Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2109/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh., N.Vəzirov küç., 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********88 saylı imtinasının əsaslı hesab edilməməsi və Bakı şəhəri, Səbail rayonu, Bibi-heybət qəsəbəsi, ünvan ünvanda yerləşən 600 kv. metr torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı əsasında iddiaçı Məmmədova (Rzayeva) Gülbəniz Qəzənfər qızına ayrılmış Bakı şəhəri, Səbail rayonu, Bibi-heybət qəsəbəsi, ünvan ünvanda yerləşən və faktiki istifadəsində olan 600 kv. metr torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və torpaq sahəsinə dair planölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ünvan ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmakm dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********88 saylı imtina məktubu ilə həmin torpaq sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, yerləşmə cizgisi ilə hazırda təqdim edilən cizgi fərqlidir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin faktiki vəziyyəti ilə yerləşmə cizgisi arasında perimetrik ölçülərdə fərq mövcuddur və yarğan ərazisinə bitişik yerləşməklə yolkənarı dövlət mülkiyyəti torpağıdır. Həmçinin həmin qeyd edilən əraziyə digər şəxslərin müraciəti qeydə alınmışdır. Həmçinin qeyd edilmişdir ki, təqdim edilən Səbail rayon İcra Başçısının 506 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməyib. Cavabdeh bu məktubun dövlət qeydiyyatında imtina sayılmamasını qeyd etdə də, faktiki olaraq dövlət qeydiyyatına alınmasında imtina edilmişdir. Səbail rayon İcra Hakimiyyəti Bibiheybət qəsəbə nümayəndəliyinin xx.xx.1997-ci il tarixli cizgisindən görünür ki, onun Səbail rayon İcra Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə 600 kv. metrdən ibarət bağ sahəsi vardır və yerləşmə cizgisi də göstərilmişdir. Səbail rayon İcra Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə Salyan şossesi 32 ünvanda bağ sahəsi adına sənədləşdirilməsinə və ona fərdi evin tikintisinə icazə verilmişdir. Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2019-cu il tarixli 951 saylı arxivdən çıxarışdan da görünür ki, Səbail rayon İcra Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə Salyan şossesi 32 ünvanda bağ sahəsi adına sənədləşdirilməsinə və ona fərdi evin tikintisinə icazə verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 30 avqust 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli, 506 nömrəli sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüləri qeyd edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçının xx.xx.2019-cu il tarixli müraciəti zamanı təqdim edilmiş Səbail rayon İHBnın xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin ölçüsü barədə məlumatın verilməsi və torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin (sxem və s.) Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirildiyindən iddiaçının müraciətinin təmin edilməsinin İdarə tərəfindən mümkün olmaması barədə vətəndaşa **********80 saylı, xx.xx.2019-cu il tarixli məktub ünvanlanmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı əvvəlki müraciətdən fərqli ərazi göstərilmiş və göstərilən torpaq sahəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş (**********03-X40 və **********04-X30 reyestr nömrəli) torpaq sahələri ilə üst - üstə düşür. Qeyd olunanlarla yanaşı, təqdim olunan yerləşmə cizgisi ilə faktiki sahə arasında uyğunsuzluq vardır. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətində təqdim etdiyi yerləşmə cizgisi xx.xx.2021-ci il tarixli müraciətində təqdim olunan cizgidən fərqlidir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli müraciətində də fərqli ərazi göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin faktiki vəziyyəti ilə yerləşmə cizgisi arasında perimetrik ölçülərdə fərq mövcuddur və torpaq sahəsi sürüşmə ehtimallı yarğan ərazisinə bitişik yerləşməklə, yolkənarı dövlət mülkiyyəti torpağıdır. Həmçinin, qeyd olunan əraziyə digər şəxslərin (X41, Rəsul-zadə X68) müraciəti qeydə alınmışdır. Qeyd olunanlarla yanaşı göstərilən sahəyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti daxil olmuşdur. Qeyd olunan səbəblərdən ərizənin icrasının tərəflərindən mümkün olmaması barədə vətəndaşa **********71 saylı, xx.xx.2021-ci il tarixli və **********88 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Göründüyü kimi, iddiaçı müraciətlərində fərqli cizgi və ərazilər göstərmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X31 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: xx.xx.2014-cü il tarixdə “Asan 3” tərəfindən verilmiş AZE seriyalı 14783907 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bül-Bül pros. Ev 6, mən. 1, 2, 3 ünvnaında qeydiyyatdadır. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Salyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə” 506 №-li, xx.xx.1997-ci il tarixli sərəncamın notarial qaydada təsdiq olunmuş və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 951 №-li xx.xx.2019cu il tarixli arxiv çıxarışı ilə İddiaçı (nümayəndəsi X58) təqdim olunmuş surətlərindən müəyyən olunur ki, “Bibiheybət” qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahəsinin X3 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən X4 məxsus “Mövcud bağ” sahəsinin yerləşmə cizgisi Səbail Rayon İcra Hakimiyyəti Başçının “Bibi-Heybət” qəsəbə nümayəndəliyi tərəfindən təsdiq olunmuşdur. Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən 14 iyul 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 166997 №li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X16 xx.xx.1998-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1998-ci ilin oktyabr ayının 22-ci günündə 196 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05996-2022 №li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdrilməsi və orda fərdi evin tikintisi barədə” 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə istinad edərək “Bibiheybət” qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələri X1, X9, X17, X5, X18, X6, X10, X22, Abdullayev Nəriman.....oğlunun, X25, X3, X19, X37, X7, X11, Qədimov Başağa Alişan oğlunun, X20, X26, X27, X28, X29, X38, X32, X33, X12, X13, X23 və “Bibiheybət” qəsəbəsi N.Quliyev 45 saylı ünvanda yerləşən “Köhnə bağ” sahəsinin X14 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Məktuba eyni zamanda Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunmuş Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 №-li yataqxananın yanında yerləşən (48,0 x 30,0) ölçüdə “Köhnə bağ” bağ sahəsinin cizgisi; Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş, 506 №-li, xx.xx.1997-ci il tarixli sərəncama əlavə olunmuş X21 və X24 “Bibiheybət” qəsəbəsi Səlyan 32 saylı ünvanda ayrılmış “Köhnə bağ” sahəsinin yerləşmə cizgisi əlavə olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********45 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, X2 müraciəti əsasında baxış keçirilərkən, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən ölçüsü cizgiyə əsasən 600 kv. metr, faktiki sahəsi 600 kv. metr olan torpaq sahəsinin bir tərəfdən mişar daş hasarla, üç tərəfdən üzərində olan tikilinin çöl divarı ilə sərhədləndiyi, torpaq sahəsi üzərində yeni inşa olunmuş (tikinti işləri tamamlanmamış) üç mərtəbəli mansardlı yarımçıq tikilinin mövcud olduğu aşkar olunmuşdur. Aktda əlavə qeyd olunmuşdur ki, torpaq sahəsinin sərəncamında sahə göstərilməyib, cizgidə göstərilən perimetrik ölçülər ilə faktiki perimetrik ölçüləri arasında fərq mövcuddur. Torpaq sahəsi Salyan şossesi yolu kənarında yerləşməklə digər tərəfdən 4-5 metr aralı məsafədə relyefi mürəkkəb mayıllı ərazi ilə həmsərhəddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/2452 №li ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05996-2022 №li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdrilməsi və orda fərdi evin tikintisi barədə” 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Rzayeva (hazırda Məmmədova) Gülbəniz Qəzənfər qızının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmış torpaq sahəsinin faktiki ölçülərinin uzunluğu 25 metr, eni 24 metr olmaqla, ümumi sahəsinin 600 kv. metr olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05996-2022 №li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdrilməsi və orda fərdi evin tikintisi barədə” 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə sərəncamda adları qeyd olunan digər şəxslərlə yanaşı Rzayeva (hazırda Məmmədova) Gülbəniz Qəzənfər qızının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmış torpaq sahəsinin texniki parametrləri və konfiqurasiyası, Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunmuş Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 №-li yataqxananın yanında yerləşən “Köhnə bağ” bağ sahəsinin texniki parametrləri ilə müqayisə edilərkən torpaq sahələrinin cizgilərinin uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05996-2022 №li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Salyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdrilməsi və orda fərdi evin tikintisi barədə” 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə sərəncamda adları qeyd olunan digər şəxslərlə yanaşı Rzayeva (hazırda Məmmədova) Gülbəniz Qəzənfər qızının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmış 600 kv. metr torpaq sahəsinin konfiqurasiyasının, parametrlərinin Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin “Bibiheybət” qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisinə uyğun olduğunu və faktiki olaraq iddiaçı tərəfindən istifadə edildiyini, o cümlədən digər torpaq sahələri ilə üst-üstə düşmə barəsində məlumat olmadığını nəzərə alaraq, həmin torpaq sahəsinin digər fiziki və ya hüquqi şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05996-2022 №li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdrilməsi və orda fərdi evin tikintisi barədə” 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə sərəncamda adları qeyd olunan digər şəxslərlə yanaşı Rzayeva (hazırda Məmmədova) Gülbəniz Qəzənfər qızının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmış torpaq sahəsinin faktiki ölçüsünün 600 kv. metr olduğunu nəzərə alaraq torpaq sahəsinin sürüşmə ehtimallı yarğan ərazisinə bitişik hissəsinin boş saxlanıldığı və torpaq sahəsinin yolun orta oxundan 11 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********88 №li məktubda göstərilmişdir ki, əvvəlki müraciətilə ərizəyə əlavə olunan yerləşmə cizgisi hazırda təqdim olunan cizgidən fərqlidir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin faktiki vəziyyəti ilə yerləşmə cizgisi arasında perimetrik ölçülərdə fərq mövcuddur və yarğan ərazisinə bitişik yerləşməklə, yolkənarı dövlət mülkiyyəti torpağıdır. Həmçinin, qeyd olunan əraziyə digər şəxslərin müraciəti qeydə alınmışdır. Təqdim edilən Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsi: - 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. - 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. - 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2.1. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və qeyd olunan hallar iş üzrə verilmiş ekspert rəyi ilə təkzib olunmaqla yanaşı, iddiaçının hazırki iddiasının təmin olunmaması üçün əsas hesab oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı əsasında iddiaçı Məmmədova (Rzayeva) Gülbəniz Qəzənfər qızına ayrılmış Bakı şəhəri, Səbail rayonu, Bibi-heybət qəsəbəsi, ünvan ünvanda yerləşən və faktiki istifadəsində olan 600 kv. metr torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və torpaq sahəsinə dair plan-ölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2109/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2109/2023
07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver