Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2104/2020 05.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 13.12.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası və cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tərəfin razılığı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı ildə, anadangəlmə ürək qüsurlu, qulaqcıqlararası çəpərin defekti, QDÇ İ dərəcə diaqnozu ilə xəstə doğulmuşdur. 2011-ci ilin iyun ayından 47 manat məbləğində sosial pensiya almışdır. Atası 25.01.2009-cu ildə rəhmətə getdikdən sonra həmin ilin sentyabr ayından 2011-ci ilin may ayının 25-dək atasının pensiyasının 50%-ni kollecdə əyani təhsil aldığı müddətdə almışdır. 2011-ci ilin sentyabr ayından əvvəllər 47 manat, 2019-cu ilin aprel ayından 110 manat sosial pensiya alır. Ailə başçısını itirməyə görə pensiyasın bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondun Xüsusi və Hərbi Rütbəli Şəxslərlə iş üzrə Depertamentinə müraciət etmişdir. Müraciətinə Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən vermiş 14 noyabr 2019-cu il tarixli **********7 nömrəli cavab məktubunda qeyd olunmmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ona 18 yasınadək sağlamlıq imkanlarının məhdudluquna dair məlumatlar İdarədə mövcud olmadığından, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının onunla bağlı 11.06.2019-cu il tarixli "sonuncu müayinəyə dair məlumatların verilməsi" adlı sənəddə onun əlilliyini sübuta yetirən diaqnoz: "anadangəlmə ürək qüsuru,qulaqcıqlararası çəpərin defekti, QDÇ İ dərəcə" kimi göstərilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Xüsusi olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.1. və 14.1.1.3-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideynlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. Həmçinin həmin Qanunun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Yuxanda qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, iddiaçıya 10.07.2009-cu il tarixdə 8 nömrəli TSEK-da ilkin olaraq 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək onun rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - - Azərbaycan Respublikası vətəndaşının AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuşdur. - - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair portaldan çıxarışının surətindən görünür ki, İddiaçı “Anadangəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin defekti, QDÇ İ dərəcə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlildir. - - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.Abdullayev adına X2 06.02.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı “Anadangəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin defekti, MQÇ İİ-ci dərəcə” diaqnozu qoyulmüşdur. - - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 TSEK-sı 10.07.2009-cu il tarixli, SER TSE-01 248 saylı müayinə aktından çıxarışından görünür ki, İddiaçı “Anadangəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin defekti, MQÇ-gi” diaqnozu ilə 10.07.2009-cu il tarixdə müayinədən keçmiş və ikinci dərəcə əlil, həmçinin “əmək qabiliyyətsiz” kimi qiymətləndirilmişdir. - - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 TSEK-sı 23.02.2015-ci il tarixli, SER TSE-01 366 saylı müayinə aktından çıxarışından görünür ki, İddiaçı “Anadangəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin defekti, MQÇ-gi” diaqnozu ilə 23.02.2015-ci il tarixdə müayinədən keçmiş və üçüncü dərəcə əlil, həmçinin “yüngül işlərdə işləyə bilər” kimi qiymətləndirilmişdir. - - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.Abdullayev adına X2 31.01.2009-cu il tarixli, 124 saylı epikrizdən görünür ki, İddiaçı 09.01.2009-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.Abdullayev adına X1 fiziki gərginlik, təngənəfəslik, halzızlıq, zəiflik, aşağı ətraflarda şişkinlik və ağrılar şikayətləri il daxil olmuş və 31.01.2009-cu il tarixdə evə yazılmışdır. - - Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçının atası X7 24.01.2009-cu ildə, anası X6 19.05.2016-cı ildə, bacısı X9 10.04.2011-ci ildə ölmüşlər. - - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 04.09.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 14.11.2019-cu il tarixli, **********7 saylı məktubdan görünür ki, İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarını məhdudluğunun olub-olmaması ilə bağlı məlumatlarıın əldə edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə tərəflərindən sorğu ünvanlanmış, cavab olaraq İdarəyə daxil olmuş 12 noyabr 2019-cu il tarixli **********6 nömrəli məktubda İddiaçı ilkin olaraq 10 iyul 2009-cu il tarixindən ümümi səbəbdən ikinci dərəcə əlillik təyin edildiyi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğuna dair məlumatların İdarədə mövcud olmadığından onun ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. - - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 06.05.2020-ci il tarixli, **********0 saylı məktubundan görünür ki, İddiaçı 10.07.2009-cu il tarixdə tibbi-sosial ekspert komissiyasında “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası çəpərin defekti mitral qapaq çatmamazlığı. QDÇ İİ dərəcə” diaqnozu ilə ilkin müayinə olunmuş və ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. Sonrakı illərdə növbəti müayinələr zamanı ikinci dərəcəli əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə 23.02.2015-ci il tarixdə “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası çəpərin defekti mitral qapaq çatmamazlığı. QDÇ İ dərəcə” diaqnozu ilə təkrar müayinə olunmuş və bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 23.02.2016-cı il tarixdə İddiaçı üçüncü dərəcə əlilliyi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə müvafiq olaraq beş il müddətinə uzadılmışdır. - - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Nərimanov Rayon Məşğulluq Mərkəzinin 01.06.2020-ci il tarixli, **********1 saylı arayışından görünür ki, İddiaçı əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində belə əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - - 4.1.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası növü vardır. - - 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: - - vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları 18 yaşına çatmamış; - - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; - - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; - - ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; - - yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. - - 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - - 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı 10.07.2009-cu il tarixdə tibbi-sosial ekspert komissiyasında “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası çəpərin defekti mitral qapaq çatmamazlığı. QDÇ İİ dərəcə” diaqnozu ilə ilkin müayinə olunmuş və ümumi xəstəlik səbəbi ilə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. 23.02.2015-ci il tarixdə “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası çəpərin defekti mitral qapaq çatmamazlığı. QDÇ İ dərəcə” diaqnozu ilə təkrar müayinə olunmuş və bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, 23.02.2016-cı il tarixdə üçüncü dərəcə əlilliyi beş il müddətinə uzadılmışdır. Göründüyü kimi, iddiaçıya əlillik 18 yaşına çatdıqdan sonra verilsə də, əlilliyin anadangəlmə olması səlahiyyətli orqan tərəfindən təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci maddəsinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən, tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir (maddə 31.1, 32.3). Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasına əsas olmuş hallar, yəni iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3), iddiaçının ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilməsi barədə inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1). Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması (“Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası çəpərin defekti mitral qapaq çatmamazlığı. QDÇ İ dərəcə), ailə başçısını itirməsi iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh orqan tərəfindən iddiaçının müraciətini onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməməsi ilə əsaslandırması İddiaçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2104/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2104/2020
05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver