Məhkəmə qərarları › İş №2-1(112)-2115/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2115/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2115/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi-X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, X4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, müqavilənin və çıxarışın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə ƏMDX) qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km, 110B ünvanda yerləşən 227,9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Aksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/1 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi,10 iyul 2019-cu il tarixli 4377 saylı müqavilənin, X2 adına verilmiş 27.09.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km 110B ünvanda yerləşən ümumi sahəsi 227.9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/01 nömrəli hərracın nəticələrinə dair protokolunun etibarsız hesab edilməsi, sözü gedən dükanın alqı-satqısına dair 10 iyul 2019-cu il tarixli 4377 nömrəli müqavilənin və X2 adına verilmiş 27.09.2019-cu il tarixli ********** qeydiyyat nömrəli 569156 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25.06.2021-ci il tarixli 2(103)-4193/2021 saylı qətnaməsilə Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və ona yeni iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Mübahisəli dükan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 203 saylı 28 yanvar 2013-cü il tarixli sərəncamı ilə onun icarəsinə verilmişdir. Bədbəxt hadisə haqqında tərtib edilmiş 4 saylı aktın məzmunundan məlum olur ki, istehsalat qəzası nəticəsində aldığı xəsarətlərin nəticəsi olaraq, dükan maddi vəziyyətinin yaxşılaşdırılması üçün ayrılmışdır. Uzun müddət icarə müqaviləsi əsasında məlum obyektdə fəaliyyət göstərmişdir. Hazırda obyekt onun sahibliyində və istifadəsindədir. Lakin cavabdeh təşkilat ona məlumat vermədən, obyektə baxış keçirmədən, X1, bir neçə il keçməsinə baxmayaraq alıcı obyektə gəlməmiş və görmədiyi bir qeyri-yaşayış sahəsinə küllü miqdarda vəsait ödəmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) üçüncü şəxs qismində inzibati mhkəmə icraatına cəlb olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh ƏMDX tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi 58-ci km, 110B ünvanında yerləşən 227.9 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi 09.07.2019-cu il tarixində keçirilmiş hərracda X4 tərəfindən özəlləşdirilmiş və sonuncuya mülkiyyət hüququ haqqında 27.09.2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19.08.2016-cı il tarixli sərəncam verilmişdir. Qeyd edilən əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamış, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Komitə tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-cı yarımbəndinə əsasən: icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Yuxarıda qeyd olunduğu kimi mübahisənin predmeti olan əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında icarə müqaviləsi bağlanılmadığından, Əmlak Məsələləri Dövlət Komitəsi həmin əmlakın icarəçiyə təklif olunması öhdəliyini daşımamış və əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin olunmaması xahiş edilmişdir. İnzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuş Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin, X2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya dair yazılı mülahizələri (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərzəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh ƏMDX-nin nümayəndəsi-X9 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus 11.01.2016-cı il tarixdə Qaradağ RPİ tərəfindən verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq aşağıdakı sənədlərdən: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş 15.10.2021-ci il tarixli cavab məktubuna əlavə olunmuş "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 2013-cü il tarixli 20s saylı sərəncamının surətindən müəyyən olunur ki, ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin balansında olan Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş ARDNŞ-nin Nizamnaməsinin 2.4 bəndinə əsasən və SOCARSS – 005.2010 standart sənədinin 01.5-ci bəndi ilə müəyyən edilmiş şərtlərlə Sİİ MKTİTTD-nin balansındakı, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında yerləşən 238,50 kv.metr qeyri-yaşayış sahəsinin (keçmiş 5/2 saylı idman mallan mağazası) İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin 20 sentyabr 2021-ci il tarixli **********81 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 19 avqust 2016-cı il tarixli 105 №li sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin (dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq aşağıdakılar qərara alınmışdır; - Bu sərəncamın əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirmə planları (forma KM2) təsdiq edilsin (əlavə olunur). - Bu sərəncamın əlavəsində göstərilən müəssisələrin (obyektlərin) özəlləşdirilməsi həmin müəssisələr (obyektlər) haqqında məlumatlar “Mülkiyyət qəzetində dərc edildikdən 30 (otuz) gün sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada respublikanın şəhər rayonlarında hərraclar vasitəsi ilə həyata keçirilsin. - Bu sərəncamın əlavəsində göstərilən kiçik dövlət müəssisə və obyektləri 100% dəyəri ilə hərraca çıxarılsın. - Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinə tapşırılsın ki, ictimaiyyətlə əlaqələr və protokol şöbəsi ilə birlikdə özəlləşdirilməsi bu sərəncamla nəzərdə tutulan müəssisə və obyektlər barədə müvafiq məlumatların, həmçinin hərracların nəticələrinin 45 (qırx beş) gün müddətində komitənin vahid informasiya bazasına daxil edilməsini və internet saytında yerləşdirilməsini təmin etsin. - Hərrac komissiyaları hərrac başa çatdıqdan sonra həmin gün onun yekunlarını protokollaşdırsınlar, hərrac və yekun protokollarını 3 (üç) iş günündən gec olmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təqdim etsinlər. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi hərrac keçirildikdən sonra 3 (üç) iş günü ərzində hərracın nəticəsini əks etdirən məlumatları Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinə, hərracda müəssisələrin (obyektlərin) özəlləşdirmə sənədlərini Hüquq şöbəsinə təqdim etsin. - Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi müəssisələrin (obyektlərin) satışından əldə olunan vəsaitin 10 (on) gün müddətində xüsusi özəlləşdirmə hesablarına daxil olunmasına nəzarəti təmin etsin. - Hüquq şöbəsi 10 (on) gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzindən daxil olmuş özəlləşdirmə sənədləri əsasında alıcılarla Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqavilələrinin bağlanmasını və qeydiyyatını təmin etsin. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və İctimaiyyətlə əlaqələr və protokol şöbəsinə tapşırılsın ki, özəlləşdirilməsi bu sərəncamla nəzərdə tutulan müəssisə və obyektlər üzrə keçirilmiş hərracların yekunları da məlumatların hərrac keçirildiyi gündən 15 (on beş) gün müddətində “Mülkiyyət” qəzetində dərc olunmasını təmin etsin. Sərəncama əlavə olunmuş “Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərin siyahısı”ndan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Şossesi, 58-ci km, 110B ünvanında yerləşən ümumi sahəsi 227,9 kv. metr olan 5/2 saylı dükan 31.500 manata satışa çıxarılmışdır. 09.07.2019-cu il tarixli 26/01 saylı Hərrac protokolunun surətindən müəyyən olunur ki, 19.08.2016-cı il tarixli 105 №li sərəncama əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58ci km, 110B ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanıın satışı ilə bağlı keçirilən hərracın qalibi X4 olmuşdur. Müəssisənin (obyektin) alqı-satqısına dair 10.07.2019-cu il tarixli 4377 №li müqavilənin surətindən müəyyən olunur ki, həmin müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (budan sonra “Satıcı” adlandırılacaq), digər tərəfdən X4 (ş/vi AZE № 17521317, 11.01.2019-cu ildə Qaradağ RPİ tərəfindən verilib) (bundan sonra “Alıcı” adlandırılacaq) arasında bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mmərəzi tərəfindən 09.07.2019-cu il tarixdə keçirilən hərracda 26/01 nömrəli protokola əsasən satın aldığı 5/2 saylı dükan (ümumi sahəsi 227,9 kv. metr) təşkil edir. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə gösərilən şərtlərlə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Şossesi, 58ci km., 110B ünvanında yerləşən 5/2 saylı dükanı hərracdan satış qiyməti ilə 15.750.00 (on beş min yeddi yüz əlli) manata satın alır. Müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, hərracda satılmış müəsisənin (obyektin) satış qiyməti tam ödənildikdən sonra hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.09.2021-ci il tarixli **********06 №li məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km., 110B ünvanında yerləşən qeyi-yaşayış binası X2 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.11.2021-ci il tarixli **********57 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 110B, 58-ci km-də yerləşən, sahəsi 227,9 kv. metr olan qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ ilə 27.09.2019-cu il tarixdə X2 adına ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyesrində 83 nömrəli reyestr kitabının 7241 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi 58-ci km, 110B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə özəlləşdirilməsi ilə bağlı 19.02.2019-cu il tarixdə keçiriləcək hərraca dair Bildiriş sonuncu tərəfindən rəsmi qaydada 11.02.2019-cu il tarixdə imza etməklə qəbul edilmişdir. - Mülkiyyət qəzetinin 19 yanvar 2019-cu il tarixli 03 №li;08 iyun 2019-cu il tarixli 23 №li və 30 mart 2019-cu il tarixli 13 №li buraxılışlarından müəyyən olunur ki, müvafiq olaraq 19 fevral 2019-cu il tarixdə saat 10:00-da, 09 iyul 2019-cu il tarixdə saat 10:00-da və 30 aprel 2019-cu il tarixdə saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 110B ünvanında yerləşən 5/2 saylı dükanın da adı qeyd olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli 2(002)-105/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər ƏMDX-yə, ƏMDX Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və X3 qarşı hərracın keçirilməsinə dair yekun protokolun etibarsız hesab edilməsi, alğısatqı müqaviləsinin və çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 11 OB ünvanında yerləşən, ümumi sahəsi 227.9 kv. metr olan 5/2 saylı dükana dair olan ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 09 iyul 2019-cu il arx 26/01 nömrəli hərracın nəticəsinə dair protokolunun etibarsız hesab edilməsi, sözügedən dükanın alqı-satqısına dair 10 iyul 2019-cu il tarixli, 4377 nömrəli müqavilənin və X2 adına verilmiş 27.09.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 569156 nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın rədd olunması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2021-ci il tarixli 2(103)-4193/2021 saylı qərardadı ilə həmin iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(002)-105/2021 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər ƏMDX-yə, ƏMDX Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və X3 qarşı “hərracın keçirilməsinə dair yekun protokolun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmış və iddiaçıya əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək və müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddia ərizəsində üç tələb irəli sürmüşdür: 1) Mübahisəli daşınmaz əmlakla bağlı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi; 2) həmin daşınmaz əmlakın alqı-satqısına bağlanmış müqavilənin ləğv edilməsi; 3) Daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasına dair verilmiş “Çıxarış”ın ləğv edilməsi. İlk iki tələblə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Göründüyü kimi iddiaçı mübahisəli daşınmaz əmlakla bağlı cavadeh inzibati orqanın həyata keçirdiyi hərəkətləri (hərracın keçirilməsi və alqı-satqı müqaviləsinin bağlanması) qanunsuz hesab etdiyi üçün qanunla ona verilən hüquqdan istifadə etməklə, belə bir tələb irəli sürmüşdür. İrəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən; - Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (1.0.1 -ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (2.1-ci maddə). - Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir (8.1-ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir (15.1 -ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır (16.1.6-cı maddə). - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir (22.1 -ci maddə). Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (hazırda Əmlak Məsələləri Dövlət Xidməti). X7 4.6.5-ci bəndində nəzərdə tutulmuşdur ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir. İş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan Əmlak Məsələləri Dövlət Xidməti qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq hüquqlarından istifadə etmiş və mübahisəli daşınmaz əmlakı Dövlət Proqramının müddəalarına uyğun olaraq özəlləşdirilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş: “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının; - 1.1-ci bəndinə əsasən bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında dövlət əmlakının habelə dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və dövlət əmlakının hərraclar vasitəsi ilə satışının keçirilməsi qaydalarını, alıcıların hərracda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. - 1.2-ci bəndinə əsasən hərraclar vasitəsi ilə dövlət əmlakının habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir. - 1.3-cü bəndinə əsasən Özəlləşdirilən dövlət əmlakının habelə torpaq sahələrinin satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Satıcı) çıxış edir. - 2.1-ci bəndində əsasən satıcı hərraca hazırıq mərhələsində: hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təmin edir. 2.3-cü bəndinə əsasən məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır. 4.2-ci bəndinə əsasən Komissiya hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün satıcıya təqdim edir; 4.4-cü bəndinə əsasən hərrac başa çatdıqdan sonra hərrac komissiyası hərracın yekunlarını protokollaşdırır. Hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 3 (üç) gün müddətində satıcı tərəfindən təsdiq edilir. Protokol 2 (iki) nüsxədə alıcı və ya onun nümayəndəsi, komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Protokolda satıcı və alıcı haqqında məlumatlar, özəlləşdirilən müəssisənin (obyektin) və səhmin adı, axırıncı satış qiyməti, habelə alqı-satqı müqaviləsini imzalamaq haqqında tərəflərin öhdəlikləri əks olunur. Hərracın yekunları haqqında protokolun bir nüsxəsi alıcıya verilir. Bu protokol obyekt üzrə alqı-satqı müqaviləsi bağlanması üçün alıcının hüququnu təsdiq edən sənəddir. Hərracın qalibi hərrac başa çatdıqdan sonra həmin gün hərracın yekunları haqqında protokola imza etməlidir. 5.1-ci bəndinə əsasən satıcı və alıcı arasında hərracın yekunları haqqında protokol imzalandığı andan 10 (on) təqvim günü ərzində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq alqı-satqı müqaviləsi imzalanmalıdır. 5.2-ci bəndinə əsasən hərracın yekunları üzrə bağlanmış alqı-satqı müqaviləsində aşağıdakılar göstərilir: satılmış müəssisənin (obyektin) adı və ya səhm zərfinin həcmi; obyektin alınma qiyməti; alıcı haqqında məlumatlar və onun ünvanı; obyektin verilməsi qaydası, ödənişin forma və müddətləri. 5.6-cı bəndinə əsasən alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə ona reyestrdən çıxarış verilir. 6-cı bəndinə əsasən özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir. “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarının; 1-ci bəndinə əsasən bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət əmlakının satılmasının rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.http://www.e-qanun.az/framework/144 2-ci bəndinə əsasən Dövlət əmlakının satılması haqqında qərar qəbul olunduqdan, hərracların müsabiqələrin nəticələri barədə isə protokol imzalandıqdan sonra alıcı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanır. 4-cü bəndinə əsasən müqavilə bağlandıqdan sonra alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə ona reyestrdən çıxarış verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 28 yanvar 2013-cü il tarixdən İddiaçı icarəyə verilmiş, 2014-cü ildən həmin daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmiş, iddiaçı ilə adı çəkilən Komitə arasında mübahisəli daşınmaz əmlaka dair icarə müqaviləsi bağlanmamış, sonuncu tərəfindən həmin daşınmaz əmlakın özəlləşdirilməsi haqqında qərar qəbul edilmiş, qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraca dair iddiaçıya rəsmi qaydada bildiriş təqdim olunmuş, hərrac haqqında məlumat Komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində qanunla müəyyən olunmuş müddətdə dərc olunmuşdur. Lakin iddiaçı hərracda iştirak etmək hüququndan istifadə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla mübahisəli daşınmaz əmlakın satışı ilə bağlı hərrac keçirilmiş və hərracı udmuş şəxslə alqı-satqı müqaviləsi bağlanmış, bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km, 110B ünvanda yerləşən 227,9 kv. metr olan 5/2 saylı dükana dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Aksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/1 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (“Satıcı”) ilə X4 (“Alıcı”) arasında bağlanmış 10 iyul 2019-cu il tarixli 4377 saylı müqavilənin ləğv edilməsi hissələrində təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 03.02.2022-ci il tarixli qərardadı ilə iddia X2 adına verilmiş 27.09.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, X4 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, müqavilənin və çıxarışın ləğv olunmasına dair iddiası Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km, 110B ünvanda yerləşən 227,9 kv. metr olan 5/2 saylı dükana dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Aksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/1 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (“Satıcı”) ilə X4 (“Alıcı”) arasında bağlanmış 10 iyul 2019-cu il tarixli 4377 saylı müqavilənin ləğv edilməsi hissələrində təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar