Məhkəmə qərarları › İş №2-1(112)-2116/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2116/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2116/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və mənzilin elektrik enerjisi ilə təchizatının alqı-satqı müqaviləsinin bağlanması və iddiaçının adına şəxsi hesabın açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilənin bağlanmasından və abonent kodunun dəyişdirilməsindən imtina barədə qərarın və əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilənin ləğv edilməsi, mənzilin elektrik enerjisi ilə təchizatının alqı-satqı müqaviləsinin bağlanması və abonent kodunun iddiaçının adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı Bakı şəhəri 50 saylı Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2020-ci il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi ilə X3 məxsus olan, Nizami rayonu, M.Şərifli küçəsi, ev 74-də yerləşən 54 saylı mənzili mənzili satın almışdır. Həmin mənzilə tam xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 6 oktyabr 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzili satdıqdan sonra X4 öz ailə üzləri ilə birlikdə oradan köçüb getmiş və onun həmin mənzilə heç bir aidiyyəti qalmamışdır. Mənzili aldığı vaxtdan orada iddiaçı və ailə üzvləri yaşayır və mənzildə elektrik enerjisindən onlar istifadə edirlər. Dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh "xxxx" ASC mənzilin elektrik enerjisi təchizatı barədə iddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamır və mənzilin elektrik enerjisi istehlakçısının abonent kodunu da onun adına dəyişmir. Nəticədə iddiaçı cari dövrdə işlətdiyi elektrik enerjisinə görə öz vəsaitini "xxxx" ASC-yə mənzilin əvvəlki sahibinin adından ödəyir. Eləcə də, tələb olunan yerə göstərilən ünvanda yaşadığını təsdiq edən sənəd kimi adına elektrik enerjisi istehlakçısının abonent kodunu təqdim edə bilmir və onun hüququ pozulur. "xxxx" ASC-nin müraciətlərlə bağlı ona göndərdiyi 28 iyul 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, aldığı mənzilə aid **********40054 nömrəli abonent kodu üzrə istehlak edilmiş elektrik enerjisinə görə dondurulmuş borc vardır və yalnız həmin borc ödənildikdən sonra abonent kodunun onun adına keçirilməsi mümkündür. Məlum olduğu kimi, ölkəmizdə elektrik enerjisindən istifadə zamanı enerjitəchizatı müəssisəsi ilə abonent arasındakı münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» ilə tənzimlənir. Həmin Qaydaların 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə görə Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.20-ci bəndinə görə taşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. Həmin Qaydaların 8.21-ci bəndinə görə elektrik enerjisinin alqı-satqı müqaviləsinin, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Həmin Qaydaların 8.22-ci bəndinə görə məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Həmin Qaydaların 9.13-cü bəndinə görə istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Göründüyü kimi, Qaydaların 8.22-ci bəndində göstərilir ki, məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən yeni mülkiyyətçi və ya kirayəçi ondan işlətdiyi elektrik enerjisinə görə borcunun olmaması barədə arayış tələb etməlidir. İlk öncə 50 saylı Notariat Ofisində mənzilin alqı-satqısı əməliyyatını aparan notarius özü "xxxx" ASC-nin bazasına daxil olaraq mənzil satanın borcunun olub-olmadığını yoxlamış və borc olmadığını aşkar etdiyinə görə həmin əməliyyatı davam etdirib başa çatdırmış,bu səbəbdən mənzil satandan əlavə arayış da tələb edilməsinə ehtiyyac qalmamışdır. Bununla yanaşı, «Elektrik enerjisindən istifadə Qaydaları»nda bu Qaydaların 8.22-ci bəndinin tələblərinin yerinə yetirilməməsinə görə mənzilin yeni mülkiyyətçisi və ya kirayəçisi üçün heç bir məsuliyyət nəzərdə tutulmamışdır. Eyni zamanda, Qaydalarda əvvəlki mülkiyyətçi və ya kirayəçinin borcuna görə yeni mülkiyyətçi və ya kirayəçi ilə “elektrik enerjisinin alqı-satqı müqaviləsi"nin bağlanmasını, onun adına hesab açılmasını və ya abonent kodunun onun adına keçirilməsini qadağan edən hər hansı norma da yoxdur. Bu səbəbdən də "xxxx" ASC iddiaçının aldığı mənzilin elektrik enerjisi istehlakçısının abonent kodunun onun adına keçirilməsindən imtina edərkən konkret olaraq hər hansı qanun normasına istinad edə bilməmişdir. Həmçinin Qaydaların 9.13-cü bəndindən də göründüyü kimi, işlətdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçı fərdi qaydada məzuliyyət daşıyır və onun borcuna görə elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçının hüquqları pozula bilməz. Qaydalara görə həm də hər bir abonentə elektrik enerjisi mütləq onunla elektrik enerjisinin alqı-satqı mçüqaviləsi bağlanmaqla və onun adına hesab (abonent kodu) açılmaqla verilməlidir. Göründüyü kimi, iddiaçının aldığı mənzilin əvvəlki mülkiyyətçisinin işlətdiyi elektrik enerjisinə görə borcu olub-olmamasından asılı olmayaraq "xxxx" ASC tərəfindən onunla qısa müddətdə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalı, adına hesab açılmalı və ya mənzilin elektrik enerjisi istehlakçısının abonent kodu onun adına keçirilməli və mənzilin enerji təchizatı bu yolla davam etdirilməli idi. Göstərilənlərə və İPM-in 32, 33cü maddələrinə əsaslanaraq, "xxxx" ASC-nin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 74-də yerləşən 54 nömrəli mənzilin elektrik enerjisi təchizatı üçün onunla elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlamaqdan, eləcə də mənzilin elektrik enerjisi istehlakçısının abonent kodunu onun adına keçirməkdən imtina etməsi barədə qərarının və "xxxx" ASC ilə mənzilin əvvəlki mülkiyyətçisi X2 arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" ASCnin üzərinə göstərilən mənzilin elektrik təchizatı barədə iddiaçı ilə elektrik enerjisinin alqısatqı müqaviləsinin bağlanması və mənzilin elektrik enerjisi istehlakçısının abonent kodunun X2 adından iddiaçının adına keçirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh "xxxx" ASC-nin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirlir ki, İddiaçı Fizulu qızı məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 74, mənzil 54 nömrəli mənzilə dair elektrik təchizatı üçün elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv edilməsi, yeni müqavilənin bağlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının həmin mənzilin **********40054 nömrəli abonent kodunda ad dəyişikliyi edilməsi ilə bağlı bildirilir ki, həmin abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə 1.046,87 manat məbləğində borc yaranmışdır. Elektrik enerjisindən istifadə Qaydalarının 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin iş üzrə qərardadı ilə iddia “əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilənin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və mənzilin elektrik enerjisi ilə təchizatının alqı-satqı müqaviləsinin bağlanması və aboneft kodunun iddiaçının adına keçirilmısi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.1-ci bəndinə görə məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır, elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 1.3-cü bəndinə görə enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin Qaydaların 8.20-ci bəndinə görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. Həmin Qaydaların 8.21-ci bəndinə görə elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Həmin Qanunun 8.22-ci maddəsinə görə məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik normaları yaşayış sahəsinin mülkiyyətçisinin dəyişdiyi halda, yeni mülkiyyətçisinin əvvəlki mülkiyyətçidən köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə müvafiq arayışı tələb etməsini mütləq saysa da, abonent kimi yeni mülkiyyətçi ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanmasını və həmin abonentin adına şəxsi hesab açılmasını şərtsiz nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 74 saylı evin 54 saylı mənzilinin yeni mülkiyyətçisi kimi onunla elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və şəxsi hesab açılması ilə əlaqədar enerjitəchizatı müəssisəsi qismində hazırkı cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. Lakin cavabdeh mənzilin əvvəlki mülkiyyətçisinin elektrik enerjisi sərfinə görə 1.046,87 manat məbləğində borcunun olmamasını əsas gətirərək, məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdeh "xxxx" ASC-nin mövqeyi ilə razılaşmır və vurğulayır ki, mənzilin əvvəlki mülkiyyətçisinin elektrik enerjisi sərfinə görə borcunun olması yeni mülkiyyətçi kimi hazırkı İddiaçı ilə enerjitəchizatı müəssisəsi qismində çıxış edən cavabdeh "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanmasından (həm də onun adına şəxsi hesab açılmasından) imtina üçün əsas ola bilməz. Odur ki, məhkəmə cavabdeh "xxxx" ASC-nin imtinasını qanuna zidd qiymətləndirir və hesab edir ki, bu imtina hazırkı İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iddia tələbində “imtina barədə qərarın ləğv edilməsi” və “abonent kodunun iddiaçının adına keçirilməsi” ifadələrinin əks olunmasını formal xəta qismində qiymətləndirmiş və bu ifadələri “iddiaçının adına şəxsi hesab açılması” kimii qəbul etmişdir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh "xxxx" ASC-nin imtinası qanunsuz sayılmalı və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 74 saylı evin 54 saylı mənzilinin mənzilin elektrik enerjisi ilə təchizatının alqı-satqı müqaviləsinin bağlanması və iddiaçının adına şəxsi hesabın açılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin mənzilin elektrik enerjisi ilə təchizatının alqı-satqı müqaviləsinin bağlanması və şəxsi hesabın açılmasından imtinası qanunsuz sayılsın. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 74 saylı evin 54 saylı mənzilinin mənzilin elektrik enerjisi ilə təchizatının alqı-satqı müqaviləsinin bağlanması və iddiaçının adına şəxsi hesabın açılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar