Məhkəmə qərarları › İş №2-1(112)-2112/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2112/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2112/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan, yəni 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə İmişli şəhərində anadan olmuşdur. 05.09.1977-ci il tarixdən, 15.04.1978-ci il tarixədək İmişli suvarma sistemləri idarəsində fəhlə vəzifəsində, 27.10.1979-cu il tarixdən 24.12.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 26.01.1982-ci il tarixdən 13.07.1982- il tarixədək İmişli rayonunda Xüsusi Su Tikinti İdarəsində fəhlə vəzifəsində, 27.08.1982-ci il tarixdən, 03.06.1990-cı tarixədək Yermak şəhəri metallurgiya zavodunun “Uraldomnaremont” trestində tikinti- quraşdırıcı vəzifəsində, 01.07.1990-cı il tarixindən 04.08.1991-ci il tarixinədək “Nümunə” koperativində əmtəəşünas, 18.09.1991-ci il tarixdən 16.011.1993-cü il tarixədək “Sibiryak” kiçik müəssisəsində direktor, 25.11.1993-cü il tarixdən 31.04.1996-cı il tarixədək “Nümunə” koperativində əmtəəşünas, 15.07.1996-cı il tarixdən 01.05.2002-ci il tarixədək Nərimanov rayonu Əmək və Məşğulluq Mərkəzində müfəttiş, 16.04.2003-cü il tarixdən 03.07.2003-cü il tarixədək Azfen Birgə müəssisəsində quraşdırıcı, 22.07.2003-cü il tarixdən 07.09.2007-ci il tarixədək "xxxx" LTD-də quraşdırıcı vəzifəsində işləmiş, 05.09.2011-ci il tarixdən hal-hazıradək "xxxx" LTD-də quraşdırıcı vəzifəsində işləyir. Müəyyən vaxtlarda işlədiyi quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda öz əksini tapmışdır. Hal-hazıradək 36 ildən çox ümumi və 13 ildən çox xüsusi stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun 60 yaşadək, yəni, 01.07.2020-ci il tarixədək 36 ildən çox ümumi sığorta stajı, o cümlədən 13 ildən çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Həmin sosial sığorta stajı işlədiyi əmək kitabçasında öz əksini tapmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Tərəflərindən iddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Lakin, hazırki halda cavabdeh kimi onlar nə inzibati aktı qəbul etməkdən imtina edirlər, nə də, hərəkətsizliyə yol verirlər. Əksinə, pensiya təyinatı aparmaq üçün müvafiq sənədlərin əsillərini təqdim etməməklə iddiaçı hərəkətsizliyə yol vermişdir. Həmçinin bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Buna baxmayaraq iddiaçı tələb olunan sənədlərin əsillərini, o cümlədən güzəştli şərtlərlə pensiya hüququ əldə etməsinə imkan verə biləcək arayışı Mərkəzi Filiala təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair iddiasının mümkün hesab edilməməsi qərar qəbul etməyinizi xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 27.10.1979-cu ildən 24.12.1981-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçının adına 11.01.1978-ci il tarixdə və 01.10.1986-cı il tarixdə açılmış əmək kitabçalarının və ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı 05.09.1977-ci il tarixdən 15.04.1978-ci il tarixədək, 18.04.1978-ci il tarixdən 14.08.1978-ci il tarixədək, 14.09.1978-ci il tarixdən 09.11.1978-ci il tarixədək, 09.11.1978-ci il tarixdən 26.08.1979-cu il tarixədək, 26.01.1982-ci ildən 13.07.1982-ci il tarixədək, 13.08.1982-ci il tarixdən 26.08.1982-ci il tarixədək, 27.08.1982-ci il tarixədən 03.06.1990-cı il tarixədək, 01.07.1990-cı il tarixdən 08.04.1991-ci il tarixədək, 18.09.1991-ci il tarixdən 16.11.1993-cü il tarixədək, 25.11.1993-cü il tarixdən, 31.04.1996-cı il tarixədək, 15.07.1996-cı il tarixdən 01.05.2002-ci il tarixədək müxtəlif peşələrdə işləmiş, 01.08.2002ci ildə ona işsizlik müavinəti təyin edilmiş, 01.02.2003-cü il tarixdə işsizlik müavinətinin vaxtı bitmiş hesab edilmişdir. 16.04.2003-cü il tarixdən əmək fəaliyyətinə başlayaraq, 17.07.2003-cü il tarixədək, 22.07.2003-cü il tarixdən, 17.09.2007-ci il tarixədək, 05.09.2011-ci il tarixədən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 02.07.2020-ci il tarixli, HR-2020/BOS/GHA/R- 00/3863 nömrəli güzəştli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də 22.07.2003cü il tarixdə quraşdırıcı peşəsinə işə qəbul olunub. Onunla bağlanmış əmək müqaviləsinə 17.09.2007ci il tarixdə xitam verilmişdir (17.09.2007-ci il tarixli, 1210/07 hr saylı əmr). İddiaçı yenidən "xxxx" MMC-də Əmək müqaviləsinə əsasən 05.09.2011-ci il tarixdə quraşdırıcı peşəsinə işə qəbul olunub, 24.01.2014-cü iltarixdə Quraşdırıcı briqadir peşəsinə işə qəbul olunub, 24.01.2014-cü il tarixdə Quraşdırıcı Briqadir vəzifəsinə keçirilib və hal-hazırda həmin vəzifədə işləyir. "xxxx" MMC 29.10.2001ci il tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və götəricilərin siyahısı”, 29-cu hissədə, öz əksini tapmış “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı "xxxx" MMC-də güzəştli əmək şəraitində iş müddəti 6 il 6 ay 18 gün təşkil edir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş “Pavlador vilayətinin Dövlət arxivi” Kommunal dövlət müəssisəsi Pavlodar vilayətinin mədəniyyət, arxivlər və sənədlər İdarəsi Pavlodar vilayətinin Akimatası tərəfindən verilmiş “İddiaçı əmək stajı haqqında” 04.01.2019-cu il tarixli, 7-19/3- 09/D-2 nömrəli arxiv arayışından görünür ki, Pavlador vilayətinin Yermak şəhərinin “Uraldomnaremont” trestinin Yermakovski ixtisaslaşmış tikinti – montaj idarəsinin şəxsi tərkibi ilə bağlı sənədlərdə, 4 saylı sahənin xidməti əməkdaşlarının və işçilərin aylıq məvacibinin köçürülməsi idarələrində 1982-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları ərzində, bütünlükdə 1983-cü il, 1984-cü il, 1985-ci il, 1986-cı il ərzində, 1987-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları ərzində, bütünlüklə 1989-cu il ərzində, 1990-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları ərzində İddiaçı 4, 5 dərəcəli montajçı çilingər, usta kimi sənədlərdə qeyd olunur. 1982-1990-cı illər ərzində “Uraldomnaremont” trestinin Yermakovski ixtisaslaşmış tikinti – montaj idarəsinin şəxsi tərkibinə görə əmrlə, 1987-ci il ərzində iyuldekabr aylarına görə 4 saylı işçi və xidmət sahələrin aylıq məvaciblərinin köçürülməsi cədvəlləri Pavlodarski vilayətinin dövlət arxivinin Agsu şöbəsinə saxlanmaq üçün təqdim olunmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, 24.08.2020-ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçiririlir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla biləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubuna əsasən məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məhkəmə sorğusuna "xxxx" MMC tərəfindən verilmiş C-2021/BOSS/BAC/GHA/L-590 nömrəli, 03 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, “Uraldomnaremont” Trestinin onların sahəsinə oxşar sahə olduğunu nəzərə alaraq, hesab edirlər ki, hal-hazırda "xxxx" MMC-də Boru quraşdırılması üzrə Usta işləyən İddiaçı 27.08.1982-ci il tarixdən 03.06.1990-cı il tarixədək Rusiya Federasiyasının Yermak şəhərində yerləşən “Uraldomnaremont” zavodunda işlədiyi quraşdırıcı – çilingər (əmək kitabçasına əsasən) peşəsi Azərbaycan Respublikası Nazilrər Kabinetinin 23 yanvar 2007-cii l tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə, öz əksii tapmış “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd verən iş stajına aiddir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 10.11.2021-ci il tarixli, **********3 nömrəli məktubla təqdim edilmiş “Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında” məlumatdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20195.87 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 68507.96 manat Məhkəmə hazırki mübahisədə cavabdehin etiraz ərizəsində göstərdiyi dəlilləri nərəzə alaraq, ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək, qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası iddia növünün tələb olunan xüsusi mümkünlük şərti iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir ki, hazırki iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət edilmiş, cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışın təqdim edilməsindən sonra onun müraciətinə baxıla biləcəyi bildirilmişdir. Cavabdeh öz etirazında sözügedən məktubun iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi barədə məktub kimi, qəbul edilməsinə etiraz etdiyini bildirərək, bu səbəbdən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etsə də, məhkəmə cavabdehin həmin mövqeyini əsassız hesab edir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən "xxxx" MMC-də işlədiyi peşələr üzrə güzəştli arayışı təqdim edə bilmiş, əmək kitabçası üzrə güzəştli şərtlərlə pensiya hüququ verən “Uraldomnaremont” Trestində işlədiyi illər üzrə isə arayışı həmin trest mövcud olmadığı üçün əldə etməsi mümkün olmadığından, həmin illərin güzəştli iş stajına daxil edilməsi məqsədilə bir başa məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin sözügedən məktubunu imtina məktubu kimi qəbul edərək, iddianı mümkün hesab edir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia aşağıdakılara görə əsaslıdır: - İddiaçı xx.xx.1960-cı il təvəllüddür. İddiaçının 01.07.2020-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının 01.07.2020-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuş, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçalarına əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçı barəsində "xxxx" MMC tərəfində verilmiş güzəşli arayışa (02.07.2020-ci il tarixli) əsasən iddiaçının "xxxx" MMC-də işlədiyi müddət üzrə 6 il 6 ay 18 gün təşkil etsə də, məhkəmə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə əsasən (pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutlmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSR-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir) iddiaçının Yermak şəhəri metalurgiya zavodunun “Uraldomnaremont” trestində işlədiyi müddəti onun ümumi iş stajına daxil etmiş, güzəştli iş stajının araşdırılması məqsədi ilə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubuna əsasən "xxxx" MMC-yə sorğu göndərilmişdir. "xxxx" MMC tərəfindən məhkəmə sorğusu 03 noyabr 2021-ci il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, iddiaçının 1982-1990-cı illərdə Yermak şəhərində yerləşən “Uraldomnaremont” trestində işlədiyi quraşdırıcı – çilingər (əmək kitabçasına əsasən) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajına daxildir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır. Məhkəmə eləcə də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı qeyd edir ki, sözügedən hal da, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş 10.11.2021-ci il tarixli məktubla öz təsdiqini tapır. Belə ki, sözügedən məktubda qeyd edilmişdir ki, iddiaçıya münasibətdə qanunvericiliyə uyğun olaraq aşağı həddə 37600.00 manat məbləğində pensiya kapitalı tələb olunur, onun isə 2006-cı ilədək pensiya kapitalı 20195.87 manat, 2006-cı ildən sonrakı dövrdə isə 68507.96 manat olmaqla cəmi pensiya kapitalı 88703.83 manat təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi "xxxx" MMC tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.07.2021-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, eləcə də, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar