıdır. Bu məsələ ilə əlaqədar, hazırkı iddia tələbi bir başa Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maraqlarına toxunur və iddia tələbi həmin quruma yönəlməlidir. İnzibatı mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın əsaslı sayılması cavabdeh inzibatı orqanın inzibati aktının (hazırki iş üzrə imtinasının) inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə tam cavab verməməsi ilə birbaşa bağlı deyil, yəni cavabdeh inzibati orqanın inzibati orqanın (hərəkətinin, hərəkətsizliyinin) qanunazidd olması bu növ inzibati iddiaların a prioari əsaslı olması mənasına gəlmir. Bu məqam yalnız tələbin həmin aktın qanunsuz elan edilməsi hissəsində əhəmiyyət kəsb edə bilər. Məcburetmə haqqında iddianın təmin olunması üçün hər bir halda tələbin əsası kimi istinad olunan hallar məhkəmə qərarının çıxarıldığı vaxt qüvvədə olan qanunvericiliyinin tələblərinə cavab verməli və qanuna müvafiq qaydada sübuta yetirilməlidir. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə – əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın – hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı 1987 – 1992-ci illətrdə Sovet ordusunda, 1994 – 2011-ci illərdə isə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin tabeliyində olan strukturlarda hərbi xidmətdə olmuş, Dövlət Sərhəd Xidmətinin 22 iyul 2011-ci il tarixli əmri ilə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin müvafiq bəndinə uyğun olaraq öz arzusu ilə ehtiyata buraxılmışdır. Bundan sonra o, Bakı şəhəri Nərimanov RİH-ə müraciət edərək, mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Nərimanov RİH məsələnin həllindən imtina etdiyindən, mübahisə məhkəmə müstəvisinə keçmiş və məhkəmə qərarı ilə onun mənzil növbəsinə götürülməsi öhdəliyi Nərimanov RİH-in üzərinə qoyulmuşdur. Məhkəmə qərarı icra olunaraq, iddiaçı RİH-də mənzil növbəsinə götürülmüşdür. Bundan sonra iddiaçı ona mənzil verilənədək, mənzil kirayəsi haqqının ödənilməsi xahişi ilə cavabdeh Nərimanov RİH-ə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin həmin imtinasını mübahisələndirir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin İİ hissəsinə görə AR Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, AR Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndinə görə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: (1.1) Bakı şəhərində – 150 manat, (1.1-1) Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, (1.2) başqa şəhər və rayon mərkəzlərində – 75 manat, (1.3) digər yaşayış məntəqələrində – 55 manat. Göründüyü kimi, mövcud qanunvericilik normaları yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş hərbi qulluqçulara (zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına) seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müvafiq məbləğdə aylıq kompensasiya ödənilməsini onların ehtiyata və ya istehfaya yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə buraxılması ilə şərtləndirir. Bundan başqa, bu məsələyə münasibətdə tətbiq edilməli olan qanunvericiliyin normaları ilə əlaqədar Azərbaycan Respublikası Kaonstitusiya Məhkəməsinin Plenumu tərəfindən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli Qərardad qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə hüquqi mövqeyini belə ifadə etmişdir: - Hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən – həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə, hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), AR Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini AR Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, CM-ə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, mübahisəyə tətbiq edilməli olan hüuq normalarını şərh edərkən Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, öz arzusu və ya yol vermiş olduğu qanuna zidd hərəkətlər (yaxud uyğunsuzluq, CM-ə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hətbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Hazırkı işin hallarına görə İddiaçı hərbi xidmətdən ehtiyata yaşa, xəstəliyə, ailə vəziyyətinə, 5 təqvim ili xidmət etməklə ştatların ixtisarına görə deyil, “yaşa görə” buraxılmışdır. Odur ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndi üzrə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün aylıq kompensasiya məbləğləri verilməsi nəzərdə tutulan şəxslərin dairəsinə aid edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi RİH-in iddiaya “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün aylıq kompensasiya ödənilməsi” ilə bağlı imtinası qanuna zidd qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı «mənzil kirayəsi üçün xərclərin ödənilməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı «mənzil kirayəsi üçün xərclərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2097/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2097/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver