Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2115/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı onun və azyaşlı övladları Elmar və Ellada Əhmədovların ünvan 1 ünvanı üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə cavabdehə müraciət edimişdir. İddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericiliyə uyğun olaraq qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı yer üzrə qeydiyyata alınması barədə cavabdehə etdiyi müraciətə imtina cavabı almışdır. Belə ki, cavabdeh onun tərəfindən yaşayış sahəsinə köçməyə əsas verən sənədləri təqdim etmədiyinə görə həmin ünvan üzrə qeydiyyata alınmasını mümkünsüz hesab etmişdir. Lakin, cavabdehin bu cür mövqeyini əsassız və qanunsuz hesab edir. Bildirir ki, o, 15 ildir ailə üzvləri (övladları) ilə ünvan 1 ünvanında inşa etdikləri fərdi yaşayış evində yaşayırlar. Lakin, həmin ünvana qeydiyyata düşməkdə çətinliklər mövcud olduğundan, hazırda anasının mülkiyyətində olan evdə qeydiyyatdadırlar. Həmin fərdi yaşayış evinin ona məxsus olmasını təsdiq edən bir sıra sənədlər mövcuddur ki, onlar polis idarəsi tərəfindən qeydiyyat üçün əsas kimi qəbul edilməmişdir. Belə ki, o, uzun müddətdir ki, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmış və keçmiş vaxt ərzində vergiləri, işıq, qaz, su və digər kommunal xərclərini ödəməkdə davam edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etdən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəməyə məktub ünvanlayaraq iş üzrə təyin edilmiş məhkəmə iclaslarına onların iştirakları olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinə xx.xx.2019-cu il tarixli, 073-34498-1219 nömrəli məktubla qanunda qeyd olunan sənədlərdən hər hansı birinin təqdim edilmədiyi əsas gətirilərək imtina cavabı verilmişdir. İddiaçının qeydiyyata alınmasını xahiş etdiyi ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənəd mövcud olmayıb, iş materillarında yalnız həmin ünvan üzrə iddiaçının adından bağlanmış elektrik enerjisinin alğı-satqısına dair birtipli müqavilə, fərdi yaşayış evlərinin qazlaşdırılmasına dair müqavilə və Zabrat Bələdiyyəsi tərəfindən iddiaçının uçota alınması haqqında şəhadətnamə mövcuddur ki, həmin sənədlər də hüququmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmənin sorğusuna əsasən Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 80 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Zabrat qəsəbəsi, Əbdülkərim Əlizadə küçəsində heç bir hüquqi sənədi olmayan evdə qeydiyyatsız yaşayır. Beləliklə, işin faktiki hallarından, iddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, İddiaçı qeydiyyata alınmasını xahiş etdiyi ünvan 1 ünvanında yerləşənev özbaşına tikili olmaqla, həmin evə dair hüquqmüəyyənedici sənəd yoxdur. Bu səbəbdən də, iddiaçının həmin evə qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsitəqdim etməlidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuna əsaəsn mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, İddiaçı isə belə sənədlərdən hər hansı biri olmadığından, onun göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Odur ki, mövcud iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilməsi müəyyən edildiyindən iddia əsassızdır. Odur ki, iddia təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 68, 69, 73 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2115/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2115/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver