Məhkəmə qərarları › İş №2-1(112)-2102/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2102/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2102/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının hüquqi varisi X5, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MTK, X8 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 1 bloklu yaşayış binasının XVİİİ mərtəbəsində yerləşən sahəsi 534,8 kv.m olan 61 saylı mənzilə dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən XVİİİ mərtəbəsində yerləşən sahəsi 534,8 kv.m olan 61 saylı mənzili yuxarıda qeyd olunan təşkilatdan satın almışdır. Yaşayış binasının inşası başa çatmış, mənzilin dəyəri tam ödənilməklə halhazırda istifadəsindədir. Lazımı sənədləri toplayıb qeyd olunan ünvanda yerləşən mənzilə dair müvafiq çıxarışın alınması məqsədi ilə cavabdeh təşkilata ərizə ilə müraciət etsə də, cavabdeh təşkilat qanunla müəyyən edilmiş müddətdə ərizəsinə cavab verməmişdir. Cavabdehin hərəkətsizliyi qanuna ziddir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-301/2018 nömrəli, 23.01.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binasının XVİİİ mərtəbəsində yerləşən sahəsi 534,8 kv.m. olan 61 saylı mənzilə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh İdarənin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Məhkəmənin 11.09.2020-ci il tarixli, 2-1(81)-301/2018 nömrəli qərardadı ilə "xxxx" MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 301/2018 saylı, 23.01.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnərək "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 19.11.2020-ci il tarixli, 2-1(112)-7067/2020 nömrəli qərardadı ilə X8, 18.02.2021-ci il tarixli, 2-1(112)-2102/2021 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı 08.02.2020-ci ildə öldüyündən məhkəmə tərəfindən iddiaçının oğlu Anar Zeynalov prosessual hüquq varisi kimi məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi X9 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsusdur və bununla bağlı kooperativ müvafiq sənədlər - 12 oktyabr 2004-cü il tarixli, 234 №-li Bakı şəhər İcra Başçısının sərəncam, Bakı şəhəri xəritəsindən çıxarış, ayrılmış torpaq sahəsinin cizgisi, ayrıc aktı, 09 dekabr 2019-cu il tarixli, 246 №-li istismara icazə, 06 dekabr 2019-cu il tarixli rəy, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu və s. sənədlər MTK-nin adına verilmişdir. Hazırki iş üzrə İddiaçı "xxxx" MTK-ə məxsus ünvan 1, inşa edilmiş çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 534,8 kv.m. olan 61 saylı mənzilə dair çıxarışın verilməsini iddia edir. İddia tələbini də onunla əsaslandırılmışdır ki, həmin mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alqı-satqı müqaviləsi bağlamış və mənzilin dəyərini tam ödəmişdir. Həmin iş üzrə də cavabdeh mənzilin hüquqmüəyyənedici sənədlərin olmadığı üçün mənzilə dair çıxarışın verilməsi ilə bağlı iddiaçıya imtina etmişdir. Qeyd etdiyi mənzilə dair İddiaçı adına çıxarışın verilməsi qeyri mümkündür. Belə ki, "xxxx" MTK-i "xxxx" MMC-i ilə 05 mart 2006cı il tarixdə müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmış, həmin müqavilənin 3.1.14-cü bəndində qeyd edilmişdir ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK-i tərəfindən bağlanır. Qeyd etdiyi müqavilə ilə "xxxx" MMCnin mənzillərin satılmasına faktiki hüquqi olmamış və "xxxx" MTK-nin həmin müqavilədən ümumiyyətlə məlumatı olmamışdır. İddiaçının mübahisəli mənzilə dair çıxarışın alınması tam ixtiyarsızdır. Eyni zamanda iddiaçı çıxarışın verilməsi ilə bağlı müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmişdir, ona görə də hesab etmişdir ki, cavabdehin verdiyi imtina əsaslıdır. Bundan əlavə iş materiallarından görünür ki, İddiaçı mübahisəli mənzilə dair "xxxx" MMC-i ilə müqaviləni bağlayarkən həmin müqaviləni "xxxx" MMC-i tərəfindən Çingiz Məmmədov imzalamışdır. Qeyd etdiyi müqavilədə Çingiz Məmmədov "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru göstərilmişdir. 10 mart 2021-ci il tarixli Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin verdiyi məktubda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi halhazıra kimi X12r. Beləliklə iddiaçı mübahisəli mənzilə dair bağladığı müqavilə Cəmiyyətə heç bir aidiyyatı və hüquqi olmayan şəxslə bağlanılmışdır. Faktiki olaraq həmin müqavilə özü-özlüyündə etibarlı deyil və qanun pozuntusu ilə bağlanılmışdır. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxslər X8 və X6 lazımi qaydada xəbərdarlıq edilsələr də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 22.11.2016-cı il tarixli, 143 №-li müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının XVİİİ mərtəbəsindəki 61 №-li 534,8 kv.m. mənzilini tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 802200 (səkkiz yüz iki min iki yüz) manat müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 22.11.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən 1 bloklu binanın XVİİİ mərtəbəsində yerləşən 534,8 kv. metr sahəsi olan 61 saylı mənzilə görə bağlanmış 22.11.2016-cı il tarixli, 143 saylı müqavilə üzrə şirkətə heç bir borcu qalmamışdır. - 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İİ 064137 №-li, 19.02.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 08.02.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 02 ayının 19 günündə 366 № ilə qeyd edilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən və poçt qəbzindən görünür ki, iddiaçı ona məxsus kooperativ mənzilə çıxarış və texniki pasportun verilməsinə köməklik edilməsini xahiş etmiş, həmin ərizə cavabdeh tərəfindən 21.09.2017-ci ildə qəbul edilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********60 №-li, 02.04.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-301/2018 saylı, 23.01.2017-ci il tarixli qərarının icrası təmin edilmiş, ünvan 2 ünvanına dair İddiaçı adına çıxarış hazırlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* №-li, ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 432,6 kvm. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə 02.03.2018-ci il tarixdən İddiaçı məxsusdur. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********75 №-li, 04.11.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xidmətinin 531853 №-li, 30.09.2019-cu il tarixli çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən, ev 1, mənzil 61-in 109,0 kv.m.-i X3 xüsusi mülkiyyətindədir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12 oktyabr 2004-cü il tarixli, 237 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncam ilə Bakı şəhəri Nəsimi RİH-in 01.10.2004-cü il tarixli, 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli, A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 07/81 №-li, 08.05.2007-ci il tarixli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktının surətindən görünür ki, "xxxx" MTK-ya Bakı şəhər İHB-nın 12.10.2004-cü il tarixli, 237 №-li sərəncamı ilə Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə yaşayış binası, iş mərkəzi və yeraltı avtodayanacaq tikintisi üçün 0,6626 hektar torpaq sahəsi ayrılmışdır. - “Sifarişçi” - "xxxx" MTK və “Podratçı” - "xxxx" MMC arasında bağlanmış 05.03.2006cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi”-nin tapşırığı ilə “Podratçı” öz vəsaiti və riski ilə Bakı şəhəri icra Hakimiyyəti Başçısının 237 №-li, 12.10.2004 cü il tarixli Sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, 717-cı məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mexmanxanası yerləşdiyi 0,673 ha. torpaq sahəsinə Dilarə ƏJİyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10242 kv.m., yaşayış sahəsi 8022 kv.m. yaşayış binası və 2220 kv.m. ticarət obyektin inşa edilməsini (bundan sonra müqavilədə «Obyekt» adlanacaq) öhdəsinə götürür, «Sifarişçi» isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşaedilməsi nəzərdə tutulan «Obyekt»in müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi razılaşdıraraq «Podratçı»ya təhfil verməyi öhdəsinə götürür. 3.1.12-ci bəndinə əsasən “Podratçı” obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər 3.1.14-cü bəndinə əsasən mənzillərin satılması üçün alıcılara bağlanan müqavilə "xxxx" MTK tərəfindən bağlanır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 09.12.2019-cu il tarixli, 246 №-li istismara icazənin surətindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) sahibi olduğu Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. - Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubun surətindən görünür ki, binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubuna baxılmışdır. Bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli, 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini birgə idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. - Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X1 Baş İdarəsi tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış 28 avqust 2020-ci il tarixli məktubun surətindən görünür ki, müraciətləri əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26 iyul 2019-cu il tarixli, 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində "xxxx" MMMC əvəzinə "xxxx" MTK oxunmalıdır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 09.09.2020-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 5 ünvan D.Əliyeva 198) 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı müraciətlərinə Komitədə baxılmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış anoloji məzmunda müraciətlərə 21.08.2020-ci il tarixli, 37/36-05059 nömrəli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli, 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X1 Baş İdarəsinin təqdim olunan 28.08.2020-ci il tarixli, 37/36-01251 nömrəli məktubunda bina üzrə 26.07.2019-cu il tarixli, 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə "xxxx" oxunmalı olduğu bildirilmişdir. 09.12.2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı barədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020-ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. - Məhkəmə qərarlarının surətlərindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 nömrəli, 02.09.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edilərək, ünvan 6dəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsinin iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 nömrəli, 06.12.2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanılan «ünvan 6də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin.» hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-158/2019 nömrəli, 09.04.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06.12. 2018-ci il tarixli, 2-2(103)-662/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20.08.2021-ci il tarixli, 2-2(103)-783/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2-2(113)-731/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC, X10 qarşı vurulmuş ziyanın tutulması, müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20.08.2021-ci il tarixli, 2-2(103)-783/2021 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2-2(113)-731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 22.11.2016-ci il tarixli, 143 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının XVİİİ mərtəbəsindəki 61 №-li, sahəsi 534,8 kv.m. olan mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib 802200 (səkkiz yüz iki min iki yüz) manatı ödəməsini öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 22.11.2016-cı il tarixli maliyyə arayışına əsasən iddiaçının 22.11.2016-cı il tarixli, 143 saylı müqavilə üzrə şirkətə heç bir borcu qalmamış, müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən müraciətinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; - 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; - 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; - 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; - 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; - 24-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 nömrəli iş üzrə 02 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 6 ünvanındakı iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmişdir. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə iddiaçı arasındakı 22.11.2016-cı il tarixli, 143 nömrəli müqavilə üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır. Qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən, iddiaçı müraciəti üzrə inzibati orqan tərəfindən aparılan inzibati icraatda müvafiq mənzilin yerləşdiyi binanın “istismara icazə” sənədinin təqdim etməsə də, həmin sənəd Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. Belə olan təqdirdə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutularaq, iddiaçının mənzilinin yerləşdiyi binanın “istismara icazə” sənədinin ilkin müraciət zamanı təqdim edilməməsi, inzibati orqanın imtinası üzrə əsaslar sırasında formal saxlanılmış olur və hazırda imtina üçün əsas sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin hərəkətsizliyi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 1 bloklu yaşayış binasının XVİİİ mərtəbəsində yerləşən sahəsi 534,8 kv.m olan 61 saylı mənzilə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 1 bloklu yaşayış binasının XVİİİ mərtəbəsində yerləşən sahəsi 534,8 kv.m olan 61 saylı mənzilə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar