Məhkəmə qərarları › İş №2-1(112)-2117/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2117/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2117/2023 13.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək kitabçasında qeyd edildiyi kimi qanunda nəzərdə tutulmuş (25 il) müddətdən artıq faktiki işlədiyi illəri nəzərə alaraq, yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 iyun 2022-ci il tarixdən yaşa görə sosial müavinət alsa da, əmək kitabçasında 1977-ci il tarixdən 2004-cü il tarixədək iş stajı göstərilməsinə baxmayaraq əmək pensiyası ala bilmir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzinə müraciət etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 28 iyul 2022-ci il tarixli № **********4 saylı cavab məktubunda yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsini bildirmişdir. Cavabdehin imtina məktubunda qeyd edilir ki, “Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Tərtər Elektromexanika zavodunun sənədləri saxlanılmayıb. Eyni zamanda, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək haqqı cədvəllərində onun adına əmək haqqı hesablanmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajını qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İmtina əsassız və qanunsuz olduğundan qeyd edilənlərlə o razılaşmır. Belə ki, əmək kitabçasında qeyd edildiyi kimi xx.xx.1975-ci ildən xx.xx.1977-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 1977-ci ilin noyabr ayının 1-dən 1987-ci ilin 18 sentyabr tarixədək Mir-Bəşir Elektromexanika zavodunda fəhlə, 08 sentyabr 1987-ci il tarixdən 22 oktyabr 1991-ci il tarixədək həmin zavodda (sonradan adı Tərtər BTS-yə dəyişdirildi) avtomobil təmiri üzrə çilingər, 14 noyabr 1991-ci il tarixdən 3 mart 1995-ci il tarixədək həmin zavodda çilingər və ixtisası üzrə avtomobil parkında dispeçer vəzifələrində çalışmışdır. 29 oktyabr 2004-cü il tarixdə isə ərizəsi əsasında həmin vəzifədən azad edilmişdir. 01 il 11 ay 17 gün hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında qeyd edildiyi kimi 26 il 11 ay 6 gün əmək stajı vardır. Ümumilikdə 28 il 10 ay 23 gün təşkil edir. Hal-hazırda əvvəllər əmək stajı olduğuna görə onun qanunvericiliyin tələblərinə müvafiq olaraq əmək pensiyasının verilməsini tələb etmək hüququ var. Eləcə də yaşı və səhhəti ilə bağlı iş qabiliyyəti olmadığından buna çox ehtiyacı var. Tərtər BTS-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli əmrdən çıxarışda xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək orada çalışmağı qeyd edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X1 X4 X2 xx.xx.2022-ci il tarixli 17 saylı arayışında onun Tərtər BTS-də 1987-1991-ci illərdə işlədiyi müddətdə aldığı əmək haqqı məbləğləri cədvəl şəklində təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” X6 Elektromexanika zavodundan xx.xx.2022-ci il tarixli təqdim olunmuş arayışda 1977-2004-cü illər iş stajının araşdırıldığı və Tərtər Elektromexanika zavoduna müharibə dövründə mərmi düşdüyü üçün sənədlərin məhv olduğu, xx.xx.1977-ci il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi, xx.xx.1991-ci ildə işə girdiyi, lakin xx.xx.2004-cü il tarixli 68 nömrəli əmr mövcud olmadığı üçün həmin əmrlərin düzgünlüyünü, əmək haqqı kitablarını yoxlamağın mümkün olmadığı qeyd edilmişdir. Müharibə dövrünün olması ilə bağlı qeyd edilən müəssisəyə mərmi düşməsi nəticəsində sənədlərin məhv olması aydın olmuşdur. Cavabdehin imtina məktubundan məlum olur ki, qeyd etdiyi dövrlərdə faktiki işləməyinə baxmayaraq, “Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Tərtər Elektromexanika zavodunun sənədləri saxlanılmadığna, eyni zamanda xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək haqqı cədvəllərində onun adına əmək haqqı hesablanmadığına görə” əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Faktiki olaraq həmin müəssisədə işlədiyi təsdiq olunur, lakin yaşa görə əmək pensiyasının verilməsindən imtina edilir, bununla da Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq hüquqları kobud şəkildə pozulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. İddiaçı ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri götürülmüş sayılmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda isə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, həmin Məcəllənin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimləndiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prosessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, iddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı) İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutiç Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25) Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Həmin Məcəllənin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında 55.3-cü maddəsi göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda həmin Məcəllənin 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırkı iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar