Məhkəmə qərarları › İş №2-1(112)-2106/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2106/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2106/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik maddi yardımın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə, yəni aprel, may, iyun, iyul və avqust ayları üçün hər ay 190 (yüz doxsan) manat, cəmi 950 manat məbləğində birdəfəlik ödəmənin ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödənilməsi qərar alınmışdır. Bundan sonra, işsiz olmağı ilə əlaqədar 06 aprel 2020-ci il tarixdə E-sosial səhifəsindən qeydiyyatdan keçmişdir. 25 aprel 2020-ci il tarixdə telefonuna E-sosialdan mesaj gəlmişdir. Mesajda “İbrahimov X6 haqqında Qanunun 4.1.3cü maddəsinə əsaən işsiz kimi qeydiyyata alınmaqdan imtina edilmişdir”. Daha sonra 26 aprel 2020-ci il tarixdə E-sosial saytına girdikdə ona işsizlik statusu verildiyini görmüşdür. Azərbaycan Respublikası “Məşğulluq haqqında” Qanununun 4.1.3-cü bəndinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxs sayılırlar. İmtina mesajının yanlış gəldiyi barədə qeydiyyatda olduğu Sabunçu rayon məşğulluq idarəsinə bildirmişdir. Orada isə məlumatlarına baxıldıqdan sonra texniki səhv olduğunu yenidən mesaj gələcəyi, əks təqdirdə şikayət ərizəsi yazmağı bildirmişdir. May aynın 4-ü vətəndaş qəbulunda olmuş və Sabunçu rayon məşğulluq idarəsindəki şəxs ona şikayət ərizəsi yazdırtmışdır. Ancaq bir müddət sonra şəxsi e-sosial kabinetində şikayətin sorğu olduğunu və cavablandırıldığı barədə məlumatı görmüşdür. 142 qaynar xəttlə əlaqə saxladıqdan sonra şikayət baxılması üçün müvafiq orqanlara göndərildi və minimum 15 maksimum, 33 iş günü ərzində rəsmi cavab veriləcəyi bildirilmişdir. Həmin müddət ərzində zəng gələrək müəyyən sənədlər istənilmiş və bütün sənədlər təmin olunmuşdur. Verilən vaxtdan artıq keçməsinə baxmayaraq heç bir rəsmi cavab verilməmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tabeliyində X2 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialına gedərək ona verilmiş arayışı təqdim edərək “nə səbəbə heç bir araşdırma aparmadan qanunsuz olaraq 190 manat məbləğində birdəfəlik ödənilmədən imtina edirsiniz” bildirdi və onları məhkəməyə verəcəyini qeyd edərək imtina məktubu verilməsini xahiş etmişdir. Cavabında isə ona hüquqlarını araşdırılarkən məlumatları müxtəlif informasiya bazalarından əldə edilməsi bildirilmişdir. Bundan başqa, şikayət ərizəsinə əlaqədar mərkəzdə guya ona qanun ətraflı izah olunmuş və “X9” (ə/h 250 manat), “xxxx” MMC-də elektrik (650-700 manat) və “xxxx” MMC-də elektrik mantyoru (250-350 manat) boş (vakant) iş yerləri təklif olunmuşdur. Guya o, boş (vakant) iş yerlərindən imtina etmişdir və ərizə yazmaq istəməmişdir. Bir ildən artıqdır ki, işsizdir, səhhəti ilə bağlı iş fəaliyyətini qismən itirmişdir, heç bir gəlir yeri yoxdur. Ailəsində də heç kim işləmir, yalnız valideyinlərindən atası 285 manat əlillik təqaüdü alır. Bakıda anadan olmuşdur, Bakıda yaşayır, heç bir kənd təsərrüfatına yararlı pay torpaq sahəsi yoxdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin sözügedən Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili işlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisi olduğundan birdəfəlik (190 manat) ödəmənin verilməsindən imtina olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli, 135s nömrəli Sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, öikədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli, 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının ll-ci hissəsinin (işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqaməti) 4-cü hissəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alman şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Tədbirlər Planının ll-ci hissəsinin 4-cü hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”na uyğun olaraq birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydaya əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan aşağıdakı şəxslərə ödənilir: 2020-ci il 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MASda) işsiz kimi qeydiyyata alınmış şəxslərə; pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Eyni zamanda, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Belə ki, şəxsin sonuncu əmək müqaviləsinin xitamından uzun müddət keçməsinə baxmayaraq, MAS-da yalnız pandemiya dövründə (06.04.2020-ci il tarixində) qeydiyyata alınmışdır. Onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. Hərçənd ki, İddiaçı MAS-da bir il müddətində qeydiyyatdadır, o yalnız passiv məşğulluq tədbiri üçün müraciət etmiş, X7 tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz və işaxtaran şəxslər üçün təklif edilən bir sıra aktiv məşğulluq tədbirlərinə (özünüməşğulluq, peşə hazırlığı, sosial iş yerləri və d.) müraciət etməmişdir. Eyni zamanda iddiaçı iddiasında səhhəti ilə bağlı iş fəaliyyətinin qismən itirdiyini, ailəsində heç kimin işləmədiyini, valideyinlərindən birinin əlil olduğunu, bu səbəbdən həmçinin ailəsinin gəlirinin az olduğunu qeyd etmişdir. “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər. Beləliklə birdəfəlik ödəmənin verilməsinin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunmasının təsiri ilə bağlı işindən məhrum olmuş şəxslərə həmin müddət ərzində maddi dəstək göstərilməsindən ibarət olmuşdur. Birdəfəlik ödəmə ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər, yəni xüsusi karantin rejiminin tətbiq olunmasının təsiri ilə bağlı isindən məhrum olmuş şəxslərə, həmçinin 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış və məşğulluq tədbirlərinə cəlb olunmuş, lakin xüsusi karantin rejiminin tətbiq olunduğuna görə tədbirlərin dayandırılması ilə bağlı zərərçəkən şəxslərə verilir. Lakin iddiaçı pandemiya dövründən də uzun müddət öncədən faktiki olaraq işsiz olması, hər hansı bir aktiv məşğulluq tədbiri üçün həmin müddət ərzində müraciət etməməsi, səhhəti ilə bağlı iş fəaliyyətinin qismən itirdiyi, habelə kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisi olması onun birdəfəlik ödəmə alınması hüququ olan subyekt dairəsinə daxil olmadığını əks etdirir. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Göründüyü kimi, iddiaçı Qanunla müəyyən edilmiş işsiz şəxs meyarına uyğun gəlmir. Bundan əlavə hüquqi mübahisəni barışıq yolu ilə nizama salınması üçün iddiaçı 08.04.2021-ci il tarixində X2 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialına dəvət edilmiş, onunla ətraflı söhbət aparılmış və "xxxx" MMC-də əmək haqqısı 350-400 manat olan operator vəzifəsinə iş təklif olundu. İddiaçı bu təklifi qəbul edəcəyini bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuşdur. - E-sosial.az-dan iddiaçıya ünvanlanmış 25.04.2020-ci il tarixli SMS çıxarışdan görünür ki, İddiaçı “Məşğulluq haqqında” Qanunun 4.1.3-cu maddəsinə əsasən issiz kimi qeydiyyata alınmaqdan imtina edilmişdir. - E-sosial.az-dan iddiaçıya ünvanlanmış SMS çıxarışdan görünür ki, İddiaçı 26.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Agentliyinin 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialının iddiaçıya ünvanladığı məktubundan görünür ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır. Müraciəti əsasında apanlan əlavə araşdırmalar nəticəsində onun torpaq mülkiyyətçisi olduğu aşkar edildiyi səbəbindən 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Müvafiq hüququ araşdırılarkən məlumatlarının İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sisteminin bazasından əldə edilmişdir. Bununla yanaşı "e-sosial.az” internet portalına daxil olaraq şəxsi kabinet yaratmaqla "Məşğulluq altsistemi”ndə mövcud olan vakansiyaları mütəmadi izləyə və istədiyi iş yerlərinə elektron göndərişi formalaşdıra bilər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Agentliyinin 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialının iddiaçıya ünvanladığı **********9 №-li, 15.09.2020-ci il tarixli məktubundan görünür ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən torpaq mülkiyyətçisi olduğuna görə 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Müvafiq hüququ araşdırılarkən məlumatları müxtəlif informasiya bazalarından əldə edilmişdir. Şikayət ərizəsi ilə əlaqədar 3 saylı Ərazi Məşğulluq Mərkəzində olmusdur. Ona Məşğulluq haqqında qanun ətraflı izah olunmuş və “X9” (ə/h 250 manat), “xxxx” MMC-də elektrik (650-700 manat) və “xxxx” MMC-də elektrik montyoru (250-350 manat) boş (vakant) iş yerləri təklif olunmuşdur. Ona təklif olunan boş (vakant) iş yerlərindən imtina etmiş və ərizə yazmaq istəmədiyini bildirmişdir. Məlumat üçün bildirilmişdir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.8.3-cü yarımbəndinə əsasən işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətinə vətəndaş işaxtaran kimi müvəqqəti qeydiyyatdan çıxarılır. - Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********94 №-li, 09.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********52 №-li, 29.12.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********72 №-li, 06.01.2021-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 06.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınması üçün müraciət etmiş, 26.04.2020-ci il tarixdə ona işsizlik statusu verilmişdir. İddiaçı 190 manat maddi yardımın verilməsi üçün müraciəti “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.3-cü maddəsinə əsasən təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın: - 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. - 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Cavabdeh tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. - 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. - 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Cavabdeh tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. - 3-cü bəndinə əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. “Məşğul haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1.6-ci maddəsinə əsasən işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. - 4.1.3-ci maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddir. Məhkəmə qeyd edir ki, İddiaçı sahibkar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan, ailə kəndli təsərrüfatının üzvü olması məhkəməyə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı işsiz statusuna malik olan şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə birdəfəlik ödəmə verilməli idi. Cavabdeh inzibati orqanın bundan imtinası qanunun tələblərinə zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə, yəni aprel, may, iyun, iyul və avqust ayları üçün hər ay 190 (yüz doxsan) manat, cəmi 950 manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə, yəni aprel, may, iyun, iyul və avqust ayları üçün hər ay 190 (yüz doxsan) manat, cəmi 950 manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar