Məhkəmə qərarları › İş №2-1(112)-2107/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2107/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2107/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 19 noyabr 1975-ci il tarixdən 13 dekabr 1977-ci il tarixə kimi hərbi xidmətdə olduğu, 1978-ci il tarixdən və 2000-ci il tarixə kimi Bərdə rayon Samux kolxozunda (AİM) işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla ona pensiya təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, hazırda Bərdə rayonu, Samux kəndində yaşayır. 19 noyabr 1975-ci il tarixdən 13 dekabr 1977-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1978-ci ildən 2000-ci il tarixə kimi Bərdə rayon Samux kolxozunda sürücü işləmişdir. O, yaşa görə pensiyaya çıxmağı ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 5 saylı Regional Ərazi Filialına müraciət etmişdir. İş baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Həmin mərkəz tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina verilmişdir. Bundan başqa mərkəz tərəfindən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı 05.11.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşdan, yəni 01.07.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraatın nəticəsi olaraq iddiaçının 1974- 2000-ci illərdə “Bərdə rayon Samux kolxozu”nda işlədiyini iddia etdiyi illər onun sosial sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bundan sonra İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında həmin illərə dair qeydlərin əmək kitabçasında mövcud olmasa belə, onun işləmə faktı Bərdə rayon Dövlət Arxivinin müvafiq arayışları ilə təsdiq edildiyinə görə, həmin illərin onun sosial sığorta stajına əlavə edilməli olduğunu əsaslandıraraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Hesab edilir ki, cavabdeh inzibati orqanın İddiaçı barədə qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və iddiaçının sözügedən iş üzrə subyektiv hüquqi marağı yaranmadığı üçün iddia mümkün sayılmamalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı vəziyyətində isə birinci əsasla bağlı qeyd olunmalıdır ki, o, qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 01.07.2021-ci ildə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki: i) iddiaçının mübahisələndirilməyən ümumi iş stajı cavabdeh inzibati orqana təqdim etdiyi hərbi biletinə əsasən 20.11.1975-ci il tarixdən 13.12.1977-ci il tarixə qədər hərbi xidmət olduğu müddət olan 2 il 23 gündür. ii) iddiaçının mübahisələndirilən ümumi iş stajı 1974, 1978-2000-ci illərdə onun Bərdə rayon Samux kolxozunda işlədiyini iddia etdiyi illərdir. İddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi Bərdə rayon Dövlət Arxivinin 30 aprel 2021-ci il tarixli 118 nömrəli arxiv arayışına əsasən o, 1978-1996, 1998-ci illərdə minimum adam günləri tamamlayaraq əmək haqqı almış, bu isə ümumilikdə 20 il ümumi iş stajı edir. Əlavə olaraq, müvafiq arxiv arayışında İddiaçı 1974-cü ildə minimum 230 gün normaya qarşılıq 143 gün, 1997-ci ildə minimum 160 günə qarşılıq 40 gün, 1999-cu ildə minimum 160 günə qarşılıq 102 gün tamamladığı əks olunmuşdur. Bu illər aşağıdakı qaydada hesablanır: il 1974, minimum norma 230, tamamlanan iş günü 143, hesablama 143*12/230=7.4, cəmi 7 ay 12 gün; il 1997, minimum norma 160, tamamlanan iş günü 40, hesablama 40*12/160=3, cəmi 3 ay; il 1999, minimum norma 160, tamamlanan iş günü 102, hesablama 102*12/160=7.65, cəmi 7 ay 19 gün; il 2000, minimum norma 160, tamamlanan iş günü 137, hesablama 137*12/160=, cəmi 10 ay 10 gün. Həmin illərdə İddiaçı tamamladığı adam günləri müvafiq olaraq 2 il 7 ay 11 gün ümumi iş stajına bərabərdir. Beləliklə, iddiaçının “Bərdə rayon Samux kolxozu”nda işlədiyini iddia etdiyi, mübahisələndirilən illər 22 il 7 ay 11 gün təşkil edir. İddiaçının 1974, 1978-2000-ci illərdə işlədiyini iddia etdiyi illər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə cəmi 24 il 8 ay 4 gün təşkil edir və iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranmır. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan ikinci əsas tamamlanmadığı üçün iddia rədd olunmalıdır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsində müəyyən olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Odur ki, iddiaçının sözügedən mübahisə üzrə subyektiv hüquqi marağı olmadığından, işlədiyini iddia etdiyi illər məhkəmə qərarı ilə onun sosial sığorta stajına daxil edilsə belə, ona yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığından, iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, İddiaçı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Bərdə rayonu, Samux kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06.08.2021-ci il tarixli, 179 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Bərdə rayonu, Samux kəndində qeydiyyatdadır və ərazidə yaşayır. İş materiallarına əlavə edilmiş HЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 20.11.1975-ci ildə hərbi ximətə çağırılmış, 13.12.1977-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bərdə Rayon Dövlət Arxivinin 14.09.2021-ci il tarixli, 177 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Bərdə rayon Samux kolxozunda 1974-2000-ci illərdə işləyib qazandığı əmək haqqı barədə arxiv arayışı göndərilir. Qeyd. Samux kolxozu Əmr kitablarını rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verməyib. Kolxozun rayon Dövlət Arxivinə təqdim etdiyi rəsmi məktuba əsasən kolxoz minimum norma adam günü norması ilə yox, əmək günü norması ilə fəaliyyət göstərib. Kişilər üçün minimum əmək günü norması cədvəldə qeyd olunduğu kimidir. Həmin məktubda arxiv arayışına görə: 1974-cü ildə minimum əmək günü 230 gün, işlədiyi əmək günü 143 gün, 1978-ci ildə minimum əmək günü 180 gün, işlədiyi əmək günü 343 gün 1979-cu ildə minimum əmək günü 180 gün, işlədiyi əmək günü 377 gün 1980-ci ildə minimum əmək günü 180 gün, işlədiyi əmək günü 461 gün 1981-ci ildə minimum əmək günü 180 gün, işlədiyi əmək günü 366 gün 1982-ci ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 426 gün 1983-cü ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 214 gün 1984-cü ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 275 gün 1985-ci ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 362 gün 1986-cı ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 386 gün 1987-ci ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 438 gün 1988-ci ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 361 gün 1989-cu ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 385 gün 1990-cı ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 472 gün 1991-ci ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 823 gün 1992-ci ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 1197 gün 1993-cü ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 1126 gün 1994-cü ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 1730 gün 1995-ci ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 939.900 ə/h 1996-cı ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 769.980 ə/h 1997-ci ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 216.250 ə/h 1998-ci ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 975.950 ə/h 1999-cu ildə minimum əmək günü 160 gün, işlədiyi əmək günü 717.750 ə/h 2000-ci ildə minimum əmək günü --, işlədiyi əmək günü 1.161.675 ə/h Məhkəmənin sorğusuna cavab olaraq Bərdə Rayon Dövlət Arxivinin 23.12.2021-ci il tarixli, 254 nömrəli məktubunda bildirilmişdir ki, Samux kolxozu Əmr kitablarını rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verməyib. Kolxozun rayon Dövlət Arxivinə təqdim etdiyi rəsmi məktuba əsasən kolxoz minimum norma adam günü norması ilə yox, əmək günü norması ilə fəaliyyət göstərib. Kişilər üçün minimum əmək günü norması cədvəldə qeyd olunduğu kimidir. Kolxoz 1965-ci ildən 1994-cü ilədək əmək günü norması ilə, 1995- 2000-ci illərdə isə əmək gününün əmək haqqı norması ilə fəaliyyət göstərib. Numunə üçün 1994-cü ilədək əmək günü norması ilə işlədiyinə aid və 1995-2000-ci ilədək əmək haqqı norması ilə işlədiyinə dair cədvəllər əlavə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 24.07.2021-ci il tarixli, **********3 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Məlumat üçün bildirilir ki, əmək kitabçanızın surətini və ya əmək fəaliyyətiniz barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 5 saylı regional ərazi filialına və ya Bərdə regional “ASAN xidmət” mərkəzinə təqdim etdikdən sonra əmək pensiyası hüququnuza yenidən baxıla bilər. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon Dövlət Arxivinin 30.04.2021-ci il tarixli 118 nömrəli arayışında qeyd edilən “Samux” kolxozunda 1974-2000-ci illər əmək fəaliyyəti dövrünüz məhkəmə qaydasında təsdiq edildikdən sonra həmin illər sığorta stajına daxil edilə bilər. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əmək stajını təsdiq edən əmək kitabçası təqdim edilməmişdir. Əmək kitabçasının surəti və ya əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təqdim edildiyi təqdirdə əmək pensiyasının təyin edilməsi məsələsinə baxıla bilər. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və onun kolxozda işlədiyi müddətin nəzərə alınaraq 01.07.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. İddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərti də ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci ildən başlayaraq kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 65 yaşını 01.07.2021-ci il tarixdə tamamlamışdır. İddiaçı kolxozda işlədiyi müddətin və hərbi xidmət illərinin sığorta stajına hesablanmalı olduğunu iddia edir və bununla bağlı arxiv arayışına istinad edir. Cavabdeh orqan isə hazırkı məhkəmə icraatında iddiaçının kolxozda işlədiyi dövrlər və hərbi xidmət dövrü daxil edildikdə yenə də 25 il ümumi iş stajına malik olmadığını əsas gətirərək iddiaya etiraz edir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş hərbi biletə əsasən iddiaçının 20.11.1975-ci ildən 13.12.1977-ci ilədək hərbi xidmət dövrü 02 il 24 gün təşkil etməklə ümumi iş stajına daxildir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, kolxozlarda işləyən şəxslər üçün sosial sığorta stajı kişilər və qadınlar üçün həmin kolxozda il ərzində tam il kimi nəzərə alınması üçün tələb olunan minimum iş günü norması ilə şəxsin il ərzində işləmiş olduğu iş günlərinin müqayisəsi əsasında müəyyən olunur. Belə ki, şəxsin kolxozda işləməsini təsdiq edən kolxozçunun kitabçası və ya əmək kitabçasında kolxozçunun işlədiyi kolxozda qəbul edilən minimum əmək günü (və ya adam günü) norması, həmçinin il ərzində kolxozçunun faktiki işləmiş olduğu əmək günü (və ya adam günü) qeyd olunur. Eyni zamanda kolxozların arxivlərdə saxlanılan şəxsi hesab kitablarında kolxozda işləyən kişi və qadınlar üçün il ərzində işləməsi tələb olunan minimum iş günləri (əmək və ya adam günləri) və işləmiş olduqları faktiki iş günləri (əmək və ya adam günü) də qeyd olunur. Bu zaman kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınır. Belə ki, kolxozda işləmiş kişi və qadınlar üçün il ərzində işləməsi müəyyən olunmuş minimum əmək günü (və ya adam günü) və ondan çox olduqda - tam il, minimum əmək günü (və ya adam günü) iş günlərindən az olan olduqda isə faktiki işlənmiş günlərin sayının kolxozdakı minimum əmək günü norması kimi müəyyən olunmuş günə nisbəti ilə aparılır. Beləliklə, qanunla kolxozçunun ümumi iş stajı kolxoza işə qəbul və işdən çıxma barədə tarixlər əsas götürülməklə deyil, kolxozdakı minimum iştirak norması əsasında müəyyən edilir. İş üzrə əldə edilmiş dövlət arxiv arayışına əsasən iddiaçı Bərdə rayon Samux kolxozunda 1974-2000-ci illərdə işləmişdir. Təqdim olunan arayış dövlət arxivindən verilmiş, həmin arayışla yanaşı məhkəməyə kolxozda staj kitabı və şəxsi hesab kitablarından iddiaçıya aid olan hissə ilə bağlı sənədlər təqdim edilmişdir. Dövlət arxivindən verilmiş həmin arayışın mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının kolxozda işlədiyi müddət onun iş stajına hesablanmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Bərdə Rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, Bərdə rayon Samux kolxoz 1965-ci ildən 1994-cü ilədək əvvəla minimum norma adam günü norması ilə yox, əmək günü norması ilə fəaliyyət göstərmişdir. Ona görə də iddiaçının həmin kolxozda işlədiyi ümumi iş stajı hesablanarkən kolxozda minimum adam gününə əsasən deyil, minimum əmək günü norması nisbətiylə, işlədiyi əmək günü miqdarı götürülməklə hesablanmalıdır. Təqdim edilmiş arxiv arayışından müəyyən olunur ki, kolxozda 1974-cü ildə minimum əmək günü norması 230 gün olduğu halda iddiaçı həmin il üzrə 143 gün əmək günü işləmişdir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək günü norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1974-cü ildə faktiki işlədiyi müddət 07 ay 5 gün (143x12/230=7,46) müəyyən edilir. Adıçəkilən kolxozda 1978-1981-ci illər üzrə minimum əmək günü norması 180 gün olduğu halda iddiaçı 1978-ci ildə 343 əmək günü, 1979-cu ildə 377 əmək günü, 1980-ci ildə 461 əmək günü, 1981-ci ildə 366 əmək günü işləmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı 1978, 1979, 1980, 1981-ci illər üzrə tələb olunan minimum əmək günü normasını (180 əmək günü) işlədiyindən həmin illər iddiaçının iş stajına tam il olaraq hesablanmalıdır. Eyni zamanda arxiv arayışına əsasən 1982-1994-cü illər üzrə minimum əmək günü norması 160 əmək günü olduğu halda iddiaçı 1982-ci ildə 426 əmək günü, 1983-cü ildə 214 əmək günü, 1984-cü ildə 275 əmək günü, 1985-ci ildə 362 əmək günü, 1986-cı ildə 386 əmək günü, 1987-ci ildə 438 əmək günü, 1988-ci ildə 361 əmək günü, 1989-cu ildə 385 əmək günü, 1990-cı ildə 472 əmək günü, 1991-ci ildə 823 əmək günü, 1992-ci ildə 1197 əmək günü, 1993-cü ildə 1126 əmək günü, 1994-cü ildə 1730 əmək günü işləmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991, 1992, 1993, 1994-cü illər üzrə tələb olunan minimum əmək günü normasını (160 əmək günü) işlədiyindən həmin illər iddiaçının iş stajına tam il olaraq hesablanmalıdır. Həmçinin arxiv arayışından müəyyən olunur ki, sözügedən kolxoz 1995-2000-ci illərdə əmək günü norması ilə deyil, əmək haqqı norması ilə fəaliyyət göstərib. Bununla bağlı dövlət arxivinin kolxoza dair 1994-cü il əmək haqqı cədvəli və 2000-ci ilin əmək haqqı cədvəli təqdim edilmişdir. Hər iki cədvəlin müqayisəli təhlilindən müəyyən olunur ki, kolxozun sürücülər və mexanizatorları qismində işləmiş şəxslərin siyahısında 1994-cü ilin əmək haqqı cədvəlində cəmi əmək günü qrafası, eyni zamanda cəmi əmək haqqı qrafası ayrı-ayrılıqda doldurulmuş, iddiaçının da adının qeyd edildiyi (sıra 432) “cəmi əmək günü” qrafasında 1730 əmək günü qeyd edilmişdir. Eyni kolxoza aid 2000-ci ilin əmək haqqı cədvəlində isə işçilərin adlı siyahısında “cəmi əmək günü qrafası doldurulmamış, iddiaçının adının qeyd edildiyi (sıra 2) cəmi əmək haqqı qrafasında 1.161.675 əmək haqqı göstərilmişdir. Beləliklə, 1995-2000-ci illər üzrə kolxozçunun əmək faəliyyətinin nə adam günü, nə də əmək günü norması ilə deyil, əmək haqqı norması ilə işlədiyi müəyyən olunur. Arxiv arayışında iddiaçıya 1995-ci il üçün 939.900 ə/h, 1996-cı il üçün 769.980 ə/h, 1997-ci il üçün 216.250 ə/h, 1998-ci il üçün 975.950 ə/h, 1999-cu il üçün 717.750 ə/h, 2000-ci il üçün 1.161.675 əmək haqqı hesablandığı göstərilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, nə qədər ki qanunvericilikdə kolxozçunun əmək stajının əmək haqqı normasına istinad edilməklə hesablanma qaydası tənzimlənməmişdir, yəni əmək haqqı məbləğinin hansı hissəsi nəzərə alınmaqla həmin ilin tam və ya qismən hesablanmalı olduğu nəzərdə tutulmamış, eləcə dövlət arxivində həmin kolxoza aid sənədlərdə iş stajının əmək haqqı əsasında hesablanması ilə bağlı xüsusi qaydası müəyyənləşməmişdir, belə olan halda qanunvericilliklə tənzimlənməyən məsələ iddiaçının ziyanına təfsir edilə bilməz. Bu əsasdan məhkəmə iddiaçının əmək haqqı aldığı - 1995, 1996, 1997, 1998, 1990, 2000-ci illəri iddiaçının əmək stajına tam il olaraq daxil edir. Cavabdehin etirazında iddiaçının ümumi iş stajının hesablanması ilə bağlı istinad etdiyi hesablama cədvəli isə iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının işlədiyi kolxoz adam günü norması ilə deyil, əmək günü norması və əmək haqqı norması ilə fəaliyyət göstərmişdir. Bu əsasdan arayışda qeyd edilən adam gününün minimum əmək günü normasına nisbəti ilə ümumi iş stajının hesablanması əsaslı hesab edilə bilməz. Dövlət arxivinin verdiyi məlumat və arayışda da iddiaçının əmək günü və minimum əmək günü normaları ayrı-ayrı qrafalarda göstərilmişdir. Başqa sözlə, kolxozda adam günü və əmək günü norması fərqli anlayışlardır və ümumi iş stajının minimum əmək günü normasının işlənmiş əmək günü normasına nisbəti ilə müəyyən edilməsi mümkündür, adam gününün minimum əmək gününə nisbəti ilə ümumi iş stajının hesablanması isə nəzərdə tutulmamışdır. Beləlikə, iddiaçının hərbi xidmət dövrü 2 il 24 gün + kolxozda 1974-cü il üzrə işlədiyi faktiki müddət 07 ay 05 gün + kolxozda tam il olaraq hesablanmış 23 il (1978-ci il daxil olmaqla - 2000-ci il daxil olmaqla) nəzərə alındıqda ümumi iş stajının 25 il 07 ay 29 gün təşkil etdiyi müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 65 yaşdan, yəni 01.07.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni 01.07.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar