Məhkəmə qərarları › İş №2-1(112)-2114/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2114/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2114/2023 30.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki “13” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Təqdim edilən bağçılıq-yoldaşlıq üzvlərinin iclasının protokolundan çıxarışda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığı üçün iddiaçı tərəfindən göstərilən bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bu imtinanı qanunsuz hesab edən iddiaçı cavabdehə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki “13” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki “13” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İddiaçı bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına qəbul edilmiş, lakin texniki yalnışlıq səbəbindən onun adı siyahıya salınmamışdır. Halbuki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki “13” saylı torpaq sahəsi 30 ildir ki, İddiaçı istifadəsindədir. Belə ki, 31 iyul 1997-ci il tarixli 27 nömrəli protokoldan çıxarışdan görünür ki, Z 13 nömrəli bağ sahəsi İddiaçı verilmiş və bağçılıq-yoldaşlığı üzvlüyünə qəbul edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi ilə bağlı sənəd verilmişdir. Həmin sənəddən görünür ki, xx.xx.1997-ci il tarixli protokolla 500 kv.m sahəsi olan Z-13 saylı bağ evinin tikintisi üçün təyinatı üzrə torpaq sahəsi ilə bağlı plan və ölçü tərtib edilmişdir və bu X4 kitabında xx.xx.2012-ci il tarixdə 31299 nömrə ilə uçota alınmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər XDS İKnın 16/358 nömrəli xx.xx.1985-ci il tarixli qərarından görünür ki, "xxxx" İstehsalat Birliyinin 290 nəfərdən ibarət üzvünə Hövsan qəsəbəsində bağçılıq yoldaşlığın yaradılması üçün torpaq sahəsi ayrılmış, xx.xx.1986-cı il tarixdə əlavə 7 nəfər üzv üçün əlavə torpaq sahəsi ayrılmışdır. "xxxx" X3 birliyinin Bağçılıq cəmiyyətinin idarə heyətinin xx.xx.1997-ci il tarixli 27 saylı iclas protokolundan çıxarışdan görünür ki, Z 13 nömrəli bağ sahəsi ünvan 1 ünvanında yaşayan İddiaçı verilmiş və o, bağçılıq yoldaşlığın üzvlüyünə qəbul edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №402986 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər XDS İK-nın 16/358 nömrəli xx.xx.1985-ci il tarixli qərarı və "xxxx" b/y-nin xx.xx.1997-ci il tarixli 27 saylı protokolu ilə iddiaçıya ayrılmış Suraxanı rayonu, Hövsan bağ masivində yerləşən 500 kv.metr torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, X4 kitabında xx.xx.2012-ci il tarixdə 31299 nömrə ilə uçota alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, iddiaçının hüququnun qeydə alınması üçün naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin faktiki sahəsi 625 kv.metr olmuşdur. İki bağ sahəsi bir hasar daxilindədir, ara sərhədlərinə dəmir borular və armaturlar basdırılaraq 3 cərgə ip çəkilmişdir. Bağ sahəsində 1 mərtəbəli yarımçıq yaşayış evi, hin koməkçi tikilisi var. Təqdim edilmiş protokoldan çıxarışda bağın sahəsi göstərilməmişdir, lakin kadastr planında bağın sənədlə sahəsi 500 kv.metr göstərilmişdir. İddiaçı hazırda istifadəsində olan həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:

1. bağ sahələrinə dair verilən icarə müqavilələri;

2. bağ sahələrinə dair verilən sərəncamlar;

3. bağ sahələrinə dair verilən orderlər;

4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;

5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İddiaçı qeyd olunan sənədlərdən birini, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclas protokolundan çıxarışı təqdim etsə də, bu sənəd Qanunun tələblərinə müvafiq olmamışdır. Belə ki, istinad olunan normadan da göründüyü kimi, qanunverici həmin sənədin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, iddiaçının adı "xxxx" bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Məhkəmə icraatı zamanı baxış keçirilmiş və surəti çıxarılmaqla iş materiallarına əlavə edilmiş cavabdehə təhvil verilən "xxxx" bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən görünür ki, "xxxx" İB-nin kollektiv bağçılıq yoldaşlığa daxil olan işçilərinin siyahısı təsdiqlənmiş, iddiaçının adı həmin siyahıda olmamışdır. Məsələ ilə bağlı "xxxx" ASC-yə sorğu verilmiş, ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 24 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılıb ayrılmamasına əsas olmuş sənədlər (bütün həmkarlar komitəsinə aid sənədlər) müəssisənin arxiv sənədləri arasında mövcud deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Digər tərəfdən, Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1980-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İşçi və qulluqçuların bağçılıq yoldaşlığının nümunəvi nizamnamə”sinin 1-ci bəndinə əsasən bağçılıq yoldaşlıq müəssisə, idarə, təşkilatın yanında yoldaşlığa üzv olmaq istəyən 30 nəfərdən az olmayan şəxsdən təşkil edilir. Nizamnamənin 11-ci bəndinə əsasən bağçılıq yoldaşlığın üzvü 18 yaşına çatmış işçi və qulluqçular, habelə daha əvvəl həmin müəssisə, idarə və ya təşkilatda işləmiş pensiyaçılar ola bilər. Lakin işdən görünür ki, iddiaçı, ümumiyyətlə, "xxxx" İstehsalat Birliyində işləməmiş, məhkəmə iclasında verdiyi izahatda bu halı qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının adı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmədiyindən onun təqdim etdiyi protokoldan çıxarış qanunvericiliyin tələblərinə cavab verən sənəd kimi qəbul edilə və həmin sənədə əsasən onun iddiası təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənəd həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar