Məhkəmə qərarları › İş №2-1(112)-2118/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2118/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2118/2024 12.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı, X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 iyul 2023-cü il tarixli, İQ-50/1 nömrəli qərarının ləğv edilməsi və qaçqın statusu verilməsi haqqında vəsatəti təmin edilərək ona və və ailə üzvlərinə "Qaçqın vəsiqəsi"nin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı, ona və ailə üzvlərinə qaçqın statusu verilməsi haqqında vəsatətlə 16 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh vəsatətini təmin etməmiş və buna dair 28 iyul 2023-cü il tarixli, İQ-50/1 nömrəli qərar qəbul etmişdir. Onun vətəndaşı olduğu Respublikada ailəliklə həyatı təhlükəsizliyinin təminatı nəinki inamsızdır, hətta onlar təhdid edilir. Pakistan hökuməti molla rejiminin qərarlarına qarşı heç bir iş görmək iqtidarında deyil. Vəsatətin dəlillərini cavabdeh nəinki görməzlikdən gəlmiş, hətta onun dediklərini təhrif etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı (pasport nömrəsi: ND0166751) ona qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-50/1 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxs nəinki müsəlman təşkilatları, hətta dövlət tərəfindən hər hansı təqibə məruz qalmamış; 2. Vəsatətində İslamın sünni məzhəbinə mənsub olduğunu bildirsə də, internet resursları zamanı “Mehmood Bhuriya” təxəllüslü şəxsin İslam dininə mənsub olmadığı, bununla yanaşı Mehmood Bhuriyanın tam adının X3 müəyyən edilmiş; 3. Resursların araşdırılması zamanı sözügedən kitab və şəxslə bağlı ətraflı məlumat əldə oluna bilməmiş; 4. İddiaçı vəsatətində kitabın Pakistanda nəşr olunduğu bildirir və yalnız 2022-ci il də iddiasına görə təqib olunmağa başlanılır ki, bunun özü ziddiyyətlidir. Belə ki, təqib olunacağı və dini eksterimzin güclü olduğu iddia etdiyi ölkənin mətbuatında bu tipdə kitab çapı qeyri-mümkündür, bu kitab vətəndaşı olduğu ölkədə çap olunmaqla satışa buraxılıbdırsa, 2022-ci ilə qədər hüquq-mühafizə orqanları müvafiq tədbir görməli idilər (kitab təxəllüslə yazılsa belə onu çap edən mətbəə yazıçının kimliyi barədə məlumatlıdır);

5. İnternet resurslarında sözügedən məsələ ilə əlaqədar Kəraçidə mitinqin keçirilməsi ilə bağlı məlumatlara rast gəlinməmişdir. Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun İran İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və idcia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən sonra, həmin qərarı aldığı tarixdən (imtina barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir) qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.2). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə verilmiş ND0166751 nömrəli X4 pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Pakistan, Lahorda anadan olmuşdur, milliyyəti pakistanidir. Pasport xx.xx.2026-cı il tarixədək etibarlı olmuşdur. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında 55-2023 saylı vəsatətdən (ərizə-anket) görünür ki, iddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyəti pəncabi, dini etiqadı islam (sunni) olmuşdur. Evlidir, iki uşağı var. Vətəndaşı olduğu ölkədən çıxış tarixi xx.xx.2023-cü il olmuş, tək girişli 30 günlük turis vizası ilə xx.xx.2023-cü ildə Azərbaycana gəlmişdir. Siyasi partiya üzvü olmamışdır, amma bir neçə QHT-də işləmişdir (təhsil və s. üzrə). Pakistanı tərk etmə və qaçqın statusu üçün müraciət etmə səbəbi kimi 2020-ci ildə Mehmood Bhuria adı ilə "X11 of Muhammad" adlı kitabının nəşr olunmasına, Amazonda 2022-ci ildə mediyaya verilməsi və 6 ay əvvəl hindistanlının youtube üzərindən ondan müsahibə almasına istinad etmişdir. İddiaçı kitabı nəşr etdikdən sonra oktyabr 2022-ci ildə böyük qızının dərsdən çıxanda iki nəfər tərəfindən yaxınlıqdakı parka apararaq ona hədə qorxu gəlməsinı, 2023-cü ilin fevral ayında onun əməkdaşlıq etdiyi bir QHT rəhbərindən ona qarşı Kəraçidə mitinq olması və insanların onu hədələməsi barədə məlumat gəlməsini göstərmişdir. İddiaçı bununla bağlı polisə müraciət etməmiş, onu kimlərin təhdid etdiyini bilmədiyindən Pakistanı tərk emişdir. Azərbaycan gəlməmişdən əvvəl Turkiyəyə getməyə çalışmış, lakin ona viza verilməmiş, Azərbayacan gəlmək daha asan olduğundan Bakıya gəlmişdir. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, İQ-50/1 saylı qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı və ailə üzvlərinə (arvad xx.xx.1987-ci il təvəllüdlü Farzana Tarıq, qızları - xx.xx.2010-cu il təvəllüdlü Tehreem Tariq və xx.xx.2013-cü il təvəllüdlü Sidra Tariq) qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı 2020-ci ildə "Mehmood Bhuria" təxəllüsü ilə Pakistanda "X12 of Muhammad” (“Məhəmmədin çoxdan unudulmuş Allahı") adlı kitab yazdığını, bu kitabı onlayn olaraq "Amazon” ticarət platformasında yerləşdirdiyini, kitabda qeyd etdiyi fikirləri ilə bağlı bir hindistanlı jurnalistə "Youtube” kanalı üzərindən müsahibə verdiyini, özünün kitabında Quranda yazılan bəzi fikirlərlə razı olmadığını, amma ümumilikdə islamı təhqir etmədiyini qeyd etmişdir. Buna baxmayaraq Pakistanda bu yazdığı kitabla tanış olmuş əhalinin onu düzgün başa düşmədiyini, onu islam və Məhəmməd peyğəmbəri təhqir etməkdə günahlandırdığını, bu əsasda təqibə və təhdidə məruz qaldığını bildirmişdir. Ərizəçinin və arvadının ərizə-anket və müsahibəsi zamanı verdiyi məlumatlardan belə bir nəticəyə gəlmək olar ki, ərizəçi kitabını 3 il bundan əvvəl yazmasına onun “Amazon" onlayn satış platformasında yerləşdirməsinə, “Youtube"-da bununla bağlı müsahibə verməsinə baxmayaraq Pakistanda heç bir radikal müsəlman təşkilatı (‘Təhrik-e Ləbbeyk". “Sipah-e-sahaba’, “Tehrik-e-Taliban Pakistan" (TTP) və s.) tərəfindən onun təqib olunması, cəzalandırılması, ona qarşı fetva verilməsi barədə qərar qəbul edilməmişdir. Bundan əlavə X7 Məhkəməsi tərəfindən qanunvericiliyin 295-A bəndinə (dini hissləri qıcıqlandırdığına görə), 295-B bəndinə (Quranı təhqir etdiyinə görə) və 295-C bəndinə Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə) ona qarşı heç bir ittihamın irəli sürülməməsi faktı da onun təqib olunmasının ciddi olmamasını deməyə əsas verir. Həmçinin, ərizəçi təqib olunması ilə bağlı ölkə daxilində yerdəyişmə alternativindən istifadə etməmiş, yaşadığı Lahor şəhərindən birbaşa Azərbaycana gəlmişdir. Bundan əlavə, ərizəçinin öz kitabını ‘Mehmood Bhuria’ təxəllüsü ilə nəşr etməsinə baxmayaraq onun əsl adının onu təqib edənlər tərəfindən necə müəyyən edilməsi məsələsi də sual doğurur və ərizəçi bu sualın cavabını verməkdə çətinlik çəkmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, dininə, milliyyətinə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçı hazırda bu imtinanı mübahisələndirərək ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən: - Bənd 1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. - "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. - bənd 3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. - 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. İşdən görünür ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmasına dair sübut olmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsaslı olmuşdur. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatından aydın olur ki, onun ölkəsinə dönmək istəməməsinin səbəbi 2020-ci ildə "Mehmood Bhuria" təxəllüsü ilə Pakistanda "X12 of Muhammad” adlı kitab nəşr etdirməsi və həmin kitabda yazdıqlarına görə təqib edilməsi olmuşdur. İddiaçı bununla bağlı Fətva və Qərarlar evindən 15141 nömrəli sənədi təqdim etsə də, həmin sənəddə iddiaçı ilə bağlı hər hansı bir qərar qəbul edilməsi göstərilməmiş, Kafirlər haqqında qanunvericiliyə əsasən baxılması qeyd edilmiş, ididaçı X7 Məhkəməsi tərəfindən qanunvericiliyin 295-A bəndinə (dini hissləri qıcıqlandırdığına görə), 295-B bəndinə (Quranı təhqir etdiyinə görə) və 295-C bəndinə Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə) ona qarşı ittihamın irəli sürülməsi ilə bağlı sübut təqdim etməmişdir. Bundan başqa, istər həmin qərarda, istər “Youtube” video şəbəkəsində, istərsə də, iddiaçının yazdığı kitabda İddiaçı deyil, "Mehmood Bhuria" təxəllüsündən istifadə olunmuş, həmin kitabın müəllifinin məhz iddiaçı olmasını eynləşdirməyə imkan verən məlumat olmamışdır. Bu isə iddiaçının məhz həmin kitabda yazılanlara görə təqdim edilməsini şübhə altına alır. O da qeyd edilməlidir ki, iddiaçı məruz qaldığı təqibə görə vətəndaşı olduğu ölkənin hüquqmühafizə orqanlarına müraciət etməsini, onların bununla bağlı hərəkətsizlik göstərməsini, Pakistanda yerdəyişmə imkanının olmamasını da sübut edə bilməmişdir. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar