Məhkəmə qərarları › İş №2-1(112)-2114/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2114/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2114/2024 12.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı "diplomun tanınması öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Təhsildə X2rşı “X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 154935 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci ildə doğulmuşdur, Bakı şəhərində yaşayır, 2015-ci ildə X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutuna qəbul olunmuş, 2019-cu ildə həmin Universitetin Gəmi energetik qurğularının istismarı ixtisası üzrə bakalavr proqramını tam bitirmişdir, bu barədə ona X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş- Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən xx.xx.2019-cu il tarixli, B19 № 154935 saylı diplom və ona A3-97/15 saylı əlavə təqdim olunmuşdur. Diplom lazımi qaydada imzalanmış və möhürlə təsdiq edilmişdir.İddiaçı xx.xx.2023-cü ildə ali təhsilə aid kvalifikasiyasının tanınması barədə aidiyyəti inzibati orqan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - cavabdeh) müraciət etmişdir.Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması barədə 21 iyul 2023-cü il tarixli, NA00013925 saylı qərar qəbul edilmişdir. Səbəb kimi imtinada göstərilmişdir ki, “Ərizəçi ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir".Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması" Qaydalarının 4.1 və 3.10-cu maddələrində təsbit olunmayan əsasla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.İddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmişdir, həmin ölkədə olmadığı dövrdə isə üzrlü səbəbləri olmuşdur. O cümlədən, iddiaçı hər il imtahanlarını uğurla başa vurmuş və təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kurslara keçirmişdir. İddiaçı imtahanlardan yaxşı qiymətlər almışdır və tədris yükünü tam mənimsədiyinə görə ona bakalavr diplomu verilmişdir. İddiaçının tədris yükünü yerinə yetirməyi həm də onunla təsdiq olunur ki, o, uzun illərdir ki, bakalavr ixtisası üzrə işləyir. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci bəndinə əsasən, Azərbaycan tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr", “mütəxəssis” və “magistr" ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gəlir, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir.Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən: tanınma üzrə ümumi tələblər aşağıdakılardır:müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması;müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması;müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi;Həmin Qaydaların 3.10-cu maddəsinə əsasən, aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir;bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda;ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda;peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda.Həmin Qaydaların 1.4.3-cü maddəsinə əsasən, əhəmiyyətli fərq dedikdə, xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür.Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində ixtisasın mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu inzibati orqan tərəfindən diqqətə alınmamışdır. Yəni, şəxs tərəfindən tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. O cümlədən, iddiaçı hesab edir ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətində, həmçinin cavabdehin öz imtina məktubunda istinad etdiyi iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmağına əlahiddə olaraq deyil, iddiaçının təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşmağı və həmin fənlərin məzmununu mənimsəmə imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman təhsil alanın həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bununla bağlı olaraq həmçinin bildirir ki, cavabdeh iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmağına itsinad etsə də, bu zaman özünün mövqeyini ümumiyyətlə dəqiqiləşdirməmiş, tələb olunan müddətin nə qədər olduğunu da göstərməmişdir. Сavabdeh imtina məktubunda iddiaçının tədris yükünü mənimsəməsinin mümkün olmadığını bildirsə də, cavabdehə təhsil barədə təqdim etdiyi sənədlərə məcmu halda qiymət verməmiş, diplom, ona əlavələr və digər sənədlərdə akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlərin və onların qiymətləndirilməsinin aydın şəkildə şərh edilməsinə, habelə əmək fəaliyyətinin sözügedən ixtisas istiqamətində uzun müddətdir davam etməsinə baxmayaraq, formal əsasa əsaslanaraq, iddiaçının tədris yükünü tam yerinə yetirməməyi barədə nəticəyə gəlmişdir. Lakin iddia ərizəsinə əlavə olunan sənədlərdən də məlum olur ki,o, diplomda qeyd olunan ixtisas üzrə uzun müddətdir ki, əmək fəaliyyəti ilə məşğul olur və bu isə həm də onu deməyə səbəb olur ki, həmin sahə üzrə bilik və bacarıqlara kifayət qədər yiyələnmişdir. O cümlədən, əmək fəaliyyəti ilə bağlı “BUE CASPİAN LİMİTED” tərəfindən verilmiş və iddia ərizəsinə əlavə olunmuş xasiyyətnamədən aydın olur ki, əmək fəaliyyəti müddətində iddiaçı öz bilik və bacarıqlarını kifayət qədər göstərmişdir və həmin sahə üzrə peşə qabiliyyətləri yüksək səviyyədədir.Göründüyü kimi, cavabdeh işin bütün hallarına (diplom, ona əlavə olunan sənədlər, sahə üzrə əmək fəaliyyəti, tədris yükünü yerinə yetirməyi barədə digər sübutlar) qiymət verməmiş, yeganə məqamın, yəni tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olmaq halına əsaslanaraq diplomun tanınmasından imtina etmişdir. O cümlədən nəzərə alınmalıdır ki, təhsil alan şəxsin hazırlıq səviyyəsinin artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman təhsil alan şəxsin həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları, əmək fəaliyyəti ilə əlaqədar əldə etdiyi səriştələr, imtahanlarda və dərslərdə əldə etdiyi nəticələr də nəzərə alınmalıdır.Həmçinin bildirir ki, iddia ərizəsinə əlavə etdiyi müvafiq fəxri fərman da təsdiq edir kı, tədris müddəti ərzində baş verən "Günəşli" neft yatağında yanğınla əlaqədar xilas etmə işlərinə cəlb olunmuşdur və bu üzrlü səbəbdən həmin dövrlərdə təhsil aldığı ölkədə olmasa da həmin dövr üzrə bütün imtahanlardan yüksək nəticə əldə etmişdir. O cümlədən iddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi, övladının sağlamlıq imkanları məhdud olması, xüsusi qayğıya ehtiyacı olması, həmçinin əmək fəaliyyətinə davam edərkən işini itirməmək səbəbindən bəzi illər ərzində yalnız imtahan sessiyasında iştirak etmək üçün həmin ölkəyə gedə bilmişdir, lakin buna baxmayaraq həmin dövrlərdə belə imtahanlarda yüksək nəticələr əldə edərək, tədris yükünü tamamilə mənimsəmişdir.Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə almamış, iş üzrə mühüm xüsusatları araşdırmamış və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının ali təhsil müəssisəsində qiyabi təhsilalma formasının tələblərinə uyğun olaraq sessiya və imtahanlarda iştirak üçün xarici ölkədə olma müddətlərinin aşağıdakı kimi olduğunu müəyyən etmişdir: 2015-2016 -10 gün, 2016-2017 – 25 gün, 2017-2018 – 19 gün, 2018-2019- 17 gün.Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir.Bu səbəbdən də iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.Cavabdeh inziati orqan inzibati aktı qəbul edən zaman diskresion səlahiyyətlərin qanunla müəyyən edilmiş hədlərinə əməl etmiş və diskression hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir.Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli,2306 nömrəli fərmanı iə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması qaydaları”na uyğun olaraq həyata keçirilir.Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azerbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili qaydalarına əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin 30-40 gün xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir.Qaydaların 4.1.4cü yarımbəndində Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblərə aid edilmişdir. İddiaçının vəziyyətində isə təhsil müddətinin birinci və sonuncu tədris illərində bu tələblər ödənilməmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 6.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

8.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 9.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 10.Məhkəmə iş materiallarında olan: Ukrayna İnfrastruktur və Texnologiyalar Dövlət Universitetinin B19 №154935 nömrəli bakalavr diplomunun azərbaycan dilində tərcümə edilmiş surətindən görünür ki, iddiaçı 2019-cu ildə İnfrastruktur və Texnologiyalar Dövlət Universitetinin X8 Saqaydaçnıy adına X9 İnstitutunda təhsil üzrə tam kursu bitirmiş və ona “Dəniz və Çay Nəqliyyatı” istiqamətinin “Gəmi energetik qurğularının istismarı” proqram sahəsi üzrə bakalavr dərəcəsi verilmişdir, bakalavr diplomu Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil ilə təsdiq edilmişdir. Ukrayna İnfrastruktur və Texnologiyalar Dövlət Universitetinin B19 №154935 nömrəli bakalavr diplomuna əlavəyə əsasən iddiaçı İnfrastruktur və Texnologiyalar Dövlət Universitetinin X8 Saqaydaçnıy adına X9 İnstitutunda qiyabi təhsil almışdır. Şirkət tərətindən verilmiş Fəxri fərmana əsasən iddiaçı - Caspian Server gəmisinin mühəndis elektriki İddiaçı xx.xx.2015-ci ildə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın zamanı yanğınsöndürmə işlərində göstərdiyi xüsusi xidmətə görə fəxri fərmanla təltif olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən X3 (xx.xx.2005-ci il təvəllüdlü) ikinci dərəcəli ömürlük əlildir, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan, qulluq və müalicə tələb edən əqli gerilikdən və spastik tetraplegiyadan əziyyət çəkir. Doğum haqqında şəhadətnaməyə əsasən X1 atası kimi İddiaçı qeydə alınmışdır. BiYui Kaspian Limitedin xx.xx.2023-cü il tarixli xasiyətnaməsinə əsasən iddiaçı xx.xx.2012-ci ildən xx.xx.2022-ci ilə qədər Bua Caspian şirkətinin gəmilərində elektrik mexaniki işləmişdir, şirkət rəhbərliyinə həm dəniz, həm də quru obyektlərində yüksək kvalifikasiya tələb olunan işlərin yerinə yetirilməsində yaxından köməklik etmişdir, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir, öz işlərinin öhdəsindən layiqincə gəlmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı Caspian Marine Services B.V. şirkətinin Azərbaycan Respublikasındakı filialında “Muslum Magomayev” gəmisində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər elektromexanik, BYUİ Kaspian Şirkətinin gəmilərində xx.xx.2012-ci ildən xx.xx.2022-ci ilə qədər elektromexanik işləmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarına əsasən iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.

İV. Məhkəmənin mövqeyi 11.Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 12.Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir: Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar. İİ. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

13. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişdə göstərilir: Maddə 5. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Maddə 6. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.

14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir: 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0-cu maddəsinə əsasən təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:.. 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. 15.İddiaçının cavabdehə müraciət etdiyi və cavabdehin “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarının qəbul edildiyi zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaların”da göstərilmişdir: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.3. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.1. Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir. 2.4. Ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir: 2.4.1. ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər; 2.4.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi; 2.4.3. tanınma üçün müraciət olunan təhsil səviyyəsinə (pilləsinə) qəbul olunmaq üçün istifadə olunan təhsil sənədi; 2.4.4. ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış; 2.4.5. akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda); 2.4.6. tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd. 2.6. Bu Qaydaların 2.4.2 – 2.4.5-ci yarımbəndlərində qeyd olunan sənədlər Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada və ya “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə uyğun olaraq leqallaşdırılmalıdır. 16.Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən sənədin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. 17.İddiaçının iddiası ilə bağlı məhkəmə ilkin olaraq onu qeyd edir ki, yuxarıda göstərildiyi kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. İşin faktiki hallarına əsasən iddiaçıya Ukrayna Respublikasının ali təhsil müəssisəsi tərəfindən qiyabi təhsil haqqında diplom verilmiş və həmin diplom Ukrayna Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Belə olan halda . “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin tələblərinə görə iddiaçı əyani şəkildə təhsil aldığı, təhsili verən təhsil müəssisəsində əyani təhsil müddəti 4 ildən az olmadığı, həmin diplom Ukrayna Respublikasının ərazisində səlahiyyətli orqan tərəfindən təsdiq edildiyi üçün iddiaçının həmin diplom üzrə peşə hazırlığı Azərbaycan Respublikasında tanınmalıdır. 18.O cümlədən, məhkəmə hesab edir ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətində, həmçinin cavabdehin öz imtina məktubunda istinad etdiyi iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmağına iddiaçının təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşmağı və həmin fənlərin məzmununu mənimsəmə imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman təhsil alanın həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, iddiaçı Caspian Marine Services B.V. şirkətinin Azərbaycan Respublikasındakı filialında “Muslum Magomayev” gəmisində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər elektromexanik, BYUİ Kaspian Şirkətinin gəmilərində xx.xx.2012ci ildən xx.xx.2022-ci ilə qədər elektromexanik işləmişdir, Caspian Server gəmisində işləyən zaman xx.xx.2015-ci ildə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın zamanı yanğınsöndürmə işlərində xüsusi xidmət göstərmiş, buna görə də şirkət tərəfindən fəxri fərmanla təltif olunmuşdur, BiYui Kaspian Limitedin xasiyyətnaməsinə əsasən isə iddiaçı xx.xx.2012-ci ildən xx.xx.2022-ci ilə qədər Bua Caspian şirkətinin gəmilərində elektrik mexaniki işlədiyi dövrdə şirkət rəhbərliyinə həm dəniz, həm də quru obyektlərində yüksək kvalifikasiya tələb olunan işlərin yerinə yetirilməsində yaxından köməklik etmişdir, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir, öz işlərinin öhdəsindən layiqincə gəlmişdir. Eyni zamanda iddiaçını təhsil aldığı sonuncu dərs ilinin ikinci yarımilliyində artıq COVİD- 19 pandemiyasının yayıldığı və bununla əlaqədar həyatın bütün sahələrində, o cümlədən təhsil hüququnun reallaşdırılmasında ənənəvi üsullara kütləvi məhdudiyyətlərin tətbiq edildiyi bir dövrə təsadüf etmişdir.Hamıya məlum olan haldır ki, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində dünyada əksər ölkələrdə, o cümlədən iddiaçının təhsil aldığı Ukrayna Respublikasında tədrisin ənənəvi üsullara həyata keçirilməsinə məhdudiyyətlər tətbiq olunmuş məsafədən tədris üsulunun tətbiqinə keçirilmişdir.Qeyd edilən halın nəzərə alınmaması iddiaçını qeyri-mütənasib münasibətə məruz qoymuş olur, eləcə də onun hüquqları ilə cəmiyyətin maraqları arasındakı ədalətli balansın pozulmasına səbəb olur. 19.Məhkəmənin gəldiyi nəticəyə görə qeyd edilən hallar məcmu şəkildə iddiaçının aldığı təhsil üzrə tədris proqramını layiqincə mənimsədiyinin təsdiqidir. Eyni zamanda məhkəmə iddiaçının ailə vəziyyəti ilə bağlı uzun müddət Ukrayna Respublikasında qala bilməməsi barədə dəlili ilə də razılaşır, belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçının qızı X3 (xx.xx.2005-ci il təvəllüdlü) ikinci dərəcəli ömürlük əlildir, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan, qulluq və müalicə tələb edən əqli gerilikdən və spastik tetraplegiyadan əziyyət çəkir. 20.Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi ilə bağlı hərəkətləri Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının imzaladığı beynəlxalq müqaviləyə, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd olmuşdur. 21 .“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh iddiaçının diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmiş, iddiaçının təhsil aldğı ixtisas üzrə 10 ildən çox bir müddətdə işləməsini, peşəkarlıq baxımından yüksək səciyyələndirilməsini və s.bu kimi halları nəzərə almamışdır, xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması ilə bağlı ekspertizanı təşkil etmədən imtina cavabı vermişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini, nəticədə Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçının publik – xaricdə aldığı ali təhsilin tanınması hüquqlarını pozmuşdur. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 23.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 154935 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmalıdır. 24.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 25.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 154935 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar