Məhkəmə qərarları › İş №2-1(112)-2107/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2107/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2107/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı notariat hərəkətlərinin aparılmasından imtinanın qanunsuz hesab edilərək məhdudiyyətin götürülməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı notariat hərəkətlərinin aparılmasından imtinanın qanunsuz hesab edilərək məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, notariat əməliyyatı aparmaq istəyərkən bildirilmişdir ki, üçüncü şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubuna əsasən onunla bütün notariat hərəkətlərinin aparılmasına məhdudiyyət qoyulmuşdur. O, 2017-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə şahid qismində dindirilmişdir. Lakin, həmin iş üzrə şübhəli və ya təqsirləndirilən şəxs qimsində cəlb edilməmişdir. Cavabdeh orqana vəkil sorğusu verərək notariat hərəkətlərinin aparılmasına məhdudiyyətin olub-olmaması, varsa, hansı sənədlərə əsasən qoyulması barədə məlumatın verilməsi istənilmişdir. Lakin, sorğuya demək olar ki, cavab verilməmişdir. Cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qanuna ziddir. Məlumat üçün bildirir ki, o, "xxxx" ASC-nin İdarə heyətinin sədri olduğu vaxtı "xxxx" ASC-nin Mərkəz Filialı ilə xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 750.000 manat, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən 300.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Bakı şəhəri, Nobel prospekti, 23 ünvanında yerləşən “AMAY” Ticarət Mərkəzində olan 7, 8, 12 saylı ofislər ipotekaya qoyulmuşdur. Sonradan məlum devolivasiya səbəbi ilə borcu ödəyə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə olan 1407163,52 manat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti BOKT-un idarəetməsinə verilmişdir. xx.xx.2022-ci il tarixinə 1407163,52 manat qalıq borc məbləği əmlaklarla əvəz edildiyi üçün bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Bununla bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti BOKT-a xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Ona xx.xx.2022-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, kredit borcu banka tam ödənilmiş, buna görə də, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məhdudiyyətin götürülməsi ilə əlaqədar müraciət edilmişdir. Bundan başqa Baş prokurora, üçüncü şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və cavabdehə müraciət etsə də, heç bir nəticə olmamışdır. Onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil üzərinə qoyulmuş yuklülük və qadağan qanunsuz hesab edilərək, yüklülüyün və qadağanın götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi Bakı İnziabti Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-5868/2021 saylı qərarı ilə təmin edilmişdir. Göründüyü kimi, şahid qismində cəlb edildiyi icraatı dayandırılmış sözügedən cinayət işi ilə bağlı hansısa hüquqi əsasa söykənməyən məktubla onun konstitusion hüquqları olan mülkiyyət, azadlıq hüquqları məhdudlaşdırılmışdır. Bankla bağlı bütün borcları da ödənilmişdir. Qeyd edilən cinayət işinin ona heç bir aidiyyəti yoxdur. Belə çıxır ki, o, ümumiyyətlə, o cinayət işi mövcud olub deyə, bütün hüquqlarından məhrum olmalıdır?! Bir məktub konstitusiyadan üstün ola bilməz. Qanununun aliliyi prinsipi inzibati orqanın hərəkətləri ilə kobud şəkildə pozulmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq olunan ciayət işi üzrə həmin qrumun xx.xx.2017-ci il tarixli məktubu əsasında adıçəkilən şəxsin iştirakı ilə notariat hərəkətlərinin aparılması dayandırılmışdır. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən şəkildə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ərizələrdən görünür ki, iddiaçı barəsində qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı Bakı şəhəri 20 saylı Vəkil bürosu tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə, Azərbaycan Respublikasının Baş Prokuroruna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər ünvanlanmışdır. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən iddiaçıya ünvalanmış 3-11/428 nömrəli, 25 fevral 2022-ci il tarixli məktubun surətindən görünür ki, Y.Yüzbaşevin kredit borcunu ödədiyi üçün barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi ilə əlaqdar ona köməklik edilməsinə dair ərizəsinə "xxxx" QSC-də baxılaraq bildirilmişdir ki, kredit borcunu ödədiyi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən barəsində qoyulmuş məhdudiyyətin götürülməsi ilə əlaqədar "xxxx" QSC tərəfindən xx.xx.2020-ci il tarixdə 1-11/2267 saylı məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini Seyfulla Əzimova müraciət olunmuşdur. İzah edilmişdir ki, ərizəsində göstərdikləri məsələ ilə əlaqədar həmin orqana müraciət edə bilər. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 05/7617/3-11 nömrəli məktubla İddiaçı mülkiyyətində olan adıçəkilən əmlak üzərinə məhdudiyyətin qoyulması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2017-ci il tarixli 007-6768-1217 nömrəli məktubu məlumat üçün “Elektron notariat” İnformasiya sistemi vasitəsilə notariat ofislərinə göndərilmişdir. Həmin sənədlər məktuba qoşma şəklində əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2017-ci il tarixli 007-6768-1217 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsi və özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə aşağıdakı siyahıda adları qeyd olunan şəxslərin iştirakı ilə 01 yanvar 2015-ci il tarixdən bugünədək hansı tarixlərdə, hansı notariat kontorlarında və nə kimi notarial əməliyyatların rəsmiləşdirilməsi barədə mümkün məlumatların, o cümlədən onlar tərəfindən verilmiş etibarnamələrin surətinin onlara təqdim olunmasına, həmçinin həmin şəxslərin iştirakı ilə ölkə hüdudlarından kənarda yerləşən daşınmaz əmlaklarla bağlı, o cümlədən digər notarial hərəkətlərinin aparılmasının dayandırılmasına göstəriş verilməsini xahiş etmişlər. Həmin məktuba əlavə edilmiş siyahının 56-cı bəndində xx xxxxxx 1946-cı il təvəllüdlü, Sumqayıt şəhəri, Rasim Muxtarov küçəsi, ev 19, mənzil 98-də qeydiyyatda olan Yüzbaşov Qalib Bağır oğlunun adı qeyd olunmuşdur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş lakin, inzibati orqan tərəfindən iddiaçının müraciətinə hər hansı bir cavab verilməmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə xx.xx.2017-ci il tarixli, 007-6768-1217 nömrəli məktub ünvanlanaraq, "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsi və özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə aşağıdakı siyahıda adları qeyd olunan şəxslərin iştirakı ilə 01 yanvar 2015-ci il tarixdən bugünədək hansı tarixlərdə, hansı notariat kontorlarında və nə kimi notarial əməliyyatların rəsmiləşdirilməsi barədə mümkün məlumatların, o cümlədən onlar tərəfindən verilmiş etibarnamələrin surətinin onlara təqdim olunmasına, həmçinin həmin şəxslərin iştirakı ilə ölkə hüdudlarından kənarda yerləşən daşınmaz əmlaklarla bağlı, o cümlədən digər notarial hərəkətlərinin aparılmasının dayandırılmasına göstəriş verilməsi xahiş edilmişdir. Həmin məktuba qoşma şəklində siyahı əlavə edilmiş, siyahıda iddiaçının adı 56-cı sırada qeyd edilmişdir. Cavabdeh tərəfindən məktubun icrası ilə əlaqədar olaraq iddiaçı tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İddiaçı hazırda notariat hərəkətlərinin aparılmasından imtinanın heç bir qanuni əsasının olmamasını bildirərək, məhdudiyyətin götürülməsini xahiş edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin (Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi) tələblərinə əsasən: Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şübhə yaradan əməliyyatlarla bağlı aparılan notariat hərəkətlərinin icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər. Göründüyü kimi, qanunvericilikdə notariat hərəktlərinin aparılmasından imtina olunmasının konkret əsasları müəyyən edilmişdir. Həmin əsaslarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2017-ci il tarixli, 007-6768- 1217 nömrəli müvəqqəti xarakter daşıdığı məktubla notariat hərəkətlərinin aparılmasının dayandırılması nəzərdə tutulmamışdır. Belə ki, həmin məktub öz-özlüyüdə də, hər hansı cinayət prosessual akt və ya inzibati akt olmayıb, mahiyyəti etibarilə mülki və cinayət prosessual qaydada tədbirlərin həyata keçirilməsinə qədər olan hüquqi mexanizmi nəzərdə tutmuşdur. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarında olan digər sənədlərə əsasən müəyyən edilmişdir kİ. "xxxx" ASC-nin Mərkəzi Filialı ilə iddiaçı arasında bağlanmış xx.xx.20178-ci il tarixli, 2148 saylı kredit müqaviləsinə 750.000,00 (yeddi yüz əlli min) manat, xx.xx.2008-ci il tarixli, 2444 saylı kredit müqaviləsinə əsasən 300 000,00 (üç yüz min) manat tikinti işlərinin aparılması məqsədilə iddiaçı kredit götürmüşdür. Kreditlərin təminatı olaraq X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 3 ünvanında yerləşən “AMAY” Ticarət Mərkəzində olan 7, 8 və 12 saylı ofislər girov qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə olan 1 407 163, 52 manat borcu (əsas borc üzrə 1093 130,71 manat və faiz borcu üzrə 314 032,81 manat) "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının İdarəetməsinə verilmişdir. xx.xx.2022-ci il tarixinə 1 407 163,52 manat qalıq borc məbləği əmlaklarla əvəzləndiyi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı qarşısında heç bir öhdəliyi qalmamışdır. Bununla bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət ünvanlanaraq iddiaçı barəsində qoyulmuş məhdudiyyətlərin götürülməsi xahiş edilmişdir. Beləliklə, işin halları ilə müəyyən edilmişdir ki, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2017-ci il tarixli, 007-6768- 1217 nömrəli məktubu iddiaçıya münasibətdə heç bir hüquqi əhəmiyyətə malik olmayıb, formal xarakter daşımaqla iddiaçının konstitusion hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də, məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmalıdır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxiə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxılmasından zəruri və yararlı olmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52 –ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı barəsində notariat hərəkətlərinin aparılmasından imtina qanunsuz hesab edilsin və notariat hərəkətlərinin aparılmasına dair qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar