Məhkəmə qərarları › İş №2-1(112)-2115/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2115/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2115/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (hal-hazırda Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) qarşı "riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (hal-hazırda Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi, bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin üzərinə iddiaçının riskli vergi ödəyicisi hesab olunmamasına və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına dair və vergi borcunun müvafiq şəkildə, yəni əlavə hesablanmış 15176,05 AZN (üzərinə gələn faizlərlə bərabər) azaldılmasına dair inzibati aktı qəbul etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə iddiaçının riskli vergi ödəyicisi hesab olunmamasına və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına dair inzibati akt qəbul etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" MMC ilə 20-21 sentyabr 2022-ci il tarixdə baş tutmuş X1 yaşayış Təcrübəsi mövzusunda keçirilmiş tədbirin təşkili üzrə kompleks xidmətlərin göstərilməsinə dair müqavilə bağlamışdır. Müqavilə üzrə yalnız aşağıdakı xidmətlər nəzərdə tutulmuşdur: 1) banner konstruksiya üzərində 12m (E) x 4m (H) 48 kv.metr, 2) 2 Proyektor 10000 ANSİ Lumens, 3) Sinxron tərcümə avadanlığı, 4) Sinxron tərcümə ingilis, Azərbaycan, rus, türk, ərəb dilləri üzrə, 5) 5 kamera ilə çəkilişin aparılması, ekrana canlı yayımın verilməsi, videonun montajı, 6) Montaj və demontaj, nəqliyyat, daşınma, fəhlələr. Göstərilən “banner konstruksiya üzərində 12m (E) x 4m (H) 48 kv.m” xidmət yalnız onun dizaynını və hazırlanma materiallarının seçilməsini nəzərdə tutmuşdur. Bannerin konstruksiyası iddiaçının mülkiyyətindədir. Qeyd olunmuş 2 Proyektor 10000 “ANSİ Lumens” avadanlığı da iddiaçının mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə cavabdeh **********225500 saylı qərar qəbul etmişdir. Qərarın əsaslandırıcı hissəsində qeyd edilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 5,6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə 2 Proyektor “10000 ANSİ Lumens”, Banner konstruksiya üzərində 12m (E) x 4m (H), 48 kv.metr satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı riskli vergi ödəyici hesab olunmuşdur. İddiaçı tərəfindən həmin məsələyə dair DVX-nə dəfələrlə izahlı məlumatlar təqdim edilsə də, həmin orqan tərəfindən əsaslı araşdırma aparılmamışdır. Bütün araşdırma onunla yekunlaşmışdır ki, vergi ödəyicisi qaimədə mal kimi görünən, əslində isə təqdim edilmiş xidməti, qeyd etmişdir. Göründüyü kimi, xidmət müqaviləsi əsasında, vergi ödəyicisinin öz mülkiyyətində olan əşyadan istifadənin cavabdeh tərəfindən malların satışı kimi qəbul edilməsi nəticədə vergi ödəyicisi üçün ağır fəsadlar törətmişdir. İddiaçı tərəfindən alqı-satqı əməliyyatları aparılmamışdır ki, buna uyğun hansısa sənədlər də təqdim edilə bilsin. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, təhlil zamanı xx.xx.2022-ci il tarixində cəmi 5,6 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "2 proyektor 10000 ANSİ lumens, banner konstruksiya üzərində, 12m (E)x4m(H), 48kv.m. və s." satışda qeyd olunmasına baxmayaraq elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********225500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Eyni zamanda vergi ödəyicisinin əsas fəaliyyət növünün obyekt tələb etməyən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən riskli əməliyyatın aradan qaldırılmadığı (riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi) və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi məlum olmuşdur. Beləliklə, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edildiyindən, riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Aparılmış kameral hesablamaya münasibətdə isə, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********162200 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 15176,05 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Göründüyü kimi, iddiaçının həm riskli vergi ödəyiciləri siyahısına salınması, həm də barəsində aparılmış kameral hesablama qanunamüvafiq qaydada həyata keçirilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçı vasitəçilik xidməti göstərərək tədbirlərin, kiçik konfransların təşkili xidmətini həyata keçirir. Bu səbəbdən müəyyən edilən uyğunsuzluq satış yox xidmət məqsədi ilə müştəriyə təhvil verilmiş tədbir sonunda isə geri götürülmüşdür. Həmçinin avadanlıq ona məxsus olmadığı üçün obyekt qeydiyyatı müəyyən edilməmişdir. Lakin, elektron qaimədə səhvən həmin əməliyyat satış kimi qeyd edilmişdir. Qeyd edilən məsələnin aradan qaldırılması üçün cavabdehə müraicət ediləndə əvvəlcə cavabdehin əməkdaşları tərəfindən tələbin təmin ediləcəyi bildirilsə də, sonradan bundan imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "xxxx" MMC (sifarişçi) ilə iddiaçı (icraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tədbirlərin təşkili üzrə kompleks xidmətlərin göstərilməsi, sifarişçi isə həmin xidmətlərin icraçıya sifariş edilən xidmət növü və vahidlərinə uyğun olaraq razılaşdırılmış qiymətlərə görə əvəzinin ödənilməsi barədə öhdəlik götürmüşlər. Həmin müqaviləyə əlavə edilmiş 13 sentyabr 2022-ci il tarixli qiymət razılaşdırma protokolunun, habelə 22 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktının surətlərinə əsasən icraçı sifarişçiyə 31 702 manat məbləğində xidmət göstərmişdir. Göstərilən xidmətlərin məzmunu aşağıdakılardan ibarət olmuşdur: 1) banner konstruksiya üzərində 12m (E) x 4m (H) 48 kv.metr, 2) 2 Proyektor 10000 ANSİ Lumens, 3) Sinxron tərcümə avadanlığı, 4) Sinxron tərcümə ingilis, Azərbaycan, rus, türk, ərəb dilləri üzrə, 5) 5 kamera ilə çəkilişin aparılması, ekrana canlı yayımın verilməsi, videonun montajı, 6) Montaj və demontaj, nəqliyyat, daşınma, fəhlələr. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır, ki vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 5.6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “2 Proyektor 10000 ANSİ Lumens, Banner konstruksiya üzərində, 12m (E) x 4m (H), 48 kv.metr” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********849300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya tərdim edilmiş bəyannamədən əlavə 15176,05 manat vergi hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış elektron şikayətlərdə bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə göndərilən elektron qaimədə qeyd edilən ********** xidmət kodu ilə müştərinin tələbi əsasında vasitəsilə xidmət göstərilən məhsulların adı qeyd edilmişdir. Bu səbəbdən qərarın ləğvi xahiş edilmişdir. Cavabdehin imtina cavabında qeyd olunmuşdur ki, “təhlil zamanı əsas fəaliyyət növünüzün obyekt tələb etməyən fəaliyyət sahəsi olmasına baxmayaraq, tərəfinizdən riskli əməliyyatın aradan qaldırılmadığı (riskli elektron qaimə fakturanın ləğv edilmədiyi) və təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsiylə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin üzərinə iddiaçının riskli vergi ödəyicisi hesab olunmamasına və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına dair inzibati akt qəbul etmək vəzifəsinin qoyulması xahiş edir. İddia tələbi mahiyyətcə məcburetmə ilə bağlıdır. İddiaçı müvafiq tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi məcəlləsinə əsasən (bundan sonra – Vergi Məcəlləsi) riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir(13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) (3.1.). İddiaçının əsas dəlilləri ondan ibarət olmuşdur ki, o "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixində xidmət müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən müqavilədə göstərilmiş avadanlıqlarla cavabdehə xidmət göstərilmişdir. Həmin avadanlıqlar iddiaçıya məxsusdur və onlar iddiaçı tərəfindən satılmamışdır. Lakin, elektron qaimə-fakturalarda xidmətlə bağlı öhdəliyin yerinə həmin avadanlıqlar alqı-satqı predmeti kimi göstərilmişdir. Cavabdeh isə həmin avadanlıqların iddiaçının alışında aşkar edilmədiyi üçün yuxarıda qeyd edilən qərarı qəbul etmişdir. Öncə qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsindən sonra onun həmin siyahıdan çıxarılması da mümkündür. Şəxsin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və onun həmin siyahıdan çıxarılması vergi orqanının səlahiyyətindədir. Vergi ödəyicisi riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsindən narazıdırsa, onun həmin siyahıya daxil edilməsi haqqında qərarı məhkəmədə mübahisələndirməlidir ki, belə olan halda irəli sürülən iddia mahiyyətcə mübahisələndirmə haqqında iddia olacaqdır. Vergi ödəyicisi riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsinin əsasları ilə razılaşarsa, lakin, həmin əsasların artıq aradan qalxdığını hesab edərsə, bu halda həmin siyahıdan çıxarılması barədə müvafiq vergi orqanına müraciət etməli və imtina cavabı aldıqda həmin siyahıdan çıxarılması barədə inzibati akt qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə məhkəmədə iddia qaldırmalıdır. Hazırkı iddianın əsaslarından görünür ki, iddiaçı riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə qərarla razılaşmır. Lakin, o qərarın ləğvi barədə deyil, riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə iddia qaldırmışdır. Buna baxmayaraq məhkəmə iddia tələbinin həm onun həmin siyahıya daxil edilməsinin qanuni olub-olmaması, həm də daxil edilmə barədə əsasların aradan qalxıb-qalxmaması istiqamətində əsaslılığını yoxlamağı zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrdə müqavilədə göstərilmiş avadanlıqların satışı qeyd edilmişdir. Lakin, iddiaçının alışında həmin avadanlıqlar görünmədiyi üçün həmin əməliyyat cavabdeh tərəfindən riskli hesab edilmişdir. Qeyd edilməlidir ki, həmin avadanlıqların satışı ilə bağlı qaimə təqdim edilməsinin səbəbi barədə iddiaçının verdiyi məlumatlarda ziddiyyətli məqamlar mövcuddur. Belə ki, iddiaçının nümayəndəsi vergi orqanına etdiyi müraciətlərdə həmin qaimənin sifarişçinin təkidi ilə verildiyini qeyd etsə də, məhkəmə iclasında bunun səhvən edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında xidmət müqaviləsi bağlandığı halda, həmin avadanlıqların satışı barədə qaimə verilməsini sifarişçinin hansı səbəbdən tələb etməsi bir qədər qaranlıq görünür. Eyni zamanda həmin avadanlıqlar xidmət müqaviləsinin predmetləri olduğu və iddiaçının bu sahədə peşəkar xidmətlər göstərən şəxs olduğu halda, səhvən həmin əmlakların satışı barədə qaimə verməsi məntiqli və inandırıcı görünmür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslıdır. Eyni zamanda həmin qərarın qəbul edilməsi üçün əsaslar aradan qalxmamışdır. Yəni, elektron qaimə ləğv edilməmiş, ödənilmiş məbləğ geri qaytarılmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (hal-hazırda Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) qarşı riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar