Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2102/2023 03.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Komissiyanın xx.xx.2020-ci il tarixində verdiyi qərarın ləğv edilməsini, əlilliyinin təyini üçün ona yenidən 2 saylı X1 Forma 88 saylı arayışının göndərilməsinə və komissiyaya girməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və iddia tələbinin “cavabdehin 14 iyul 2022-ci il tarixli qərarının ona ad hissədə ləğv edilməsi və ona üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş, iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ehtiyyatda olan polkovnik-leytenant kimi o, 1992-ci ildə Bakı Ali Birləşmiş komandanlıq məktəbinə daxil olmuş və 1996-cı ildə həmin məktəbi "Motoatıcı” ixtisası üzrə bitirmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. xx.xx.2015-ci il tarixdə öz arzu ilə hərbi xidmətini yekunlaşdırıb təqaüdə çıxmışdır. O, 1992-ci ildə Ağdam, 1994-cü ildə Murovdağ istiqamətində döyüşlərdə yaxından iştirak etmişdir. 44 günlük “Vətən müharibəsində” N saylı hərbi hissənin 5-ci tabor komandiri olmuşdur. 9 noyabr 2020-ci il tarixdə “Qırmızı Bazar” istiqamətində düşmən üzərinə hücum zamanı düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində çoxsaylı qəlpə yaraları ilə yaralanmışdır. Cavabdeh yaralanma nəticəsində əlilliyini düzgün təyin etməmişdir. Cavabdeh tərəfindən Vətən müharibəsi zamanı yaralanma, əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə verilən qərarda həkimlərin verdiyi diaqnoz dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Yaralanma nəticəsində o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Akademik Mirqasımov adına RKX-da, xx.xx.2020,xx.xx.2020, xx.xx.2021-MN MHP-da, xx.xx.2021-xx.xx.2021 – 3 nömrəli Şəhər Klinik xəstəxanasında, xx.xx.2021-Respublika Diaqnostika Mərkəzində, xx.xx.2021 – SQ BKH-da, xx.xx.2022-xx.xx.2022-Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2021-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Sonda ona Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı ilə mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxil olmalarla, mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu qoylmuşdur. Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə idarəsinin Baş Psixiatrı tərəfindən müayinə olunmuş, "Posttravmatik stress pozuntusu, Postkommosion sindrom" diaqnozu qoyulmuş, Səhiyyə Nazirliyinin Baş Nevroloqu tərəfindən müayinə olunmuş, "Keçirilmiş kəllə-beyin travmasından sonrakı hal, Postkommosion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomnik sindrom və çoxsaylı mikronevroloji simptomatika ilə" diaqnozu, Barotravma nəticəsində (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin, hər iki baldırın kor qəlpə yaralanmasına, İİİ proksimal falanqası sınığına görə aparılmış yaraların birincili işlənməsi, gips longeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpə). Partlayış travması Kranial KT müayinəsi (xx.xx.2020) – sağ orbitanın yuxarı bayır divarına sancılmış 3x4 mm ölçüdə metal qəlpə qeyd edilir, (xx.xx.2020) nəticəsində sağ orbitanın yuxarı bayır divarının yad cismi (metal qəlpə). HHKnın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 14b,17b,23c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır diaqnozu qoyulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 6 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 0063003AADM9 saylı göndərişi əsasında baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 2748003AAAQJ saylı göndərişi əsasında iddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmuş və Əlavə müalicəyə ehtiyacın olması - Səbəb stasionar müalicəyə ehtiyac, vardır." səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli saylı göndərişi əsasında iddiaçı xx.xx.2022-ci il tarixdə təkrar əyani müayinə olunmuş və “Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə 14 iyul 2022-ci il tarixli **********5 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati aktın qəbul edilməsi üçün qaldırdığı bu iddia məcburetmə haqqında iddia olmaqla inzibati mübahisədir. İddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcudur və məhkəməyəqədər cavabdeh orqana müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən sonra qanunla müəyyən edilmiş 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 3370 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, anamnezə əsasən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Xocavənd rayonu istiqamətində "Partlayış travması. Hər iki baldırın, sol əlin sağ saidin kor qəlpə yaralanması. Sol əlin İİİ barmağının açıq qəlpəli sınığı” xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 5389 nömrəli travma haqqında arayış). İlk tibbi yardım olunduqdan sonra Hadruda təxliyə olunmuş, oradan Füzuli RMX-na göndərilib. Deməsinə görə bir gün orada nəzarətdə qaldıqdan sonra Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə olunmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Akademik Mirqasımov adına RKX-da "Hər iki baldırın, sol əlin, sağ saidin qəlpə yarası, sağ gözün travması” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 26180 nömrəli çıxarış epikrizi), xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə MN MHP-nın HHK-sı tərəfindən şəhadətləndirilərək xəstəliyinə görə hər dəfə 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir. xx.xx.2020xx.xx.2020-Akademik Mirqasımov adına RKX-da; xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-MN MHP-da, xx.xx.2021-Respublika Diaqnostika Mərkəzində; xx.xx.2021- xx.xx.2021-SQ BKH-da; xx.xx.2022-xx.xx.2022-Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Verilən suallara əsəbi, qısa cavablar verir. Yaddaşı zəifləmişdir. Zahirən narahatdır, gərgindir. Əhval ruhiyyəsi dəyişkəndir. Davranışı qeyri-adekvatdır. Bir yerdə qərar tutmur. Bələdliliyi hər növlər üzrə saxlanılır, müsbət psixoproduktiv simptomatika qeyd edilmir. Emosional labildir. Pıçıltı nitqini eşitməsi sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 4 (dörd) məsafədəndir. Şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı aşağıdakı kimi olmuşdur: Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş kəllə-beyin travmasından sonrakı hal. Postkommosion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomnik sindrom və çoxsaylı mikronevroloji simptomatika ilə. Barotravma nəticəsində (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin, hər iki baldırın kor qəlpə yaralanmasına, İİİ proksimal falanqası sınığına görə aparılmış yaraların birincili işlənməsi, gips longeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpə). Partlayış travması (xx.xx.2020) nəticəsində sağ orbitanın yuxarı bayır divarının yad cismi (metal qəlpə). Şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı aşağıdakı kimi olmuşdur: "Xəstəliklər cədvəli"nin 14b,17b,23c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: hərbi travmadır, azərbaycan respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinə Bakı 6 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 0063003AADM9 saylı göndərişi əsasında baxılmış və “X2: XİX Sinif – Travmalar. zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 –Başın travmaları => S06 – Kəllədaxili travma => S06.0 – Baş beynin silkələnməsi; Diaqnozun mətni: Baş beynin silkələnməsi, Keçirilmiş kəllə beyin travması (xx.xx.2020). Barotravma. Başın travmalarının nəticələri. Postkontuzion sindrom, Asteno nevrotik sindrom. Hər iki baldır nahiyyəsinin hipertrofik çapıqları. Sol əlin İİİ daraq sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli sensinevral ağıreşitmə İİ-İİİ dər. Gözün və göz yuvasının travması, OU-Torlu qişanın angiopatiyası (VİS OU-1.0.);” diaqnozuna cavab olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Həmçinin iddiaçının əlillik vəziyyəti Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 2748003AAAQJ saylı göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş, “X2: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07- Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Poskomission sindrom, Üzvi qapalı kəllə beyintravması (Barotravma). Şəxsiyyət pozuntusu depressiv daxilolmalarla. Posttravmatik stress pozuntu.” Dianozu üzrə “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb stasionar müalicəyə ehtiyac, vardır." səbəbi ilə imtina verilmişdir. İddiaçının əlilliyi Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə təkrar qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 14 iyul 2022-ci il tarixli **********5 nömrəli qərarından görünür ki, Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0063003AADM9 nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir, 2748003AAAQJ nömrəli göndərişi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Qərarda qeyd olunmuşdur ki, vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 3370 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom.Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş kəllə-beyin travmasından sonrakı hal. Postkommosion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomnik sindrom və çoxsaylı mikronevroloji simptomatika ilə. Barotravma nəticəsində (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin, hər iki baldırın kor qəlpə yaralanmasına, İİİ proksimal falanqası sınığına görə aparılmış yaraların birincili işlənməsi, gips longeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpə)”. Diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli, 8168 nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu.Postkommosion sindrom.” Kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 05.02-xx.xx.2022-ci il tarixli 1420/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Posttravmatik sindrom, üzvi (qapalı kəllə beyin travması, barotravma) şəxsiyyət pozuntusu deptessiv daxilolmalarla. Posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, qulaqlarında küydən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaşın pozulmasından şikayətlənmişdir. Posttravmatik stress əlamətləri, anamnezdə emosionalvegetativ labillik əlamətləri izlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən qərarla razılaşmayaraq ona üçüncü dərəcə əlillik təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçının hazırda mövcud olan xəstəlik və qüsurlarının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalar İddiaçı əlillik dərəcəsinin təyininə əsas verirmi?
2. İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalar İddiaçı əlillik dərəcəsinin təyininə əsas verirsə, iddiaçıya neçənci dərəcə (qrup) əlillik təyin edilməlidir? Məhkəmənin həmin qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş T 618/2022 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qərara alınmışdır ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş 2748003AAAQJ saylı (Forma 088) göndərişində qeyd olunmuş “Postkontuzion sindrom, Posttravmatik stress pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Nazirlər Kabinetinin 413 yaxud 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin təyininə dair” meyarların hər hansı bir bəndinə aid etmək mümkün olmadı. İddiaçının sağlamlıq vəziyyətinin ona qoyulmuş diaqnoza uyğun olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1974-cü il təvəllüdlü İddiaçı canlı müayinə olmaqla müəyyən edilsin ki, Bakı 2 saylı Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 2748003AAAQJ nömrəli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?
2. xx.xx.1974-cü il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (canlı müayinə olunmaqla) və həmin xəstəliyin beynəlxalq təsnifat kodu nədir? Həmin qərardada əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4 ekspertləri tərəfindən tərtib edilmiş T 311/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qərara alınmışdır ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) “V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07- Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Postkontuzion sindrom, Posttravmatik stress pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu qeyd edilmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı o, əyani müayinəyə göndərilmiş və ona “Baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv daxiolmalarla. F07.0, F06.3” diaqnozu müəyyən edilmişdir. Hal-hazırda İddiaçı əziyyət çəkdiyi xəstəliklə 2748003AAAQJ nömrəli Forma 88-də qoyulan diaqnozlar tam üst-üstə düşür. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçıya qoyulan diaqnozun onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olması, yəni iddiaçıda V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07- Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Postkontuzion sindrom, Posttravmatik stress pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu” xəstəliyinin olması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, tibb müəssisəsinin həkim-məsləhət komissiyası iddiaçının sağlamlıq vəziyyətini qiymətləndirərək ona “X2: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07- Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Poskomission sindrom, Üzvi qapalı kəllə beyintravması (Barotravma). Şəxsiyyət pozuntusu depressiv daxilolmalarla. Posttravmatik stress pozuntu.” diaqnozu qoymuş və bu barədə xx.xx.2022-ci il tarixdə göndərişi Əlillik altsisteminə ötürmüş, cavabdeh isə həmin göndəriş əsasında qiymətləndirmə aparmaqla diaqnozun əlillik təyin etməməsi əsası ilə iddiaçıya imtina cavabı vermişdir. Habuki xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. - 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. - 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci yarımbəndinə əsasən baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular əhvalın üzvi mənşəli (affektiv) pozuntusu - F06.3- əlillik müəyyən edilməsi üçün tələb olunan meyarlara daxil edilmişdir. Həmin Əlavənin 7.6.2.1-ci yarımbəndinə əsasən qiymətləndirmə aşağıdakı formada həyata keçirilir: - 7.6.2.1.əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60 faiz - 2 il; - 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80 faiz – 2il. Qeyd. Bu bölmədə üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdən keçirilə bilər. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz əlilliyin müəyyən edilmə meyarlarında mövcud olmuş, həmin diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğun olması isə ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-i n 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 iyul 2022-ci il tarixli **********5 saylı qərarı İddiaçı aid olan hissədə ləğv edilsin. İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova