Məhkəmə qərarları › İş №2-1(112)-2103/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2103/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2103/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı «dəymiş ziyanın ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (bundan sonra – Universiitet) rəhbərliyi tərəfindən törədilmiş qanunsuzluq halına görə iddia qaldırır. Universitetin rəhbərliyi tərəfindən dövlət qanunları pozulmuşdur. Universitetə qəbul olunma adı ilə 4.000 ABŞ dolları pul ödətdirilmişdir (hər il 2.000 ABŞ dolları olmaqla). Nəticədə bununla iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurmaqla yanaşı, onun təhsil həyatından 2,5 il vaxt itirilmişdir (məhv edilmişdir). 2018-ci ildə iddiaçı ailəsi ilə birlikdə Rusiya Federasiyasından daimi yaşayış yerindən Azərbaycan Respublikasına köçmüşlər. Onun ali məktəbə qəbul olması üçün Universitetə müraciət olunuşdur. Təəssüflər olsun ki, tam məlumat verilməmişdir. Yəni, iddiaçının yaxın qohumu öncədən qəbul qaydaları və şərtləri ilə maraqlanmış və Universitet rəhbərliyinin (prorektorunun) qəbulunda olmuşdur. Qəbulda qohumu Universitet rəhbərliyinə bildirmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. Lakin qarşı tərəf bununla bağlı problem olmayacağını, iddiaçının xarici ölkə vətəndaşı sayıldığını qeyd etmiş və sentyabr ayının 15-də Universitetə yaxınlaşmağı tövsiyə etmişdir. Göründüyü kimi, Universitetdən məsələ ilə bağlı ətraflı araşdırma aparılmadan, sorğu-sual edilmədən yanlış məlumat verilmişdur. Həmin ilin sentyabr ayının əvvəllərində iddiaçı anası və digər qohumu ilə birlikdə yenidən Universitet rəhbərliyinin qəbuluna getmişlər. Onlara qəbul qaydaları təkrarən tam edilməmişdir. Bir neçə gündən sonra iddiaçını Universitetə xarici ölkə vətəndaşı kimi qəbul etmişlər. Bütün sənədlər toplandıqdan sonra 1 illik qeydiyyatla bağlı Universitet Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. AR Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar edilmişdir ki, iddiaçı həmçinin Azərbaycan Respublikası vətəndaşlığının mənsubiyyətini daşıyır. Bu məsələdən iddiaçı və yaxınları xəbərsiz olmuşlar. Nəticədə, iddiaçıya miqrasiya kartının verilməsindən imtina edilmişdir. Bundan sonra, yaranmış vəziyyətlə bağlı hansı addımın atılmalı olduğu sualı ilə iddiaçının nümayəndəsi Universitet rəhbərliyinə müraciət etdikdə bildirilmişdir ki, o, yəni iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməlidir. Lakin bu, mümkün deyildir. İddiaçının dəfələrlə müraciətinə baxmayaraq, Universitet rəsmisi (prorektor) vəziyyətin sabit olduğunu və iddiaçının təhsilini davam etdirməsinin mümkünlüyünü bildirmişdir. Universitet rəhbərliyi qanunun tələblərini bildiyi halda, məsələ ilə bağlı tədbir görməmişdir. Universitet təhsil dövründə iddiaçını onun Azərbaycan Respublikası Təshil Nazirliyinin (hazırkı Elm və Təhsil Nazirliyinin) məlumat bazasında qeydiyyatda olmaması ilə bağlı xəbərdar etməmişdir. İddiaçı bu vəziyyətdən xəbərdar olmadığından, təhsilini müvafiq təhsil ödənişlərini aparmaqla davam etdirmişdir. Universitet rəhbərliyinin məsələyə buganə münasibətinə görə, qəbul zamanı peşəkar yanaşma həyata keçirilməmişdir. Mühüm hal ondan ibarətdir ki, anası Azərbaycan Respublikası vətəndaşı olduğu halda, iddiaçını xarici ölkə vətəndaşı kimi qəbul etmişlər. Hətta ona ali təhsilə qəbulla bağlı başqa imkanların (qayda və şərt) olması barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçı növbəti 2019-cu il üçün X9 imtahan verməklə Universitetə qəbul ola və hazırkı probleçlə üzləşməyə bilərdi. Lakin həmin vacib məlumatlar ona bildirilmədiyindən, iddiaçı Azərbaycan Respublikası vətəndaşı ilə müqayisə iki dəfə artıq təhsil haqqı ödəmiş, müvəffəqiyyət dərəcəsi əla olduqda təqaüdçülər siyahısına düşməmişdir. 2020-ci ilin oktyabr ayında isə, iddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilmişdir ki, onun adı Təhsil Nazirliyinin məlumat bazasında qeydə alınmammışdır və hərbi xidmətinin təxirə salınması mümkünsüzdür. Bundan sonra, iddiaçı və nümayəndəsi Universitet rəhbərliyi ilə əlaqə saxlanmışlar və onlara bildirmişdir ki, bu işin Universitetlə əlaqəsi yoxdur, məsələ Dövlət Miqrasiya Xidməti vasitəsilə həll olunmalıdır. Müzakirələr zamanı Universitet rəhbərliyi məsələnin Miqrasiya Xidməti ilə həllinin əvvəlcədən mümkünlüyünü bildirdi halda, hazırkı vəziyyətdə həllinin olmadığını bildirmiş və belə təəssürat yaratmışdır ki, iddiaçıya yalnız da olsa güzəşt olunmuşdur. Növbəti danışıqlar zamanı isə, Universitet rəhbərliyi məsələdə özünün səhvinin olmadığını və vəziyyətin iddiaçının səhvi ucbatından yarandığını iddia etmişdir. İddiaçı 23 dekabr 2020-ci il tarixdə AR Təhsil Nazirliyinə müraciət edərək, Azərbaycan Respublikası vətəndaşlığını bərpa etməklə üçüncü kursdan Azərbaycan Respublikası vətəndaşı kimi təhsilini davam etdirməsini xahiş etmişdir. Həmin müraciəti cavabını gözləmədən iddiaçıya onun Universitetdən xaric edilməsi barədə rektorun imzası ilə əmr təqdim edilmişdir. Universitet rəhbərliyi ilə (rektorla) əlaqə saxlanılaraq, məsələnin həlli imkanlarının aydınlaşdırılmasına cəhd olunsa da, nəticə əldə edilməmişdir. İddiaçının nümayəndəsinin Universitet rəhbərliyi ilə telefon danışığında qurumdan cavab belə olmuşdur ki, “Sizin probleminizdir, Universitetlə bağlı bir məsələ yoxdur, ödənilmiş təhsil haqqı geri qaytarılmır, hansı orqana istəsəniz şikayət edə bilərsiniz”. 18 dekabr 2020-ci il tarixdə iddiaçının xəbəri olmadan Universitetdən xaric olunması barədə əmr verilmişdir. İddiaçı bu əmrdən məlumatsız olduğundan, onlayn şəkildə dərslərə qatılmışdır. Universitetdən xaric edilməsi barədə əmrin mövcudluğu barədə məlumat iddiaçıya Universitetin rəhbərliyi tərəfindən deyil, başqa bir işçisi tərəfindən verilmişdir. 4.000 ABŞ dolları ödədikdən sonra, iddiaçıya 1.001,18 ABŞ dolları borcunun olduğu bildirilmişdir. Nəhayət, Təhsil Nazirliyindən müvafiq müraciətə 29 mart 2021-ci il tarixdə cavab alınmışdır. Cavab məktubundan aydın olur ki, iddiaçının ali təhsil müəssisəsinə X5 kənar qəbulu tamamilə qanunsuz sayılmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşı mənsubiyyəti daşıdığı olduğu halda, onu xarici ölkə vətəndaşı kimi qəbul etmişlər. Bundan sonra müvafiq qurumlara müraciətlər ünvanlansa da, müsbət nəticə əldə olunmamışdır. İddiaçı ona qanunsuz hərəkətlər nəticəsində 30.000 manat məbləğində ziyanın ödənilməsi tələbi ilə Universitet rəhbərliyinə müraciət etmişdir. Lakin Universitet rəhbərliyi onun tələbini əsassız və qanunsuz hesab etmişlər. Göstərilənlərə əsaslanaraq, cavabdehdən iddiaçıya dəymiş 30.000 manat maddi ziyanın ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Sumqayıt İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadından görünür ki, məhkəmə icraatının gedişində iddiaçı tərəf tələblərinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı yönəldiyini bildirmişdir. İPM-in 8.6-cı maddəsinə görə inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təqdim olunmuşdur. Qeyd olunmalıdır ki, məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tiutaraq, iddia ərizısində cavabdeh qismində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinin (rektor və prorektor) göstərilməsini formal xəta qismində qiymətləndirmiş və iş üzrə cavabdeh kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini qəbul etmişdir. Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, iddia ərizəsində Universitet rəhbərliyi tərəfindən dövlət qanunlarına qarşı çıxaraq bu kimi cinayət törədilməsi, Universitetə qəbul olunma ilə bağlı 4.000 ABŞ dolları pul vəsaitinin mənimsənilərək hər il 2.000 ABŞ dolları köçürmə adı ilə tələb olunması, bununla Universitet rəhbərliyinin ağır cinayət törətməkdə ittiham olunması qeyd olunmuşdir. Əsassız ittihama məruz qalmamaq üçün Universitet rəhbərliyi bu iddianın istintaq olunması və həqiqətin müəyyən olunması üçün müvafiq hüquq mühafizə orqanlarına yönəldilməsini və ya iddia ərizəsindən çıxarılmasını xahiş edir. İddia ərizəsində cavabdeh dəqiq və ya aydın göstərilmədiyi üçün bir çox prosessual çətinliklərlə rastlaşılır. İddiaçı cavabdeh olaraq Universitetin rektoru Ceyran Mahmudovanı və Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyevanı göstərir. Əgər iddiaçının tələbi fiziki şəxs olaraq C.Mahmudovaya və G.Əliyevaya qarşıdırsa, onda məhkəmə prosesinin aidiyyəti, prosesin subyektləri və s. əsaslı şəkildə dəyişir. Məhkəmədə onlar fiziki şəxs kimi təmsil olunmalı olurlar. Bu halda Universitetin səlahiyyətli nümayəndəsi onların təmsilçisi kimi prosesdə iştirak edə bilmir. Əgər iddia Universitetə qarşıdırsa, iddia ərizəsində Universitetin cavabdehliyi müəyyən edilsin, “dəymiş maddi ziyanın” yaranmasında Universitetin hüquqi şəxs olaraq iştirakı dəqiqləşdirilsin. Buna uyğun olaraq iddiaya inzibati və ya mülki hüquq qaydasında baxılması məsələsi aydınlaşdırılsın. Bu xüsusat Sumqayıt İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli qərardadında da göstərilmişdir. İddianın məzmunu ilə bağlı isə bildirilir ki, iddiaçı Kamran Axmedov (Universitetə təqdim olunan sənədlərdə belə göstərilmişdir) 2018-ci ilin sentyabr ayında Universitetə müraciət edərək Rusiya Federasiyasının vətəndaşı olduğunu, əcnəbi kimi mövcud qanunvericiliyə uyğun olaraq X6 keçirdiyi imtahanlardan keçmədən təhsil müəssisəsinin əcnəbi fiziki şəxslə birbaşa bağladığı müqavilə əsasında təhsil almaq istədiyini bildirmişdir. İddia ərizəsində göstərildiyi kimi, bu zaman onunla birlikdə valideyni və qohumu da olmuşdur. Əcnəbilərin qəbulu və təhsili ilə məşğul olan Beynəlxalq əlaqələr şöbəsi və şəxsən prorektor G.Əliyeva iddiaçının sənədləri ilə tanış olmuş, onun müsahibədə iştirakına icazə vermişdir. Müsahibədən uğurla keçdikdən sonra iddiaçı ilə 6 sentyabr 2018-ci il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqavilə və qanunla tələb olunan sənədlər əsasında iddiaçının və digər 14 əcnəbi tələbənin Universitetə ödənişli əsaslarla bakalavr səviyyəsinin birinci təhsil ilinə qəbul olunması haqda rektor 6 sentyabr 2018-ci il tarixli 2/154 nömrəli əmr vermişdir. Universitetə qəbul olunmuş əcnəbilər bağlanmış müqaviləyə və Universitetin Elmi Şurasının qərarına uyğun olaraq bank vasitəsilə təhsil haqqı ödənişini etmişlər. İddiaçı da bank vasitəsilə Universitetin hesabına 2.000 ABŞ dolları, o zamankı manatla ekvivalent olaraq təhsil haqqı ödəmişdir. Bütün bu proseduralar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları»na uyğun həyata keçirilmişdir. Əcnəbilərin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbulu ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə məlumat verilmişdir. Universitetə qəbul olunmuş əcnəbilərin, o cümlədən də iddiaçının Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması barədə Universitet Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 29 sentyabr 2018-ci il tarixli A1499/T nömrəli məktubla müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin rəis müavini E.Əliyev müraciətə baxaraq Universitetin müraciətini təmin etməmək haqda 25 oktyabr 2018-ci il tarixli 2521/1 nömrəli qərar qəbul etmişdir. Qərarı onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Qərarın surəti iddiaçıya da verilmişdir. İddiaçı və onun valideynləri (anası və dayısı) bu haqda məlumatlandırılmışlar. Bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları qanuna görə DİM-də imtahan verərək ali təhsil müəssisəsinə qəbul olunmalıdır. Eləcə də, Azərbaycan Respublikası ərazisində ikili vətəndaşlığın qəbul olunmadığı bildirilmişdir. İddiaçı və valideynləri bu işdə anlaşılmazlıq olduğunu, məsələnin aydınlaşdırılacağını bildirmişlər. Bunun üçün vaxt tələb olunduğunu qeyd etmişlər. K.Əliyev bu müddət ərzində dərslərinə uğurla davam etmiş, müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnməkdə davam etmişdir. Perspektivli musiqiçi kimi tanınmışdır. Təhsil haqqını vaxtında könüllü olaraq bank vasitəsilə ödəmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında təhsil pulludur və bu ödəniş təhsil xidmətləri almaq, yəni bilik, bacarıq və vərdişləri inkişaf etdirmək üçün ödənilir. İddiaçı ödədiyi vəsait qarşılığında bu xidməti almışdır (təhsil üzrə akademik transkript əlavə olunur). İddiaçıla bağlanmış müqavilənin 3.3 bəndinə əsasən əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz şəbəbdən təhsilini davam etdirə bilmədiyi və ya istədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə təhsil müəssisəsindən xaric olunduqda, ödənilmiş təhsil haqqı qaytarılmır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 sentyabr 2020-ci il tarixli 03-17-104 nömrəli göstəriş məktubu və 18 noyabr 2020-ci il tarixli təlimatına əsasən İddiaçı Azərbaycan Respublikasında ikili vətəndaşlığın yol verilmədiyi və Azərbaycan Respublikası vətəndaşlarının ali təhsil müəssisəsində təhsilə görə diplom almasının yolverilməzliyi bir daha bildirilmişdir. 19 noyabr 2020-ci il tarixdə İddiaçı valideyni onun sənədlərinin qaydaya salınmasının mümkün olmadığını bildirmişdir. İddiaçı Universitetin rektorunun 18 dekabr 2020-ci il tarixli əmri ilə Universitet tələbələri sırasından xaric edilmişdir. İddiaçı və valideynləri məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət etmişlər, Nazirlik onların xahişini təmin etməmişdir. Göstərilənləri nəzərə aldıqda İddiaçı Universitetə və ya onun əməkdaşlarına qarşı 30.000 manat məbləğində dəymiş zərərin nədən ibarət olduğu, bu prosesdə Universitetin, rektorun və ya prorektorun təqsirinin nədən ibarət olduğu məlum deyil. İddiaçı iddia ərizəsində də bunu heç nə ilə əsaslandırmamış, səbəbli nəticə əlaqəsini göstərməmişdir. Qeyd olunanları əsas tutaraq İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə və ya onun əməkdaşlarına qarşı dəymiş zərərini ödənilməsi tələbi ilə iddiasını təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçıya dəymiş ziyan məbləği təhsil haqqının ödənilməsində, musiqi aləti olan gitaranın saxlanılması ilə bağlı çəkilən xərclərdə (məsələn simin təzələnməsi), Universitetə gedişgəlişlə bağlı nəqliyyatda ödənilmiş xərclər və mənəvi ziyanda ifadə olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsinin bildirdikləri ilə razlaşdığını qeyd etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, Universitet rəhbərliyi mübahisənin barışıq yolu ilə nizamlanmasının tərəfdarıdır, lakin qanunvericiliyin bəzi müddəaları hazırkı mübahisə ilə bağlı buna imkan vermir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir (maddə 2.0.1). İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (maddə 2.0.6). Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 14.8-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir. Həmin Qanunun 44.2-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın V bölməsində inzibati orqan kimi qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2022-ci il tarixli 301 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nizamnaməsi»nin müddəalarına görə: - (1.1-ci bənd) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir; - (1.2-ci bənd) Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, «Təhsil haqqında» Qanuna uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, «Elm haqqında» Qanuna əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir; - (1.3-cü bənd) Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, «Publik hüquqi şəxslər haqqında», «Təhsil haqqında», «Elm haqqında» Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını və Nazirliyin əmr və sərəncamlarını rəhbər tutur; - (3.1.16-cı bənd) Universitetin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək Universtetin vəzifələri sırasına aiddir. Azərbaycan Respublikasının 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları»nın 3 və 4-cü bəndlərinə görə: - (3.5) Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir; - (4.6) Əcnəbilərlə və ya onların təhsil haqqını ödəyən hüquqi və fiziki şəxslərlə təhsil müəssisəsi arasında bu Qaydaların əlavəsindəki formaya uyğun müqavilə bağlanılır (icbari ümumi orta təhsil hazırlıq siniflərində və kurslarında təhsil alanlar istisna olmaqla); - (4.8) Təhsil müəssisəsi təhsil alan əcnəbilər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə müəyyən edilmiş forma üzrə hesabat təqdim edir; - (4.11) Ali və orta ixtisas təhsili müəssisələrinin əcnəbi tələbələri və məzunları haqqında məlumatlar “Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin əcnəbi tələbələri və məzunları haqqında məlumatlar isə “Şagird-məzun” dövlət elektron məlumat sistemlərinə daxil edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı 3 sentyabr 2018-ci il tarixdə cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ərizə ilə müraciət edərək, Rusiya Federasiyasının vətəndaşı kimi həmin Universitetin musiqi sənəti fakültəsinin instrumental ifaçılıq (gitara) ixtisasına qəbul olunmasını xahiş etmişdir. Universitetin rektorunun 2/154 nömrəli 6 sentyabr 2018-ci il tarixli əmri ilə İddiaçı (“Axmedov Kamran” kimi) Universitetin musiqi sənəti fakültəsinə instrumental ifaçılıq (gitara) ixtisası üzrə bakalavr pilləsinin birinci təhsil ilinə qəbul edilmişdir. Bundan sonra Universitet ilə onun arasında İddiaçı ilə 6 sentyabr 2018-ci il tarixdə ödənişli təhsil haqqında müqavilə bağlanmışdır. Müqavilədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş illik 2.000 ABŞ dolları məbləğində təhsil haqqının ödənilməsi əksini tapmışdır. Universitet 29 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, əyani təhsil əsasında İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. X10 Xidmətinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə Universitetin 29 sentyabr 2018-ci il tarixli müraciəti təmin edilməmişdir. Qərarda bildirilmişdir ki, aparılmış icraat nəticəsində İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Bundan sonra İddiaçı 2020-ci ilin 18 dekabr tarixinədək təhsil almış və iki tədris ili üzrə təhsil haqqını ödəmişdir. Universitetin 18 dekabr 2020-ci il tarixli 2/251 saylı əmri ilə X4 Universitetin tələbələri sırasından xaric edilmişdir. X12 Xidməti tərəfindən ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilmədiyi nəzərə alınmışdır. İddiaçı cavabdehə müraciət edərək, ona dəymiş 30.000 manat məbləğində ziyanın ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh dəymiş ziyanın ödənilməsindən imtina etmişdir. İddiaçı hazırkı inzibati məhkəmə icraatında cavabdehin imtinasını mübahisələndirərək, həmin məbləğdə ziyanın cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan (publik hüquqi şəxs kimi) olduğundan, iddiaçının ona dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən mənfi cavab verilməklə məsələnin həllindən imtina edildiyindən, tərəflər arasında ödənişli təhsil haqqında müqavilə bağlansa da, mübahisə cavabdehin publik funksiyasından doğulduğundan, habelə iddianın mümkünlüyünü istisna edən digər xüsusatlar mövcud olmadığından, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 52-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (maddə 52.1). İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz (maddə 52.5). Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə cavabdehin hərəkətlərini qanunsuz sayır və bu mövqeyini belə əsaslandırır ki, iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən aparılmış inzibati icraatda qanunvericiliyin müddəaları pozulmuşdur. Belə ki, cavabdehin Rusiya Federasiyasının vətəndaşı kimi təhsil almaq istəyini bəyan edən hazırkı İddiaçı həmin ölkənin vətəndaşı kimi müvəqqəti yaşamaq üçün icazə sənədinin verilməsi barədə müraciətinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən mənfi cavab – xüsusilə də iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edildiyi əks olunmuş qərar daxil olmasına baxmayaraq, cavabdeh onun əcnəbi tələbə kimi ödənişli əsaslarla təhsil almasına iki ildən artıq müddət şərait yaratdıqdan sonra Azərbaycan Respublikasının vətəndaşı olmasını əsas gətirərək Universitet tələbələri sırasından xaric etmişdir. «İnzibati icraat haqqında» 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı 6 sentyabr 2018-ci il tarixli müraciəti üzrə aparılan inzibati icraat üzrə onun Azərbaycan Respublikasının vətəndaşı olması barədə təxminən 1 aydan bir qədər artıq vaxt keçdkdən sonra aidiyyəti səlahiyyətli orqandan məlumat alınsa da, cavabdeh belə məlumatın alınmasını gözləmədən iddiaçını tələbə sıralarına qəbul edərək, əcnəbi tələbə statusunda onunla ödənişli təhsil haqqında müqavilə bağlamış, hətta həmin xüsusat (iddiaçının vətəndaşlığı) 2018-ci ilin oktyabrında məlum olduqdan sonra da buna uzun müddət – yəni 2 ildən artıq vaxt əhəmiyyət verməmiş, təsirli tədbirləri yalnız 2020-ci ilin dekabr ayında görmüşdür. Bir sözlə, cavabdeh yaranmış halla bağlı adekvat addımı vaxtı deyil, 2 ildən artıq vaxt keçdikdən sonra atmışdır (həyata keçirmişdir). Bununla da cavabdeh inzibati orqan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən «İnzibati icraat haqqında» Qanunun 11, 13, 19, 24, 48, 52-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hüquqa zidd hərəkətləri hüquq pozuntusu, yəni delikt kimi qiymətləndirilir və bununla da deliktin mövcud olduğu nəticəsi əldə olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu (maddə 90.2) ilə müəyyən edilmişdir ki, vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər. Qeyd olunmalıdır ki, ona dəymiş ziyanı İddiaçı həm real maddi ziyan, həm əldən çıxış fayda, həm də mənəvi ziyanla əsaslandırır. Lakin məhkəmə iddiaçının dəlilləri ilə tam razılamır. Məhkəmə icraatında tədqiq olunmuş sübutlar iddiaçının 2 illik təhsil müddəti üzrə 6.797,99 manat təhsil haqqı ödəməsini təsdiqləsə də, onun çəkdiyi digər xərclərə, o cümlədən, musiqi alətinin siminin dəyişdirilməsinə, nəqliyyata çəkilən xərclərə dair hər hansı sübut mövcud deyil. Baxmayaraq ki, onun ödədiyi təhsil haqqının geri qaytarılmaması Universitetlə bağladığı 6 sentyabr 2018-ci il tarixli müqavilədə təsbit olunmuşdur, nəzərə alınmalıdır ki, iddiaçı hazırda həmin müqaviləni mübahisələndirmir və müqavilədəki öhdəliklərin yerinə yetirilmədiyini iddia etmir, onun tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində düşdüyü ziyanın əvəzinin ödənilməsi barədədir. Belə olan halda, məhkəmə iddianın maddi ziyan tələbini 6.797,99 manat hissəsində əsaslı sayır. İddiaçı həmçinin, iddia edir ki, ötən 2 illik təhsil müddəti ərzində o, işləməklə əmək haqqı, eləcə də başqa təhsil müəssisəsində, yaxud başqa ixtisas üzrə təhsiı ala bilərdi və bunun əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının bu dəlili formal mülahizələrə söykənir, çünki, belə hallar müvafiq qaydada imtahan, müsabiqə, yaxud başqa icraatın keçirilməsindən, eləcə də müəyyən müqavilə bağlandıqdan sonra mövcud ola bilərdi ki, bu da ehtimallara əsaslanır və tam real görünmür. Yəni, əldən çıxmış fayda ilə bağlı da iddiaçı heç bir tutarlı sübut təqdim etməmişdir. İddiaçının tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinə gəldikdə isə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 10-cu bəndində izah edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi sarsıntı baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqadar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmənin qənaətinə görə cavabdehin qanunsuz hərəkətləri iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb ola bilər, lakin 2020-ci ilin dekabr ayından cavabdehə müraciət edilənədək ötən dövr ərzində onun səhhətində baş vermiş mənfi dəyişikliklərlə bağlı məhkəməyə tutarlı sübutlar təqdim edilmədiyindən, iddiaçının cavabdehin həmin hərəkətləri nəticəsində iztirab keçirməsi təsdiq olunmur. İddiaçı Universitetdən xaric olunduqdan sonra məhz bu hadisə ilə bağlı mənəvi sarsıntılar keçirməməsi qənaəti isə təbii görünmür. Belə halın onun şüurunda mənfi psixi nəticələr yaratmaması ağlabatan və məntiqi da qiymətləndirilməməlidir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının iki tədris ilini (kursunu) başa vurması həmin dövrdə musiqi alətində (gitara) ifaçılıq vərdişlərinə, eləcə də müsuqi sənəti fakültəsi üzrə instrumental ifaçılığı ixtisasında nəzəri biliklərə tam da olmasa, müəyyən dərəcədə yiyələnməsini təkzibolunmaz qəbul etməyə imkan verir. Belə olan halda, onun Universitetin tələbələri sıralarından xaric olunması səbəbindən sarsıntı keçirməsinin kompensasiyası müəyyən səviyyədə peşə vərdiş və biliklərinə yiyələnməsi ilə (xüsusilə də ali təhsil üzrə) ödənilmiş olur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, iddia cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi hissəsində əsaslı sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən dəymiş maddi ziyana görə 6.797,99 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən dəymiş maddi ziyana görə 6.797,99 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar