Məhkəmə qərarları › İş №2-1(112)-2111/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2111/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2111/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 05.01.2021-ci il tarixli **********45 saylı məktubunun qanunsuz hesab edilməsi və cavabdehin üzərinə mənzilin özəlləşdirilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05.01.2021-ci il tarixli **********45 saylı məktubunda göstərilənlərin qanunsuz hesab olunması və Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 15, korpus 2-da yerləşən 402 saylı mənzilin özəlləşdirilməsinin öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 15, korpus 2-də yerləşən 402 saylı mənzili 2003-cü ildə onun əvvəlki sahibindən qarşılıqlı razılaşma əsasında almış, təmir etdirmiş və həmin tarixdən orada yaşamış və hal-hazırda da həmin mənzildə yaşayır. Həmin mənzilə sahiblik və istifadə hüquqları yarandığından 15 noyabr 2020-ci ildə daimi pasport qeydiyyatına düşmüşdür. İddiaçı qeyd edir ki, sahibliyində və istifadəsində olan həmin mənzili özəlləşdirmək üçün qanunla tələb olunan sənədləri toplamış və 22.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir. Həmin sənədləri təqdim etdikdən sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 05.01.2021 -ci il tarixdə **********45 saylı məktubla iddiaçıya rəsmi cavab göndərmiş və həmin məktubun məzmunundan məlum olmuşdur ki,qeyd etdiyi mənzilin özəlləşdirilməsindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh orqanın 05.01.2021-ci il tarixli **********45 saylı məktubunda göstərilənlərin qanunsuz hesab olunması və cavabdehin üzərinə Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 15, korpus 2-da yerləşən 402 saylı mənzilin özəlləşdirilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməlidir.

3. Cavabdeh orqan məhkəmyə ərizə təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu barədə iddiaçıya **********45 saylı, 05.01.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQDnömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1 -ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Habelə 08.07.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsinə əlavə olaraq buraxılmış müddətin bərpası ilə əlaqədar ərizə məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın növü öhdəliyin icrası haqqında iddia olduğundan müddətin bərpası haqqında ərizəyə münasibət bildirmək zərurəti mövcud deyildir.

5. İddiaçı məhkəməyə ərizə təqdim edərək (dəftərxana vasitəsilə) iddia tələbi ilə bağlı işin icraatının davam etdirilməsinə ehtiyac qalmadığını və iddiadan imtina edərək iş üzrə icraata xitam verilməyini xahiş etmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında cavabdeh orqanın nümayəndəsi iştirak etmişdir. Məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iclasda iştirak etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. İnzibati Prosessual Məcəllədən: 15.2. İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0. Sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında aşağıdakı məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir: 50.0.2. iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə; 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

8. Göstərilənlərə əsasən və İPM-in 55.4, 55.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçının iddiadan imtina etməsi qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar