Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-210/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, sahiblik və istifadəsində olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 3-184 saylı sahədə yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna südçülüktərəvəzçilik sovxozunda fərdi yaşayış evinin tikintisi ilə bağlı 0,14 ha torpaq sahəsi ayırılmışdır. Həmin torpaq sahəsi mişar daşı ilə hasarlanmış, fərdi yaşayış evi tikilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3-184 saylı sahədə yerləşən, torpağ sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlər Reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ərizə və əlavə olunmuş sənədlərlə birlikdə müraciət etmişdir. 1 saylı Ərazi İdarəsi bildirmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpağ sahəsi AR Prezidentinin İşlər İdarəsi X4 ayrılmış torpaq sahəsindən 170.0 metr kənarda yerləşir. Eyni zamanda bildirilmişdir ki, torpaq sahəsi sənəd üzrə normadan artıq ayrılmışdır. Qeyd olunan cümlə ayrılmış torpaq sahəsinin faktiki və mövcud olduğu yerdə olduğunu təsdiqləyir. İnzibati orqanın aktının əlverişsiz akt hesab edir, qeyd olunan akt - cavab onun torpaq üzərində hüquqlarının həyata keçirilməsini pozur. Torpaq sahəsinin sənədləşməsinə dair bütün işlər yekunlaşmışdır. Torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma anına qədər o artıq “titul” sahibliyi ilə ona məxsus olan torpaq sahəsindən istifadə hüququna malik olduqları üçün həmin sahəni AR Mülki Məcəlləsinin 176-cı maddəsində göstərildiyi qaydada hasara almış və torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, müvafiq iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. İddiaçı xx.xx.2023-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 3-184 nömrəli, ölçüsü 0,1114 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul eidlməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati Müəssisəsinin xx.xx.2016-cı il tarixli, 1597 nömrəli Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,14 ha hesabı ilə 3-184 kodlu torpaq sahəsi ayrılmışdır. 3-184 kodlu torpaq sahəsinin ölçüsü faktiki 0,1114 ha təşkil edir. Məhkəmə mübahisəsi yoxdur. Arayış Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmaq üçün verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2003-cü il tarixli, 28 nömrəli “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməqsi haqqında” əmrdən çıxarışda qeyd olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərancamı, tərəvəzçıiiksüdçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0,14 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçı ayrılmış həyətyanı torpaq sahəsi ilə bağlı sxem tərtib edilmiş və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin məzmununda bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu ünvanında yerləşən torpaq sahəsinin sənəd üzrə 1400 kv.m-dən azalaraq faktiki 1114 kv.m olmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2021-ci il tarixli 084 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssiəsi tərəfindən vətəndaş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci tarixli fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün 1597 nömrəli 29 sentyabr 2020-ci il tarixli arayış təqdim olunmuşdur. Vətəndaş İddiaçı ARPİİ-nin X3 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən adına torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinə dair təqdim olunmuş sənədlərin əsli bir nüsxədən tərtib olunaraq vətəndaşa təqdim olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, H- 68 nömrəli məktubunda bildirilmişdir ki, Abşeron rayon Buzova tərəvəzçilik-südçülük sovxozunun sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət arxivinə təhvil verilməmişdir. Məlumat üçün bildiririk ki, Abşeron rayon İHB-nın 096 saylı sərəncamı 20 avqust 1999-cu il tarixdə verilməmişdir. Həmin sərəncam Abşeron rayon İHB-nın 096 saylı sərəncamı 15 aprel 1999-cu il tarixli verilmişdir.Həmin sərəncama adlı siyahı və cizgi daxil edilməmişdir. Həmin məktubla göndərilmiş xx.xx.1999-cu il tarixli, 096 nömrəli Sərəncamda qeyd olunmuşdur ki: 1.Respublika Prezidenti işlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika Prezidentinin İşlər müdiri A.Muradverdiyevin 5 yanvar 1999-cu il tarixli 22/6 saylı məktubu nəzərə alınsın. 2.Bu məqsəd üçün Maştağa-Buzovna yolunun şimalından, BAİB-nə gedən asfaltın qərbindən, BAİB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondu ayrılsın. 3.Həmin torpaq Respublika Prezidenti İşlər idarəsinin nəzdində olan tərəvəzçiliksüdçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyi əldə rəhbər tutulmaqla, növbəlik əsasında verilsin. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********63 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: -Naturada göstərilən torpaq sahəsi keçmiş Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun Ayrıc Aktı daxilində yerləşsə də, təqdim edilmiş yerləşmə sxemi ilə ciddi uyğunsuzluq var. Bununla bağlı ortofoto görüntüsündən çıxarış əlavə edilir. -Göstərilən torpaq sahəsi faktiki hasar daxili 1125,0 kv.m təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********13 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad məlumatı göstərilməmişdir. Belə ki, yerləşmə cizgisində torpaq sahənin yeri səhv işarələnmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi torpaq sahəsi: hüquqmüəyyənedici sənəd üzrə - 1400,0 kv.m və faktiki – 1123,0 kv.m. Torpaq sahəsi daş hasar daxilindədir. İki tərəf yol, iki tərəf qonşudur. Sahədə 1 mərtəbəli yaşayış evi var. Cizgiyə əsasən torpaq sahəsinin yerləşməsi və faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri ilə ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daş hasar daxilindədir. Sözügedən ərazidə 1 (bir) mərtəbəli yaşayış evi mövcuddur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, sahəyə dair təqdim edilmiş cizgidə torpaq sahəsinin yerləşməsi düzgün göstərilməmişdir. Belə ki, cizgidə yol ilə qonşu sahənin mövqeyi faktiki vəziyyətlə uyğun gəlmir. Bundan əlavə torpaq sahəsinin qeydiyyata alınması vəya üst-üstə düşməsi ilə bağlı elektron bazada məlumat aşkar edilməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********01 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X5nə ayrılmış ərazidən 170.0 metr kənarda yerləşir. Həmçinin, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçiliksüdçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qeyd edilsə də, Sizə 0.14 hektar torpaq sahəsi sənəd üzrə normadan artıq ayrılmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Cavabdeh iddiaya etirazında iddiaçının qeyd edilən tələblə inzibati orqana müraciət etmədiyini, bu əsasdan iddianın mümkün sayılmamasını bildirsə də, iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, **********01 nömrəli cavab məktubu daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olmaqla iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etdiyini təsdiq edir. Beləliklə, iddiaya dair ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X5) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan X5 rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X2) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. İşin hallarından görünür ki, iddiaçıya Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı, Buzovna tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokoluna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3-184 saylı sahədə 0.14 ha torpaq sahəsi ayrılmışdır. Adıçəkilən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2003cü il tarixli, 28 nömrəli əmri Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda sovxozun bazasında yaradılmış X2 əmri olmaqla torpağın ayrılmasına dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin müraciətin təminindən imtinasının əsasları aşağıdakılardan ibarət olmuşdur: -Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X5nə ayrılmış ərazidən 170.0 metr kənarda yerləşir. -Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qeyd edilsə də, iddiaçıya 0.14 hektar torpaq sahəsi sənəd üzrə normadan artıq ayrılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********63 nömrəli mütəxəssis rəyində naturada göstərilən torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun Ayrıc Aktı daxilində yerləşdiyi müəyyən olunmuşdur. Eləcə də məhkəməyə təqdim edilmiş ərazinin ortofoto görüntüsündə iddiaçıya aid torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X5nə ayrıc akı ilə ayrılmış ərazi daxilində yerləşdiyi görünür. Beləliklə, iddia olunan torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozu ərazisində, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X2 ayrıc aktı daxilində yerləşdiyi öz təsdiqini tapmışdır. Torpaq sahəsinin ölçüsünə gəlincə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ümumi sərəncam olmaqla sovxozun işçilərinə paylanması üçün sovxozun özünə torpaq sahəsinin ayrılması barədədir. Nəticə etibarı ilə fərdi şəkildə sovxozun fəhlə və qulluqçularına isə torpaq sahəsi sovxoz direktorunun əmri ilə ayrılmışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, Buzovna tərəvəzçilik-südçülük sovxozunun bazasında yaradılmış Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 rəhbəri Fərmanın tələbinə uyğun olaraq sovxozun ərzisindən torpaqayırmanı təsdiq edən səlahiyyətli subyekt qismində çıxış edir, bu halda müəssisənin qeyd etdiyi ölçüdə torpaq sahəsinə dair iddiaçının hüquqlarının yarandığı mübahisə olunmamalıdır. X2 təqdim etdiyi xx.xx.2016-cı il tarixli 1597 nömrəli arayışda da iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki ölçüsü 0,1114 ha olaraq qeyd edilmişdir. İddiaçı iddia tələbində də məhz həmin ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını tələb edir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə o halı da nəzərə alır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bundan əlavə cavabdehin müraciətə dair imtinasında göstərmədiyi, lakin məhkəmə icraatında bildirdiyi torpaq sahəsinin yerləşməsi və faktiki vəziyyət arasında uyğunsuzluqla bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh iddia olunan torpaq sahəsinin təqdim edilmiş cizgidə yerləşməsinin düzgün göstərilmədiyi, cizgidə yol ilə qonşu sahənin mövqeyinin faktiki vəziyyətlə uyğun gəlmədiyini bildirir. Məhkəmə hesab edir ki, hazırkı halda cavabdehin qeyd etdiyi yerləşmə cizgisi ilə bağlı uyğunsuzluq hüququn qeydə alınmasından imtinaya əsas vermir. İşin hallarından müəyyəndir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə X2 əmri ilə yanaşı, torpaq sahəsinin naturada ayrılmasını göstərən cizgi (sxem) də tərtib edilmiş və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Torpaq sahəsinin yerləşmə cizgisində sahənin iki tərəfi qonşu, iki tərəfi yol olaraq göstərilmişdir. Eyni zamanda torpaq sahəsinin ortofoto görüntüsündə də sahənin iki tərəfi yol, iki tərəfinin qonşu sahələr olduğu görünür. Məhkəmə hesab edir ki, əmrlə torpaq sahəsinin iddiaçıya 2003-cü ildə ayrıldığı nəzərə alınarsa, keçən müddət ərzində sahənin ətraf yerləşməsində müəyyən dəyişikliyin ola bilmə ehtimalı (yol istiqamətinin dəyişməsi, yaşayış məntəqəsində yeni məhəllədaxili yolların salınması, qonşu torpaqlarda yaşayış evlərinin tikilməsi və s.) istisna edilmir. Məhkəmə o halı da nəzərə alır ki, torpaq sahəsi daş hasar daxilindədir, iddiaçı iddia edilən torpaqda fərdi yaşayış evi tikmişdir. X5 təqdim etdiyi arayışda iddiaçıya əmrlə ayırdığı və cizgisini tərtib etdiyi torpaq sahəsinə dair mübahisənin olmadığını bilavasitə qeyd etmişdir. Cavabdeh özü də iddiaçının naturada göstərdiyi torpaq sahəsinin hər hansı hüquqla hər hansı şəxsin adına qeydiyyata alınması və ya hər hansı şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı elektron bazada məlumatın aşkar edilmədiyini bildirmişdir. Beləliklə, cavabdeh inzibati orqan naturada göstərilən torpaq sahəsinin əmrlə ayrılmış torpaq sahəsi olmadığı və ya ümumən iddianın təmin edilməsini istisna edəcək torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 3-184 nömrəli, ölçüsü 0,1114 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 3-184 nömrəli, ölçüsü 0,1114 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-210/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-210/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver