Məhkəmə qərarları › İş №2-1(112)-2105/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2105/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2105/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamına əsasən cizginin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 28 dekabr 2000-ci il tarixli, 1982 saylı sərəncamı ilə ona Qaraçuxur qəsəbəsinin şərq hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Daha sonra iddiaçıya ayrılmış torpaq sahəsini özəlləşdirmək məqsədilə həmin torpaq sahəsinə dair cizginin verilməsinə köməklik göstərilməsi üçün Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra hakimiyyətindən sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyinə görə müraciətin həllinin mümkün olmaması bildirilmişdir. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinin Bakı filialına müraciət etmiş, Bakı filialının xx.xx.2021-ci il tarixli BA-03178-2021 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 28 dekabr 2000-ci il tarixli 1982 saylı sərəncamına cizgi əlavə edilməmişdir. Daha sonra cizginin verilməsi ilə bağlı Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etsə də, sonuncu cizginin verilməsinin mümkün olmaması bildirilmişdir. Cizginin təqdim edilməməsinin dövlət reyestrindən çıxarış alınmasını mümkünsüz etdiyindən iddiaçı cizginin verilməsi öhdəliyinin Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də rayon icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və kordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyəti qurumlar tərəfindən həyata keçirilməsi göstərilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı ‘torpaq sahəsinin yerləşmə sxeminin verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəf sonradan elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlikdən çıxarılması, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində ayrılmış 600 kv.metr torpaq sahəsinə dair cizginin (ayrıc aktının) tərtib olunaraq verilməsi vəzifəsinin tərtib edilməsi öhdəliyinin Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh kimi prosessual iştirakına xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər (nümayəndələri) hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsinə cizginin verilməsi ilə bağlı iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “rayon icra hakimiyyətinin sənədləri 2015-ci il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyini və bu barədə Suraxanı rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir. - Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2000-ci il tarixli, 1982 saylı sərəncamının surətindən görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. - Məhkəmənin sorğusu ilə Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2000-ci il tarixli 1982 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Sərəncama cizgi, eskiz, ayrıc aktı və torpağın naturada təhvil verilməsi barədə aktın əlavə edilmədiyi bildirilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya Suraxanı RİHB-nin müvafiq sərəncamı ilə Qaraçuxur qəsəbəsinin şərq hissəsindən fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 2015-ci il daxil olmaqla sənədlərin arxivə təhvil verildiyini və bu barədə Rayon İcra Hakimiyyətində hər hansı bir məlumatın olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Arxiv məlumatlarına əsasən qeyd olunan sərəncama yerləşmə cizgisi əlavə edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: - 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Suraxanı RİHB-nin 2000-ci il tarixli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Eyni zamanda, məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən sərəncama eskiz və ya ayrıc aktı əlavə olunmamışdır. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını isə təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində ayrılmış 600 kv.metr torpaq sahəsinə dair cizginin tərtib olunaraq verilməsi vəzifəsi cavabdehə həvalə edilməsiidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində ayrılmış 600 kv.metr torpaq sahəsinə dair cizginin tərtib olunaraq verilməsi vəzifəsi cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar