Məhkəmə qərarları › İş №2-1(112)-2114/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2114/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2114/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı “X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə (üçüncü şəxs: Sabunçu Rayon İcra Hakimiyyətinə) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Cəmiyyətin JN 277 kod 00502016 nömrəli dövlət aktına əsasən mülkiyyətində olan 8.00 ha torpaq sahəsinin boşaldılması, hər hansı tikinti- qazıntı və sair işlərin aparılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-9724/2021 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, “X6 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi 10 fevral 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış və Cəmiyyətin təsisçisi 100% pay hesabı ilə X4r. Cəmiyyət hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyətin JN 277 kod 00502016 nömrəli dövlət aktına əsasən mülkiyyətində “X6 təsərrüfatı X5"nun adına 11 hektar torpaq sahəsi var. Abşeron Rayon İcra hakimiyyətinin 1998-ci il 28 iyul tarixli 192 saylı Sərancamı ilə cizgidə göstərilən sərhəd daxilində “X6 təssərrüfatı X2" 11 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş və Cəmiyyət mülkiyyətində olan torpaq sahəsindən manesiz istifadə etmişdir. Lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Abşeron Rayon İcra Hakimiyyətinin 1998-ci il 28 iyul tarixli 192 saylı Sərancamı ilə cizgidə göstərilən sərhəd daxilində cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 8.00 ha torpaq sahəsi zəbt olunmuş və iddiaçı tərəfindən istifadəsini mümkünsüz etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququ, mənzil hüququ və mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı ərizədə ona məxsus olan torpaq sahəsinin zəbt olunmasından bəhs etsə də, dəqiq olaraq həmin ərazinin hansı ünvanda yerləşməsini qeyd etməmişdir Həmçinin iddiaçı ilk öncə Cəmiyyətin ona məxsus olan torpaqdan maneəsiz istifadə etdiyini qeyd etmiş, sonra isə Cəmiyyətə məxsus olan 11 hektar torpaq sahəsinin 8 hektarının cavabdeh tərəfindən zəbt olunduğunu bildirmişdir Lakın buna baxmayaraq cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin nə vaxt və hansı hissədə zəbt olunmasına dair iddia ərizəsində heç bir fakt öz əksini tapmamış, inzibati iş materiallarına qeyd edilənlərlə bağlı hər hansı sübut əlavə edilməmişdir. Abşeron Rayon Aqrar islahat Komissiyasının 1999- cu il 29 may tarixli 26 nömrəli Qərarına əsasən Abşeron rayonu, Ramana südçülük savxozu ərazisində yerləşən 199,7431 hektar və 14,217 hektar torpaq sahələri 2000-ci il 11 aprel tarixli JN-425 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X1 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilmişdir Həmin torpaq sahələri üzərində istifadə hüququ 2020-ci il 24 noyabr tarixində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Çıxarışlarda həmin torpaq sahələrinin əvvəlki yüklülüyünə dair hər hansı məlumat əks olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İstinad olunan qərara əsasən iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (2.0.3-cü madəyə əsasə hüquqi və ya fiziki şəxsin) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (2.0.3-cü madəyə əsasə hüquqi və ya fiziki şəxsin) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Nəhayət, həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi, inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, “İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.” İstinad olunanları əsas götürən məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İşdə olan Torpaqdan daimi istifadə hüququna dair JN:277 KOD 00502016 nömrəli, xx.xx.1998-ci il tarixli Dövlət Aktından görünür ki, “X6 Təsərrüfatı” X3 Abşeron rayon İcra Hakimiyyəti Başçısının 1998-ci il 28 iyul tarixli, 192 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 11 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş, dövlət aktı qeydiyyat kitabında 2890 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı hazırda həmin torpaq sahəsinin 8 hektar hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu bildirir. Lakin iş materiallarında bu halı, yəni cavabdehin iddiaçıya məxsus torpağı zəbt etməsini təsdiq edən hər hansı bir sübut, habelə əgər belə bir hal baş vermişsə, bu hərəkətin cavabdehin publik hüquqdan irəli gələn səlahiyyətlərini həyata keçirməsi, yaxud xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi həyata keçirdiyi fəaliyyətlə əlaqəli olması müəyyən edilmir. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Hazırkı işdə belə bir sübut mövcud deyil. Məhkəmə onu da qeyd edir ki, işdə olan xx.xx.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 26 nömrəli qərarı ilə verilmiş JN 425 saylı xx.xx.2000-ci il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 14.217 ha torpaq sahəsinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X1 və Emal Birliyi” MMCnin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmışdır. Əgər iddiaçı həmin çıxarışa əsasən müstəqil hüquqi şəxs olan və məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edən “X1 və Emal Birliyi” MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin dövlət aktına əsasən ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edirsə, onda onun arzuladığı məqsədə çatması üçün hüquqi marağına uğun düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia deyil, mübahisəli torpaq sahəsinin MMC-yə ayrılmasına əsas olan ilkin torpaqayrıma sənədlərinin mübahisələndirməsi barədə iddia təşkil edir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar