Məhkəmə qərarları › İş №2-1(112)-2101/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2101/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2101/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mərkəzielektrik zavodunda əmək fəaliyyətini həyata keçirilməsi nəzərə alınmaqla 3 nəfər ailə tərkibi nəzərə alınmaqla ona Bakı şəhəri, Rizvan Teymurov küçəsi 30, mənzil 418 (hal-hazırda sərəncamla nömrə dəyişdirilərək 69 edilmişdir) ünvanında yaşayış sahəsi ayrılmışdır. Daha sonra həmin yaşayış sahəsinə dair Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, kirayə müqaviləsinin bağlanılması və mənzilin kirayəçi hesab edilməsini xahiş etmişdir. Departamentin 17 dekabr 2021-ci il tarixli sərəncamına uyğun olaraq o, ünvan 2 ünvanında yaşayış sahəsinin kirayəçisi hesab edilərək, onunla mənzil kirayə müqaviləsinin bağlanılması barədə inzibati aktın qəbul edilməsi məqsədəuyğun hesab edilmiş və həmin sərəncam əsasında 22 dekabr 2021-ci il tarixdə onunla 17 kv.m ölçüdə yaşayış sahəsinə dair kirayə müqaviləsi də, bağlanmışdır. Bundan sonra isə, tərəfindən həmin sənədlər nəzərə alınmaqla cavabdehə müraciət edilmiş, lakin cavabdeh çıxarışın verilməsindən sərəncamın 2009-cu ilin 1 oktyabr tarixindən sonra verilməsinə istinad edərək imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır və bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009- cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanının sərəncamı mülkiyyət hüququnun qeydiyyata alınması əsaslarından biri kimi çıxış edir. Lakin, həmin maddənin tələbindən də, aydın olur ki, qeyd olunan sərəncamın 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir. Lakin, iddiaçının adına mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın 2021-ci il tarixdə, yəni 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, mübahisəli daşınmaz əmlak 2021-ci il tarixli sərəncam əsasında iddiaçıya ayrılsa da, həmin mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd kimi daha əvvəllər zavod rəhbərliyinin 11 oktyabr 1989-cu il tarixli 54 nömrəli qərarı əsasında 25 noyabr 1989-cu il il tarixli orderi mövcud olmuş, onun mübahisəli mənzil üzrə hüquqları 2009-cu il oktyabrın 1-dək yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, onun barəsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 107-ci maddəsindən də müəyyən edilir ki, yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Əmək kitabçasının surətindən görünür ki, o, mənzilin ayrıldığı vaxtdan əvvəl qeyd olunan zavodda əmək fəaliyyətini icra etməyə başlamış, mənzilə dair orderdə onun zavodda işlədiyi dövrdə verilmişdir. Həmçinin onun da, qeyd edilməsi zəruridir ki, iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın giriş hissəsindən göründüyü kimi, İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv edilmiş nazirlik, dövlət şirkəti, konsernlərinə, digər təşkilatların müraciətinə əsasən onlara məxsus yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq ünvan 7 edilməklə Deparmentin balansına verilmişdir. Onun yaşadığı keçmiş yataqxana da mənzil fonduna daxil edildiyindən, müraciəti təmin edilmiş, mənzilə dair kirayə müqaviləsinin bağlanılması və iddiaçının kirayəçi hesab olunması qərara alınmışdır. Göründüyü kimi, balanssaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçı və ailə üzvlərinin 2009-cu il oktyabr ayının 1-dən əvvəl qeydiyyatda olmaqla (1988-ci ildən) yaşadığı mənzilə hüquqları tanınmış, şəxsin mənzilin kirayəçisi hesab olunması məqbul hesab edilmişdir. Bundan əlavə, ailə üzvlərinin də, mənzilə mülkiyyət hüquqlarının onun adına qeydiyyata alınmasına razılıq ərizələri də təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-944/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Beləliklə, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının həmin yaşayış sahəsinə, onun həmin mənzilə köçdüyü 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, buradan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993cü ilədək (və bundan sonra) mənzil hüquq münasibətlərinin iştirakçısı olub-olmadığının müəyyən edilməsindən ibarətdir.” Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqeyi ondan ibarət olmuşdur ki, şəxsin mənzilə köçdüyü 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, həmçinin mənzil hüquq münasibətlərinin iştirakçısının olub-olmamasının müəyyən edilməsi iddianın həllində əhəmiyyətli rol oynayır. Məhkəmə qeyd etmək istəyir ki, hazırki mübahisə üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı 1988-cı il tarixdən yaşayış sahəsinə qeydiyyata alınmış, həmin yaşayış sahəsinə münasibətdə müəssisə tərəfindən onun adına müvafiq order verilmiş, bununla da o, mənzilə dair hüquq münasibətinin subyekti olmuşdur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda, onun da qeyd edilməsi zəruridir ki, sərəncamla bağlı cavabdehin imtina şərti qəbul olunsa belə, zavodun mənzilin ayrılması barədə qərarı və orderi özlüyündə hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Belə ki, yuxarıda istinad olunan maddədə orderin və kirayə müqaviləsinin mütləq qaydada yerli icra hakimiyyəti orqanı tərəfindən bağlanılması zərurəti müəyyən edilməmiş, cümlə quruluşundan da aydın olur ki, sərəncam sözü ancaq yerli icra hakimiyyəti orqanı ilə bağlı olmuş, order və kirayə müqaviləsinə münasibətdə isə belə bir tələb müəyyən edilməmişdir. Belə ki, istər order sözünün maddədə orderi formasında yox order formasında göstərilməsi, istərsə də kirayə müqaviləsi ifadəsinin ayrılıqda işlədilməsi zərurəti (belə ki, kirayə müqaviləsi hər hansı inzibati orqanın özünün müqaviləsi olmayıb bərabərtərəfli subyektlərin bağladığı və hər hansı qurumun sahibliyində olmayan əqd hesab olunur) kirayə müqaviləsi və orderin 2009-cu ilə qədər vermək səlahiyyəti olan balansaxlayıcı tərəfindən vətəndaşa təqdim edildiyi halda həmin sənədlərin sərəncam kimi hüquqmüəyyənedici elementləri ehtiva etdiyini təsdiq edir. Belə olduğu təqdirdə isə, təkcə sərəncamın tarixinə istinad edilməsi, əvvəllki balanssaxlayıcının 2009-cu ildən əvvəl mülkiyyət hüququnu təsdiq edən order və qərarın qəbul edilməsinin nəzərə alınmaması mülkiyyət hüququnu pozmuşdur. İddianın mahiyyətindən əvvəl, həmçinin mümkünlüyü ilə bağlı da, onu qeyd etmək istərdi ki, iddia mümkünlük şərtləri ödənilməklə təqdim edilmişdir. Belə ki, ona verilən imtina məktubu cavabdehin üst qurumu olan publik hüquqi şəxs tərəfindən verilmişdir ki, imtinanın məhz cavabdeh İdarə tərəfindən verilməməsi hesab edir ki, mümkünlük şərtlərinin ödənilməsinə təsir etməyən haldır. Belə ki, yenicə müəyyən edə bilmişdir ki, cavabdeh publik hüquqi şəxs yox, ərazi idarəsi çıxarışı təqdim edir. Lakin, üst qurum və onun əməkdaşları bu barədə detallı məlumata malik olsa da, ərazi idarəsinə məktubu aidiyyəti üzrə göndərməmiş, əksinə ərazi idarələrində formalaşdırdığı mövcud inzibati praktikaya uyğun olaraq ona çıxarışın verilməsindən imtina etmişdir ki, üst qurumun mövqeyinin ərazi idarəsi üçün də məcburiliyi aydın olmaqla, düşünür ki, ayrıca ərazi idarəsinə müraciət etməsi mülkiyyət hüququnun pozuntusu müddətinin davam etdirilməsinə xidmət edər. Odur ki, iddianın mümkün sayılmasını, cavabdehin üst qurumunu özünü iddiaya münasibətdə səlahiyyətli sayması nəzərə alınmaqla hazırkı imtinanın cavabdehin imtinası kimi nəzərə alınmaqla iddianın mahiyyəti üzrə baxılmasını xahiş edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir.Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinaya uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Mərkəzielektrotökmə” Zavodunda (sonradan Bakı "xxxx"ASC adlandırılmışdır) işləmişdir. İşdə olan Bakı "xxxx"ASC tərəfindən verilmiş “Yataqxanada mənzil sahəsi tutmaq hüququ” barədə 25 oktyabr 1989-cu il tarixli orderin dublikatından görünür ki, Qurbanov X1 zavodunda çıxarıcı vəzifəsində işəmişdir. Yataqxanada mənzil sahəsi tutmaq üçün ASC-də işlədiyi müddətdə ailə tərkibi: X5 – xx.xx.1959-cu il təvəllüdlü, X10 – arvadı, xx.xx.1963-cü il təvəllüdlü, X6 – qızı - xx.xx.1989-cu il təvəllüdlü. Yataqxana ünvanı: ünvan 3inə əsas “Mərkəzielektrotökmə” Zavodunun rəhbərliyi və HİK-nin 11 oktyabr 1989-cu il tarixli 54 nömrəli qərarı. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 76 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq ünvan 7 edilməklə Departamentin balansına verilmişdir. ünvan 4 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 1988-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşən 30 saylı evin, yaşayış sahəsi 17,0 kv.metr olan 1 otaqlı 69 saylı mənzilində 5 nəfər ailə üzvü ilə (özü, arvadı və 3 qızı) yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşən 30 saylı evin, yaşayış sahəsi 17,0 kv.metr olan 1 otaqlı 69 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, arvadı və 3 qızı) İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. İşdə olan sxemdən görünür ki, 83 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən ünvan 5 ünvanında yerləşən 69 saylı mənzilin sxemi tərtib və təsdiq olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi haqqında” birtipli müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə 83 saylı Mənzil Kommunal İstismar Sahəsi arasında mənzil kirayə müqaviləsi bağlanılmışdır. İşdə olan 83 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 05 nömrəli 05 yanvar 2022-cii l tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 17 kv.m sahəsi olan, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzildə yaşayır. Mənzildə yaşayış yeri üzrə daimi qeydiyyatda olanlar İddiaçı, X11 (arvadı), X7 (qızı), X8 (qızı) və X2r (qızı). İşdə olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, sözügedən mənzildə qeydiyyatda olan X11, X7, X8 və Lazımova (Qurbanova) Zülfiyyə Fərhad qızı ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə və daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış və texniki pasport verilməsinə etiraz etmirlər. İşdə olan 04 avqust 2022-ci il tarixli, **********06 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildrilmişdir ki, sözügedən ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 76 saylı sərəncamı, xx.xx.2021-ci il tarixində verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi təqdim edilməlidir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 76 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı əsasında ayrılsa da, onun mübahisəli mənzilə dair hüquqları xx.xx.2021-ci il tarixdən deyil, işlədiyi “Mərkəzielektrotökmə” Zavodunun rəhbərliyinin və Həmkarlar ittifaqı Komitəsinin 11 oktyabr 1989-cu il tarixli, 54 nömrəli qərarına əsasən ayrılmış və ona həmin mənzilə dair 25 oktyabr 1989-cu il tarixli order verilmişdir. Beləliklə, onun mübahisəli mənzilə dair hüquqları 1989-cu ildən yaranmışdır. Lakin, sonradan Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq ünvan 7 edilməklə Departamentin balansına verildiyindən, ünvan 6 ünvanda yerləşən keçmiş yataqxana binası da ünvan 7 edildiyindən, iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilmişdir. Göründüyü kimi, İddiaçı qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisidir, həmin mənzilə dair onun adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqularını saxlayırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, ev 30 ünvanında yerləşən 69 saylı mənzilə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar